Məhkəmə qərarları › İş №1(027)-4/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-4/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-4/2022 14.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili Qusar rayon vəkil bürosunun vəkili X8, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Cəlal oğlunun və Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X5, xx.xx.1959-cu il tarixdə Xaçmaz rayonunda doğulmuş, ali təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 18:20 radələrində oğlu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Quba şəhəri, Həsən Əliyev küçəsində yerləşən “İlqaroğlu” marketin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə qaynı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla zərbə vurub yerə yıxdıqdan sonra oğlu ilə birlikdə çoxsaylı yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs alt dodaqda solda selikli qişada qançır-qansızma kimi sağlamlığa zərərvurmayan, baş-beyin silkələnməsi ilə müşayiət olunan hər iki göz altında qançır hematoma və burun sümüklərinin yerini dəyişməyən sınığı ilə müşayiət olunan burun belində əzilmiş yaralardan ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 18:20 radələrində atası Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Quba şəhəri, Həsən Əliyev küçəsində yerləşən “İlqaroğlu" marketin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə dayısı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla zərbə vurub yerə yıxdıqdan sonra atası ilə birlikdə çoxsaylı yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs alt dodaqda solda selikli qişada qançır-qansızma kimi sağlamlığa zərərvurmayan, baş-beyin silkələnməsi ilə müşayiət olunan hər iki göz altında qançır hematoma və burun sümüklərinin yerini dəyişməyən sınığı ilə müşayiət olunan burun belində əzilmiş yaralardan ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyi və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinin əməllərində cinayət tərkibi vardır, onların hər birinin törətmiş olduğu cinayət əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Qaynı Rahim ilə aralarında əmlak mübahisəsi olduğu üçün uzun illərdir ki, müxtəlif instansiya məhkəmələrində mülkü işləri olmuşdur. Bu səbəbdən də onların münasibətləri olmamışdır. Qaynatasının yas mərasimində iştirak etmək üçün o, 01 may 2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhərindən Quba rayonuna gəlmişdir. Həmin gün axşam saatlarında yas mərasimində iştirak edən qohum əqrabası ilə birlikdə qaynatasının məzarını ziyarət etmək üçün qəbiristanlığa getmişlər. Qəbiristanlıqda olarkən qaynı Zərərçəkmiş şəxs ona tərəf bir neçə dəfə tüpürərək onu təhqir etsədə o, Rahimə əhəmiyyət verməmişdir. Qəbiristanlıqdan çıxdıqdan sonra, özünə məxsusus abtomobillə oğlu İlqar, qohumları Abdulrəhman və Rəşadla birlikdə Quba şəhərinə qayıdarkən qaynı Rahim yolda bir neçə dəfə idarə etdiyi abtomaşını onun idarə etdiyi avtomaşına yaxın sürərək onun ünvanına nalayiq söyüşlər söymüşdür. Rahimin bu hərəkətlərini Quba dairəsinə qədər davam etdirmişdir. Quba dairəsinə çatanda Rahim maşınını döndərib yolu kəsərək maşınından başını çıxardıb onun ünvanına nalayiq söyüşlər söysədə o, idarə etdiy avtomaşını bir qədər kənara çəkib yoluna davam etdirmişdir. Bundan sonra, Rahim onunla bir maşında olan Abdulrəhmana zəng edərək telefon vasitəsi ilə onu söyməyə davam etmişdir. Həmin vaxt o, telefonu Abdulrəhmandan alıb Rahimi sakitləşdirmək istəsə də, Rahim onu söyməkdə davam etmişdir. Rahimin bu hərəkətlərini görüb yanında olan qohumu Abrulrəhman Rahimə zəng edərək abtomobili qarşıda saxlamağı təklif etmişdir. Quba şəhəri, H.Əliyev prospekti ilə MTS adlanan küçəyə döndükdən sonra Rahim avtomobilini yolun sağ tərəfinə çəkib saxladığı üçün o, idarə etdiyi avtomaşını onun yanında saxlamışdır. Həmin vaxt Rahim özünə məxsus maşından düşərək yük yerindən cib bıçağı götürüb əlində tutmuşdur. Abdulrəhman maşından düşərək Rahimlə yaxınlaşıb onu sakitləşdirməyə çalışmışsada, Rahim Abdulrəhmana əhəmiyyət verməyərək onun ünvanına nalayiq söyüşlər söyməklə onun üstünə gələn zaman ətrafda olan şəxslər onun qarşısını kəsərək onu sakitləşdirməyə çalışsalarda Rahimin ona yaxınlaşdığını görüb əlində bıçaq olmasından narahat olaraq Rahimə yumruq atarq özünü müdafiə etməyə çalşmışdır. Atdığı yumruğun Rahimə dəyib-dəyməməsini bilməmişdir. Belə ki, həmin vaxt orada olan qohum-əqrabası onları ayırmaq istədikləri üçün aralıq qarışmışdır. Aralarına olan dava-dalaş təqribən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı o, bir dəfə Rahimi yumruqla vurmuşdur. Dava zamanı yanlarında olan oğlu İlqar, qohumları Abdulrəhman, Rəşad və digər şəxslər Rahimi vurmamışlar. Əksinə o, Rahimlə əlbəyaxa olan zaman adları göstərilən şəxslər onları ayırmışlar və davanın böyüməsinə imkan verməmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 məhkəmədən onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Sonuncu ilə aralarında əmlak mübahisəsi olduğu üçün münasibətləri yaxşı olmamışdır. Ana babası Xosrov vəfat etdiyi üçün, ailə üzvləri ilə birlikdə xx.xx.2021-ci il tarixdə yaşadıqları Bakı şəhərindən Quba rayonuna gəlmişlər. Həmin gün saat 18 radələrində onlar qohum-əqraba ilə birlikdə babasının qəbrini ziyarət etmək üçün qəbirstanlığa getmişlər. Babasının qəbrini ziyarət etdikdən sonra o, atası Sənan, xalası oğlu Rəşad, qohumları Abdulrəhmanla birlikdə atasının idarə etdiyi avtomaşınla yas mərasiminin təşkil olunduğu evə qayıdarkən, hələ qəbirstanlığın çıxışında dayısı Rahim özünə məxsus avtomobillə onların yanından keçərkən atası Sənanın ünvanına nalayiq söyüşlər söysədə, atası Sənan ona heç bir əhəmiyyət verməmişdir. Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə hərəkətdə olarkən dayısı Rahim avtomobili ilə atasının idarə etdiyi avtomobilin qarşısını kəsərək qəza şəraiti yaradaraq əlini pəncərədən çıxarıb atasının ünvanına nalayiq söyüşlər söysədə atası Sənan ona fikir verməmişdir. Köhnə avtovağzal dairəsinə çatdıqda dayısı Rahim idarə etdiyi avtomobillə onların qarşısını kəsərək atası Sənanın ünvanına yenidən nalayiq söyüşlər söymüşdür. Həmin vaxt atası Sənan avtomaşını qırağa çəkərək yoluna davam etmişdir. Bir qədər sonra, dayısı Rahim onların maşınında olan Abdulrəhmana zəng edərək yenidən atası sənanı söyüb təhqir etmişdir. Həmin vaxt atası Sənan telefonu Abdulrəhmandan alıb dayısı Rahimi sakitləşdirməyə çalışsada dayısı sakitləşməyərək öz hərəkətlərini davam etdirmişdir. Quba şəhəri, H.Əliyev prospekti ilə MTS adlanan küçəyə döndükdən sonra, dayısı Rahim avtomobilini yolun sağ tərəfinə çəkib saxlayaraq, atası Sənana avtomaşını saxla işarəsi verdiyi üçün atası sənan idarə etdiyi avtomaşını dayısı Rahimin idarə etdiyi avtomobilin qarşısında saxlamışlar. Həmin vaxt dayısı Rahim avtomobilinin yük yerindən bıçaq götürüb, bıçağın halqasını kəmərinə keçirmişdir. Bu vaxt qohumları Abdulrəhman maşından düşərək dayısı Rahimə yaxınlaşıb onu sakitləşdirməyə çalışmışdır. Rahim Abdulrəhmana əhəmiyyət verməyərək atası Sənanı söyməyə davam etmişdir. Atası avtomobildən aşağı düşərkən dayısı Rahim əlində olan bıçaqla onun üzərinə gəlmiş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt atası Sənan ayağı ilə dayısı Rahimi itələyib yerə yıxmışdır. Rahim yerə yıxıldıqdan sonra, atası Rahimin üz nahiyəsinə yumruq və təpiklə bir neçə dəfə zərbə vurmuşdur. Bundan sonra o, xalası oğlu Rəşad, qohumları Abdulrəhman və Ağali onları biri birindən ayırmışlar. Həmin vaxt o, xalası oğlu Rəşad, qohumları Abdulrəhman və Ağali dayısı Rahimi vurmamışlar, əksinə onlar atası və dayısını ayırmağa çalışmışlar. Dayısı ilə atasının arasında yaranmış dava dalaş təqribən 5 dəqiqə davam etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun bacısı Sevdanın həyat yoldaşıdır. Aralarında uzun illərdir ki, əmlak mübahisəsi vardır. Bu səbdən də onların münasibətləri yaxşı olmamışdır. xx.xx.2021-ci il tarixdə atası Xosrov vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində o atası Xosrovun qəbrini ziyarət etdikdən sonra qəbiristanlıqdan çıxıb özünə məxsus avtomobillə evə gedərkən Sənan özünə məxsus avtomobillə onun idarə etdiyi avtomobilin qarşısından sürətlə keçmiş və bundan sonra istifadə etdiyi mobil telefonuna zəng edən bacısının oğlu Təqsirləndirilən şəxs2 onu nalayiq söyüşlərlə söymüşdür. O, Sənanın idarə etdiyi avtomobildə kimlərin olasını görmək üçün idarə etdiyi avtomaşınla Ə.Nərimanov küçəsində Sənana məxsus avtomobili ötüb keçmiş, lakin avtomobilində kimlərin olmasını görə bilməmişdir. O, H.Əliyev prospektində köhnə avtovağzal dairəsinin yaxınlığında avtomobili yolun kənarına çəkib saxlayaraq yeznəsi Sənana əli ilə saxla işarəsi etsədə Sənan maşını saxlamamışdır. Həmin vaxt o, Sənanın avtomobildə bibisi oğlu Abdulrəhmamn oturduğunu görüb ona zəng vuraraq Sənanın və oğlu İlqarın nə üçün onu söymələrini soruşmuşdur. Həmin vaxt Abdulrəhman ona avtomobili qarşı tərəfdə saxlamağını və Sənanın ona sözü olduğunu bildirmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə H.Əliyev prospektindən MTS adlanan küçəyə dönüb “İlqaroğlu” marketi keçdikdən sonra avtomobili yolun kənarına verib saxlayaraq avtomobilindən aşağı düşmüşdür. Bir neçə dəqiqə sonra Sənan idarə etdiyi avtomobil ilə onun olduğu yerə gəlmiş və avtomobili onun avtomobilinin qarşısında saxlamışdır. Həmin vaxt Abdulrəhman avtomobildən düşüb ona yaxınlaşmışdır. O avtomobilin qarşısında Abdulrəhman ilə söhbət edərkən, digər bacısı Məleykənin oğlu Şahid2 da onlar olan yerə yaxınlaşmış və onunla birgə maşından 3 nəfər tanımadığı şəxslər düşmüşdür. Ağalinin gəldiyini görən Sənan öz avtomobilindən aşağı düşərək ona yaxınlşamış və onun ünvanına nalayiq söyüşlər söyərək onunla səbəbsiz mübahisə etməyə başlamışdır. X6 və Ağalinin qardaşı Rəşad da mübahisəyə qoşulmuşdur. Bu zaman Sənan əlindəki daşla onun sifət nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra o Sənanla əlbəyaxa olmuş və Abdulrəhman onları ayırmaq istəyərkən arxa tərəfində dayanan Sənanın oğlu İlqar ona ikinci zərbəni üz nahiyəsindən vurmuşdur, digər bacısı oğlanları Rəşad və Ağali onun üzərinə gələrək onu yolun sol tərəfində yerə yıxmışlar. O yerə yıxıldıqdan sonra Sənan, oğlu İlqar, Ağali və Rəşad onun sifət və bədəninin müxtəlif yerlərinə təpik və yumruqla vurmuşlar. Daha sonra Abdulrəhman Sənanı oradan kənarlaşdırsa da, bacısı oğlanları İlqar, Rəşad və Ağali onu yerdə təpiklə və yumruqla vurmağa davam etmişlər. Bundan sonra oraya toplaşan tanımadığı kənar şəxslərin köməyi ilə ayağa qalxmış və Abdulrahman onu avtomobilinin yanına gətirmişdir. O avtomobildən parça götürərək üzünün qanını silərkən Ağali ilə Rəşad yenidən onun üzərinə gedərək yumruqla üz nahiyyəsinə bir neçə dəfə onun vurmuşlar Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verib Quba rayon polis şöbəsinə getmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Bakı şəhərində yaşayan xalası Sevda ilə dayısı Rahimin arasında əmlak mübahisəsi vardır. xx.xx.2021-ci il tarixdə babası Xosrov vəfat etdiyi üçün, xx.xx.2021-ci il tarixdə saat təxminən 18 radələrində babası Xosrovun üç mərasimində iştirak etmək üçün qəbiristanlığa gəlib babasının qəbrini ziyarət etdikdən sonra, qəbiristanlıqdan çölə çıxıb xalasının əri Sənan, Sənanın oğlu İlqar və anasının bibisi oğlu Abdulrəhman ilə birlikdə Sənana məxsus avtomobilə minib şəhərə qayıtmaq istəyərkən, dayısı Rahim özünə məxsus avtomobillə onların yanından gəlib keçərkən Sənanın ünvanına nalayiq söyüşlər söymüşdür. Sənan ona əhəmiyyət verməmiş və bundan sonra onlar birlikdə avtomobilə oturub yollarına davam etmişlər. Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə hərəkətdə olarkən dayısı Rahim idarə etdiyi avtomobillə Sənanın idarə etdiyi avtomobilin qarşısını kəsərək, qəza şəraiti yaradaraq əlini pəncərədən çıxararaq onun ünvanına nalayiq söyüşlər söymüşlər. Sənan yenidən Rahimə fikir verməyib öz yoluna davam etmişdir. Bundan sonra, dayısı Rahim köhnə avtovağzal dairəsinin yaxınlığında yenidən onların yollarını kəsərək Sənanın ünvanına nalayiq söyüşlər söymüş, bundan sonra Sənan yenidən Rahimə əhəmiyyət verməyib Rahimə məxsus avtomobilin yanından sürüb getmişdir. Sənan yolda olarkən Rahim avtomobili ilə onların avtomobillərini ötüb keçmiş və bir qədər sonra avtomobildə oturan Abdulrəhmana zəng edərək söyüş söymüşdür. Onlar H.Əliyev prospekti ilə MTS adlanan küçəyə döndükdən sonra, Rahim avtomobilini yolun sağ tərəfində çəkib saxlamışdır. Sənan Rahimin avtomobilinin yanına çatanda Rahim saxla işarəsi vermiş və onlar avtomobili Rahimin idarə etdiyi avtomobilin qarşısında saxlamışlar. Həmin vaxt Abdulrəhman maşından düşərək Rahimlə söhbət edib onu sakitləşdirməyə çalışmışdır. O, isə maşından düşərək kənarda siqaret çəkmişdir. Rahim Abdulrəhmana əhəmiyyət verməyərək Sənanı söyməyə davam etmiş, buna görə də Sənan avtomobildən aşağı düşmüşdür. Həmin vaxt dayısı Rahimin əlində balaca cib bıçağı olmuş, lakin mübahisə zamanı Sənanın üzərinə bıçaq çıxarmasını görməmişdir. Bundan sonra Sənan Rahimlə əlbəyaxa olmuş və Sənan ayağı ilə Rahimin ayağına vuraraq onu yerə yıxmışdır. Yerə yıxıldıqdan sonra Rahimin üz nahiyəsinə yumruq və təpiklə bir neçə dəfə zərbə vurmuşdur. Bundan sonra o, İlqar, Abdulrəhman və sonradan oraya gələn Ağali Rahim və Sənanı biri-birindən ayırmışlar. Qarışıqlıq olduğu üçün həmin vaxt xalası oğlu İlaqarın dayısı Rahimi vurub vurmamasını görməmişdir. Həmin vaxt o, Ağəli və Əbdülrəhman Rahimi vurmamışlar. Mübahisə MTS adlanan küçədə baş vermiş və təxminən 5-10 dəqiqə davam etmişdir. Sənan Rahimi sonuncu söyüş söydüyü üçün döymüşdür. Həmin vaxt orada o, Ağali, Abdulrəhman, Sənan və oğlu İlqar, əmisinin qohumu Təhmasib, çoxlu sayda tanımadığı şəxslər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəcəfov X2 Rəşad Kamil oğlunun göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində Quba şəhəri “Şah Haus” kafesinin qarşısında olarkən atası Rahim idarə etdiyi avtomaşınla onun yanına gəlimişdir. O, atasının üst-başının toz-torpaq içində baş nahiyyəsinin isə qan içində olduğunu görüb nə baş verməsini soruşmuşdur. Atası ona Quba şəhəri MTS adlanan küçədə aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs1 və onun oğlu İlqar, digər bibisi oğlanları Rəşad və Ağali tərəfindən döyülməsini bildirmişdir. Bundan sonra o, hadisənin hansı səbəbdən baş verməsini öyrənmək üçün Şahid4 yaşadığı ünvanına getmişdir. Rəşadın yaşadığı evin qarşısına gedib evin qarşısında Rəşadın, Ağaəlinin, İlqarın, Sənanın və tanımadığı bir neçə nəfər şəxsin durduğunu görüb onlara yaxınlaşıb onlardan nə üçün atası Rahimi döymələrini soruşmuşdur. Sənan ona atası Rahimin onun ünvanına söyüş söyərək üzərinə bıçaq çıxardığını üçün aralarında mübahisə yarandığını və mübahisə zamanı atasını döydüyünü bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamaı elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun dayısı Kamilin qaynıdır. Rahimlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində o, Rahimin atası Xosrovun yas mərasimində iştirak etmək üçün Quba şəhəri, Ə.Nərimanov küçəsində olan qəbiristanlığa gedərək qəbri ziyarət etdikdən sonra qayınatası Nazimi evə düşürmək üçün özünə məxsus avtomobillə onun yaşadığı ünvana getmiş və Nazimi həmin ünvana düşürdükdən sonra Quba şəhəri, Heydər Əliyev prospektindəki yaşadığı ünvana gedərkən MTS adlanan yolda Rahimin yolun hərəkət hissəsində Abdulrəhmanla mübahisə etdiklərini görmüşdür. O maşınından düşərək nə baş verdiyini anlamaq üçün Rahim və Abdulrəhmana yaxınlaşan zaman, eyni anda Sənan da maşından düşmüşdür. Rahim Sənanın ünvanına nalayiq söyüşlər söydüyü üçün sonuncu Rahimə yaxınlaşmış və yumruqla sifətindən bir dəfə vurub yerə yıxmışdır. Həmin vaxt o və yanında olan Abdulrəhman, Sənanın oğlu İlqar və Rəşad Sənanı ayırmağa çalışmışdır. Rahim yerdə olan zaman Sənan bir neçə dəfə Rahimi təpiklə müxtəlif nahiyyələrindən vurmuş, o Sənanı oradan aralaşdıraraq maşınına tərəf aparmış, Abdulrəhman və Rəşad isə Rahimi yerdən qaldıraraq maşınına tərəf aparmışdırlar. Bu zaman Rahim Rəşadı söyməyə başlamış və o da buna görə Rəşada yaxınlaşaraq Rəşadı oradan uzaqlaşdırmışdır. O da öz maşınına əyləşərək yanında olan azyaşlı oğlu Kamil və bacısı oğlu Mirsahib, dayısının kürəkəni Şahid3lə birgə yaşadığı ünvana qayıtmışdır. Yaşadığı evə çatdıqdan təxminən 5 dəqiqə sonra Rahimin oğlu Xosrov yaşadığı ünvana gəlmiş və atası Rahimi nə üçün döydüklərini soruşmuş, baş vermiş hadisəni Xosrova izah etdikdən sonra Xosrov cıxıb getmişdir. Baş vermiş münaqişə Quba şəhərinin Həsən Əliyev küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerin yaxınlığında, “İlqaroğlu” marketin yanında saat 19 radələrində baş vermiş, münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Orada O, Abdulrəhman, Sənanın oğlu İlqar, Rəşad, Sənan, Rahim, maşınının yanında azyaşlı oğlu Kamil və bacısı oğlu Mirsahib, onlarla birgə dayısının kürəkəni Şahid3 və ətrafda tanımadığı başqa şəxslər olmuşdur. Münaqişə zamanı Təqsirləndirilən şəxs1 əlində daş parçası olmamış. Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsindən vurmuşdur. O, Zərərçəkmiş şəxs əlində bıçaq görməmiş, kiməsə bıçaqla xəsarət yetirməsi haqqında məlumatı olmamışdır. İlkin izahatında Təqsirləndirilən şəxs2 gənc olmasını və qohumu olmasını nəzərə alıb Təqsirləndirilən şəxs2 hadisə zamanı Zərərçəkmiş şəxs döyməsini görmədiyini bildirsədə həqiqətdə hadisə zamanı Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs yumruq və təpiklə vurduğunu görmüşdür. Məhkəmə iclasına ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki o, Şahid2 ifadəsində güstərdiyi xususatları təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinin ayrı-ayrılıqda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və aşağıda qeyd olunan digər iş materialları ilə tam təsdiq edilir. İş materiallarında olan: çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, ümumi müddəti 04 dəqiqə 08 saniyə olan videoçəkilişdən görünür ki: Quba şəhəri Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “İlqaroğlu” marketin önündə qara rəngli “VAZ 2107” markalı avtomobil, ondan irəlidə başqa bir qara rəngli avtomobil dayanmışdır, görüntüdə maşınların dövlət nömrə nişanları seçilmir. Marketdən təxminən 5-6 metr irəlidə sağda ağ rəngli “Toyota Prado” markalı avtomobil dayanmışdır. Həmin avtomobil Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs maşından düşərək maşının arxasına doğru gedir, yük yerinin qapısını açır, oradan nə isə götürür, qapını bağlayıb yola doğru üzünü çevirdiyi zaman qara rəngli sedan tipli avtomobil Zərərçəkmiş şəxs məxsus avtomobilin önündə maşını saxlayır. Maşından bir nəfər şəxs düşür və Zərərçəkmiş şəxs tərəf yaxınlaşır, həmin şəxs Şahid1dur. Ardınca onların yanına doğru Şahid4 gəlir və kənarda dayanır. Rahim və Abdulrəhman söhbət etdiyi zaman qarşı küçədən ağ rəngli “Daewo” markalı avtomobil yaxınlaşır. Maşından Şahid2 və yanında olan Şahid3 düşür, həmin anda digər maşında əyləşən Təqsirləndirilən şəxs1 də öz maşınından düşərək söhbət edən Rahim və Abdulrəhmana yaxınlaşır. Görüntüdəki şəxslər Zərərçəkmiş şəxs məxsus ağ rəngli “Toyota Prado” markalı avtomobilin önündə mübahisə edirlər. Bir anda mübahisə tərəfləri dava etməyə başlayırlar, avtomobilin önündən yola doğru bir neçə şəxsin mübahisə edərək yolun qarşı tərəfində dayamırlar, bir nəfər şəxs yerdə uzanmış vəziyyətdə görünür, həmin şəxsin bir neçə şəxs tərəfindən döyüldüyü görünsə də, həmin şəxslərin üzü görüntüdə əks olunmur. Sonra yerdə olan şəxs ayağa qalxaraq öz maşınına doğru gedir, təxminən 1 dəqiqə sonra ona doğru iki nəfər şəxs yaxınlaşır, orada nə baş verdiyi tam görünmür. Mübahisə sona çatır, oradakı şəxslər maşına əyləşərək mübahisə yerini tərk edirlər (DVD disk); İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 346 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində baş-beyin silkələnməsi ilə müşayiət olunan hər iki gözün altında qançır-hematoma, burun sümuklərinin yerini dəyişməyən sınığı ilə müşayiət olunan burnunun üstündə əzilmiş yaralar, alt dodaqda solda selikli qişada qançır-qansızma kimi xəsarəti vardır, bu xəsarət küt əşyanın təsirindən törənməklə əmələ gəlmişdir, xəsarətin əmələ gəlmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğundur, onun sağlamlığında qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 21); İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli T172/2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi ilə müşayiət olunan hər iki gözün altında qançır-hematoma, burun sümüklərində yerini dəyişməyən sınıq, burun belində əzilmiş yaralar, alt dodaqda solda selikli qişada qançırqansızma olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşlayaların) təsirindən törənmiş, qərarda göstərilən tarixdə, yəni xx.xx.2021-ci il tarixdə yarana bilərdilər, dərəcəsinə görə istər burun sümüyünün yerinidəyişməyən sınığı ilə müşayiət olunan burun belində əzilmiş yaralar, istərsə də baş-beyin silkələnməsi ilə müşayiət olunan hər iki gözün altında qançır-hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, alt dodaqda solda selikli qişada qançır-qansızma sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (iş vər.: 104-106); İş üzrə təyin edilib keşirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 352 saylı rəyindən görünür ki. Təqsirləndirilən şəxs1 bədəni üzərində sağ əlin arxa səthində sıyrıq kimi xəsarəti vardır, bu xəsarət küt əşyanın təsirindən törənməklə əmələ gəlmişdir, xəsarətin əmələ gəlmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğundur, onun sağlamlığına zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir (iş vər.: 22); Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-portret ekspertizası) xx.xx.2022-ci il tarixli 3/386 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxslərin xarici görünüşünün anatomik elementləri - sifət cizgiləri, sifətin ümumi konfiqurasiyası, alnı, qaşları, gözləri, göz qapaqları, dodaqları, ağzı, burun-dodaq süzgəci, burnu, burun kürəkləri, burun sonluğu, burun əsası, burunüstü hissə, qulaq seyvanı, çənəsi, yanaqları tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid2 Rəşad oğlu, Şahid4, Şahid1 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq cinayəti törətməmələri ilə bağlı ifadələrinə dair aşağıdakıları qeyd edir. İlk növbədə vurğulamaq lazımdır ki, həmin mübahisənin təşəbbüskarı Təqsirləndirilən şəxs1 olmuş, o, ictimai yerdə zərərçəkmiş şəxsə zor tətbiq etmiş, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol vermişdir. Bununla da, o, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarına zidd olan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərlə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Digər Təqsirləndirilən şəxs2 həmçinin mübahisəyə qoşularaq, eyniylə xuliqanlıq cinayətini səciyələndirən hərəkətlər etmiş və zərərçəkmiş şəxsə zor tətbiq edərək, ona bədən xəsarəti yetirmişdir. Bu zaman küçədən keçən avtomobillərin saxlayaraq, mübahisəni müşahidə etdikləri də aydın görünür. Həmin hallar məhkəmədə tədqiq edilmiş hadisənin videogörüntüsü ilə tam təsdiqini tapır. Təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməməsi, özlərini müdafiə etmək məqsədilə bu səpkidə ifadə verdiklərini nəzərə alır və təqsirləndirilən şəxslərin ifadələrini məsuliyyətdən boyun qaçırmaq üçün verdikləri kimi qiymətləndirərək, onlara tənqidi yanaşır və inandırıcı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yarandığı halları ehtiva edir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarında həmçinin qeyd olunur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır”. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməsələr də, onların bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törətmələri məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onların əməlləri Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddələri ilə düzgün tövsif edildiyindən, onların hər biri həmin maddə ilə məsuliyyət daşımalıdırlar. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ittiham elan olunmuşdur (iş vər: 134, 135); “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər: 153, 155); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər: 33); Bakı şəhəri İcra Hakimiyyətinin “Layihəçi-1” Mənzil-tikinti kooperativindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri. Yasamal rayonu, T.Şahbazi küçəsi 605, mənzil 43-də ailəsi ilə birlikdə yaşayır və arvadı- X3, qızları-X7 və X4, oğlu- Təqsirləndirilən şəxs2 ibarət ailə tərkibi vardır (iş vər.: 125); Bakı şəhəri İcra Hakimiyyətinin “Layihəçi-1” Mənzil-tikinti kooperativindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vər.: 126). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini və törətdiyi cinayət əməlini qismən etiraf edib, səmimi peşiman olmasını, himayəsində birinci qrup əlil olan həyat yoldaşının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ittiham elan olunmuşdur (iş vər.: 169, 170); “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 181,183); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 34); Bakı şəhəri İcra Hakimiyyətinin “Layihəçi-1” Mənzil-tikinti kooperativindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi 605, mənzil 43-də ailəsi ilə birlikdə yaşayır və atası- Təqsirləndirilən şəxs1, anası- X3, bacıları - X7 və X1 ibarət ailə tərkibi vardır (iş vər.: 127); Bakı şəhəri İcra Hakimiyyətinin "Layihəçi-1” Mənzil-tikinti kooperativindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vər.: 128). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını və anasının birinci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə həmçinin hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, onlara tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki. iş üzrə maddi subut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər icra və probasiya idarəsinə həvalə edilsin. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar