Məhkəmə qərarları › İş №1(027)-39/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-39/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-39/2023 03.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, xx xxxx 1961-ci il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəl, işləməyən, məhkum olunmayan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 sentyabr 2020-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs QSC-nin satıcıanbardarı vəzifəsində işləyərkən həmin Cəmiyyətlə aralarında bağlanmış 02 sentyabr 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, həmin tarixli əmək müqaviləsi və terminalın təhkim əmrinə əsasən ona etibar edilmiş malların anbara qəbul olunması, saxlanılması və yerləşdirilməsi, sifarişlərin vaxtlı-vaxtında toplanması və təhvil verilməsi, mal-materialların saxlanılmasının təmin edilməsi, malların və satışdan əldə olunmuş vəsaitin qorunub saxlanılması kimi səlahiyyətlərə malik tam maddi-məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə 30 oktyabr 2020-ci il tarixli ATOO005808 №-li, 14 yanvar 2021-ci il tarixli ATOO-000241 Nə-li, 14 yanvar 2021ci il tarixli ATOO-000242 №-li, 07 aprel 2021-ci il tarixli ATOO-003099 №-lii təhvil-təslim aktlarına və 12 yanvar 2021-ci il tarixli 12/01 №-li və 01 iyun 2021-ci il tarixli 01/06 №-li üzləşmə aktlarına əsasən Quba rayonu, Rustov kəndində yerləşən anbara qəbul etdiyi həmin QSC-yə məxsus 58000 (əlli səkkiz min) kq həcmində gübrə məhsullarından 39440,88 kq (otuz doqquz min dörd yüz qırx kiloqram səksən səkkiz qram) həcmində gübrə məhsullarını kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara subsidiya yolu ilə satmaqla onların satışından əldə edilməli olan 21869,86 manat (iyirmi bir min səkkiz yüz altmış doqquz manat səksən altı qəpik) pul vəsaitini 74,84 (yetmiş dörd manat səksən dörd qəpik) əskik olmaqla 21795,02 manat (iyirmi bir min yeddi yüz doxsan beş manat iki qəpik) xəzinəyə mədaxil etməsi, 06 oktyabr 2021-ci il tarixli AT01- 000626 №-li təhviltəslim aktı əsasında Cəmiyyətə 1500 (min beş yüz) kq gübrə məhsulunu geri qaytarması, nəticədə anbarda qalmalı olan 16880,87 manat (on altı min səkkiz yüz səksən manat səksən yeddi qəpik) dəyərində 17059,12 kq (on yeddi min əlli doqquz kiloqram on iki qram) həcmində gübrə məhsulunun faktiki olaraq anbarda olmaması nəzərə alınaraq ümumilikdə 16955,71 manat (on altı min doqquz yüz əlli beş manat yetmiş bir qəpik) məbləğində pul vəsaitini Cəmiyyətin "xxxx" ASC-də olan bank hesabına mədaxil etməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı Quba rayonu, Rustov kəndində özünə məxsus torpaq sahəsində anbarı vardır. 2020-ci ilin sentyabr ayının 02-də Zərərçəkmiş şəxs QSC-nin Quba rayonu üzrə satıcı-anbardarı vəzifəsində işə başlamış, işə başlayan zaman onunla tam maddi məsuliyyət haqqında müqavilə və əmək müqaviləsi bağlanmışdır. QSC-nin iş fəaliyyəti kənd təsərrüfatı üçün zəruri olan mineral gübrələrin idxalı və satışıdır. İş həcminə əsasən QSC tərəfindən anbara gübrələr göndərilmiş, o həmin gübrələrin fermerlərə satışını təşkil edərək əldə olunan qazancı QSC-nin xəzinəsinə mədaxil etmişdir. İşə başladığı vaxtdan etibarən ona kassa aparatı və ödəniş terminalı təhkim olmuşdur. Müştərilərə nağd qaydada satdığı gübrələrin pulunu kassaya vurmuş, kart vasitəsilə ödənişləri isə ödəniş terminalı vasitəsilə qəbul etmişdir. Hər bir halda yekunda pullar şirkətin "xxxx" ASC-də olan hesabına mədaxil edilmişdir. Gübrələr müxtəlif yükdaşıma şirkətləri vasitəsilə Quba rayonu, Rustov kəndində yerləşən anbara gətirilmiş, qaimə-faktura və ya təhvil-təslim aktı əsasında ona təhvil verilmişdir. Qaimə fakturada və ya aktda “təhvil aldım” qrafasının qarşısında imza çəkərək malları təhvil almış, qaimələrdən biri onda qalmış, digərini isə gətirən sürücüyə təhvil vermişdir. QSC-nin auditləri tərəfindən mütəmadi olaraq satış nöqtələrinin fəaliyyəti öhdədə olan və yerində olan mala münasibətdə yoxlanılmışdır. 2022-ci ilin fevral ayında QSC-nin daxili auditləri Quba rayonu, Rustov kəndində yerləşən anbarda onun iştirakı ilə fəaliyyətini yoxlamışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, öhdəliyində olan 58000 kq gübrədən 39400,88 kq gübrə fermerlərə satılmış, satılan malın pulu 74,88 manat əskik olmaqla xəzinəyə mədaxil olunmuş, 1500 kq gübrə geri qaytarılmış, 17059,12 kq həcmində gübrə əskikliyi olmuşdur. Anbarında qalıq qalmalı olan 17059,12 kq kübrəni öz tanıdığı adamlara nisyə olaraq vermiş, həmin adamların bir qismi pulu ona az-az ödəsələr də, həmin pulları öz şəxsi işlərinə xərcləmiş, bu səbəbdən xəzinəyə mədaxil edə bilməmişdir. Digər tərəfdən gübrələrin bir hissəsini öz şəxsi təsərrüfatında istifadə etmiş, lakin yağışlarla əlaqədar ziyan etdiyi üçün qazanc əldə edə bilməmiş və nəticədə qazanc əldə edə bilmədiyi üçün özbaşına istifadə etdiyi gübrənin pulunu QSC-nin xəzinəsinə ödəyə bilməmiş, həmçinin, nisyə mal verdiyi şəxslərin bir qismi isə pulu söz verdiyi vaxtda vermədikləri üçün o məbləği xəzinəyə mədaxil edə bilməmişdir. Bundan başqa, əskik olan 74,88 manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Audit zamanı ümumilikdə 17059,12 kq həcmində əskik gübrə və 74,88 manat əskik pul aşkar edilmişdir. 17059,12 kq gübrə pul vahidi ilə 16880,87 manat etmiş, əlavə olaraq 74,88 manat da pul çatışmazlıq aşkar edildiyindən, onun öhdəliyində olan çatışmazlıq 16955,71 manat olmuşdur. O, həmin məbləği həqiqətən də mənimsəmişdir. Yaranan çatışmazlığın səbəbi nisyə satdığı gübrələrdən əldə etdiyi qazancın bir qismini şəxsi işlərinə xərcləməsi, gübrələrdən bir qismini öz şəxsi təsərrüfatında istifadə etməsi, bir qismini isə kənar şəxslərə nisyə verməsi olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanın 3500 manat hissəsini ibtidai və məhkəmə istintaqı zamanı ödəməsini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki o, Zərərçəkmiş şəxs ASC-nin hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının 02-dən etibarən Zərərçəkmiş şəxs QSC-nin Xaçmaz regionun Quba rayonu üzrə satıcı-anbardarı vəzifəsində işə başlamışdır. İşə başlayan zaman onunla həmin tarixdə, yəni 02 sentyabr 2020-ci il tarixdə həm əmək müqaviləsi, həm də tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış. Təqsirləndirilən şəxs şirkətin mallarına tam maddi məsul şəxs olmuşdur. QSC-nin iş fəaliyyəti kənd təsərrüfatı üçün zəruri olan mineral gübrələrin idxalı və satışıdır. Təqsirləndirilən şəxs iş prinsipi QSC tərəfindən ona göndərilmiş və QSC-nin anbarlarına yüklənmiş şirkətə məxsus gübrələrin satışını həyata keçirərək satışından əldə olunmuş gəliri QSC-nın xəzinəsinə mədaxil etmək olmuşdur. QSC tərəfindən Təqsirləndirilən şəxs kassa aparatı və post terminal təhkim olunmuşdur. QSC tərəfindən Təqsirləndirilən şəxs kassa aparatı və post terminal təhkim edilməsinə dair QSC-nin direktorunun 29 noyabr 2020-ci il tarixli 2911/20 №-li əmri vardır. Həmin əmrə əsasən Təqsirləndirilən şəxs kassa aparatı və ödəniş terminalı təhkim olunmuş, Təqsirləndirilən şəxs əmrlə tanış olaraq kassa aparatı və ödəniş terminalını təhvil almışdır. QSC-nin Quba rayonu Rustov kəndində icarəyə götürdüyü anbar vardır. İş prinsipinə əsasən gübrələr QSC tərəfindən “AUC” şirkəti və ya yükdaşıma fəaliyyəti ilə məşğul olan "xxxx" daşıma xidməti ilə avtomobillərlə QSC-nin Quba rayonu Rustov kəndində icarəyə götürdüyü anbara göndərilmiş. Təqsirləndirilən şəxs malların təhvil-qəbul aktı ilə gübrələri təhvil almış, təhvil aldıqdan sonra mallar anbara toplanılmış, daha sonra isə buradan fermerlərə satılmışdır. Fermerlər ödənişi nağd vəsait, ödəniş terminalı və ya fermer kartları vasitəsilə etmişlər. QSC-nin ölkənin bir çox yerlərində satış nöqtələri vardır, bu səbəbdən nəzarəti tam təmin etmək üçün QSC-nin daxili auditləri mütəmadi yoxlamalar həyata keçirmişlər. 2022-ci ilin fevral ayında QSC-nin daxili auditləri Təqsirləndirilən şəxs fəaliyyətini Quba rayonu, Rustov kəndində yerləşən anbarda Təqsirləndirilən şəxs iştirakı ilə yoxlamış, yoxlama dövrünə Təqsirləndirilən şəxs öhdəliyinə verilmiş 58000 kq məhsuldan 39400,88 kq satılması, 1500 kq başqa anbara təhvil verilməsi, nəticədə 17059,12 kq gübrənin əskik olması aşkar edilmişdir, onların dəyəri 16880,87 manat olmuşdur. Həmçinin, 74,88 manat isə kassada ödəniş yerində olmamışdır. Beləliklə, 16955,71 manat Təqsirləndirilən şəxs öhdəliyində pul çatışmazlığı olmuşdur. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda Əhməd gübrələri nisyə olaraq tanıdığı fermerlərə verməsini, subsidiya ödənişləri olduqdan sonra pulları geri yerinə qoyacağını bildirsə də, konkret olaraq hansı fermerlərə nisyə mal verməsini qeyd etməmiş, həmçinin, malların fermerlərə verilməsinə dair heç bir sənəd tərtib edilməmişdir. Mövcud vəziyyət QSC-nin auditlər tərəfindən sənədləşdirilmiş, bu barədə akt tərtib edilmiş və hər bir şəxs öz adının qarşısındakı qrafada imzalamışdır. Əlavə olaraq, sonradan QSC ilə müstəqil audit fəaliyyəti ilə məşğul olan "xxxx" arasında auditin keçirilməsi məqsədilə müqavilə bağlanmış, müqavilə əsasında müstəqil audit tərəfindən Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanılmış və həqiqətən də. Təqsirləndirilən şəxs öhdəsində 16955,71 manat çatışmazlıq aşkar edilmişdir. İfadəsinin sonunda Nümayəndə təqsirləndirililən şəxs tərəfindən işlədiyi Zərərçəkmiş şəxs ASC-ə vurmuş olduğu ziyanın ödənilməmiş qalan 13455, 71 manat hissəsinin ödənilməsini tələb etdiyini bildirərək məhkəmədən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktor-auditoru işləyir. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür. MMC Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 04 sentyabr 2020-ci il tarixli AT/214 saylı icazə əsasında fəaliyyət göstərir. Zərərçəkmiş şəxs QSC-nin direktoru X1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 000004 saylı müqaviləyə əsasən Zərərçəkmiş şəxs QSC-də satıcı-anbardar işləmiş Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanılmışdır. Yoxlamanın keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs xx.xx.2022- ci il tarixli rəsmi xəbərdarlıq məktubu ilə müraciət olunsa da. Təqsirləndirilən şəxs qeyri müəyyən səbəblərdən yoxlamada iştirak etməmişdir. Aparılmış yoxlama ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdən satıcıanbardar vəzifəsinə işə qəbul edilmişdir. Bağlanmış əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericilikdə müəyyən edilmiş qaydada maddi-mənəvi məsuliyyət daşımışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ilə Cəmiyyət arasında xx.xx.2020-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 29 noyabr 2020-ci il tarixli və 2911/20-A nömrəli əmrə əsasən SN: AP001721 nömrəli, İMEİ kodu 1 ********* olan "xxxx" ASC-yə məxsus ödəniş terminalı və SN: 43204P61702 nömrəli, İMEİ kodu **********32252 olan kassa aparatı məsul şəxs Təqsirləndirilən şəxs təhkim edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixindən "Aqrar İnnovasiya və Təchizat şirkəti Qapalı Səhmdar Cəmiyyətinin Quba rayonunun Rustov kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində çalışmışdır. Həmin müddət ərzində əsas anbardan və mərkəzləşdirilmiş qaydada müxtəlif kənd təsərrüfatı təyinatlı gübrələr təhvil almışdır. Alınan gübrələrin həcmi barədə arayış və sənədlər həm dəyər ifadəsində, həmçinin miqdarla yoxlamaya təqdim edilmişdir. Ümumilikdə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr ərzində Təqsirləndirilən şəxs ATOO005808 ATOO-000241 ATOO-000242 ATOO-003099 nömrəli təhvil-təslim aktlarına uyğun olaraq 58000 kq gübrə məhsullarını öhdəsinə qəbul etmişdir. Cəmiyyətin satış təmsilçisi Şahid3 iştirakı ilə 12/01 nömrəli və 01/06 nömrəli üzləşmə aktı tərtib olunmuş və tərəflər arasında təsdiqlənmişdir. Həmin mallardan xx.xx.2021-ci il tarixli AT01-000626 saylı təhvil-təslim aktına əsasən 1500 kg gübrə anbara geri qaytarılmışdır. Təqdim olunmuş satış əməliyyatlarının çıxarışına əsasən, cəmiyyət tərəfindən təyin olunan satış siyasətinə uyğun olaraq dəyəri 21869,86 manat olan 39440,88 kq gübrə satılmışdır. Əmək müqaviləsi üzrə vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs satışdan nağd vəsait əldə olunarsa həmin vəsaiti Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına köçürməli, dövlət tərəfindən verilən subsidiya kartlarından isə həmin şəxsə təhkim olunan post terminal vasitəsi ilə köçürməli olmuşdur. "xxxx" ASC-dən alınmış AZ35PAHA40060AZNİİC********** İBAN nömrəli hesabdan bank çıxarışına əsasən 1586 manat vəsait Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətin hesabına mədaxil edilmişdir. Həmçinin, subsidiya kartlarından 18121,46 manat və “TapAqro” çıxarışına əsasən 2087,56 manat məbləğində vəsait cəmiyyətin bank hesabına mədaxil edilmişdir. Yekun olaraq satışa əsasən mədaxil olunmalı məbləğ 21869,86 manat olmasına baxmayaraq toplamda 21795,02 manat vəsait daxil olmuş və 74,84 manat kənarlaşma yaranmışdır. Yoxlama zamanı 58000 kq gübrədən 39440,88 manat satılması nəzərə alınaraq anbarda 17059,12 kq qalmalı olsa da, həmin həcmdə məhsul olmamışdır. Nəticədə, 17059,12 kq gübrənin dəyəri olan 16880,87 manat və 74,84 manat nağd kənarlaşma olması nəzərə alınaraq Təqsirləndirilən şəxs çatışmazlığı 16955,71 manat olaraq müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs QSC-nin aparıcı mühasibi işləmişdir. Təqsirləndirilən şəxs şirkətin Rustov və ətraf kəndlər üzrə satıcı-anbardarı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxslə rəsmi əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələr imzalanmışdır. Bu müqavilələr əsasında Təqsirləndirilən şəxs şirkətin məhsullarına tam maddi məsul şəxs olmuşdur. Şirkətin iş fəaliyyəti kənd təsərrüfatı üçün zəruri olan mineral gübrələrin, toxum və dərmanların idxalı və satışıdır. Təqsirləndirilən şəxs dərman və toxum deyil, ancaq gübrə satışı ilə məşğul olmuşdur. Şirkət tərəfindən gübrələr anbara göndərilmiş. Təqsirləndirilən şəxs gübrələri sürücüdən təhvil almış, ona təhkim olunmuş daxili terminal və bank terminalı vasitəsilə gübrələri sataraq ödənişləri təhvil almışdır. Gübrələrin satışı həm nağd qaydada, həm da nağdsız qaydada (bank kartı və ya fermer kartı vasitəsilə) həyata keçirilmişdir. Pullar şirkətin "xxxx" ASC-də olan hesabına ödənilmişdir. O, mühasib kimi Təqsirləndirilən şəxs təhvil verilən mallar və onun tərəfindən edilmiş ödənişlər əsasında dövriyyəyə nəzarət etmişdir. İşlədiyi dövrdə Təqsirləndirilən şəxs fəaliyyəti "xxxx" MMC tərəfindən audit edilmişdir. Həmin audit prosesində iştirak etmişdir. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki, yoxlama dövrünə Təqsirləndirilən şəxs öhdəliyinə verilmiş 58000 kq məhsul olmalı olmuşdur. Bu 30 oktyabr 2020-ci il tarixli ATOO-005808 №-li, 14 yanvar 2021-ci il tarixli ATOO-000241 №-li , 14 yanvar 2021 -ci il tarixli ATOO-000242 №li, 07 aprel 2021-ci il tarixli ATOO003099 №-lii təhvil-təslim aktları və 12 yanvar 2021-ci il tarixli 12/01 №-li və 01 iyun 2021- ci il tarixli 01/06 №-li üzləşmə aktları ilə öz təsdiqini tapmışdır. Şirkətin "xxxx" ASC-dən edilmiş çıxarışları, gübrə məhsulunun geri qaytarılmasına dair akt və sair sənədlər əsasında müəyyən edilmişdir ki. Təqsirləndirilən şəxs ümumilikdə 39400,88 kq məhsul satmış, 1500 kq başqa anbara geri təhvil vermiş, nəticədə 17059,12 kq gübrə çatışmazlıq aşkar edilmişdir, onların dəyəri 16880,87 manat olmuşdur. Həmçinin, 39400,88 kq satılan məhsulun dəyərinin şirkətin hesabına 74,88 manat əskik mədaxil edilməsi müəyyən edilmişdir. Beləliklə, 16955,71 manat Təqsirləndirilən şəxs öhdəliyində pul çatışmazlığı olmuşdur. Həmin çatışmazlıq sənədlər əsasında öz təsdiqini tapmışdır. Buna dair "xxxx" MMC tərəfindən 04 iyul 2022- ci il tarixli auditor hesabatı tərtib edilmiş və o da iştirakçı kimi imzalamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 da analoji ifadə verərək Şahid2 Rəfael oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs QSC-nin Şimal bölgəsi üzrə satış nümayəndəsi işləyir. Təqsirləndirilən şəxs şirkətin Rustov və ətraf kəndlər üzrə satıcı-anbardarı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxslə rəsmi əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələr imzalanmış, bu müqavilələr əsasında Təqsirləndirilən şəxs şirkətin məhsullarına tam maddi məsul şəxs olmuşdur. Şirkətin iş fəaliyyəti kənd təsərrüfatı üçün zəruri olan mineral gübrələrin, toxum və dərmanların idxalı və satışıdır. Təqsirləndirilən şəxs dərman və toxum deyil, ancaq gübrə satışı ilə məşğul olmuşdur. Adətən, şirkət tərəfindən gübrələr anbara göndərilmiş. Təqsirləndirilən şəxs gübrələri sürücüdən təhvil almış, ona təhkim olunmuş daxili terminal və bank terminalı vasitəsilə gübrələri sataraq ödənişləri təhvil almışdır. Sürücülər həm şirkətdaxili, həm də digər sürücülər olmuşdur. Təqsirləndirilən şəxs malları təhvil alaraq Rustov kəndində anbara yerləşdirmiş və həmin anbardan gübrələrin satışını həyata keçirmişdir. Gübrələrin satışı həm nağd qaydada, həm da nağdsız qaydada (bank kartı və ya fermer kartı vasitəsilə) həyata keçirilmişdir. Belə ki, hər hansı fermer anbara yaxınlaşaraq Təqsirləndirilən şəxs gübrə almış, pulunu həm nağd qaydada ödəyə bilmiş, həm də bank kartı və ya fermer kartı vasitəsilə ödəniş edə bilmişdir. Fermer kartlarında dövlət tərəfindən ayrılmış subsidiyaların nağdlaşdırılması mümkün olmadığından və başqa məqsədlə istifadə edilməsi qadağan olunduğu üçün fermer kartları bank terminallarına daxil edilərək gübrənin pulu həmin kartdan götürülmüşdür. Bu səbəbdən də. Əhməd gübrələrin satışından əldə etdiyi nağd pulları ödəmə terminalları vasitəsilə şirkətin hesabına ödəmiş, bank kartı və ya fermer kartı ilə alınan gübrələrin pulu isə avtomatik bank terminalından şirkətin hesabına köçmüşdür. Kənd yerlərində, xüsusilə də Əhmədin xidmət göstərdiyi bölgədə demək olar ki, nağd satış çox az olmuş, əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olduğundan dövlət tərəfindən onlara fermer kartları ayrılmış, əhalinin böyük hissəsi də həmin kartla gübrələrin alışını həyata keçirmişdir. Onun işi Təqsirləndirilən şəxs də daxil olmaqla şimal bölgəsi üzrə satıcıanbardarlara nəzarət etmək, satışın tempini müəyyən etmək, malların vəziyyətinə, anbar qalıqlarına nəzarət etməkdir. Satıcı-anbardarları mütəmadi yoxlamış, sonuncu dəfə Təqsirləndirilən şəxs yoxlayan zaman onda etdiyi satışlarla anbar qalıqları arasında ciddi fərqlər ortaya çıxmış, buna görə də, rəhbərliyə bu barədə məlumat vermiş və rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs işlədiyi dövrün fəaliyyəti yoxlanılmışdır. Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanılmamışdan əvvəl onun öhdəsində olmalı olan, yəni ona təhvil verilmiş anbar qalıqlarının üzləşməsini aparmış və 38000 kq və 20000 kq olmaqla ümumilikdə 58000 kq gübrə olması müəyyən edilmiş, üzləşmənin nəticələrinə dair akt tərtib edilmiş, aktı o və Təqsirləndirilən şəxs imzalamışlar. Sonradan şirkətdən daxili audit gələrək Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanılmışdır. Bildiyinə görə 58000 kq gübrədən 39400,88 kq gübrə fermerlərə satılmış, satılan malın pulu xəzinəyə həqiqətən də mədaxil olunmuş, 1500 kq gübrə geri qaytarılan gübrə olmuş, nəticədə 17059,12 kq gübrə isə anbarda olmalı olsa da, yerində olmamışdır. Bunun səbəbi Təqsirləndirilən şəxs soruşulan zaman Əhməd törətdiyi əməli etiraf etmiş və çatışmazlığını təsdiqləyərək məhsulun dəyərini qaytaracağına dair söz vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 4/1320-9/6432 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021xx.xx.2021-ci il tarixləri əhatə edən üzləşmə aktında “Təsdiq edirəm” qrafasının qarşısındakı “Taqıyev Əhməd” qarşısındakı imza, xx.xx.2021-ci il tarixli üzləşmə aktında “Təsdiq edirəm” qrafasının qarşısındakı imza, anbar qalıqlarının sayımın nəticələri haqqında 5853/1 №-11 aktda “Məsul şəxs/anbardar” qrafasının qarşısında olan “Taqıyev Əhməd” yazısı və imza, Təqsirləndirilən şəxs adına olan xx.xx.2021-ci il tarixli izahatdakı yazıları və “Taqıyev Əhməd” yazısı qarşısındakı imza, 02 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinin (kontraktı) 1-2-ci vərəqələrindəki “X2” və “X2” yazıları və imzalar, 3-6-cı vərəqələrindəki imzalar və 7-ci vərəqdə “Təqsirləndirilən şəxs İmzası: ” qrafasındakı imza, 02 sentyabr 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında fərdi müqavilənin 1-ci vərəqindəki imza və 2-ci vərəqində “İşçi” qrafasındakı imza, 29 noyabr 2020-ci il tarixli, 2911/20№- li əmrin yekununda “Əmrlə tanış edildi” qrafası qarşısındakı imza, xx.xx.2021ci il tarixli, DA 000496 saylı təhvil-təslim aktında “Təhvil aldı / anbardar” qrafasında əks olunmuş “Əhməd” yazısı və imza, xx.xx.2021-ci il tarixli ATOO-000241 №-li təhviltəslim aktında “Təhvil aldı / anbardar” qrafasındakı “Taqıyev Əhməd” yazısı və imza, xx.xx.2021ci il tarixli XA 001832 №-li təhvil-təslim aktının kserosurətində “Təhvil aldı/anbardar ” qrafasında əks olunmuş “Əhməd” yazısı və imza, xx.xx.2021-ci il tarixli ATOO-003099 №-li təhvil-təslim aktında “Təhvil aldı/anbardar” qrafasındakı “Taqıyev Əhməd” yazısı və imza, xx.xx.2020-ci il tarixli ATOO-005808 №-li təhvil-təslim aktının kserosurətində “Təhvil aldı/Satış nöqtəsi: ” qrafasında əks olunmuş imza, xx.xx.2021- ci il tarixli AT01-000626 №li təhvil-təslim aktında “Təhvil verdi” qrafasında “Taqıyev” yazısı və imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 16.955,71 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 02 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən və eyni tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən satıcıanbardar vəzifəsinə qəbul edilmiş və müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericilikdə müəyyən edilmiş qaydada maddimənəvi məsuliyyət daşımışdır. İş materiallarında olan 02 sentyabr 2020-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilədən görünür ki, Zərərçəkmiş şəxs QSC ilə Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və Təqsirləndirilən şəxs QSC-yə məxsus malların və malların satışından əldə olunmuş vəsaitin qorunub saxlanılması kimi səlahiyyətlərə malik tam maddi-məsul şəxs olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs QSC-nin 29 noyabr 2020-ci il tarixli, 2911/20 №-li əmrdən görünür ki, Təqsirləndirilən şəxs SN: VS43204P61702, **********63438 İMEİ kodlu olan W5920 Nq-İİ kassa aparatı və SN: AP001721, ********** N°-li ödəniş terminalı təhkim edilmiş və Təqsirləndirilən şəxs əmrlə tanış edilmişdir. İş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli ATOO005808 №-li, 14 yanvar 2021-ci il tarixli ATOO-000241 №-li, 14 yanvar 2021-ci il tarixli ATOO-000242 №-li, 07 aprel 2021-ci il tarixli ATOO-003099 №-lii təhvil-təslim aktlarından görünür ki, Təqsirləndirilən şəxs öhdəsinə 58000 kq gübrə məhsulu qəbul etmişdir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli 5853/1 №-li anbar qalıqlarının sayımının nəticələri haqqında aktdan görünür ki, satış sənədlərinə əsasən qeyd olunan tarixə Təqsirləndirilən şəxs öhdəsində olmalı olan gübrələrin faktiki vəziyyəti yerində yoxlanılmış. Təqsirləndirilən şəxs öhdəsində 22031,12 kq məhsul olmalı olsa da, faktiki olaraq öhdəsində 1700 kq məhsul olması, 20331,12 kq məhsulun yerində olmaması müəyyən edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs satış hesabatından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 21869,86 manat dəyərində QSC-yə məxsus məhsul satılmışdır. İş materiallarında olan "xxxx" ASC-dən alınmış AZ35PAHA40060AZNHC********** İBAN nömrəli bank hesabından və “TapAqro” çıxarışından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Cəmiyyətin hesabına 1586 manat vəsait mədaxil edilmiş, subsidiya kartlarından həmin hesaba 18121,46 manat köçürülmüş, “TapAqro” əsasında isə 2087,56 manat olmaqla ümumilikdə 21796,02 manat mədaxil edilmişdir. İş materiallarında olan 04 iyul 2022-ci il tarixli auditor hesabatından görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 04 sentyabr 2020-ci il tarixli, AT/214 saylı icazə ilə fəaliyyət göstərən "xxxx" MMC-nin direktor-auditoru Şahid1 Asəf oğlu ilə Zərərçəkmiş şəxs QSC arasında bağlanmış 04 iyun 2021-ci il tarixli 000004 saylı müqaviləyə əsasasən QSC-nin satıcı-anbardarı Təqsirləndirilən şəxs işlədiyi dövrün auditi aparılmış və Təqsirləndirilən şəxs öhdəsində 16955,71 manat çatışmazlıq olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz ifadəsi ilə yanaşı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlı ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 17 noyabr 2022-ci il tarixli, PHŞ/6.56-2-2022-952 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixədək Quba RMX-nın terapiya şöbəsində (124.9) “ürəyin dəqiqləşdirilməmiş kəskin işemik” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Rustov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli, 1148 Nq-İİ arayış və arayışa əlavə edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-ə vurmuş olduğu ziyanın 3500 manat hissəsii ödəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu ziyanın bir hissəsini ödəməsini cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarında cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanunun müvafiq maddələrinin sanksiyasında müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda məhkəmə onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın mötivlərini göstərməlidirlər. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seşilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Quba rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X4 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ASC məhkəmə mülki iddia ilə müraciət edərək, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin nəticəsində vurulmuş ziyanın ödənilməmiş qalan 13 455, 71 hissəsini, 500 manat sərbəst auditor xidmətlərinin xərclərinin və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 14090,71 manat məbləğində pulun təqsirləndirilən şəxs və mülki iddi üzrə cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə Zərərçəkmiş şəxs ASCnin həmin mülki iddiası əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun həll edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149.2.3-cü maddəsinə əsasən iddiaçının öz tələbini əsaslandırdığı hallar, həmin Məcəllənin 149.2.5 və 150.0.5-ci maddələrinə əsasən isə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən 183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz mülki cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran mülki cavabdehin təqsirli olması öz təsdiqni tapmışdır. Beləkiklə Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-nin təqsirləndirilən şəxsə qarşı irəli sürdüyü mülki iddia ilə bağlı məhkəmə, iş materiallarını, təqdim olunmuş sübutları araşdırıb, sadalanan maddi hüquq normalarını hazırkı işə tətbiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin nəticəsində 13455,71 manat məbləğində mülki iddia, 500 manat məbləğində sərbəst auditor xidmətləri xərcləri və 135 manat məbləğində dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ASC-yə verilməlidir. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini əsaslı hesab edir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 13455,71 manat məbləğində mülki iddia, 500 manat məbləğində sərbəst auditor xidmətləri xərcləri və 135 manat məbləğində dövlət rüsumu mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın və maddi sübutun nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar