Məhkəmə qərarları › İş №1(027)-33/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-33/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-33/2025 04.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə 06 avqust 1982-ci il tarixdə Quba rayonu, Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində Quba rayonu, Çiçi kəndində tanışı, Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı qəsdən sifət nahiyəsindən yumruq vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş burun qanaxması ilə müşayiət olunan sol gözün bayır bucağında əzilmiş yara, boynunda sağda sıyrıq, sol qabırğa qövsündə qançır, alt dodağın selikli qişasında əzilmişcırılmış yaradan ibarət bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, özünü Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman qonşuluğunda yaşayan Həsrət adlı şəxsin bacısı Kamiləni söyüb təhqir etdiyini və onun ünvanına nalayıq ifadələr işlətdiyini eşidib yaşadığı evdən çölə çıxdıqda Həsrət yaşadığı evə getmişdir. Bundan sonra o, Həsrətin yaşadığı evin qarşısına gedib nə səbəbə bacısını söydüyünü soruşquqda Həsrət yenidən onun bacısı haqqında nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bu zaman o əsəbləşərək Həsrətin boğazından tutaraq yerə yıxmış və yumruqla onu vurmuşdur. Bu hadisədən sonra o, oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində həmkəndlisi Ramiz onun yaşadığı evə gələrək ona bacısı Kamilə haqqında nalayiq ifadələr işlətdiyini deyərək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ramiz onun sifət nahiyyəsindən bir dəfə yumruqla vurmqala boğazından tutub yerə yıxmışdır. Sonradan arvadı Əntiqə ora gələrək onları ayırmış və Ramiz oradan uzaqlaşmışdır. Mübahisə zamanı o, Ramizə heç bir xəsarət yetirməmiş, nədə onun bacısı Kamilə haqqında hər hansısa nalayiq ifadələr işlətməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda əməli törətmiş şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 24 dekabr 2024-cü il tarixli 1075 nömrəli rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - sol gözün bayır bucağında əzilmiş yara, boynunda sağda sıynq, sol qabırğa qövsündə qançır, alt dodağın selikli qişasında əzilmiş-cırılmış yara küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 24 dekabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 26 dekabr 2024-cü il tarixli 18-1-56/2-1618/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu, Çiçi kəndində yaşayan, 06 avqust 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixatrik kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli 1158 nömrəli arayış və arayışa əlavə edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar