Məhkəmə qərarları › İş №1(027)-34/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-34/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-34/2025 17.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, Quba Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşayan 28 noyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 10,22 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 26 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində Quba rayonu, Digah kəndi ərazisində saxlanılaraq orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibində olan “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə xalis çəkisi 10,22 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonu, Digah kəndində yaşayır. Fərdi əməklə məşğul olub özünü dolandırır. Təxminən 5-6 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Quba Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 26 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində Quba rayonu, Digah kəndi ərazisində yerləşən gölün ətrafında gəzərkən yerdə olan göy rəngli “Prima” markalı siqaret qutusu diqqətini cəlb etmiş və ayağı ilə həmin qutunun boş olub-olmamasını yoxladıqda siqaret qutusunun içərisinin boş olmadığını hiss etmişdir. Həmin qutunun içərisində siqaret gilizlərinin olub- olmadığını yoxlamaq üçün yerdən götürüb açıb baxarkən içərisindən yaşılımtıl rəngli kütlə aşkar etmişdir. Narkotik vasitə istifadə etdiyi üçün qutunun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu görüb qutunu cibinə qoyaraq yaşadığı evə getmişdir. Həmin gün saat 20 radələrində yaşadığı evdən çıxıb Quba rayonu, Digah kəndi ərazisində gəzərkən küçədə Quba RPŞnin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişlər. Onlar təhqiqatçı və vəkil gələnə kimi onun hərəkətlərini daim nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gələndən sonra özünü Quba RPŞ-nin təhqiqatçısı Orxan Qasımzadə kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlanıldığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. O, şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, üzərində saxladığı narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, əynindəki qara rəngli gödəkcənin sol yan cibində olan “Prima” markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Siqaret qutusu açılarkən içərisindən yaşılımtıl rəngli kütlə aşkar edilmişdir ki, o, bu kütlənin “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olmasını, narkotik vasitəni həmin gün günorta saatlarında Quba rayonu, Digah kəndində gölün yanından tapdığını, tapandan sonra üzərindən bir qədər istifadə etdiyini, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa üzərindən gəzdirilməsi və daşınması qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra, üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək protokolun düzgünlüyünü təsdiq etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləməklə polis kapitanı rütbəsindədir. Quba rayonu, Digah kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını raportla şöbənin rəhbərliyinə məruzə etmiş və məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra, müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Şahid2, KTQnin baş inspektor-kriminalisti, polis mayoru, Fuad İslamovdan və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Quba rayonu, Digah kəndi ərazisində olmasını müəyyən etmiş və 26 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək təhqiqatçı və vəkil dəvət ediləcəyini izah etmişlər. Təhqiqatçı gələnə kimi Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Bir qədər sonra vəkillə birlikdə gələn təhqiqatçı Orxan Qasımzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunarkən Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Video çəkiliş Fuad İslamov tərəfindən aparılırmışdır. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusu açılarkən içərisindən yaşılımtıl rəngli kütlə aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bu kütlənin “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni 26 noyabr 2024cü il tarixdə, günorta saatlarında Quba rayonu, Digah kəndində gölün kənarından tapdığını, tapandan sonra üzərindən bir dəfə istifadə etdiyini, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdən sonra, bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən gəzdirilməsi və daşınması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra, təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla analoji ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının 27 noyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1934 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd siqaret qutusunda təmiz çəkisi 10,22 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqat obyekti marixuana bir ədəd olduğundan, müqayisəli tədqiqat aparılmadı. Qeyd: Marixuananın təmiz çəkisi - 10,22 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 10,17 qramdır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 dekabr 2024-cü il tarixli, 7862 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini özündə əks etdirən DVD diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində Quba rayonu, Digah kəndi ərazisində saxlanılaraq orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibində olan “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Aşkar edilmiş 10.22 qram olan narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Digah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Quba rayon məhkəməsinin 01 may 2024-cü il tarixlı hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasının 02 ay 19 gün hissəsini çəkmişdir, azadlığın məhdudlaşdırılması cəzasının 01 il 09 ay 07 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini xx.xx.2024 il tarixlərdə yəni, Quba Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmündən sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Quba Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulmaqla təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmaqla, CM-nın 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi subut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,17 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 (on) iş saatına görə 60 (altmış) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hazırki hökmlə təyin olunmuş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 07 gün hissəsi CM-nin 68.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin və onun barəsində «həbs» qətimkan tədbirinə seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs, 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,17 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar