Məhkəmə qərarları › İş №1(027)-37/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-37/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-37/2021 21.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7, xx xxxxxxxx 1992-ci ildə Quba rayonu, Əlibəyqışlaq kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “D.X8” MMC-nin direktoru vəzifəsində çalışan, məhkum olunmamış, Quba rayonu, Əlibəyqışlaq kəndinə qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində xx xxxxxx 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 00:25 radələrində sürücülük hüququnu təsdiq edən AE N610801 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi X1 mülkiyyətində olan “Toyota Hilux” markalı **-VX-*** qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Qələdüz kəndi ərazisində Quba şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə riayət etməyərək cinayətkarcasına etinasızlıq edib əks istiqamətli nəqliyyat axınının yoluna - qarşı hərəkət zolağına çıxması səbəbindən avtomobilinin qabaq nisbətən sol hissəsi ilə əks istiqamətdə öz hərəkət zolağında hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinin toqquşması nəticəsində sürücü Zərərçəkmiş şəxs1 sağlamlığına sağ gözdə buynuz qişasının zədələnərək dağılması nəticəsində görmənin tam itməsi, burunun üstündə sağda iki yerdə əzilmiş yara, sol dizdə qançır, sol baldırında öndə sıyrıq kimi ümümi əmək qabiliyyətini 1/3-dən çox hissəsinin (33%) uzun müddətə daimi itirməsinə səbəb olan ağır, “Volkswagen Passat” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 sağlamlığına sol qulaq seyvanının əzilmiş yarası, hər iki bazu və baldırında qançırlardan ibarət sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan və “Volkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobili texniki cəhətdən yararsız vəziyyətə salaraq avtomaşının sahibi Zərərçəkmiş şəxs1 8200 (səkkiz min iki yüz) manat məbləğində maddi ziyan vurmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 00:30 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Toyota Hilux” markalı avtomobillə Quba rayonu, Qımıl kəndində yaşayan qohumunun evindən çıxaraq Quba şəhəri istiqamətində təxminən 50-60 km\saat sürətlə hərəkət etdiyi zaman Quba rayonu, Qələdüz kəndinə çatdıqda fikirli olduğundan avtomobilin sərt döngədə əks hərəkət zolağına çıxdığını görüb dərhal avtomobili öz hərəkət zolağına qaytarmışdır. Bu zaman qarşıdan əks istiqamətdə hərəkətdə olan adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volgswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxdığını görmüş, o, tormoz əyləcini sıxaraq avtomobili dayandırmaqla baş verə biləcək hadisənin qarşısını almağa çalışsa da, bu mümkün olmadığından onun avtomobilinin qabaq sol hissəsi ilə digər avtomobilin qabaq sağ hissəsi toqquşmuşdur. Zərbənin təsirindən onun başının alın nahiyyəsi avtomobil sükanına çırpılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 avtomobilində baş vermiş yanğın nəticəsində hər iki avtomobil hadisə yerində yanmağa başlamışdır. Həmin vaxt hadisə yerinə toplanmış tanımadığı şəxslər onu avtomobildən düşürüb bir qədər kənara çəkmişlər. Həmin vaxtı Zərərçəkmiş şəxs1 əvvəlcədən onunla birlikdə avtomobildə əyləşmiş adını sonradan bildiyi Natavan adlı qadınla avtomobildən özlərinin düşərək oradan kənarda dayandıqlarını görmüşdür. O, hadisədən təxminən yarım saat sonra həmin yerə gələn təcili tibbi yardım maşını ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Orda müayinə olunduqdan sonra başının alın nahiyyəsi həkimlər tərəfindən tikilmiş və evə buraxılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs1 7.000 manat məbləğində pul təklif edildiyini, zərərçəkmiş şəxsin qəbul etmədiyini, hadisənin baş verməsində təqsiri olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını mahkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində tanışı X2 ona zəng edərək Quba rayonu, Dağlı kəndində işdən gec çıxdığından yolda qaldığını və gedib onu yoldan götürməsini xahiş etmişdir. O da, Quba şəhərində yaşadığı evdən çıxıb “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “Volkswagen Passat” markalı avtomobilinə əyləşmiş və ayıq vəziyyətdə avtomobili idarə edərək təxminən 30 dəqiqə sonra Dağlı kəndinə Natavanın olduğu yerə çatmışdır. Natavan Saruxanova avtomobilin qabaq sağ oturacağına əyləşdikdən sonra o, avtomobili geri çevirib qayıtmaq istəmiş, lakin həmin yerdə avtomobilimin dönməsi üçün məsafə az olduğundan bir qədər irəliyə doğru hərəkət edərək yolun enli olan hissəsindən dönüb geri qayıtmaq qərarına gəlmişdir. Bunun üçün də, Qələdüz kəndi istiqamətində hərəkət etməyə başlamış, bu zaman Natavan əlində olan telefonla məşğul olmuşdur. O, xx.xx.2020-ci il tarixdə saat 00:10 radələrində avtomobilini Qələdüz kəndi istiqamətində təxminən 50-60 km/saat sürətlə idarə edərkən əks istiqamətdə hərəkətdə olan “Toyota Hilux” markalı avtomobili idarə edən adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs avtomobilin uzaq işıqları qoşulu halda üzərinə doğru gəldiyini görmüşdür. Həmin avtomobil ona doğru yaxınlaşan zaman öz hərəkət istiqamətindən sol tərəfə, yəni onu hərəkət zolağına çıxmış, lakin o, öz hərəkət zolağında avtomobili idarə etməyə davam etdirmişdir. Ona yaxınlaşan zaman Təqsirləndirilən şəxs avtomobili onun hərəkətdə olduğu zolağın sağ tərəfində olan daşlıq hissədən öz hərəkət zolağına doğru, yəni sağa doğru sükanı çevirmiş və bu zaman Familin idarə etdiyi “Toyota Hilux” markalı avtomobilin ön sol hissəsi ilə onun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş və avtomobili bir qədər sola doğru sürüşmüşdür. Bu zamanı onun idarə etdiyi avtomobilimin qapıları bağlanmış, yalnız qabaq sağ qapı zərbənin təsirindən açıldığından Natavan Saruxanova ilə birlikdə həmin qapıdan enərək kənara qaçmışlar. Arxaya baxandıqda avtomobillərin yanmağa başladığını, Familin Yaqubovun idarə etdiyi avtomobildən enmədiyini görüb yenidən avtomobilin yanına qayıtmış və sürücü əyləşən hissədə olan qapını açdıqda Familin hərəkətsiz olaraq sükanın üzərində yıxılmış vəziyyətdə qaldığını şahidi olmuşdur. O, Təqsirləndirilən şəxs dartaraq avtomobildən çıxarmaq istəyərkən hər ikisi yerə yıxılmış, bu zaman sol qolu çiyin hissədən çıxmışdır. Onun çiyninin çıxması halları tez-tez baş verən xüsusiyyət olduğundan, çiynini yerinə salmağı artıq vərdiş etdiyindən hadisə yerində olan zaman qolunu öz avtomobilə sıxaraq çiynini yerinə salmışdır. Daha sonra Famili yerdən qaldırıb yanmaqda olan avtomobillərdən kənara aparmışdır. Təqsirləndirilən şəxs avtomobildən çıxaran zaman ondan spirtli içki qoxusu gəlmiş və onun spirtli içki qəbul etmiş vəziyyətdə avtomobili idarə etdiyini başa düşmüşdür. Famili yolun kənarına gətirdikdən sonra ayılmadığını görüb arxdan su götürərək üzünü silmişdir. Famil ayılıb özünə gəldikdən sonra, ətrafda gəzinməyə başlamışdır. Təqsirləndirilən şəxs hərəkətlərindən onun sərxoş olması hiss olunmuşdur. Bundan sonra ətrafda toplanmış şəxslərdən mobil telefon alaraq tanışı Şahid zəng edərək hadisə barəsində mənlumat vermişdir. Bir qədər sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili Təqsirləndirilən şəxs xəstəxanaya aparmışdır. Bundan sonra həmin yerə gələn Şahid onun sağ gözündən xəsarət alaraq qanadağını bildirmişdir. Lakin o, həyəcanlı olduğundan aldığı xəsarəti hiss etməmişdir. Bundan sonra qan itirdiyindən huşunu itirmiş və Əbilfəz onu xəstəxanaya aparmışdır. Ayıldıqdan sonra isə təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə aparılmışdır.İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyası həddində ən ağır cəza ilə cəzalandırılmasını təlbə etmiş və mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki o, xx xxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində qabaqcadan telefonla əlaqə saxlayaraq çağırdığı rəfiqəsi Zərərçəkmiş şəxs1 onu təmizlikçi kimi çalışdığı Quba rayonu, Dağlı kəndindəki evdən götürmək üçün getmişdir. O, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volkswagen Passat” makalı **-BU-*** qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və Lalə Quba şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxtı o, avtomobildə qabaq sağ oturacaqda əyləşmiş və mobil telefonu ilə məşğul olmuş, avtomobildə ikisindən başqa heç kim olmamışdır. Həmin yerdə avtomobili geri döndərmək üçün yol ensiz olduğundan Zərərçəkmiş şəxs1 Quba rayonu, Qələdüz kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Bir qədər hərəkət etdikdən sonra həmin kəndə çatdıqda qarşıya baxdıqda “Toyota Hilux” markalı pikap tipli avtomobilin onların hərəkət zolağına çıxaraq üzərlərinə doğru hərəkət etdiyini görmüşdür. Bu zaman Lalə baş verə biləcək hadisədən yayınmağa çalışsa da, həmin avtomobilin qabaq hissəsi onların avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş və maşını sol tərəfə fırlatmışdır. Zərbənin nəticəsində avtomobilin sağ qapısı açılmış və o, maşından düşərək qaçmışdır. Bir neçə dəqiqə sonra kömək çağıraraq geri qayıtdıqda Lalənin digər avtomobilin sürücüsünü sürüyərək hadisə yerindən uzaqlaşdırmağa çalışdığını, avtomobillərin hər ikisinin yandığı görmüşdür. “Toyota Hilux” markalı avtomobilin adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı sürücüsü huşunu itirdiyindən onu ayıtmaq üçün yol kənarında olan arxdan su götürərək üzünə vurmuşlar. Təqsirləndirilən şəxs ayıldıqda isə ondan spirt qoxusu gəldiyini hiss etmiş, sonuncu hadisə nəticəsində başından xəsarət almış və sərxoş olduğundan hərəkətlərinə nəzarət edə bilməmişdir. Bundan sonra hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə Famil xəstəxanaya aparılmışdır. Bir qədər sonra ilə hadisə nəticəsində Zərərçəkmiş şəxs1 sağ gözünündən xəsarət aldığını və yanağına qan axdığını görmüşdür. Özü isə hadisə nəticəsində sol qulağından, hər iki qolları və ayaqlarından xəsarət almışdır. İfadəsinin sonunda X3 təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərilmədiyini bildirərək, təqsirləndirilən şəxsə qanunla müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 təxminən 1 ildir ki, tanıyır və münasibətləri normal olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 00:15 radələrində Quba şəhərində olarkən Zərərçəkmiş şəxs1 onun telefonuna zəng edərək Quba rayonu, Qələdüz kəndi ərazisində qəzaya uğradığını bildirmişdir. Bundan sonra o, qeyd olunan yerə getmiş, yolda olarkən təcili tibbi yarıma zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 00:30 radələrində hadisə yerinə çatmış, bu zaman Lalənin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobili ilə “Toyota Hilux” markalı avtomobilin toqquşduğunu və avtomobillərin hər ikisinin yandığını görmüşdür. Hadisə yerində Zərərçəkmiş şəxs1 axtararkən digər avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs tanımadığı şəxslər tərəfindən təcili tibbi yardım avtomobilinə tərəf apardıqlarını, bu zaman Familin hərəkətlərinə nəzarət edə bilmədiyini və buna görə də su arxından keçən zaman arxın içərisinə yıxıldığını görmüşdür. O, Lalə barədə soruşmaq üçün Təqsirləndirilən şəxs yaxılaşdıqda sonuncudan spirt qoxusunun gəldiyini hiss etmiş, Familin özündə olmadığını görüb heçnə soruşmamışdır. Yolun digər tərəfinə keçdikdə Lalənin yol kənarında yerdə oturub ağladığını, sonuncunun rəfiqəsi Natavan Saruxanovanın da onun yanında dayandığını görmüşdür. O, Laləyə yaxınlaşdıqda onun sifətində qan izləri və sağ göz nahiyyəsində şişkinlik olduğunu görmüşdür. Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili Təqsirləndirilən şəxs xəstəxanaya apardığı üçün o, Laləni tanışının avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına aparmış, orada ilkin müayinə olunduqdan sonra müalicə zərurəti ilə əlaqədar Laləni təcili tibbi yardım maşını ilə Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına xəstəxanaya aparmışdır. Bundan sonra Bakı şəhərində yerləşən “Dünyagöz” xəstəxanasına aparılmış Zərərçəkmiş şəxs1 sağ gözündən əməliyyat olunmuşdur. İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 977 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözdə buynuz qişasının zədələnərək dağılması nəticəsində görmənin tam itməsi, burunun üstündə sağda iki yerdə əzilmiş yara, sol dizdə qançır, sol baldırında öndə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərar göstərilən vəziyyətdə yəni, baş vermiş yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (33%) uzun müddətə daimi itməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1013 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Saruxanova Natavan Xalıq qızının bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol qulaq seyvanının əzilmiş yarası, hər iki bazu və baldırında qançırlar küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyun gəlir, bu xəsarətlər qərar gəstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri və yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 8/1472 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ilkin kontakt halında toqquşma “Volkswagen Passat” markalı **-BU- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə “Toyota Hilux” markalı **-VX- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sol hissəsi arasında təxminən 50- 55 dərəcə bucaq altında baş vermişdir. “Toyota Hilux” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs AE 610801 saylı, “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum olunmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi Volkswagen Passat” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8200 manat məbləğində ziyan dəymişdir. İş materialarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon mərkəzi xəstəxanasının xx xxxxxx 2020-cu il tarixli 471 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan Quba rayon Mərkəzi xəstəxanasının xx xxxxxxx 2020-cu il tarixli 3274 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Əlibəyqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X5, oğlu X4 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2019-ci il tarixli AZ-İV 221467 nömrəli doğum haqqında şəhadətnaməsi ilə xx xxxxxx 2019-ci il təvəllüdlü Sənan Yaqubovun Təqsirləndirilən şəxs uşağı olması müəyyən edilmişdir. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Əlibəyqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Quba rayonu, Əlibəyqışlaq kəndində yaşayan xx xxxxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il tarixdə saat 00:25 radələrində sürücülük hüququnu təsdiq edən AE N610801 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi X1 mülkiyyətində olan “Toyota Hilux” markalı **-VX-*** qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Qələdüz kəndi ərazisində Quba şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə riayət etməyərək cinayətkarcasına etinasızlıq edib əks istiqamətli nəqliyyat axınının yoluna - qarşı hərəkət zolağına çıxması səbəbindən avtomobilinin qabaq nisbətən sol hissəsi ilə əks istiqamətdə öz hərəkət zolağında hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volkswagen Passat” markalı **-BU- *** qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinin toqquşması nəticəsində sürücü Zərərçəkmiş şəxs1 sağlamlığına sağ gözdə buynuz qişasının zədələnərək dağılması nəticəsində görmənin tam itməsi, burunun üstündə sağda iki yerdə əzilmiş yara, sol dizdə qançır, sol baldırında öndə sıyrıq kimi ümümi əmək qabiliyyətini 1/3-dən çox hissəsinin (33%) uzun müddətə daimi itirməsinə səbəb olan ağır, “Volkswagen Passat” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 sağlamlığına sol qulaq seyvanının əzilmiş yarası, hər iki bazu və baldırında qançırlardan ibarət sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan və “Volkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobili texniki cəhətdən yararsız vəziyyətə salaraq avtomaşının sahibi Zərərçəkmiş şəxs1 8200 (səkkiz min iki yüz) manat məbləğində maddi ziyan vurmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin cinayət tərkibi var və iş üzrə toplanmış sübutların həcmi ona istinad olunan, CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünün təqsirli bilməsə də, qeyd edilən cinayəti törətməkdə onun təqsiri zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb və məhkəmə yol-nəqliyyat hadisələri və yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmalarına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən, onun barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işinin istintaqı zamanı mülki iddia ilə müraciət edərək, ona dəymiş zərərin əvəzi olaraq 21200 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasından Zərərçəkmiş şəxs1 və onun vəkili Müdafiəçi2 həmin mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun həll edilir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 ərizəsinə əsasən onun mülki iddiası baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə məhkəmə xərci, maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba Əlibəyqışlar kəndində - yaşadığı evi axşam saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xərci olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 cinayət hərəkətləri nəticəsində dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə mülki iddiası baxılmamış saxlansın. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar