Məhkəmə qərarları › İş №1(027)-39/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-39/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-39/2024 15.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X5 iştirakı ilə, 02 avqust 1990-cı il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, Adur kəndində qeydiyyatda olan və Quba rayon, Alekseyevka kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, yəni 445,59 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Quba rayonu, Alekseyevka kəndi ərazisində yaşadığı evin qarşısında saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan ‘Winston” markalı siqaret qutusunu içərisində olan ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,59 qram və yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətdə olan ot tayasının altında bir ədəd sellofanda ümumi təmiz çəkisi 445 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, valideynləri, həyat yoldaşı və bir azyaşlı övladı ilə birlikdə Quba rayonu Alekseyevka kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Narkotik vasitəni ağrılarını kəsmək və əsəblərini sakitləşdirmək məqsədi ilə istifadə edir. 2023-cü ilin aprel ayında yaşadığı kəndə olan su kanalının kənarında 02 ədəd çətənə bitkisinin toxumlarını əkmişdir. Elə həmin ilin sentyabr ayında həmin kolları yığaraq qurutmaq və şəxsi istifadəsi üçün yaşadığı evə gətirmişdir. Ailə üzvlərinin isə olanlardan xəbəri olmayıb. Kolları doğrayaraq qurutmuş və az şəkildə istifadə etməyə başlamışdır. Qurumuş digər narkotik maddəni isə həyətində olan ot tayasının altında gizlətmişdir. 07 noyabr 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Quba rayon, Alekseyevka kəndindəki evinin giriş qapısında olan zaman Quba rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin üzərində gəzdirməsində şübhəli olduğu bildirilmişdir. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. O, etiraz etməmişdir. Üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan “Winston” markalı siqaret qutusunu və içərisində olan ağ rəngli kağıza bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuananı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm elektron tərəzidə ölçülərək kağız zərfə qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. O və vəkili narkotik vasitə qurudulmuş marixuana olan qablaşdırılmış zərfin üzərini imzalamışdır. Bu barədə müvafiq sənədləşdirmə olunmuş, tərtib edilmiş protokol tərəfindən imzalanmışdır. Bundan əlavə üzərindən 01 ədəd “Tecno” markalı mobil telefon, gümüş qol sep, sadə üzük və 10 manat pul aşkar edilmişdir. Üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına həyətində narkotik vasitə saxladığını da etiraf etmişdir. Bundan sonra onun razılığı əsasında həyətinə baxış keçirilmişdir. Baxış zamanı o, həyətdə olan ot tayasının altında gizlətdiyi 01 ədəd sellofan torbada saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuananı da polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi torbada olan kütlə elektron tərəzidə çəkildiksdən sonra, müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra, baxışın keçirilməsi barədə müvafiq sənədləşdirmə olmuş, tərtib edilmiş protokol tərəfindən imzalanmışdır. Bundan başqa üzərindən və həyətindən qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirib, himayəsində azyaşlı övladı olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Quba rayon, Adur kəndində qeydiyyatda olmaqla Quba rayon, Alekseyevka kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını raportla rəhbərliyə məruzə etmişdir. Məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 və şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Quba rayonu, Alekseyevka kəndi ərazisində olmasını müəyyən edərək 07 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində sonuncunu yaşadığı evin qarşısında saxlamışlar. Həmin vaxt onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi onlar Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışdırlar ki, əgər üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, üzərindən kənarlaşdıra bilməsin. X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, vəkilin və onların iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı və yaşayış sahəsinə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın və baxış aparılmasına etiraz etməmiş, şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etdikdə, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sağ yan cibində olan “Winston” markalı siqaret qutusunu içərisində olan ağ rəngli kağız bükümü təqdim etmişdir. Həmin bükümün içini açıb baxdıqda içərisində narkotik vasitə olan qurudulumuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırıldırılmışdır. Bundan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirməyə başlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq həyətində olan ot tayasının altında saxladığı 01 ədəd sarı rəngli sellofanda içərisində narkotik vasitəyə bənzər kütləni çıxararaq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan torbadakı kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. O da daxil olmaqla bütün iştirakçılar maddi sübut kimi götürülmüş qablaşdırmanın üzərinə imzalayaraq qablaşdırmanın tamlığını təsdiq etmişdir. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən və həyətindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib edilmiş. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəməbioloji ekspertizasının 08 noyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1549 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi-0,59 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəməbioloji ekspertizasının 08 noyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1550 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs həyətindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sarı rəngli sellofan bağlamadakı təmiz çəkisi-445 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 21 dekabr 2023-cü il tarixli, 8384 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannaninodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və həyətinə baxış keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan ‘Winston” markalı siqaret qutusunun içərisində olan ağ rəngli kağız bükümümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə , yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətdə olan ot tayasının altından bir ədəd sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri öz ifadəsi ilə yanaşı şahidlərin ifadələri, iş üzrə təyin edilib məhkəmə-bioloji və məhkəmə narkoloji ekspertizalarının müvafiq rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Quba Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Alekseyevka kəndində qeydiyyatsız olmaqla yaşayır. Həyat yoldaşı - 2003-cü il təvəllüdlü X9, oğlu - 2021-ci il təvəllüdlü X6 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X13 adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və narkotikin miqdarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi üçün onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 156 (bir yüz əlli altı) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 iş saatı üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 445,47 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət tutulma müddətinin bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 156 (bir yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 445,47 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar