Məhkəmə qərarları › İş №1(027)-33/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-33/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-33/2023 24.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Səbətlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində aralarında ailəməişət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla baş nahiyyəsinə vuraraq qəsdən sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, sadələşdirilmiş icraat materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı Gülnarın anasıdır. Gülnarla münasibətləri pozulduğuna görə 2020-ci ildə onlar rəsmi qaydada boşanmışlar. Məhkəmə qərarına əsasən boşandıqdan sonra uşaq anasında qalmışdır. Həmçinin məhkəmənin qərarına əsasən həftənin 3 və 5-ci günləri onun uşaqla görüşmək günü təyin edilmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində uşaqla görüşmək üçün Quba rayon İcra və probasiya şöbəsinə getmişdir. Görüş vaxtının saat 11:00-dan 13:00 qədər olmasına baxmayaraq, saat 12 radələrində keçmiş qaynanası Nigar uşağı götürüb getməyə çalışmışdır. Bununla bağlı o, Zərərçəkmiş şəxs irad bildirən zaman aralarında mübahisə yaranmış və Nigar onu vurmuşdur. O, Nigarı özündən uzaqlaşdırmaq məqsədilə sonuncunu itələmişdir. O, Zərərçəkmiş şəxs qəsdən xəsarətlər yetirməmiş, ola bilər ki, Nigarı itələyən zaman bilmədən sonuncuya xəsarətlər yetirmişdir. Mübahisənin böyüməsinin bu həddə çatmasına görə peşmandır, gələcəkdə belə hallara yol verməyəcəkdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Təqsirləndirilən şəxs onun qızı Gülnarın keçmiş həyat yoldaşıdır. Dəyanətlə qızının münasibətləri pozulduğundan 2020-ci ildə rəsmi qaydada boşanmışlar, uşaq anasının himayəsində qalmışdır. Həmçinin məhkəmənin qətnaməsinə əsasən hər həftənin 3 və 5-ci günləri Dəyanətin uşaqla görüşmək günü təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, nəvəsi İncini götürüb Quba rayon İcra və probasiya şöbəsinə gəlmişdir. Orada Dəyanət uşağı özü ilə aparmaq istəmiş, uşaq atası ilə getmək istəmədiyi üçün Dəyanət əsəbləşmiş və bununla bağlı ona irad bildirərək mübahisə yaratmışdır. Mübahisə zamanı Dəyanət yumruqla onun başından vurub xəsarətlər getirmişdir. Mübahisə 3-5 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb uşağın Dəyanətlə görüşmək istəməməsi olmuşdur. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmaq istəmədiyini bildirərək, sonuncuya cəza verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin xx.xx.2021-ci il tarixli, 419 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan sifətində solda sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon Mərkəzi xəstəxanası X11 Konsultativ Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur; Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1822/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs övladı xx.xx.2018-ci il təvəllüdlü X4 ilə görüşmək və ünsiyyətdə olmaq hüququ verilmiş, X4 ilə atası Təqsirləndirilən şəxs görüş vaxtı hər həftənin çərşənbə və cümə günlər, saat 11.00-dan saat 13.00-dək müəyyən edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-685/2020 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında xx.xx.2016-cı il tarixdə Quba rayonu Çiçi İƏD üzrə nümayəndəliyində bağlanmış nikah qeydinin pozulması, xx.xx.2018-ci il təvəllüdlü X1 anası-X2 himayəsində qalması qət edilmişdir; Quba RİHB-nın Çiçi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Səbətlər kəndində yaşayır və yaşayış yerində müsbət xarakterizə olunur; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 20%-i dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında xx.xx.2022-ci il tarixdə saat 12 radələrində mübahisə baş verməsi və Təqsirləndirilən şəxs zərərçəkmişə qəsdən yüngül xəsarət yetirməsi hər iki tərəfin məhkəmədə verdikləri ifadələri ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə vermiş olduğu ifadəsini, iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir, təqsirləndirilən şəxsin ifadəsini isə məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 15%-i dövlət nəfinə tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzanın icrasının başlanğıcı aylıq qazancından tutulmaların başlandığı aydan (gündən) hesab edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar