Məhkəmə qərarları › İş №1(027)-39/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-39/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-39/2021 23.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Quba rayonu, İspik kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Quba rayonu İspik kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində Quba rayonu İspik kəndində Zərərçəkmiş şəxs sərxoş olduğu üçün heç bir səbəb olmadan Təqsirləndirilən şəxs ünvanına nalayiq söyüş ifadələri işlətdikdən sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla həmkəndlisi Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq ona sol göz orbiti ətrafında qançır-hematoma, sol gözün ağlı qişasında geniş qansızma, sol almacıq sümüyünün qapalı xətti sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Quba rayonu, İspik kəndində məktəbin qarşısında dayanıb həyat yoldaşı Zəminə və Nərmini gözləyən zaman həmkəndlisi Mürvət sərxoş vəziyyətdə yaşadığı evin yaxınlığında onun ünvanına nalayiq ifadələr işlətmişdir. Mürvət sərxoş olduğu üçün ona əhəmiyyət verməmişdir. Həyat yoldaşı Zəminə ilə azyaşlı qızı onun yanına gəldikdən sonra birlikdə piyada yaşadığı ünvana tərəf gedərkən, Mürvət yenidən ailəsinin yanında onu söymüşdür. O, Mürvətə yaxınlaşmış və sol gözünün üstünə yumruqla bir zərbə vurmuş, nəticədə Mürvət yerə yıxılmışdır. Həyat yoldaşı onları ayırdıqdan sonra onlar öz evinə, Mürvət də öz yaşadığı ünvana getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, mübahisə vaxtı onların yanında həyat yoldaşı Zəminə və azyaşlı qızı Nərmin olmuşdur. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmamışdır. Zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmkəndlisi olan Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evin yaxınlığında olan meşə massivində tək başına araq içdikdən sonra yatmaq üçün yaşadığı ünvana gələrkən evin qarşısında Feyruzun oturduğunu görmüş və sərxoş olduğundan sonuncunu söymüşdür. Öz yaşadığı evin qarşısına çatanda Feyruz ona yaxınlaşmış və aralarında mübahisə yaranmışdır. Feyruz onun üz nahiyəsinə yumruqla bir zərbə vurmuş, o da yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra Feyruz təpiklə bir neçə dəfə onun üz nahiyəsinə vurduqdan sonra oğlu Abid gəlib Feyruzu ondan kənarlaşdırmış və yaşadığı ünvana aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, münaqişə vaxtı onların yanında Təqsirləndirilən şəxs ailəsi olmuşdur. Oğlu Şahid isə hadisəni uzaqdan görüb onları ayırmaq üçün hadisə olan yerinə gəlmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışdığını, bununla bağlı heç bir şikayəti və tələbinin olmadığını nəzərə alaraq, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxslə barışdığını nəzərə alaraq, sonuncu barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, atası Mürvət anası Xalidə ilə boşandıqdan sonra o, anası ilə birlikdə Mürvətdən ayrı yaşayır. Təqsirləndirilən şəxs isə onun həmkəndlisi və qonşusudur. Əvvəllər Feyruzla atasının arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Hadisə baş verən gün saat 17 radələrində o, evdə olmuş və pəncərəsindən baxarkən Mürvətin yaşadığı evin qarşısınıda bir nəfər şəxslə əlbəyaxa olduğunu görüb evdən çıxıb onların olduğu yerə getmişdir. Hadisə olan yerə çatanda Mürvətlə Feyruzun artıq biri birindən ayrıldığını, Mürvətin üz nahiyəsində qaraltı olduğunu görmüşdür. O, atasının qoluna girib yaşadığı evə ötürmüşdür. Özü də anası ilə yaşadığı ünvana gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirmişdir ki, hadisə olan zaman Mürvətlə Təqsirləndirilən şəxs yanında olmamışdır. Mürvətlə Feyruzun nə üçün mübahisə etdiyini və Feyruzun Mürvəti hansı səbəbdən vurmasını bilməmiş və bu barədə maraqlanmmışdır. Atasının yaşadığı evin qarşısı onun yaşadığı evin pəncərəsindən göründüyü üçün hadisəni də təsadüfən pəncərədən görmüşdür. O, Feyruzla atasını ayırmaq üçün hadisə yerinə qaçmış, lakin o, çatanda artıq mübahisənin başa çatdığını görmüşdür. Həmin vaxt atası sifət nahiyəsindən (gözünün altı) xəsarət almışdır. Hadisə olan yerdə Mürvət, həmkəndlisi Feyruz və sonuncunun həyat yoldaşı Zəminə və azyaşlı qızından başqa kimsə olmamışdır. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, hadisə baş verən gün, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində qızı Nərmin ilə birlikdə atası Müğbilin evindən çıxıb öz yaşadığı evi istiqamətində gedirmişlər. Həmin vaxt həyat yoldaşı Feyruz onları məktəbin qarşısında gözləyirmiş. O, Feyruzla qarşılaşıb birlikdə evə gedən zaman, həmkəndlisi və qonşuları olan Mürvət heç bir səbəb olmadan Feyruzun ünvanına nalayiq ifadələr işlətmişdir. Feyruz Mürvətin sərxoş olduğunu görüb ona əhəmiyyət verməmişdir. Mürvət isə yenidən Feyruzun ünvanına söyüş söydükdə, Feyruz əsəbləşib Mürvətin üz nahiyəsinə yumruqla bir zərbə vurmuş və Mürvət yerə yıxılmışdır. O, Feyruzu Mürvətdən ayırdıqdan sonra birlikdə yaşadığı ünvana getmişlər. Məhkəmədə verilən suallara cavab olaraq, bildirmişdir ki, hadisə olan zaman Mürvət içkili olmuşdur. Mürvətin söyüş söyməsinin səbəbini bilmir. Feyruzla Mürvətin arasında əvvəllər heç vaxt ədavət və düşmənçilik olmamışdır. Hazırda da Feyruzla Mürvət barışmışlar. İş materiallarında olan: hadisə yerinə xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında olan ağac budaqlarından olan hasarın qarşısında baş vermişdir. (iş vər.: 25-27); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2021-ci il tarixli, 18 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol göz orbiti ətrafında qançır-hematoma, sol gözün ağlı qişasında geniş qansızma, sol almacıq sümüyünün qapalı xətti sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vər.: 29); Quba RİHB-nin İspik İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli 08 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İspik kəndində yaşayır (iş vər.: 14); Quba RİHB-nin İspik İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli 08 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vər.: 16); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 28); Quba rayonu X1 xx.xx.2021-ci il tarixli 63 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RNRM-da qeydiyyatda yoxdur (iş vər.: 43); Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspert rəyi, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 09 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar