Məhkəmə qərarları › İş №1(027)-32/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-32/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-32/2023 25.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1986-cı ildə Quba şəhərində da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba şəhəri,SMU-12 ünvanında qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Quba şəhər sakini Zərərçəkmiş şəxs gödəkçəsindən tutub dartaraq yerə yıxıb sağ ayağına 1 dəfə təpiklə vuraraq ona sağ diz oynağının əziyi və qançir hemotoması ilə nəticələnən xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Onunla münasibəti 2021-ci ilə qədər normal olmuş və 21 iyun 2021-ci il tarixdə Əlini döyüb ona xəsarət yetirdiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Lakin aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişdir. 14 dekabr 2022- ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs Quba şəhər bazarının qarşısında yanından keçərkən ünvanına nalayiq söyüş ifadəsi işlətmiş, o da söyüşünü özünə qaytarıb gödəkçəsindən dartıb yerə yıxmış və sağ ayağına 1 dəfə təpiklə vurmuşdur.. Sonradan Əliyə yazığı gəldiyi üçün ona yaxınlaşıb evə aparmağı təklif etmiş,o,isə təklifini rədd etmiş və o da ondan uzaqlaşıb öz işinin arxasınca getmişdir. Aralarında ciddi münaqişə olmamışdır. Çünki əvvəlki mübahisələrinə görə onlar barışmış, bir yerdə oturub yeyib-içib, birbirlərilə danışmışlar. 14 dekabr 2022-ci il tarixdə Əlinin nalayiq sözündən sonra onu itələmiş və ayağına 1 dəfə hirsindən təpiklə vurmuşdur. Həmin vaxt onların yanında kənar şəxslər olmamış, münaqişə 1 dəqiqədən az davam etmiş, münaqişə vaxtı Əli onu vurmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 21 iyul 2021-ci il tarixdə Quba şəhər bazarında aralarında yaranmış mübahisə zamanı tanışı Təqsirləndirilən şəxs onu döydüyünə görə ondan şikayət etmiş, işlərinə Quba RPŞnin İB-də baxılmış və Təqsirləndirilən şəxs amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Bundan sonra o. Təqsirləndirilən şəxsla barışmış, rastlaşanda bir birlərinə salam vermişlər və zarafatlaşmışlar. 14 dekabr 2022-ci il tarixdə saat 19 radələrində o, Quba şəhəri. Heydər Əliyev prospektində yerləşən “Şahdağ markef’dən çıxıb üzü avtovağzal istiqamətində piyada hərəkətə başladığı zaman qarşısına Təqsirləndirilən şəxs çıxmış və onunla zarafat etmişdir. O, da ona zarafatla cavab vermişdir. Bu zaman Səxavət ona yaxınlaşıb qəfildən gödəkçəsinin arxasından tutub dartmış və onu yerə yıxıb daha sonra sağ ayağının diz nahiyyəsinə təpiklə vurub çıxıb getmişdir. O, isə ayağında ağrılar olduğu üçün yeriyə bilməmiş və səkinin yanında oturmuşdur. Təxminən 10 dəqiqə sonra Səxavət ona yaxınlaşıb «gəl səni evinizə aparım» demiş, o isə, ondan incidiyi üçün onunla evinə getmək istəməmişdir. Səxavət yenə ona yaxınlaşıb evlərinə aparmaq istədiyini bildirsə də, onun təklifini rədd etmiş və Səxavət onun yanından uzaqlaşıb getmişdir. Təqsirləndirilən şəxslə aralarında olan mübahisə 1 dəqiqə davam etmiş və həmin vaxt ətrafda kənar şəxslər olmayıb. İfadəsinin sonunda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmaq istəmədiyini bildiərək ona ağır cəza verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 1081 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - sağ diz oynağının əziyi və qançır hematoması küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta yəni 14 dekabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Quba şəhər sakini Zərərçəkmiş şəxs gödəkçəsindən tutub dartaraq yerə yıxıb sağ ayağına 1 dəfə təpiklə vuraraq ona sağ diz oynağının əziyi və qançir hemotoması ilə nəticələnən xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin cinayət tərkibi var və iş üzrə toplanmış sübutların həcmi ona istinad olunan, CM-nin 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkəumluğu yoxdur. İş materiallarında olan Quba rayon İHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, SMU-12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin 23 dekabr 2022-ci il tarixli, PHŞ/6.56-2-2022-1226 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Poliklinika Şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləçək cəzasının həddini və növünü müəyyən edərkən əməlindən peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini, eyni zamanda onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluluğunu şərtləndirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təsqirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinisin və aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli onun qazancından faktiki tutulmanın başlanıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən iyirmi gün müddətində Quba rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar