Məhkəmə qərarları › İş №1(027)-32/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-32/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-32/2025 18.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1975-ci il tarixdə Quba rayonu, Ağbil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, Quba rayonu, Ağbil kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, evli, himayəsində üç azyaşlı uşağı olan, Quba rayonu, Ağbil kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Quba rayonu, Ağbil kəndində küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı armatur ilə qol və ayaq nahiyələrindən vuraraq Zərərçəkmiş şəxs “sol bazunun orta 1/3-nin arxa səthində, sol saidin bayır səthində və sağ dizdə sıyrıqlar, sol dirsək oynağının və saidin yumşaq toxumalarının əziyi və qançırhematoması”ndan ibarət xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla, həm də qohumudur. Şamxal və ailəsinin uzun zamandır ona qarşı qərəzli münasibəti vardır. xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində Şamxal kəndin mərkəzində yerləşən mağazanın qarşısında dayandığı zaman o, sonuncudan “niyə belə acıqlı baxırsan” deyə soruşmuşdur. Şamxal isə ona “səndən qorxan yoxdur, keç get buradan, əgər istəyirsənsə təkbətək danışaq” demişdir. Həmçinin Şamxal yerdən iki ədəd daş götürmüş və onun ünvanına nalayiq söyüş söyərək uzaqlaşmışdır. Daşları isə yerə tullamışdır. O isə Şamxalın arxasınca qışqıraraq söyüş söyməməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Quba rayonu, Ağbil kəndində Vaz 21012 markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən küçədə Şamxalın yol ilə getdiyini görmüşdür. Avtomobildən düşərək Şamxala yaxınlaşmışdır. Şamxaldan xx.xx.2024-cü il tarixdə onun ünvanına niyə nalayiq ifadə işlətdiyini soruşduqda Şamxal onun sualına cavab vermədən sol əli ilə onun sağ göz nahiyyəsinə bir dəfə yumruqla vurmuşdur. O, bundan qəzəblənərək geri qayıtmış və oturacağın yanında qoyduğu çubuğu götürüb Şamxalın üzərinə getmişdir. Məqsədi onu qorxutmaq olmuş və əvvəlcə onu vurmağı fikirləşməmişdir. Lakin Şamxala yaxınlaşdıqda sonuncu onun ünvanına yenidən ağır söyüşlər söymüşdür. O, əsəbləşdiyi üçün çubuqla Şamxalın sol bud nahiyyəsinə vuran zaman sonuncu sol əlini qabağa atmış və çubuq sol qol nahiyəsinə dəymişdir. O, Şamxalın qolunun sınmasından ehtiyat edərək geri çəkilmişdir. Bundan sonra Şamxal ayrılaraq uzaqlaşmışdır. Şamxal onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. O isə geri qayıdaraq öz avtomobilinə əyləşmiş və oradan uzaqlaşmışdır. Bundan sona polislərin onu axtardığını eşitmiş və kənddə olarkən polis əməkdaşlarına yaxınlaşmışdır. Polislər onu Quba rayon polis şöbəsinə dəvət etmişlər. Mübahisə zamanı Şamxalı armatur ilə deyil yalnız çubuqla vurmuşdur. Şamxalın armatur göstərməsi həqiqətə uyğun deyil. Həmçinin bu zaman ətrafda heç kim olmamışdır. Hava qaranlıq olmuşdur. O, avtomobili ilə Şamxalın üzərinə heç vaxt hərəkət etməməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barış əldə etməyə çalışmış, sonuncu onunla barışmamışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsinlə üç azyaşlı uşağın olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, Quba rayonu, Ağbil kənd sakini Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində kəndin mərkəzində yerləşən mağazanın qarşısında dayandığı zaman ona sataşmış və ona “nə baxırsan gözümün içərisinə” demişdir. O isə Qabilə “sən gözümün içərsinə baxma, mən də baxmayım” deyə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs əsəbləşərək avtomobilindən götürdüyü armaturu əlinə alaraq onun üzərinə hücum çəkmişdir. Lakin bu zaman onu vura bilməmiş və o Qabilin əlindən qaça bilmişdir. Qabil bundan sonra onun arxasınca “səni öldürəcəm, belini qıracam” ifadələrini işlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Quba rayonu, Ağbil kəndində yaşadığı ünvanın yaxınlığında olduğu zaman, həmkəndlisi Təqsirləndirilən şəxs avtomobili onun yanında saxlamış və avtomobildən düşərək əlində olan armatur ilə onun üzərinə hücum çəkmiş, onu baş və ayaq nahiyyələrindən 3-4 dəfə vurmuşdur. O, özünü qorumaq məqsədi ilə sol əli ilə zərbələrin qarşısını almaq istəmiş, lakin Qabil buna məhəl qoymayaraq hərəkətlərinə davam etmiş və nalayiq söyüşlərlə söymüşdür. O Qabilin əlindən çıxmış və oradan qaçaraq uzaqlaşarkən yenidən yerə yıxılmışdır. Qabil bu zaman ona yaxınlaşaraq əlində olan dəmir parçası ilə onu yenidən iki dəfə vurmuşdur. O, ayağa qalxıb təkrar oradan qaçmış, lakin Qabil avtomobilinə oturub onun üzərinə hərəkət etmişdir. Bu zaman avtomobilin qabaq sağ hissəsi onun sol onba nahiyyəsinə sürtünmüş və bunun təsirindən o, ağzı üstə yerə yıxılmışdır. Bundan sonra isə Qabil oradan uzaqlaşmışdır. O, DİN-102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmçinin 103 xidmətinə zəng edərək qolu, bel nahiyyəsində ağrıları olduğunu, döyüldüyümü bildirmişdir. Qabil onu döyən zaman Səxavət, Mahir və Eyyub adlı həmkəndliləri bunu görmüşlər. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirirərək, sonuncuya ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Quba rayonu, Ağbil kənd sakiniləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Hər ikisi ilə münasibətləri normaldır. Şamxal və Qabilin bir-biri ilə mübahisə etmələri barədə bir neçə gün sonra məlumatı olmuşdur. O Şamxal və Qabilin mübahisə etdiklərinin bilavasitə şahidi olmamış, nə də ki, Qalibin Şamxalın üstünə maşın sürməsini görməmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Quba rayonu, Ağbil kənd sakiniləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Eyni zamanda Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Hadisənin bilavasitə şahidi olmamışdır. Uzaq məsafədən Şamxalın qışqıraraq gəldiyini görmüş, bununla bağlı irad bildirmişdir. Şamxal ona əhəmiyyət vermədən çıxıb getmişdir. Mübahisənin birbaşa şahidi olmamışdır. Mübahisə barədə sonradan bilmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, onlar da digər şahidlərin göstərdikləri ilə analoji ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş materialları, ekspert rəyi, şahid ifadələri, zərərçəkmiş şəxsin təqdim etdiyi foroşəkillə və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 16 sentyabr 2024-cü il tarixli 832 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- “sol bazunun orta 1/3-nin arxa səthində, sol saidin bayır səthində və sağ dizdə sıyrıqlar, sol dirsək oynağının və saidin yumşaq toxumalarının əziyi və qançır-hematoması”ndan küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 16 sentyabr 2024cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, cinayət işi üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və digər istintaq sənədləri sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək, Zərərçəkmiş şəxs armatur ilə deyil, ancaq çubuq ilə vurduğunu, Zərərçəkmiş şəxs də qarşılıqlı olaraq yumruq zərbəsi ilə onun sağ göz nahiyyəsinə bir dəfə vurmasını göstərməsi «özünü müdafiə» kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında xx.xx.2024-cü il tarixdə mübahisəsin olması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qəsdən yüngül dərəcəli xəsarət yetirməsi hər iki tərəfin, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin məhkəmədə əməlini etiraf edib özünü təqsirli bilməsi, ekspert rəyi ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə onu da qeyd edir ki, zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən bədənin müxtəlif nahiyyələrindən vurulduğunu, sonuncunun ona avtomobillə də xəsarət yetirdiyini bildirsə də, ittiham tərəfi buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin yuxarıda qeyd olunan ekspert rəyindən də göründüyü kimi, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər yalnız sol bazunun orta 1/3-nin arxa səthində, sol saidin bayır səthində və sağ dizdə sıyrıqlar, sol dirsək oynağının və saidin yumşaq toxumalarının əziyi və qançır-hematomasından ibarət olmuşdur ki, bu da verilən ittihama uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Quba RİHB-nin Vladimirovka İƏD üzrə nümayəndəsinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Ağbil kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunsa da, barəsində xx.xx.2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən yazılı şikayət daxil olmuşdur; Məhkəmənin elektron sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Mədinə adlı qızı, xx.xx.2014-cü il təvəllüdlü Ramil və xx.xx.2017-ci il təvəllüdlü Mübariz adlı uşağı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir; 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar