Məhkəmə qərarları › İş №1(027)-40/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-40/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-40/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 02 avqust 2000-ci ildə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Quba şəhəri H.Əliyev prospekti 181 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs stintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 445,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə daşımaqla yaşadığı evdə saxlamış, 20 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Quba şəhəri, H.əliyev prospekti 181 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin həyətində giriş qapısının yanında sol tərəfdə yerləşən göy rəngli çadırın altında 01 ədəd sellofan bağlamada 445,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Quba şəhəri Meydan adlanan ərazidə əyləncə mərkəzində tanışı Taleh Atakişiyevlə birlikdə narkotik vasitə qəbul etmək istəyən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmələrində şübhəli olduğuqlarını bildirmişlər. Bundan sonra, polis əməkdaşları dəvət edilmiş vəkilin iştirakı ilə əvvəlcəTalehin üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. Polis əməkdaşları tərəfindən Talehə üzərində olan əşyaları təqdim etmək təklif edildikdə o, şalvarının cibindən iki büküm narkotik vasitəni, narkotik vasitə qəbul etmək üçün hazırladığı trubkanı, Leobank kredit kartını, iki ədəd folqanı çıxarıb onlara etmişdir. Bunlardan başqa Talehin üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və qablaşdırıldıqdan sonra Taleh də zərfin üzərinə imza etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış lakin üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına yaşadığı evin həyətində narkotik vasitə saxladığını etiraf etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətinə gedərək giriş qapısının sol tərəfində yerləşən göy rəngli çadırın altında gizlətdiyi sellofan torbada olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. O, həmin marixuananı Vladimirovka kəndində qəbiristanlığın yanından tapıb özü istifadə etmək üçün yaşadığı evə gətirib həyətlərində yığılan odunların üstünə çəkilmiş göy rəngli çadığın altında gizlətmişdir. Həyətlərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra yaşadığı evə baxış keçirilmiş, lakin evdən təqdim etdiyi marixuanadan başqa dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və cavan olmasını bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə Quba şəhər sakini X1 və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə Quba rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə ondan, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Fərid Rəcəbovdan, NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və KTQ-nın baş inspektor kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində X1 və Təqsirləndirilən şəxs Quba şəhəri Meydan adlanan ərazidə saxlanılmışlar. Müdafiəçinin iştirakı ilə əvvəlcə Taleh Atakişiyevin üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Taleh Atakişiyev şalvarının cibindən iki bükümü, narkotik vasitə qəbul etmək üçün hazırladığı trubkanı, iki ədəd folqa və digər əşyaları çıxarıb təqdim etmişdir. Sorğu sual zamanı Taleh bildirmişdir ki, bükümlərin birinin içində narkotik vasitə heroin digərinin içərisində psixotrop maddə metamfetamin var. Bunlardan başqa, Taleh Atakişiyevin üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildikdən sonra, zərflərə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitə olan qurudulmuş marixuana gizlədib saxladığını etiraf etmişdir. Məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilən zamanı o, evin həyət qapısının sol tərəfində olan göy rəngli çadırın altında gizlətdiyi sellofan torbada olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Təqdim edilmiş kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin evdən dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xususatları bir daha təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji və kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 7/1069 nömrəli rəyindən görünür ki: -üzərində Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilib götürülmüş sözləri yazılmış bir ədəd bağlamada təmiz çəkisi 445,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 6305 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, 20 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri, H.əliyev prospekti 181 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin həyətinin giriş qapısının sol tərəfində yerləşən göy rəngli çadırın altından içərisində narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd sellofan bağlama aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloyi və məhkəmə narkoloji ekspertizalarının müvafiq rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba RlHB-nın Quba şəhər lƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri H.Əliyev prospekti 181 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün Quba rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq saxlanılması üçün Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 72 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 444,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 444,9 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar