Məhkəmə qərarları › İş №1(027)-37/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-37/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-37/2023 04.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,356 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,128 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, 28 sentyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və daşımaqda şübhəli olduğundan Quba şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,153 qram və 0,203 qram, ümumi təmiz çəkisi 0,356 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,034 qram və 0,078 qram, həmçinin yaşadığı evə baxış zamanı yataq otağının pəncərəsindən bir ədəd folqa material kəsiyində təmiz çəkisi 0,016 qram, ümumi təmiz çəkisi 0,128 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 aya yaxın müddətdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. 26 sentyabr 2022-ci il tarixdə o yenidən narkotik vasitə istifadə etmək qərarına gəlmiş, sosial şəbəkədən onlayn yolla narkotik vasitə satan tanımadığı şəxslə danışmış və 30 manat pul müqabilində 03 ədəd bükümdə heroin və 03 ədəd bükümdə də metamfetamin almışdır. O, 30 manat pulu həmin şəxsin bank hesabına terminaldan ödəniş etməklə göndərmişdir. Bundan sonra, həmin şəxs də bükülüləri Bakı şəhəri 3-cü mkr dairəsində qəzet köşkünün arxasından götürməli olduğunu bildirmiş və o da həmin bükülüləri oradan götürüb üzərində daşımaqla Quba şəhərinə gəlmişdir. Həmin narkotik vasitələrdən bir ədəd bükümdə olan heroindən və bir ədəd bükümdə olan metamfetamindən özü istifadə etmişdir. 28 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində o, Quba şəhəri, H.Əliyev prospekti ilə yaşadığı evə gəldiyi vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onun narkotik vasitələrdən istifadə etməyi və üzərində saxlamağı ilə bağlı şübhəli olduğunu bildirib onu Quba rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, daşımaqda və üzərində saxlamaqda şübhəli olduğu üçün tutulduğu bildirilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Bundan sonra, polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığı soruşulmaqla üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişlər. O da əynində olan göy rəngli şalvarın arxa sol cibindən bir ədəd Redmi markalı mobil telefon, şalvarın sol qabaq cibindən bir qutu Sobranie siqareti, şalvarının arxa sağ cibindən 29 manat pul va bir paçka dirol saqqız, şalvarın qabaq sağ cibindən 4 ədəd kağıza bükülmüş kiçik bükülüləri çıxarıb masanın üstünə qoymuşdur. Həmin bükülülər hər biri ayrı-ayrılıqda açılıb baxıldıqda bükülülərdən ikisinin içərisində ağ rəngli kristalşəkilli kütlə, digər iki bükülüdə isə qəhvəyi rəngli tozşəkilli kütlələrin olduğu aşkar olunmuşdur. Bu barədə ondan soruşulduqda o bükülülərdəki ağ rəngli kütlələrin metamfetamin, digər iki ədəd bükülünün içərisində isə qəhvəyi rəngli kütlələrin narkotik vasitə sayılan heroin olduğunu və həmin narkotik vasitələri iki gün əvvəl onlayn formada sosial şəbəkədə tanımadığı şəxsin hesabına 30 manat pul köçürməklə həmin şəxsin ona bildirdiyi ünvandan, yəni Bakı şəhəri 3-cü mkr dairəsində qəzet köşkünün arxasından yerdən götürdüyünü və götürdüyü bükülülərdən iki ədədini istifadə etsə də, dörd ədədini özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Qeyd olunan bükülülər birlikdə elektron tərəzidə çəkildikdən sonra, kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Daha sonra, onun iştirakı ilə yaşadığı evə də baxış keçirilmişdir. Baxış zamanı onun yataq otağındakı pəncərənin qarşısından içərisində az bir miqdarda metamfetamin olan bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə olunan kağızdan düzəltdiyi falqa da aşkar olunmuşdur. Falqada aşkar edilmiş narkotik vasitə elektron tərəzidı çəkildikdən sonra kağız zərfə qoyularaq qablaşdırılmışdır. Üzərindən və yaşadığı evdən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bütün bu hərəktlər videokamera ilə qeydə alınmışdır. Şəxsi axtarış və baxış başa çatdıqdan sonra polis əməkdaşları bu barədə protokol tərtib etmişlər, həmin protokol bütün iştirakçılara ucadan oxunmuş, heç bir etiraz daxil olmadığı üçün bütün iştirakçılar, həmçinin də o və vəkili tərəfindən imzalanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, 28 sentyabr 2022-ci il tarixdə polis serjantı Şahid2la birlikdə xidmətdə olduğu zaman Quba şəhəri, H.Əliyev prospektində yerləşən birja ticarət mərkəzinin qarşısında küçədə bir nəfər şəxsin dayandığını, həmin şəxsin onu və həmkarını görərkən özünü şübhəli aparıb narkotik vasitənin təsiri altında olan şəxslərə məxsus hərəktlər etdiyini görüb həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edib həmin şəxsdən narkotik vasitə qəbul edib-etmədiyini soruşmuşduqda, həmin şəxs narkotik vasitə istifadə etdiyini və üzərində də narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Bundan sonra onlar, həmin şəxsin barəsində tədbir görülməsi üçün onu ötrü Quba RPŞ-nə gətirmişlər. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Quba şəhər sakini Təqsirləndirilən şəxsdur. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etdikdə, Cəmil əynində olan göy rəngli şalvarın arxa sol cibindən bir ədəd Redmi markalı mobil telefonu, şalvarının sol qabaq cibindən bir qutu Sobranie siqaretini, şalvarının arxa sağ cibindən 29 manat pulu və bir paçka dirol saqqızını, şalvarının qabaq sağ cibindən 4 ədəd kağıza bükülmüş kiçik bükülüləri çıxarıb masanın üstünə qoymuşdur. Həmin bükülülər hər biri ayrı-ayrılıqda açılıb baxıldıqda bükülülərdən ikisinin içərisində ağ rəngli kristalşəkilli kütlə, digər iki bükülüdə isə qəhvəyi rəngli tozşəkilli kütlələrin olduğu aşkar olunmuşdur. Bu barədə soruşulduqda Təqsirləndirilən şəxs iki ədəd bükülüdəki ağ rəngli kütlələrin metamfetamin, digər iki ədəd bükülünün içərisində isə qəhvəyi rəngli kütlələrin narkotik vasitə sayılan heroin olduğunu və həmin bükülüləri iki gün əvvəl onlayn formada sosial şəbəkədə tanımadığı şəxsin hesabına 30 manat pul köçürməklə həmin şəxsin ona bildirdiyi ünvandan, yəni Bakı şəhəri 3-cü mkr dairəsində qəzet köşkünün arxasından yerdən götürdüyünü, əldə etdiyi bükülülərdən iki ədədini istifadə etsə də, dörd ədədini özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülülər birlikdə elektron tərəzidə çəkilərək zərflərə qoyularaq qablaşdırılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evə də baxış keçirilmişdir. Evdə Təqsirləndirilən şəxs yataq otağındakı pəncərənin qarşısından içərisində az miqdarda narkotik vasitə olan bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə olunan falqa aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin falqadan narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Həmin falqa da kağız zərfə qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Cəmil və vəkili həmin zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid2 analoji ifadə verərək Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişlər. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5592 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,153 qram və 0,203 qram, ümumi təmiz çəkisi 0,356 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,034 qram və 0,078 qram, ümumi təmiz çəkisi 0,112 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. üzərində “Təqsirləndirilən şəxs evindən...” və s. yazılar, imzalar olan zərfdəki bir ədəd folqa material kəsiyində təmiz çəkisi 0,016 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 0,356 qram, tədqiqata sərf edildi- 0,08 qram, qalıq 0,276 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 0,128 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 0,068 qram. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli 7044 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxışın keçirilməsini özündə əks etdirən DVD diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, 28 sentyabr 2022-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 02 ədəd bükümdə kristal formalı kütlə və 02 ədəd bükümdə qəhvəyi rəngli toz şəkilli kütlələr, yaşadığı evə baxış zamanı yataq otağının pəncərəsindən bir ədəd folqa material kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə”: 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir; - 2-ci siyahının 67-ci bəndinə görə narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin xalis çəkisi 0,356 qram, metamfetaminin xalis çəkisi 0,128 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: - “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur . - “təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, ona ittiham elan olunması üçün tutularaq Quba RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır; - “cinayət işinin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək cinayət işinin icraatı dayandırılmışdır; - “axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq MSY-nə təhvil verilmişdir. - “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir; - “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSYdən azad edilmiş və barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadən azad olunmuşdur. - Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluqlar götürülür. - Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Natəvan küçəsi, ev 33 ünvanında qeydiyyatdadır və ailə tərkibi atası- 1964-cü il təvəllüdlü X1 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, CM-nin aşağıdakı maddələrini rəhbər tutur: Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxnin haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismindı tutulduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün, cəmi 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bunda başqa, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,276 qram heroin və 0,068 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,276 qram heroin və 0,068 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci 110 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,276 qram heroin və 0,068 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan 110 manat manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar