Məhkəmə qərarları › İş №1(027)-39/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-39/2025

26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-39/2025 26.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kiçikbəyov və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxxx 1990-cı il tarixdə Quba rayonu, Xınalıq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla Quba rayonu, Xınalıq kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə saat 20 radələrində Quba rayonu, Xınalıq kəndi ərazisində yaşadığları evdə aralarında ailədaxili münasibətlər zəmnində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs baş nahiyyəsinə yumruqla vurmaqla, baş beyin sirkələnməsi ilə müşayiət olunan sağ gözün üst göz qapağında qançır, sağ qaşın iç səthində və burunun üstündə sıyrıq, sol qulaq seyvanında qançır sol qulağın arxasında qançır-hematoma. sol çiyində qançır, sağ dizdə sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta yəni 06 yanvar 2025-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gözün üst göz qapağında qançır, sağ qaşın iç səthində və burunun üstündə sıyrıq, sol qulaq seyvanında qançır və sol qulağın arxasında qançır-hematoma, sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmənin əvvəlki iclaslarında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci il tarixdə el adəti ailə qurmuş, həmin vaxtdan ailədaxili problemlər səbəbindən Rəşidə ilə davamlı olaraq mübahisələri olmuşdur. xx.xx.2025-ci il tarixdə də Rəşidə anası ilə danışan zaman sonuncu onun ailə münasibətlərinə qarışdığı üçün o, qəzəblənərək bir dəfə Rəşidəyə sillə vurmuşdur. Başqa xəsarətlər yetirməmişdir. Əməlindən peşmandır. Verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Rəşidə yaşadıqları kənddə bulaqdan su gətirən zaman yıxılıb xəsarətlər almışdır, bədənində olan digər xəsarətlər məhz yıxılma nəticəsində yaranmışdır. Uşağın tələf olması ilə bağlı isə bildirdi ki, xx.xx.2024-cü il tarixdə Rəşidə muayinələrdən keçən zaman qanında mikrob olması müəyyən edilmişd, bu da uşağın tələf olmasına səbəb olmuşdur. Rəşidə ilə mübahisələri olsa da, sonuncunu döyməmişdir. Rəşidə ilə aralarında mübahisə hər dəfə sonuncunun valideynlərinə görə olmuşdur. Belə ki, Rəşidənin valideynləri onun yaşadığı Xınalıq kəndindən çıxıb Quba şəhərində yasamaqlarını istəmiş və bu yolda ona təzyiqlər etmişlər. O isə bu hərəkəti ailəsinə müdaxilə kimi qiymətləndirmiş və əsəbləşərək iradını Rəşidəyə bildirmişdir. Rəşidə ilə münasibəti ona görə pisləşmişdir. Əlavə suallarla bağlı bildirdi ki, Rəşidə ilə rəsmi nikah bağlamaq istəmiş, hətta bunun üçün müvafiq orqana müraciətlər etmişdir, lakin ailədaxili münaqişələr səbəbindən rəsmi nikaha daxil olmamışlar. Məhkəmədə iştirak edən zaman zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Quba rayonu Xınalıq kənd sakini Təqsirləndirilən şəxs ilə 2022-ci il tarixdə el adəti ilə ailə qurmuş və birlikdə Xınalıq kəndində yaşamışlar. İlk vaxtlardan münasibətləri normal olmamışdır. Dəfələrlə aralarında mübahisə və münaqişələr baş vermişdir. Şiddətə dözməyərək, atasının yaşadığı ünvana getmişdir. Atasıgil həmin vaxt Şirvanda təsərrüfatla məşğul olmuşdur. O da atasıgilin yanına Şirvan rayona getmişdir. Orada olan zaman döyülməsi barədə Hacıqabul polis şöbəsinə şikayət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hədələrindən qorxaraq avqust ayında Əfqanın yanına qayıtmışdır. Elə həmin vaxt Əfqandan hamilə qalmışdır. Əfqan hamilə olmasını bilə-bilə onu dəfələrlə döymüş, hətta döyülmə nəticəsində bətnində olan uşağın ürəyində qüsur əmələ gəlmişdir. Bu vəziyyətlə bağlı çoxsaylı həkimlərə getmişdir. Uşaq dünyaya ürəkdə qüsurla doğulmuş və əməliyyat olunmasına baxmayaraq ölmüşdür. 2024cü ilin dekabr ayında yenidən hamilə qalmışdır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində anası ilə telefonda danışan zaman anasına baş ağrısından şikayət etdiyi üçün anası xəstəxanaya getməyi təklif etmişdir. Bu Əfqanın qəzəbinə səbəb olmuş, Əfqan onun valideynlərinin ailəsinə qarışmasını bəhanə edərək mübahisə yaratmış, əvvəl evdə olan qab-qacağı sındırmış, sonra ona qarşı isgəncəli hərəkətlər edərək döyüb evdən qovmuşdur. Lakin gecə saatları olduğu üçün o, heç yerə getməmiş, xx.xx.2025-ci il tarixdə atasına zəng edib olanlar barədə şikayət etmişdir. Əfqan onu davamlı döydüyü üçün onda qanaxma olmuş, xx.xx.2025-ci il tarixdə xəstəxanaya getmiş, orada uşağın tələf olmasını öyrənmişdir. Bundan sonra döyülmə ilə bağlı polisə şikayət etmişdir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirdi ki, ibtidai araşdırma zamanı xx.xx.2025-ci il tarixdə olanları təhqiqatçıya danışmış, təhqiqatçı onun sözləri ilə izahatını kompüterdə yazmış, o da oxuyub imzalamışdır. Ailə münasibətləri 2022-ci il tarixdə başlamış, ilk uşaq döyülmə nəticəsində ürəkdə qüsurla doğulmuş, əməliyyat olmasına baxmayaraq ölmüşdür. İkinci dəfə hamilə olan zaman xx.xx.2025-ci il tarixdə yenə Əfqan tərəfindən döyülmüş, səhərsi gün qaytarmağa başlamış və qanaxma ilə xəstəxanaya yerləşdirilmişdir. Əfqanın bildirdikləri doğru deyil, xx.xx.2025-ci il tarixdə o, heç bir yerdə yıxılmamışdır. Əfqan onu əli və ayağı ilə döyərək xəsarətlər yetirmiş, Əfqan tərəfindən döyülməsi nəticəsində bətnindəki uşaq tələf olmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 09 yanvar 2025-ci il tarixli 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - baş beyin sirkələnməsi ilə müşayiət olunan sağ gözün üst göz qapağında qançır, sağ qaşın iç səthində və burunun üstündə sıyrıq, sol qulaq seyvanında qançır sol qulağın arxasında qançır-hematoma, sol çiyində qançır, sağ dizdə sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta yəni 06 yanvar 2025-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gözün üst göz qapağında qançır, sağ qaşın iç səthində və burunun üstündə sıyrıq, sol qulaq seyvanında qançır və sol qulağın arxasında qançır-hematoma, sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya, sol çiyində qançır, sağ dizdə sıyrıq istər hər biri ayrıayrılıqa, istərsə də birlikdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 26 dekabr 2025-ci il tarixli, 5989 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan sağ üst göz qapağının qançırı, sağ qaşın və burunun sıyrığı, sol qulaq seyvanının qançırı və sol qulağın arxasının qançır-hematoması, sol çiyinin qançırı, sağ dizin sıyrığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk kürt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Təxminən 15 həftəlik hamiləlik dövründə uşaqlıq kiçik çanaqda, qismən isə qarm boşluğunda yerləşdiyi üçün, xarici mexaniki təsirlərdən etibarlı qorunduğundan və qarm, bel, sağrı nahiyələrində xəsarət aşkar edilmədiyindən hamiləliyin pozulmasını xx.xx.2025-ci il tarixdə baş vermiş travma ilə əlaqələndirmək mümkün deyildir; “Quba rayon mərkəzi xəstəxanası" X5 15 yanvar 2025-ci il tarixli 18-1-56/2-83/2025 nömrəli məktubundan görünür ki, Quba rayonu Xınalıq kəndində yaşayan Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki. əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Quba RİHB-nın Xınalıq İƏD üzrə nünmayəndəliyinin 21 yanvar 2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Xınalıq kəndində yaşayır. Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndinə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşmiş icraat üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar