Məhkəmə qərarları › İş №1(027)-36/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-36/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-36/2023 24.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 29 avqust 1971-ci ildə Quba rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Quba rayonu, Talabi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci ил tarixdə, saat 09 radələrində Quba Rayonu, Talabı kəndində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs əlində olan ağac parçası ilə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş baş beyin silkələnməsilə müşayiət olunan alnında ortada qançır hematomadan, burnunun üstündə əzilmiş yara, sol əlin arxa səthində yumşaq toxumanın əziyi və qançırından ibarət xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba rayonunun Talabi kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Şəxsi münasibətlər zəmnində aralarında mübahisələr yaranır. 27 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində evinin yaxılığında Zərərçəkmiş şəxs onu görüb ondan nə üçün zibilləri onun qapısının ağzına atdığını soruşmuş, о da ona qapısına zibilləri atmadığını, əslində zibilləri qapısına onun atdığını demişdir. Onun bu sözlərindən sonra, Zərərçəkmiş şəxs onu nalayiq söyüşlərlə söydüyü üçün əsəbləşib əlində olan ağac parçası ilə əvvəl onun çiyin nahiyəsinə, sonra isə onun sol əlinin üstünə vurmuşdur. Zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Dilarə yerdə olarkəndə onun ünvanına nalayiq söyüşlər söyməkdə davam etdiyi üçün əlində olan ağac parçası ilə onun başına və bədəninə vurmuşdur. Həmin vaxt onların yanına gələn Dilarənin qızı Aytac və onun oğlu Gülfət onları sakitləşdirmişlər. Aralarında baş verən mübahisə Dilarənin yaşadığı evin qarşısında baş vermışdir və həmin vaxt onların yanında kənar şəxslər olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Quba rayonunun Talabi kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkədlisidir. Gülşən ailə üzvləri ilə birlikdə onunla qonşuluqda yaşayır. Gülşən ilə onun arasında məişət zəmnində ara-sıra mübahisələr yaranır. 27 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində evinin qarşısında olarkən küçədə Təqsirləndirilən şəxs görüb ondan nə üçün zibili onun qapısının ağzına tökdüyünü soruşmuş, Gülşən təkidlə onun qapısına zibilləri atmadığını, əksinə zibilləri onun atdığını demişdir. Bu səbəbdən onlar mübahisə etməyə başlamışlar. Gülşənin əlində həmin vaxt ağac parçası olmuşdur. Mübahisə zamanı Gülşən əlində olan ağac parçası ilə onu vurmuş, о da ağac parçasından tutub dartmış, sonra isə о, yerə yıxılmışdır. Yerdə də Gülşən onu bir neçə dəfə ağacla vurmuşdur. Bundan sonra ora Gülşənin oğlu Gülfət yaxınlaşmış, о da qızı Aytacı çağırmış, Gülşən və Gülfət ordan uzaqlaşıb getmişlər. mübahisə təxminən 3-5 dəqiqə davam etmiş və həmin vaxt orada о və Gülşən olmuşlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmadığını bildirib məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Quba rayonun Talabi kəndində yaşayır. 27 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində yaşadığı evdə olduğu zaman küçədən səs gəldiyi üçün pəncərədən baxdıqda anasının onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini, mübahisə zamanı Gülşənin anasının bədənin müxtəlif nahiyyələrinə əlində olan ağacla vurduğunu görüb onlara yaxınlaşmışdır. Həmin vaxt anası Dilarə yerdə uzanmış vəziyyətdə olmuş, onlara çatdıqda Gülşən və ora sonradan gəlmiş Gülşənin oğlu Gülfət oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki o, ailə üzvləri ilə birlikdə Quba rayonun Talabi kəndində yaşayır. 27 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində yaşadığı kənddə olarkən anası Gülşən ilə qonşuları Dilarə arasında baş vermiş mübahisəni uzaqdan görüb onlara yaxınlaşmışdır. Həmin vaxt Dilarə qızı Aytacı çağırmış və o, anası Gülşəni götürüb oradan uzaqlaşmışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 28 noyabr 2022-ci il tarixli 1015 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- baş beyin silkələnməsilə müşayiət olunan alnında ortada qançır hematomadan, burnunun üstündə əzilmiş yara, sol əlin arxa səthində yumşaq toxumanın əziyi və qançırı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 27 noyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tbb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş digər subutlaral tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında tədqiq olunan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba RMX-nın Poliklinika Şöbəsinin 01 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Talabı kənd sakini xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba RMX-nın Poliklinika Şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin Talabi İnzibati Ərazi X1 tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Talabi kəndində qeydiyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törtəməyən cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsi üçüm cəhd etdiyini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə ayrı–ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin, bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 6 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından 15 (on beş) faiz dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından 15 (on beş) faiz dövlət nəfinə pul tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar