Məhkəmə qərarları › İş №1(027)-38/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-38/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-38/2022 05.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1968-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində 25.03.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdə, saat 17 radələrində Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən “Orbit” marketin qarşısında ayrı-ayrılıqda 0,037, 0,081, 0,039, 0,029, 0,074 və 0,056 qram olmaqla, altı ədəd bükümdə ümumilikdə 0,316 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini Quba şəhər sakini X1 10 manat müqabilində əldə edib saxlayaraq həmin metamfetamindən bir bükümünü, yəni 0,037 qramını həmin tarixdə saat 17 radələrində Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən “Orbit” mağazasının qarşısında 10 manat müqabilində tanışı Şahid1 satmış, qalan metamfetamin və narkotik vasitəni idarə etdiyi VAZ 21053 markal, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış, həmin gün saat 21:10 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyya-axtarış tədbirləri zamanı Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Ağ Çiçəyim” gül mağazasının qarşısında saxlanılaraq avtomobilinə baxış keçirilərkən avtomobilin sürət qutusunun yanında yerləşən kül qabının içərisindən hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0.081, 0.039, 0.029, 0,074 və 0,056 qram təşkil edən 5 (beş) ədəd gümüşü və qırmızı rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0.279 qram olan psixotrop maddə metamfetamin və1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,013 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmyərək ifadəsində göstərdi ki, bir ildir ki narkotik vasitə istifadə edir. Quba şəhər sakini Elçin adlı şəxsi üzdən tanıyır. Əvvəllər onunla aralarında düşmənçilik olmamışdır. 23.03.2021-ci il tarixdə, saat 16-17 radələrində o, Nizami parkının qarşısında idarə etdiyi VAZ 21053 markal, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanarkən Elçin adlı şəxs ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. O, Elçinə Nizami parkının qarşısında olduğunu demişdir. Bir neçə dəqiqə sonra, Elçin onun olduğu yerə gələrək narkotik vasitə istifadə etmək istədiyini və kimdən tapa biləcəyini ondan soruşmuşdur. Həmin vaxt o, Elçinə narkotik vasitədən istifadə emədiyini bildirmişdir. Bundan sonra, Elçin onun avtomobilinə minərək İspik kəndi yoluna sürməsini xahiş etmişdir. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün o, avtomobili İspik kəndi yoluna doğru idarə etdirmişdir. Ə.Nərimanov küçəsində yerləşən “Orbit” marketin qarşısına çatdıqda Elçin avtomobili orada saxlamasını bildirmişdir. O, avtomobili orada saxladıqdan sonra, Elçin avtomobildən düşərək orada üzdən tanıdığı Nahid adlı şəxslə danışdıqdan sonra, avtomobilin yanına gəlmiş və ona onu Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketin qarşısına düşürməyi bildirmişdir. O, da Elçini həmin yerə gətirmiş Elçin düşdükdən sonra, öz işlərinin dalınca getmişdir. Həmin gün saat 21 radələrində o, idarə etdiyi avtomobillə H.Əliyev prospektində yerləşən “Ağ Çiçəyim” adlı gül mağazasının qarşısında dayanarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra, narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilindiyini bildirərək ora vəkil dəvət etdikdən sonra, üzərinə şəxsi axtarış, avtomobilinə isə baxış keçiriləcəyini bildirmişlər. İlk öncə video çəkilişdən istifadə olunmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onun idarə etdiyi VAZ 21053 markal, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilmişlər. Baxış zamanı ona məxsus avtomobilin salonundakı kül qabından 15 manat pul əskinası, 06 ədəd kağız bükülülər aşkar edilmişdir. Həmin bükülülər açıldıqda 05 ədəd bükülünün işərisindən ağ rəngli toz şəkilli kütlə, 01 ədəd kağız bükülüdə isə qəhvəyi rəngli toz şəkilli kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildikdən sonra zərflərə qoyularaq qablaşdırılmışdır. Avtomobildən aşkar olunmuş 06 ədəd kağız bükülülər ona məxsus olmadığı üçün o, zərfə imza etməmişdir. Avtomobilindən aşkar edilmiş 6 büküm narkotik vasitənin kimin tərəfindən onun avtomobilinin kül qabına qoymasını barədə heç bir məlumatı yoxdur. Şahid1 narkotik vasitə satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23.03.2021-ci il tarixdə, saat 16 radələrində tanışı Elçinlə birlikdə Quba şəhərində yerləşən “Əli Ticarət” mərkəzinin ərazisində fəaliyyət göstərən “BMV Club” adlı çay evinə gəlib birlikdə çay içmişlər. O, çayxanada olarkən narkotik vasitədən istifadə etmək qərarına gəlmişdir. Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edərək satışı ilə məşğul olduğunu bildiyi üçün, həmin vaxt Elçinə məxsus ***-***-**-** mobil nömrədən Rafiqin istifadəsində olan ***-***-**-** saylı mobil mobil telefonuna zəng etmişdir. Söhbət zamanı Rafiq ona Quba şəhəri Nizami parkında olduğunu bildirmişdir. Bundan sonra o, Nizami parkına gəldikdən sonra tanımadığı bir nəfər şəxsdən mobil telefon alıb yenidən Rafiqlə əlaqə saxlamış və Rafiq ona parkın girişində arkanın qarşısında dayanıb gözləməsini bildirmişdir. Bir neçə dəqiqədən sonra, Rafiq özünə məxsus avtomobillə onun olduğu yerə gəlmişdir. O, həmin vaxt 10 manat pulunun olduğunu bildirərək Rafiqdən narkotik vasitə istəmişdir. Pulu aldıqdan sonra, Rafiq onu idarə etdiyi VAZ 21053 markal, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən “Orbit” marketin qarşısına gətirmişdir. Yolda olarkən Rafiq mobil telefonla kiminləsə danışmış və onlar birlikdə “Orbit” marketin qarşısına gəldikdə Rafiqə məxsus avtomobilə bir nəfər tanımadığı şəxs əyləşmişdir. Rafiq ondan aldığı 10 manat pulu həmin şəxsə verdikdən sonra, həmin şəxs Rafiqin ovcunun işində bir neçə ədəd bükülülər qoyub maşından düşmüşdür. Tanamadığı şəxsin həmin vaxt Rafiqə neçə ədəd bükülü verməsini bilməmişdir. Rafiq həmin bükülülərdən bir ədədini ona verib onu “Əli Ticarət” mərkəzinin qarşısında düşürmüşdür. O, maşından düşdükdən sonra, çayxanada olan tanışı Elçinin yanına getmişdir. Lakin Elçinə bu barədə heç nə deməmişdir. Bir qədər çayxanada oturduqdan sonra, Elçindən 1 manat pul istəmiş və Elçin ona 1 manat pul verdikdən sonra o, yaxınlıqda yerləşən aptekə getmiş və bir ədəd şpris alıb əynində olan gödəkçənin sol iç cibinə qoymub təkrar çayxanaya qayıtmışdır. Çayxanada Elçinlə oturub çay içərkən iki nəfər mülki geyimdə olan şəxs çayxanaya daxil olub özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra, narkotik vasitələrin istifadəsində şübhəli bilindiyini deyərək oraya vəkil dəvət etdikdən sonra, üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qırmızı rəngli kağız bükülünü və sol iç cibindən bir ədəd şprisi çıxarıb təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunmuş qırmızı rəngli kağız bükülü açıldıqda içərisində ağ şəffaf rəngli kristal şəkildə kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmış, sonra üzərindən aşkar olunmuş 1 ədəd qırmızı rəngli kağız bükülü və 1 ədəd şpris kağız zərfə qoyularaq qablaşdırılımış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Daha sonra, sorğu zamanı polis əməkdaşlarına həmin narkotik vasitəni 10 manata tanışı Rafiq adlı şəxsdən özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Həmin gün Nahid adlı şəxslə görüşməmişdir. Elçin adlı tanışının onda narkotik vasitə olmasını, həmçinin Rafiqdən narkotik vasitə alması barədə heç bir məlumatı olmamışdır. Əvvəllər Rafiqdən təxminən 3-4 dəfə metamfetamin almış, lakin həmin vaxt o, Rafiqdən narkotik vasitə alanda Rafiqin onu kiminsə yanına aparmamış, Rafiqin özü ona narkotik vasitə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 23.03.2021-ci il tarixdə, saat 16 radələrində o, tanışı Şahid1lə birlikdə çay içmək üçün Quba şəhərində yerləşən “Əli Ticarət” mərkəzində yerləşən “BMV Club” adlı çay evinə gəlib orada çay içmişlər. Onlar çayxanada olarkən saat təxminən 16-17 radələrində Elçin özündə telefon olmadığından ona məxsus olan ***-***-**-** mobil nömrəsindən Rafiq adlı tanımadığı bir şəxsin ***-***-**-** mobil nömrəsinə zəng etmiş və nə isə danışmışdır. Bundan sonra, Elçin ona bir azdan gələcəyini deyib, çay evini tərk etmişdir. Təxminən yarım saatdan sonra, Elçin yenidən çay evinə qayıtmışdır. Çayxanaya qayıtdıqdan sonra Elçin ondan bir manat pul alıb çölə çıxaraq yenidən çayxanaya qayıtmışdır. Onlar çayxanada oturub çay içərkən iki nəfər mülki geyimdə olan şəxslər çayxanaya daxil olub özlərini polis əməkdaşı kimi təqdim edərək Şahid1 narkotik vasitələrin istifadəsində şübhəli bilindiyini deyərək oraya vəkil dəvət etdikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qırmızı rəngli kağız bükülünü və sol iç cibindən bir ədəd şprisi çıxarıb təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunmuş qırmızı rəngli kağız bükülü açıldıqda içərisində ağ rəngli kristal şəklində kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş, sonra Şahid1 üzərindən aşkar olunmuş 1 ədəd qırmızı kağız bükülü və 1 ədəd şpris kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şahid1 üzərində psixotrop maddə olduğunu bilmədiyini, Şahid1 çay evindən çıxan zaman ona hara getdiyini demədiyini, sadəcə işinin olduğunu bir azdan gələcəyini dediyini, mobil telefonundan edilmiş qeyd etdiyi nömrənin sahibini şəxsən tanımasa da, həmin şəxsin göy rəngli VAZ-2107 markalı avtomobillə taksi kimi işləyən Rafiq adlı şəx olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 23.03.2021-ci il tarixdə Quba şəhər sakini Elçin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşqul olması barədə Quba rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar şöbədə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun üzvləri ilə birlikdə onlar həmin gün, saat 19 radələrində Şahid1 Quba şəhərindəki Əli Ticarət mərkəzinin içərisində fəaliyyət göstərən “BMV” Club adlı çayxanada saxlamışlar. Şahid1 hüquqlarını müdafiə etmək üçün müdafiəçi təqdim olunduqdan sonra, video çəkilişdən istifadə olunmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Şahid1 əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qırmızı rəngli kağıza bükülmüş bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, sol iç cibindən isə 01 ədəd şpris aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik maddə metamfetaminə bənzər maddə tərəzidə çəkildikdən sonra, həmin maddə və şpris zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu sual zamanı Şahid1 üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetamini Quba şəhər sakini Rafiq adlı şəxsdən həmin gün 10 manata aldığını bildirmişdir. Bundan sonra, əməliyyatın davamı olaraq həmin gün saat 21:00 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Quba şəhəri, H.Əliyev prospektinə olan “Ağ Çiçəyim” adlı gül mağazasının qarşısında VAZ 2107 markal, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rafiq adlı şəxs saxlanılmışdır. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və satmasında şübhəli olduğunu bildirərək saxlandığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs müdafiəçi təqdim edildikdən sonra, video çəkilişdən istifadə olunmaqla onun üzərinə və idarə etdiyi VAZ 2107 markal, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Rafiq Əliməmmədoun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəcd edən qanunla qadağan olunmuş əşyanın olub-olmamsı, əgər varda həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirərək cibindən çıxardığı dəsmalı yanında olan avtomobilin baqaj hissəsinin üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Sonra, Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmişdir. Əvvəlcə avtomobilin baqaj hissəsinə baxış keçirildikdə hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra, avtomobilin salonuna baxış keçirilərəkən sürət qutusunun yanındakı kül qabından 15 manat pul əskinasları və bir ədəd siqaretin şəffaf rəngli sellofan parçasının işərisində olan ümumilikdə 06 ədəd, yəni 04 ədəd siqaretin şəffaf rəngli kağızına bükülmüş, 02 ədəd isə siqaretin qırmızı rəngli kağızına bükülmüş bükülülər aşkar edilərək götürülmüşdür. Həmin bükülülər açıldıqda 05 ədədinin içərisində ağ rəngli kristal şəkilli kütlə, bir ədədinin gümüşü rəngli bükülünün içərisindən isə qəhvəyi rəngli toz şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş kütlələr tərəziyə qoyularaq çəkilmiş və tərəflərindən qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilən bükülülərin ona məxsus olmadığını bəhanə edərək zərfin üzərinə imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizsının 24 mart 2021-ci il tarixli, 6/1167 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi..” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində olan 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,081 qram, 0,039 qram, 0,074 qram, 0,056 qram, ümumi təmiz çəkisi 0,279 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 01 ədəd bükümdə təmiz çəkisi 0,013 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şahid1 üzərindən...” sözləri, soyad, ad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,037 qram olan ağ rəngli kristallok formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd 1ml həcmli şprisdə narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir biri ilə eynilik təşkil edir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2021 -ci il tarixli, 1073 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi naticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi VAZ 2107 markal, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın keçirilməsini özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, avtomobilin sürət qutusunun yanında yerləşən kül qabının işərisindən 5 (beş) ədəd gümüşü və qırmızı rəngli kağız bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddə və 1 (bir) ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli, 1078 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 25.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 23 mart 2021ci il tarixdən 25 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin olunacaq cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05.04.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 109.90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus avtomobildən və Şahid1 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,256 qram çəkidə psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,008 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23.03.2021-ci il tarixdən 25.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs, 109.90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus avtomobildən və Şahid1 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,256 qram çəkidə psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,008 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar