Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-34/2023 24.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Quba rayonu, Əliməmmədoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat məbləğində sabit alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(027)-494/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4420 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdi və göstərdi ki, imkansızlıqdan alimenti vaxtında ödəyə bilməmiş, ona görə borcu yaranmışdır. İbtidai istintaq zamanı 1200 manat zərərçəkmiş şəxsə ödəmiş, qalan 3220 manat məbləğində maddi ziyanı isə məhkəmə istintaqı zamanı zərərçəkmişə tam ödəmişdir. Ona görə də o, cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək verilən ittiham üzrə aliment borcunu tam ödədiyini bildirərək, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdi və göstərdi ki, Quba Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(027)-494/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs qətnamə üzrə aliment borcunu vaxtında ödəməmiş, işin ibtidai istintaqı zamanı və məhkəmə istintaqı zamanı ona olan köhnə aliment borcu tam ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək aliment borcunun tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını qeyd edərək, işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və probasiya şöbəsində icra məmuru Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, aliment ödənilməsi barədə qətnamə üzrə icra işi onun icraatındadır. Borclu Təqsirləndirilən şəxs tərəfindən qətnamə icra edilmədiyi üçün sonuncu məsuliyyətə cəlb edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə 4420 manat, hazırki gün üçün 4920 manat aliment borcu vardır. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 1000 manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və probasiya şöbəsində icra məmuru Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan: Quba Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(027)-494/2020 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat məbləğində sabit alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Quba Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(027)-494/2020 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(027)-697/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(027)-18/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(027)-157/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; “şəxsin məcburi gətirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaq hərəkətlərində iştirak etməsi üçün Təqsirləndirilən şəxs məcburi qaydada İstintaq İdarəsinə gətirilməsi qərara alınmışdır; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; “təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, ona ittiham elan olunması üçün tutularaq Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır; “cinayət işinin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək cinayət işinin icraatı dayandırılmışdır; “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdən 560217 nömrəli axtarış işi açılaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə axtarışa elan olunmuş, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Quba rayonu, Əliməmmədoba kəndi ərazisində müəyyən edilərək saxlanılmış, Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi Quba RPŞ-nə gətirilmiş və sonuncuya onun Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsində nəzərdə tutulmuş hüquqları izah edilmişdir; “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir; “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir; “müvəqqərti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-dən azad edilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz; 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, iş materiallarında olan mədaxil qəbzlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ayrı-ayrı tarixlərdə aliment üzrə 1200 manat məbləğində, məhkəmə istintaqı zamanı aliment üzrə ayrı-ayrı tarixlərdə ümumi 5000 manat məbləğində köçürmə etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(027)-494/2020 saylı qətnaməsi tam icra etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə və iş üzrə zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəm QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-34/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-34/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver