Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-40/2024 28.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci ildə Quba rayonu, Küpçalqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Quba rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, Quba rayonu Küpçalqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə axşam saatlarında alkoqol sərxoşluğu vəziyyətində həmkəndlisi Şahid1 yaşadığı evin qarşısına gəlib, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə, insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdikdən sonra digər şəxslərin gözləri qarşısında üzərində gəzdirdiyi silah qismində istifadə edilən bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən vuraraq sonuncuya döş qəfəsinin, sol tərəfində ön qoltuq xətti üzrə Vİİ qabırğa sahəsində bir yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, sol bazu və saidin ön-bayır və iç səthlərində mil sinirinin və barmaqların açıcı əzələlərinin vətərlərinin zədələnməsi ilə müşayiət edilən xəsarətlər yetirərək sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuraraq silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 04 iyul 2023-cü il tarixdə yaşadığı Quba rayonu, Küpçal-qışlaq kəndində qardaşı Şahinin oğlu Qüdrətin böyük toy məclisi olmuşdur. Toyda yemək zamanı spirtli içki qəbul etmişdir. Axşam saatlarında qardaşı Şahinin ofisiantlarla söhbət etdiyini görüb onlara yaxınlaşmışdır. Onlara yaxınlaşıb öyrənmişdir ki, ofisiantlar saat 18:00-dək işləməli olduqlarını bildirib getmək istəyirlər. O da ofisiantlardan xahiş etmişdir ki, bir qədər artıq işləsinlər. Həmin vaxt oraya həmkəndlisi və qonşusu olan Emin gələrək ona bildirmişdir ki, "çıx bayıra, sən kimsən ki, ofisiantla söhbət edirsən?". Eminin bu sözündən sonra onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Emin onun yaxasından tutaraq küçəyə çıxarmışdır. O da Eminə bildirmişdir ki, mənim qardaşımın oğlunun toyudu özüm bilərəm. Beləcə aralarında mübahisə böyümüş və Emin onu təhqir etmişdir. Sonra o, toyxanadan çıxaraq yaşadığı evə getmişdir. Bir qədər keçdikdən sonra, küçədə dayanıb siqaret çəkən zaman Eminin qonşuluqda yaşayan Oktayın soyuducusunu gətirdiyini görüb ona yaxınlaşaraq onu niyə söyüb təhqir etdiyini soruşmuşdur. Həmin vaxt Emin yenidən onu təhqir edərək əli ilə itələyib yerə yıxmışdır. Onların səslərinə qonşuları Oktay, Oktayın atası Rafiq, Bilal və bir neçə nəfər şəxs küçəyə çıxaraq onları ayırmışlar. Sərxoş olduğu üçün həmin vaxt o əsəbləşib, Eminə "gözlə gəlirəm” deyərək yaşadığı evin həyətinə keçərək həyətdə olan masanın üzərində olan sarı saplı, sapı ilə birlikdə ölçüsü təqribən 20 sm olan mətbəx bıçağını götürərək küçəyə çıxmışdır. Həmin vaxt Emin keçədə olmadığı üçün onu çağırmağa başlamışdır.. Bir neçə dəqiqədən sonra görmüşdür ki, Emin əlində 1,5 metr ölçüdə dəmir boru ilə üzərinə gəlir. Emin ona yaxınlaşaraq əlində olan həmin boru ilə onun sol ayağına və bel nahiyəsindən bir neçə zərbə endirərək onu yerə yıxmışdır. Bundan sonra o, yerdən qakxıb əlindəki bıçaqla 4-5 dəfə Eminin sol tərəfindən zərbələr endirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 04 iyul 2023-cü il tarixdə yaşadığı Quba rayonu, Küpçal-qışlaq kəndində həmkəndlisi Şahinin oğlu Qüdrətin böyük toy məclisi olmuşdur. Buna görə də 03 iyul 2023-cü il tarixdə qonşusu Oktay ondan soyuducunu toya aparmağını xahiş etmiş və o da Oktayın xahişini nəzərə alaraq soyuducunu toya aparmış və həmin günü toy yerində qalaraq soyuducuya nəzarət etmişdir. 04 iyul 2023-cü il tarixdə toy günü məclis qurtarana qədər soyuducuya nəzarət etmişdir. Axşam saat 18 radələrində qonşusu Ruslanın masabəyi ilə mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. Ona məlum olmuşdur ki, masabəyi özü ilə gətirdiyi işçilərlə birlikdə saat 18-dək toyda xidmət etmələri barədə əvvəlcədən danışdığı üçün getmək istəyir. Ruslan isə onlardan toyun sonuna qədər dayanmalarını tələb edir. Mübahisə yaranmamaq üçün o, həmin vaxt Ruslana bildirmişdir ki, masabəyi saat 18:00-a kimi danışıb və ona görədə o, haqlıdır. Ruslan sərxoş olduğu üçün ona bildirmişdir ki, gedib öz işi ilə məşqul olsun. Daha sonra saat 19 radələrində o, soyuducunu qonşusu Oktayın qapısına gətirmişdir ki, özünə geri təhvil versin. Bu zaman Ruslan ona yaxınlaşaraq onu söhbət etməyə çağırmışdır. Həmin vaxt o, Ruslana içkili olduğunu bildirib, ayıldıqdan sonra, danışmağı təklif etmişdir. Lakin həmin vaxt Ruslan onun köynəyinin yaxasından tutaraq başqası ilə səhv salmamağını bildirərək onunla əlbəyaxa olmuşdur.. O, Ruslanı itələyərək özündən uzaqlaşdırmış, Ruslan yenidən onun yaxasından tutduqda o, yenə Ruslanı itələmiş, bu zaman Ruslan içkili olduğundan yerə yıxılmışdır. Onların səslərinə qonşuluqda yaşayan Oktay, Oktayı atası Rafiq. Bilal və digər qonşular küçəyə çıxaraq onları aralamışlar. Bu vaxt Ruslan, ayağa qalxaraq ona “səni başa salacam” deyərək yaşadığı evin həyətinə getmişdir. Qonşuları Oktay isə onu öz həyətinə aparmışdır ki, ara sakitləşəndən sonra öz evinə getsin. Təxminən 1-2 dəqiqə sonra Ruslan Oktayın qapısına gələrək ucadan onun ünvanına nalayiq ifadələr işlədərək onun çölə çıxmağını tələb etmişdir. Həmin vaxt o, Ruslanın onun ünvanına söydüyü söyüşlərə dözməyərək Oktay gilin həyətdən odun parçasını götürüb küçəyə çıxmışdır. Çölə çıxdıqda Ruslanın əlində bıçaq olduğunu görüb ehtiyyat edərək geriyə doğru çəkilmişdir. Geriyə gedən zaman ayağı yerdə olan daş parçasına ilişərək yerə yıxılmış, O, yerə yıxıldıqdan sonra, Ruslan onun üzərinə hüçum edərək əlində olan bıçaqla onu vurmağa başlamışdır. Daha sonra orada olan qonşular onları ayırmış və onu xəstəxanaya aparmışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını bildirərək, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ruslan Əlimirzəyev və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Onlarla münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Onun özünə məxsus soyuducusu olduğundan ara-sıra münasibəti olan həmkəndlilərinə istifadə etmək üçün həmin soyuducunu verir. 04 iyul 2023-cü il tarixdə də özünə məxsus soyuducunu kənddə olan toya istifadə etmək üçün göndərmişdir. Toy mərasimində Zərərçəkmiş şəxs həmin soyuducuya nəzarət etmişdir. Həmin günü axşam saat 19 radələrində Emin soyuducunu gətirib evdə ona təhvil vermişdir. Emindən soyuducunu təhvil aldıqdan sonra, Eminlə söhbət edərək birlikdə küçəyə çıxmışdır. Bu zaman küçədə olan Ruslan Emini görüb onlara yaxınlaşaraq Eminlə mübahisə etməyə başlamışdır. Həmin vaxt onlar əlbəyaya olaraq bir-birlərinin yaxasından tutmuşlar. Mübahisə zamanı Emin Ruslanı özündən kənara itələmiş və Ruslan da yerə yıxılmışdır. Bu zaman Bilal və digər həmkəndliləri səs küyə küçəyə çıxaraq onunla birlikdə Eminlə Ruslanı ayırmışlar. Onları ayırdıqdan sonra Ruslan yaşadığı evin həyətinə getmişdir. Emin isə onların həyətinə keçmişdir. Həyətdə Eminlə bir qədər söhbət etdikdən sonra mobil telefonu evdə olduğunu üçün yaşadığı evə qalxıb yenidən həyətə düşmüşdür. O, həyətə düşən zaman Eminin həyətdə olmadığını görmüşdür. Həyət qapısının açıq olduğunu görüb Eminlə Ruslanın yenidən dalaşacaqlarını fikirləşib dərhal küçəyə qaçmışdır. O, küçəyə çıxan zaman görmüşdür ki, Ruslan yerə yıxılmış vəziyyətdə olan Eminə əlində olan hansısa əşya ilə zərbələr endirmişdir. Ruslanın əlində olan əşyanın dəqiq olaraq bıçaq olduğunu görməsə də, əlində bıçağa oxşayan əşya olduğunu görmüşdür. Bu zaman o, atası Rafiq və digər qonşular yaxınlaşıb Ruslanla Emini aralaşdırmışlar. Emin onların həyətinə keçmiş və bu zaman Eminin qolundan qan axmağa başlamışdır. O da özünü pis hiss etdiyindən evdən parça gətirib Bilala vermişdir ki, parça ilə Eminin yarasını bağlasın. Bir qədər sonra isə Eminin qohumları gəlib Emini xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ruslan Əlimirzəyev və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Onlarla münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 04 iyul 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman küçədən səs küy gəldiyini eşitmişdir. O, evdən çıxanda Emin onların həyətində oğlu Oktayla birlikdə dayanmış, çöldən isə Ruslanın səsi gəlmişdir. Qulaqları yaxşı eşitmədiyindən Ruslan konkret olaraq nə danışmasını eşitməmişdir. Bundan sonra o, su gətirmək üçün öz bağ sahəsinə getmişdir. Bağa gedib gəldikdən sonra evin qarşısına çatdıqda yenidən Eminlə Ruslanın dalaşdıqlarını görmüşdür. Bu zaman Emin onların evin çöl qapısından bir qədər aralıda yerdə uzanmış, Ruslan isə əlində hansısa əşya ilə Eminin üzərində dayanmışdır. Bu zaman o, oğlu Oktay və digər qonşular yaxınlaşıb Ruslanla Emini aralaşdırmışdır. Bundan sonra o, Ruslana yaxınlaşıb etdiyi hərəkəti dayandırmasını xahiş etmişdir. Bir qədər keçdikdən sonra Ruslan onun sözünü eşidib onların evinin qarşısından uzaqlaşmışdır. Emin isə onların həyətinə keçmiş və qolundan qan axmağa başlamışdır. Bir qədər sonra isə Eminin qohumları gəlib Emini xəstəxanaya aparmışlar. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmətibb ekspertizasının 13 iyul 2023-cü il tarixli 451 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarət – sol budun aşağı 1/3-nin arxa səthində və sol dizaltında qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 04 iyul 2023-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmətibb ekspertizasının 01 avqust 2023-cü il tarixli 526 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - döş qəfəsinin sol tərəfində ön qoltuq xətti üzrə Vİİ qabırğa sahəsində bir yerdə döş boşluğuna nüfuz etməyən deşilmişkəsilmiş yara, sol bazu və saidin ön-bayır və iç səthlərində mil sinirinin və barmaqların açıcı əzələlərinin vətərlərinin zədələnməsi ilə deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 04 iyul 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiklərindən sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahidlərin ifadələri, iş üzrə təyin edilib məhkəmə-tibbi ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına görə cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi-ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Quba rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli amnistiya qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 943 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Küpçalqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yır və onun anası- 1948-ci il təvəllüdlü X1, həyat yoldaşı-1986-cı il təvəllüdlü X6, oğlu-2019-cu il təvəllüdlü X5 və oğlu - 2022-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsin cəzasını çəkib qurtardığı gündən 06 (altı) il keçməmişdir . Azərbaycan Respublikası CM-nin: 15.4-cü maddəsinə görə, Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3 Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur 83.3.4-cü maddəsinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsini sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2 və 66.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cinayətlərin məcmuyu üzrə cəzalar toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 dekabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyi ediləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübutun olmadığı nəzərə alınsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-40/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-40/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver