Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-4/2025 18.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X8, Təqsirləndirilən şəxs - X5 və onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Quba rayonu, Qəçrəş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 2023-cü ilin oktyabr ayının sonlarında Quba rayonu, Qəçrəş kəndində yerləşən, Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X7 Mərkəzinin Quba meşəbəyliyinin 1 saylı meşə dolayının 1-ci kvartalının 5-ci bölməsinin ərazisində X10 aid 0,09 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq 232 m2 torpaq sahəsinin üzərində beton döşəmə töküb taxta materialdan istifadə edərək özbaşına tikinti işləri aparmaqla torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayonu, Qəçrəş kəndində arvadı və iki uşağı ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 1992-ci ildən Quba rayonu, Qəçrəş kəndi ərazisində, meşənin kənarında, ata evinin, yəni hal-hazırda əmisi Elçinin yaşadığı evin həyətyanı sahəsinə bitişik vəziyyətdə yerləşən 0,09 ha torpaq sahəsini istifadə edir. Həmin torpaq sahəsində çiy kərpic və taxta materialdan 0,03 ha sahəni əhatə etməklə inşa edilmiş iki otaqdan ibarət köhnə tikili olmuşdur. Bu tikili vəfat etmiş babası tərəfindən tikilmişdir. 1999-cu ildə ölkədə bələdiyyə orqanları yaranandan sonra istifadə etdiyi həmin torpaq sahəsinin Quba rayonu, Qəçrəş kənd bələdiyyəsinin hesabında olduğunu bilmişdir. Bu sahədən istifadə etmək barədə bələdiyyədən hər hansı rəsmi sənəd və ya icazə almamışdır. Həmin torpaq sahəsinin özünə məxsus olmasını rəsmiləşdirmək üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edə bilməmişdir. 2023-cü ilin yay ayalarında həmin torpaq sahəsindəki köhnə tikilini sökərək yüngül konstruksiyalı taxta koteclər tikmək və koteclər tikiləndən sonra onları kirayəyə vermək qərarına gəlmişdir. Tikinti işləri ilə məşğul olan podratçı, əslən Quba rayonu, Möhüc kəndindən olan Şahid1 Ələziz oğluna koteclər tikmək barədə bildirmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində Əzizağa ilə birlikdə tikinti aparılacaq yerə baxış keçirmişdir. Danışıb razılaşdıqdan sonra həmin 0,09 ha torpaq sahəsində 4 ədəd yüngül konstruksiyalı taxta koteclər tikməyi planlaşdırmışdır. Əzizağa birlikdə çalışdığı ustaları dəvət etdikdən sonra 2023-cü ilin oktyabr ayının sonlarında həmin ərazidə tikinti işlərinə başlanmışdır. Həmin vaxt o, Əzizağaya tikintinin aparılması üçün bütün sənədlərin möcud olmasını bildirmişdir. Bir neçə gün ərzində koteclərin olacağı yer mişar daşları vasitəsilə iki sıra hündürlükdə hörülərək əhatəyə alınmış, hörülmüş sahənin üzərində beton döşəmə tökülmüş və taxta materialdan istifadə edilməklə tikinti aparılmışdır. Əzizağa mütəmadi olaraq tikintiyə baş çəkərək nəzarət etmişdir. O, özü də tez-tez tikinti aparılan yerə gedərək baş çəkmişdir. 14 noyabr 2023-cü il tarixdə, yaşadığı kənddə olarkən podratçı Əzizağa ona zəng edərək bildirmişdir ki, tikintidə işləyən fəhlələr zəng edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən yoxlama aparılaraq həmin əraziyə baxış keçirməsini bildirmişlər. O, qısa vaxtda tikinti aparılan yerə getmiş və görmüşdür ki, həqiqətən də 5 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən baxış keçirilir. Onlar ona həmin ərazinin meşə fonduna aid olmasını bildirərək tikinti aparılan ərazinin ona məxsus olmasını təsdiq edən rəsmi sənəd və tikinti işlərinin aparılması ilə əlaqədar müvafiq orqanlardan rəsmi qaydada icazə olub-olmamasını soruşmuşlar. O, həmin ərazinin meşə fonduna aid olması barədə bilmədiyini, heç bir sənəd olmadığını və tikinti aparması üçün icazə almadığını, həmin yerin ata-baba mülkü olmasını bildirmişdir. Əməkdaşlar ona həmin ərazinin meşə fonduna aid olduğu üçün tikintinin saxlanmasını bildirmişlər. Bununla bağlı həmin günü ondan izahat alınan zaman sözügedən ərazinin 1992-ci ildən onun istifadəsində olmasını, orada olan köhnə tikilini yenisi ilə əvəz etdiyini, ərazinin meşə fonduna aid olmasını bilmədiyini göstərmişdir. Aparılmış yoxlamanın nəticəsi barədə növbəti gün, yəni 15 noyabr 2023-cü il tarixdə 5 saylı X7 Mərkəzinin əməkdaşlarının və onun iştirakı ilə akt tərtib edilmiş, o da aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. Onun tərəfindən qanunsuz tikinti aparılması nəticəsində meşə fonduna dəymiş 941,92 manat maddi ziyanı həmin gün, yəni 15 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin Quba filialında ödəmiş və ödəniş qəbzini 5 saylı X7 Mərkəzinə təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, faktla bağlı qanuni tədbir görülməsi üçün 5 saylı X7 Mərkəzi tərəfindən Quba Rayon Polis Şöbəsinə rəsmi müraciət edilmişdir. Tikinti işləri aparılan ərazi qeyri-rəsmi olaraq onun ata-baba mülkü sayılır, ərazinin ata-babasına və ya ona məxsus olmasını təsdiq edən rəsmi sənəd olmamış, yəni həmin torpaq sahəsinə dair rəsmi olaraq mülkiyyət, istifadə və icarəyə dair hüququ olmamış, sadəcə hal-hazırda əmisinin yaşadığı ata evin həyətyanı sahəsinə bitişik meşə ərazisi olduğundan uzun illərdir ki, həmin yer o və ailə üzvləri tərəfindən istifadə olunmuşdur. Həmin torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar hər hansı şəxs ondan pul, maddi və sair nemət istəməmiş və o, da kiməsə nəsə verməmişdir. 5 saylı X7 Mərkəzi tərəfindən yoxlama aparılmamışdan bir neçə gün əvvəl Quba rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi ona tikintinin qanunsuz aparılması barədə xəbərdarlıq edərkən, o, tezliklə rəsmi icazə alacağını bildirdimişdir. Lakin o, icazə alana kimi 5 saylı X7 Mərkəzi tərəfindən yoxlama aparılaraq tikintinin qanunsuz aparılması faktı rəsmiləşdirilmişdir. Yaşadığı kəndin bələdiyyə orqanının əməkdaşları tikintinin aparılmasını görməmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində olan cinayət işi üzrə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu, Timiryazev qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin sentyabr ayından Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X7 Mərkəzinin baş mütəxəssis - hüquqşünası işləyir. 5 saylı X7 Mərkəzi Quba, Qusar və Xaçmaz rayonlarını əhatə etməklə 11 meşəbəylikdən ibarətdir. Quba rayonu ərazisi üzrə ümumilikdə 6 meşəbəylik (Rustov, Quba, Alpan, Qonaqkənd, Vəlvələ, Çiçi) vardır. Meşəbəyliklər də ərazisindən asılı olaraq müxtəlif sayda dolaylardan, dolaylar kvartallardan, kvartallar isə bölmələrədən ibarətdir. 14 noyabr 2023-cü il tarixdə 5 saylı X7 Mərkəzinin mühafizə işləri üzrə direktor müavini Quba meşəbəyliyinin meşəbəyisi və Quba meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi tərəfindən Mərkəzin Quba meşəbəyliyinin 1 saylı meşə dolayında yoxlama aparılmışdır. Yoxlama zamanı Quba rayonu, Qəçrəş kəndində, yəni sözügedən dolayın 2-ci kvartalının 5-ci bölməsinin ərazisində həmin kəndin sakini Təqsirləndirilən şəxs tərəfindən X10 aid 0,09 ha torpaq sahəsinin zəbt edilməsi və 232 m2 torpaq sahəsi üzərində beton döşəmə qoyularaq taxta materialdan istifadə edilməklə tikinti işlərinin aparılması aşkar edilmişdir. Bununla bağlı həmin günü Təqsirləndirilən şəxs izahatı alınan zaman sözügedən ərazinin 1992-ci ildən istifadəsində olmasını, orada olan köhnə tikilini yenisi ilə əvəz etdiyini, ərazinin meşə fonduna aid olmasını bilmədiyini göstərmişdir. Aparılmış yoxlamanın nəticəsi barədə növbəti gün, yəni 15 noyabr 2023-cü il tarixdə 5 saylı X7 Mərkəzinin əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə akt tərtib edilmiş, qanunsuz tikinti aparılması nəticəsində meşə fonduna dəymiş maddi ziyanın 941,92 manat təşkil etməsi müəyyən edilmiş, həmçinin mərkəzin meşə uçotu və kadastr üzrə baş mühəndisi Oruc Bayramov tərəfindən Təqsirləndirilən şəxs zəbt etdiyi 0,09 ha sahənin planşetdən çıxarışı və GPS kordinatları tərtib edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz tikinti aparması nəticəsində meşə fonduna dəymiş 941,92 manat maddi ziyanı həmin gün, yəni 15 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin Quba filialında ödədikdən sonra ödəniş qəbzini 5 saylı X7 Mərkəzinə təqdim etmişdir. Faktla bağlı qanuni tədbir görülməsi üçün 5 saylı X7 Mərkəzi tərəfindən Quba Rayon Polis Şöbəsinə rəsmi müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Meşə gözətçiləri meşə qanunvericiliyinin pozulması hallarına aşkar etdikdə, tabeçiliyində olduğu meşəbəyiliyə şifahi və 5 saylı X7 Mərkəzinə isə yazılı formada məlumat verir. Meşəbəyi olaraq onun vəzifələrinə rəhbərlik etdiyi Quba meşəbəyliyinin ərazisində yerləşən bütün meşə dolaylarında meşə qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək, meşə fonduna daxil olan torpaq sahələrindən qanunsuz istifadə və qanunsuz ağac kəsmə hallarını aşkar etmək və qarşısını almaq, belə hallar aşkar edilərsə, qanuna müvafiq tədbirlər görülməsini təşkil etmək, meşə bileti olan şəxslərin sənədlərinin düzgünlüyünü yoxlamaq, qırma sahələrinə və bütün meşə gözətçilərinin fəaliyyətinə nəzarət etmək və s. daxildir. Mütəmadi olaraq meşə ərazilərində qanunvericiliyin pozulması hallarının aşkar edilməsi məqsədilə yoxlamalar həyata keçirilir. 14 noyabr 2023cü il tarixdə 5 saylı X7 Mərkəzinin mühafizə işləri üzrə direktor müavini, o və Quba meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi tərəfindən qeyd olunan meşəbəyliyin 1 saylı meşə dolayında yoxlama aparılmışdır. Quba meşəbəyliyinin 1 saylı meşə dolayının ərazisi həm Quba şəhərinin, həm də ki, Quba rayonu, Qəçrəş kəndinin bir hissəsini əhatə edir. Yoxlama zamanı sözügedən dolayın 1-ci kvartalının 5-ci bölməsinin ərazisində X10 aid 0,09 ha torpaq sahəsinin zəbt edilməsi, 232 m2 torpaq sahəsinin mişar daşları vasitəsilə iki sıra hündürlükdə hörülərək əhatəyə alınması və hörülmüş sahənin üzərində torpaq qatı qazılmadan beton döşəmə tökülərək taxta materialdan istifadə edilməklə tikinti işlərinin aparılması aşkar edilmişdir. Tikintidə işləyən usta və fəhlələr tikintinin Quba rayonu, Qəçrəş kənd sakini Təqsirləndirilən şəxs tərəfindən aparıldığını bildirmişlər. Onlar dərhal telefon əlaqəsi salxayaraq Ruslanı çağırmışlar. Təxminən 15 dəqiqə sonra Ruslan həmin yerə gəlmişdir. Onlar, Ruslandan tikinti aparılan ərazinin özünə məxsus olmasını təsdiq edən rəsmi sənəd olub-olmamasını və tikinti işlərinin aparılması ilə əlaqədar müvafiq orqanlardan rəsmi qaydada icazə alıb-almamasını soruşmuşlar. Ruslan həmin ərazinin meşə fonduna aid olmasını bilmədiyini, heç bir sənədi olmadığını və tikinti aparması üçün icazə almadığını bildirmişdir. Onlar həmin ərazi meşə fonduna aid olduğu üçün tikintinin saxlanmasını Ruslana tələb etmişlər. Bununla bağlı həmin günü Təqsirləndirilən şəxs izahatı alınmışdır. Aparılmış yoxlamanın nəticəsi barədə növbəti gün, yəni 15 noyabr 2023-cü il tarixdə yoxlamanı aparan əməkdaşların, yəni onun, Tərlan Rzayevin və Şahid3, həmçinin Təqsirləndirilən şəxs özünün iştirakı ilə akt tərtib edilmiş, qanunsuz tikinti işləri nəticəsində meşə fonduna dəymiş maddi ziyanın 941,92 manat təşkil etməsi müəyyən edilmiş, eləcə də mərkəzin meşə uçotu və kadastr üzrə baş mühəndisi tərəfindən Təqsirləndirilən şəxs zəbt etdiyi 0,09 ha sahənin planşetdən çıxarışı və GPS kordinatları tərtib edilmişdir. Faktla bağlı qanuni tədbir görülməsi üçün 5 saylı X7 Mərkəzi tərəfindən Quba Rayon Polis Şöbəsinə rəsmi müraciət edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Abdurahmanov X3 Hüseyn Əli oğlu ilə eyni məzmunlu ifadə verərək, Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş; xx.xx.2023-cü il tarixli, 008039 saylı aktın surətindən görünür ki, 5 saylı RMTM-nin Quba meşəbəyliyinin 1 saylı meşə dolayının 1-ci kvartalının 5-ci bölməsində meşə fonduna dəymiş ziyanın məbləği 941,92 manatdır. Planşetdən çıxarış və GPS koordinatları barədə tərtib olunmuş sxemdən görünür ki, 5 saylı RMTM-nin Quba meşəbəyliyinin 1 saylı dolayının 1 saylı kvartalının 5-ci bölməsində 0,09 ha torpaq sahəsi X5 tərəfindən zəbt olunmuşdur. xx.xx.2023-cü il tarixli, 24153 nömrəli qəbzin surətindən görünür ki, X5 tərəfindən 945 manat məbləğində pul Quba TMTM-in hesabına ödənilmişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilib keçirilmiş məhkəmə-mühəndislik və torpaqşunaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/4274 saylı rəyindən görünür ki, X5 tərəfindən X10 məxsus 0,1048 ha torpaq sahəsinin istifadə olunduğu və həmin torpaq sahəsinin daxilində tikililərin mövcud olduğu müəyyən edilmişdir. X2 xx.xx.2023-cü il tarixli izahatından görünürki, o ərazinin meşə fonduna aid olduğu barədə məlumatsız olmuşdur. Həmçinin, X2 həmin əraziyə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini apararaq Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X5 qeyd edilən cinayət əməlini törətməsi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. X5 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “Quba RİHB-nın Qəçrəş İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, nömrəli 99 nömrəli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, X2 Quba rayonunun Qəçrəş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməklə səmim peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X5 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası X2 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, X5 barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 100 (yüz) manat təqsirləndirilən şəxs X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 100 (yüz) manat təqsirləndirilən şəxs X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №1(027)-4/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-4/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver