Məhkəmə qərarları › İş №1(027)-40/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-40/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-40/2021 07.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakları ilə xx xxxxxx 1994-cü ildə Quba şəhərində anadan olmüş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx xxxxxxx 2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 8,278 qramdan artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üzərində saxlamış, xx xxxxxxx 2020-ci il saat 00:20-də Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba rayonu, Nügədi Qazmalar yaşayış məntəqəsi ərazisində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli parça gödəkçəsinin sağ yan cibindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunun içərisində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 8,278 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, təxminən bir aydır ki qurudulmuş marixuanadan istifadə etmişdir. Saxlanılmazdan təxminən bir həftə əvvəl günorta vaxtı Quba rayonu Birinci Nügədi kəndindəki evlərin birində fəhlə işlədiyi zaman evin həyətində olan zibilləri həmin kəndin ərazisində yerləşən zibilliyə atarkən yerdə bir ədəd kibrit qutusu diqqətini cəlb etmişdir. Kibrit qutusunu yerdən götürərək açıb baxdıqda içində yaşılımtıl rəngli, marixuanaya oxşar kütlənin olduğunu görmüş və kütləni qoxladıqda spesifik iy gəldiyindən həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu başa düşüb onu daha sonra istifadə etməsi üçün üzərində saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə həmin marixuananın bir hissəsini siqaretə dolduraraq çəkmiş, qalan hissəsini üzərində saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Quba şəhəri, Fətəlixan küçəsində olarkən tanışı Şahid1 ilə rastlaşmış və birlikdə çay içmək üçün Quba şəhəri ərazisində karantin olması səbəbindən şəhərindən kənara getmək qərarına gəlmiş və taksi sürücüsü kimi tanıdığı Şahid2 ilə mobil telefonla əlaqə saxlamışdır. Bir neçə dəqiqə sonra Şahid2 idarə etdiyi “VAZ- 21099” markalı avtomobillə onları olduqları yerdən götürmüş və şəhərdən çıxaraq Bakı yolu istiqamətində hərəkət etmişdir. O, avtomobilin qabaq sərnişin oturacağında Şahid1 isə arxa oturacaqda əyləşmişdir. Onlar Quba rayonu Vəlvələ kəndi ərazisinə qədər getmiş və yol kənarında çayxanaların bağlı olduğunu görüb geri qayıdan zaman, Nügədi-Qazmaları kəndi ərazisində YPX əməkdaşları Şahid2 avtomobilini saxlatmışlar. Şahid2 avtomobildən düşüb müvafiq sənədlərini YPX inspektoruna təqdim etdikdən sonra inspektor avtomobilə yaxınlaşaraq onun sənədlərini təqdim etməsini tələb etdikdə o, cibində narkotik vasitə olduğundan bir qədər həyəcanlanıb həmin yerdən qaçıb uzaqlaşmaq istəmişdir. Polis əməkdaşı onu saxlayaraq qaçmasının səbəbini soruşanda o, üzərində narkotik vasitə olduğundan qaçmağa cəhd göstərdiyini etiraf etmişdir. Bundan bir qədər sonra YPX-nin inspektorunun məlumatı əsasında Quba RPŞ-nin əməkdaşları onların olduqları yerə gəlmişlər. Polis əməkdaşları özlərini və sonuncunun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkili təqdim etdikdən sonra üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsini bildirdikdə, o, əynində olan tünd göy rəngli parça gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusu, bir ədəd “Samsung” markalı mobil telefon, həmin gödəkçənin sol yan cibindən bir ədəd pul kisəsi, bir ədəd “Kent” markalı siqaret qutusu və bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Həmin qutu polis əməkdaşları tərəfindən açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması aşkar olunmuşdur. Polis əməkdaşı tərəfindən kibrit qutusunda olan kütlənin nə olduğu soruşulduqda o, həmin kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin qutu ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və bir daha belə hərəkətə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, BDPİ-nin YPX Alayının 2-ci tağımının YPX-nin inspektoru vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə saat 23:40-da Bakı-Quba-Dağıstan yolunda digər inspektorlar Şahid5 və Şahid6la birlikdə xidmətdə olarkən həmin yolun 158-ci km-da yəni, Quba rayonu, Nügədi-Qazmalar kəndi ərazisində Quba şəhəri istiqamətində hərəkətdə olan “VAZ-21099” markalı 40- BS-799 qeydiyyat nişanlı avtomobil yoxlama aparılmasından ötrü saxlanılmışdır. Həmin avtomobilin sürcüsü sənədlərini təqdim etdikdən sonra, onun Quba şəhər sakini Şahid2 olması müəyyən edilmişdir. Bundan sonra avtomobildə qabaq oturacaqda əyləşmiş şəxsin sənədlərini yoxlamaq istədikdə həmin şəxs qaçmağa cəld göstərdiyi üçün tərəfindən saxlanılmış və onun Quba şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyənləşdirildikdən sonra qaçmaq istəməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğundan qorxduğu üçün qaçmaq istədiyini bilmişdir. Bundan sonra o, hadisə barədə Quba RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. Həmin vaxtı adlarını qeyd olunan şəxslərdən başqa avtomobildə Quba rayon sakini Şahid1 da, sərnişin qismində əyləşmişdir. xx.xx.2020-ci il tarixdə saat 00:20-də hadisə yerinə gəlmiş Quba RPŞ-nin istintaq-əməliyyat qrupunun üzvü təhiqatçı Sail Tağıyev özünü və qrupunun digər üzvlərini Təqsirləndirilən şəxs təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmiş və videoçəkilişlə sonuncuya üzərində qanunsuz saxladığı əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli parça materialdan olan gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusu, bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, həmin gödəkçənin sağ yan cibindən bir ədəd pul kisəsi, bir ədəd “Kent” markalı siqaret, bir ədəd alışqanı çıxarıb təqdim etmiş və qarşısında olan Şahid2 məxsus avtomobilin mühərrikxanasının qapağının üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara və kibrit qutusuna Sail Tağıyev tərəfindən baxış keçirilmiş və qutunun içərisində olan kütlənin nə olması barəsində soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və həmin marixuananı saxlanılmazdan təxminən bir həftə əvvəl Quba rayonu, Birinci Nügədi kəndindəki zibillik ərazidən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd kibrit qutusunda olan kütlə qutu ilə birlikdə elektron tərəzidə çəkildikdən sonra kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sonra araşdırma aparılması üçün Təqsirləndirilən şəxs Quba RPŞ-nə aparılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, təxminən iki ildir ki, etibarnamə əsasında idarə etdiyi “VAZ-21099” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. Quba şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxsləri üzdən müştəri qismində tanıyır, əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi avtomobillə Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən 2 nömrəli məktəbin qarşısında dayanarkən Təqsirləndirilən şəxs ona zəng edərək taksi lazım olduğunu və sonuncunu Quba şəhərində yerləşən “Şimal” marketin qarşısından götürməsini bildirmişdir. Bundan sonra o, həmin ünvana getmiş, Nicat və Rəcəb onun avtomobilə əyləşmişdir. Bu zaman Nicat ona harada açıq çayxana olarsa orada saxlamasını bildirmiş və çay içmək istədiyini demişdir. Bundan sonra o, avtomobilini şəhərin mərkəzi istiqamətində idarə etməyə başlamış, mərkəzində bir neçə çayxananın qarşısından keçərkən həmin çayxanaların bağlı olduğunu gördükdə, Nicat onu Quba-Bakı yolunda yerləşən çayxanalardan birinə aparmasını xahiş etmişdir. Bundan sonra o, avtomobilini Bakı istiqamətində idarə etməyə başlamışdır. Quba rayonu Vəlvələ kəndinə kimi yol kənarında olan çayxanaların bağlı olduğunu görüb geri qayıdarkən gecə saatlarında Quba rayonu, Nügədi Qazmaları kəndi ərazisində YPX əməkdaşları “saxla” işarəsi vermiş, o avtomobili saxlayaraq inspektora yaxınlaşmışdır. İnspektor ondan avtomobilə aid sənədlərini tələb edərək nəqliyyat vasitəsində olan sərnişinlərin də, sənədlərini yoxlanılmalı olduğunu bildirmişdir. O, sənədlərini avtomobildən götürərkən Təqsirləndirilən şəxs və Şahid1 özlərinə məxsus sənədləri inspektora təqdim etmələrini demişdir. O, avtomobilin sənədlərini inspektora təqdim edən zaman Təqsirləndirilən şəxs gözlənilmədən avtomobildən düşərək qaçıb uzaqlaşmaq istəmiş, polis əməkdaşlarından biri onu tutub saxlamış və Nicatdan niyə qaçmaq istədiyini soruşduqda, sonuncu üzərində narkotik vasitə olan marixuana olduğundan qaçmaq istədiyini demişdir. Polis əməkdaşları bu barədə məlumat verdikdən sonra qeyd olunan yerə Quba RPŞ-in əməkdaşları gəlmiş, həmin polislər Təqsirləndirilən şəxs özülərini və sonuncunun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkili təqdim edərək ona üzərində narkotik vasitəni qanunsuz saxlamaqda şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat təxminən birə işləmiş polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə Nicatın üzərinə şəxsi axtarış keçirilmiş və Nicata üzərində olan əşyaları avtomobilin mühərrikxanasının üzərinə qoyması bildirilmişdir. Nicat əynində olan tünd göy rəngli parça gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunu, bir ədəd “Samsung” markalı mobil telefon, həmin gödəkçənin sol yan cibindən bir ədəd pul kisəsi, bir ədəd “Kent” markalı siqaret qutusu və bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Nicatın təqdim etdiyi kibrit qutusu polis əməkdaşlarının iştirakı ilə açıldıqda içərisindən yaşılımtıl rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına həmin kibrit qutusunun içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu etiraf edərək şəxsi istifadəsi üçün üzərində saxladığını və bir həftə bundan əvvəl yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qutu ilə birlikdə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Sonra onlar araşdırma aparılması üçün Quba RPŞ-nə aparılmışlar. Təqsirləndirilən şəxs onun avtomobilinə oturarkən sonuncunun üzərində narkotik vasitə olmasından məlumatı olmamış, Nicat bu barədə əvvəlcədən ona bildirməmişdir. Bu barədə yalnız polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman məlumatı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid2 üzdən tanıyır, əvvəllər aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. O, xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən piyada Quba şəhəri, Fətəlixan küçəsinə doğru getdikdə orada Təqsirləndirilən şəxsla rastlaşmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs ona birlikdə çay içməyi təklif etmiş və onlar razılaşdıqdan sonra Nicat taksi sürücüsü kimi tanıdıqları Şahid2 zəng edərək onları Quba şəhərində yerləşən “Şimal” marketin qarşından götürməsini bildirmişdir. Onlar bir qədər sonra həmin yerə gələn Şahid2 taksi fəaliyyəti göstərdiyi “VAZ-21099” markalı **-BS-*** qeydiyyat nişanlı avtomobilinə əyləşmiş, Nicat Kamaldan onları Quba şəhərində açıq olan çayxanalardan birinə aparmasını xahiş etmişdir. Lakin onlar şəhərin mərkəzini istiqamətində getmələrinə baxmayaraq heç bir açıq çayxana olmadığından Nicat Kamala onları Bakı yolu istiqamətində aparmasını bildirmişdir. Onlar Quba rayonu, Vəlvələ kəndinə qədər getmələrinə baxmayaraq bütün kafe və restoranların bağlı olması səbəbindən geri qayıtmaq qərarına gəlmişlər. Bakı-Quba yolunun Nügədi-Qazmalar kəndi ərazisində Quba şəhəri istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları Kamala “saxla” işarəsi vermiş, Kamal avtomobili yolun kənarına çəkib saxlamış və avtomobildən düşərək inspektora yaxınlaşmışdır. YPX inspektoru Kamaldan avtomobilə aid sənədləri tələb etdikdən sonra maşında olan sərnişinlərin də, sənədlərini yoxlayacağını bildirmişdir. Bundan sonra Kamal ona və Təqsirləndirilən şəxs sənədlərini götürərək avtomobildən düşmələrini demişdir. Həmin vaxt Nicat avtomobildə qabaq sağ oturacaqda, o isə arxada əyləşmişdir. Onlar avtomobildən düşdükdən sonra Nicat qəflətən qaçaraq oradan uzaqlaşmaq istədikdə inspektor onu tutub saxlamışdır. İnspektor Nicatdan qaçmasının səbəbini soruşduqda sonuncu üzərində narkotik vasitə olduğundan qorxduğu üçün qaçmaq istədiyini bildirmişdir. Bir qədər sonra YPX-nin inspektorunun məlumatı əsasında həmin yerə gəlmiş Quba RPŞ-nin əməkdaşları özlərini və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçi üçün dəvət olunmuş vəkili sonuncuya təqdim etdikdən sonra Nicatı üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs həmin polislərə də üzərində narkotik vasitə olduğunu etiraf edərək bu səbəbdən qaçmaq istədiyini demişdir. Sonra polislər videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları təqdim etməsini bildirmiş, Nicat da, əynində olan göy rəngli parça gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu, bir ədəd “Samsung” markalı mobil telefon, həmin gödəkçənin sol yan cibindən bir ədəd pul kisəsi, bir ədəd “Kent” markalı siqaret qutusu və bir ədəd alışqanı çıxarıb qarşısında dayandığı Şahid2 avtomobilinin mühərrikxanasının qapağının üzərinə qoymuşdur. Həmin bir ədəd kibrit qutusu polis əməkdaşı tərəfindən açıldıqda içərisində yaşıl rəngli ot şəkilində kütlə aşkar olunmuşdur. Sorğu zamanı həmin bir ədəd kibrit qutusunda olan kütlənin nə olduğu soruşulduqda Nicat həmin kütlənin qurudulmuş marixuana olduğunu, təxminən bir həftə əvvəl Quba rayonu, Birinci Nügədi kəndində zibillik ərazidən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 11,5 qram olduğu müəyyən olunmuşdur. Həmin kütlə kibrit qutusu ilə birlikdə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imza edilmişdir. Sonra polis əməkdaşları bu barədə araşdırma aparılması üçün onları Quba RPŞ-yə aparmışlar. Onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından əvvəlcədən xəbəri olmamış, bu barədə Nicat ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etməsi barədə məlumatı olmamış, Nicat üzərindən aşkar olunmuş narkotik vasitədən birlikdə istifadə etməyi və ya ona satmasını təklif etməmişdir. Belə ki, o, özü heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitədən sonuncunun kimlərəsə satması barədə məlumatı yoxdur. İş materialında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci ıl tarixli, 7/768 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd kibrit qutusunda təmiz çəkisi -8,278 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (tədqiqata sərf edildi 0,05 qram qalıq 8,228 qramdır). İş materialında olan narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 Komissiyasının xx xxxxxx 2020-ci il tarixli 3434 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs çətənə bitkisi peraparatlarından periodik istifadə etməsi hallları olmuşdur. Lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, X3 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Quba rayon Mərkəzi xəstəxanasının xx xxxxxx 2020-cu il tarixli 3361 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materialında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdя “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 8, 228 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 82 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu və Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 8, 228 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 82 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar