Məhkəmə qərarları › İş №1(027)-34/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-34/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-34/2022 22.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası, vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76, 5 saylı qeydiyyatında olmaqla faktiki həmin ünvanda yaşayan, 13.11.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27.10.2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs Quba rayonu, Barlı kəndində yaşadığı evinin həyətyanı sahəsinin qapısının kilidli olmamasından istifadə edərək həmin qapıdan qanunsuz olaraq sonuncunun yaşayış sahəsinə daxil olub onun həyətindəki mal tövləsinə girərək oradan 01 baş “Hollandiya” cinsli, 300 kq-lıq çəkidə olan inəyini gizli yolla ələ keçirib talayaraq Zərərçəkmiş şəxs 1800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, həyat yoldaşı əslən Quba rayonu, Barlı kəndindən olduğuna görə əvvəllər həmin kənddə yaşamışdır. Həmin kənddə onların pay torpaq sahəsi də vardır. O, idarə etdiyi “Mitsubuşi-Pajero İO” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərdən taksı fəaliyyəti ilə məşğul olur. Həmin maşınla tez-tez Barlı kəndindəki torpaq sahəsinə baxmağa gəlir. 25.102021-ci il tarixdə təxminən saat 22 radələrində Sumqayıt şəhərindən H.Z.Tağıyev qəsəbəsinə bir müştəri gətirdikdən sonra, oradan Quba rayonu, Barlı kəndinə gəlmişdir. 26.10.2021-ci il tarixdə, saat 19 radələrində Barlı kəndində yaşayan Arifin evinə getmişdir ki, avtomobilə yanacaq tökmək üçün sonuncudan borca pul istəsin. O, Arifdən 20 manat pul alıb kənddə olan yanacaq doldurma məntəqəsinə getmişdir. Yanacaq doldurduqdan sonra, maşınını Amsarqışlaq kəndinə gedən yol kənarında saxlayıb oradan piyada olaraq təzədən Arifin yaşadığı ev istiqamətinə getmişdir. Arifdən borca pul alarkən, Arifin həyətində iri buynuzlu heyvanın olduğunu gördüyündən, qərara gəlmişdir ki, Arifgilin həyətinə girib oradan mal oğurlasın. 27.10.2021-ci il tarixdə, saat 01 radələrində Arifin həyətyanı sahəsinin qapısının bağlı olmamasından istıfadə edərək oradan həyətə keçmişdir. Həyətdə olan tövlənin içərisinə girərək orada olan bir neçə mal-qara içərisindən bir baş inəyi seçib onun boynundakı ipi açmaqla kəndirini əlinə alıb dartaraq inəyi tövlədən çıxartmışdır. Həyətdən çıxdıqdan sonra, inəyi maşınını saxladığı Amsarqışlaq kəndi ərazisindən keçən Quba-Xaçmaz yolunun kənarındakı açıq bağ sahəsinə gətirmişdir. Orada inəyin boynuna bağlanmış kəndiri açıb inəyin ayaqlarını bağlamışdır. Ayaqlarını bağladıqdan sonra, inəyi yerə yıxmışdır. Onu yıxmaqda çətinlik çəkməməsi üçün yaxınlıqda yerdə olan odunlardan birini götürüb inəyin başına vurmuşdur. İnək huşunu itirdikdən sonra, maşınında saxladığı göy rəngli bıçağı götürüb inəyin başını kəsib dərisini soymuşdur. İnəyin dərisini soyduqdan sonra, inəyin bir ədəd budunu və bir ədəd qolunu kəsib maşınının baqaj yerinə qoymuşdur. İnəyin başını isə maşının yanında olan kanala atmışdır. Bundan sonra, oradan bir başa yaşadığı Sumqayıt şəhərinə gəlib ətin 9 kilosunu 72 manata yaşadığı məhəllənin yaxınlığında tanımadığı bir yaşlı kişiyə satmışdır. Qalan ətləri də yoldan keçən başqa tanımadığı adamlara 1kqnı 6-8 manat arasında qiymətlərə satmışdır. Ümumilikdə oğurladığı inəyin kəsilmiş ətindən 180 manat pul əldə etmişdir. Daha sonra bazara gedib həmin əldə etdiyi pul ilə ailəsi və uşaqlarının ehtiyacları üçün ərzaq alıb onu tamamən xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəyini və onunla barışıq əldə etdiyini, törətdiyi əməldən peşman oluduğunu, ilk dəfə cinayət törətdiyini və himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, Quba rayonu, Barlı kəndində yaşayır. Özünə məxsus fərdi təsərrüfatda maldarlıqla məşğul olur. Heyvanları Quba rayonu, Barlı kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən mal tövləsində saxlayır. Bir qayda olaraq heyvanları saxladığı tövlənin qapısı üzərində qıfıl və ya kilid olmur. Lakin gecələr heyvanı tövlənin içərisində saxlayanda onun qapısını örtüb balaca iplə bağlayır ki, heyvanlar çölə özbaşına çıxmasın. 26.10.2021-ci il tarixdə axşam saat 18 radələrində həmişə olduğu kimi yenə tövləyə girib ordakı inəklərin südünü sağıb tövlənin qapısını örtüb iplə bağlamışdır. Həmin gün saat 20 radələrində əvvəllər onun yaşadığı kənddə yaşamış Bəhruz adlı şəxs onun yaşadığı evə gələrək özünə məxsus olan avtomobillə Quba şəhərinə gəldiyini, yanacağı qurtardığı üçün geriyə qayıda bilmədiyini bildirib ondan benzin almaq üçün 20 manat borc pul istəmişdir. Bəhruzla münasibəti olduğu üçün həmin vaxt ona 20 manat vermişdir. 27.10.2021-ci il tarixdə saat 08 radələrində tövləyə girib görmüşdür ki, bir ədəd “Hollandiya” cinsli çəkisi təxminən 300 kq olan inəyi yerində yoxdur. İnəyin haraya aparıla biləcəyini yoxlamaq üçün ətrafı gəzib dolaşarkən yaşadığı evdən təxminən 500 metr aralıda, Quba rayonu, Amsarqışlaq kənd yolunun kənarında bağ sahəsində həmin inəyin kəsilib soyularaq bir ədəd budunun və bir ədəd qolunun kəsilib aparıldığını aşkar etmişdir. Həmin vaxt o, inəyin qalan ətini özü ilə götürərək oğurluq barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdikdən sonra Quba RPŞ-nə gedərək ərizə yazmışdır. Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, onun inəyini Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27.10.2021-ci il tarixdə gecə saatlarında Quba rayonu. Barlı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evinin həyətyanı sahəsində yerləşən tövlədən 01 baş inəyin oğurlanması və həmin inəyin kəsilmiş cəmdəyi kənddən bir qədər aralıda Quba rayonu Amsarqışlaq kənd yolunun kənarında yerləşən bağ sahəsindən tapılması ilə əlaqədar şöbədə araşdırma aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədən bir baş inəyi Sumqayıt şəhəri, Sülh küçəsi məhəllə 76 yataqxana 5-də yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Quba rayon polis şöbəsinə gətirildikdən sonra, Zərərçəkmiş şəxs inəyinin maddi ehtiyac üzündən oğurladığını etiraf etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki o, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27.10.2021-ci il tarixdə gecə saatlarında Quba rayonu, Barlı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evinin həyətyanı sahəsində yerləşən tövlədən 01 baş inəyin oğurlanması və həmin inəyin kəsilmiş cəmdəyininin Quba rayonu, Amsarqışlaq kənd yolunun kənarında yerləşən bağ sahəsindən tapması faktı ilə bağlı Quba rayon polis şöbəsində araşdırma aparılmışdır. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, oğurluq hadisəsini Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə 5 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs Quba rayon polis şöbəsinə dəvət olunaraq onunla ilkin profilaktik söhbətlər aparıldıqda o, Zərərçəkmiş şəxs inəyinin maddi ehtiyac üzündən oğurladığını etiraf etmişdir. Məhkəməyə şahid qismində dəvət olunmuş Şahid3 Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət Prosessual Məcəlləsinin müvafiq maddlərini əsas gətirərək həyat yoldaşı Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14.12.2021-ci il tarixli, 9/8344 saylı rəyindən görünür ki, 01 baş, 04 yaşlı, diri çəkisi 300 kq çəkidə olan cins (Hollandiya) inəyin 2021-ci ilin oktyabr ayında olan orta bazar qiyməti 1800 manat müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayət- prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məkum olunmamışdır. İş materialında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının MKTİB-nin 22 saylı MKSnin 23.12.2021-ci il tarixli, 3004 saylı arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3, oğlu X2, qızı X3, oğlu X4, oğlu X1 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının MKTİB-nin 22 saylı MK Sahəsindən verilmiş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZE N-11899370 saylı, AZE N-11899378 saylı, AZE N-11805102 saylı və AA2075037-saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13.04.2013-cü il təvəlldlü, 09.10.2015-ci il təvəllüdlü, 07.07.2017-ci il təvəllüdlü və 15.02.2020-ci il təvəllüdlü dörd azyaşlı övladı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş maddi ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və himayəsində dörd azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında oaln təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 noyabr 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 24:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs, 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən. Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar