Məhkəmə qərarları › İş №1(027)-41/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-41/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-41/2021 23.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-20/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 01 (bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan, xx.xx.2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Quba şəhərinin mərkəzi bazarının ərazisində sərxoş vəziyyətdə, özgənin əmlakını açıq talamaq məqsədi ilə, ilk dəfə rastlaşdığı Quba rayonu, Qarxun kənd sakini Zərərçəkmiş şəxs yaxınlaşıb zəng vurmaq adı ilə sonuncunun mobil telefonunu istəyib içərisində 5 manat dəyərində “***-***-**-**” mobil nömrə kartı olan 380 manat dəyərində Çin istehsallı 1 ədəd “Huawei” markalı “ART-L29” (P40 lite) model mobil telefonu alaraq, guya kiməsə zəng vurub danışma görüntüsü yaratmaqla həmin yerdən tədricən aralanmış, daha sonra qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs məxsus 385 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər bir neçə dəfə oğurluq cinayətlərinə görə məhkum edilmiş, sonuncu dəfə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 01 (bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə səhər saat 09 radələrində Quba şəhər mərkəzi bazarına getmiş, həmin gün saat 13 radələrində bazarda 250 (iki yüz əlli) qramlıq araq və 01 (bir) litr yarım pivə alıb içmişdir. Saat 14 radələrində tanımadığı, sonradan Kamran kimi bildiyi şəxslə rastlaşıb sonuncudan siqaret alıb çəkmiş, daha sonra isə tanışına zəng etmək məqsədi ilə Kamrandan mobil telefonunu istəmişdir. Kamran ona danşmaq üçün “Huawei” markalı mobil telefonunu vermişdir. O, həmin telefonu əlinə götürüb telefonun sahibini aldatmaq məqsədi ilə ağlına gələn təsadüf rəqəmlər yığmış və qulağına yaxınlaşdırıb, özünü kiminləsə danışdığı kimi göstərmiş və təxminən 15 metr Kamrandan aralanıb bazar ərazisinə gedərək, həmin şəxsdən uzaqlaşmışdır. Kamran onun ardınca qaçsa da çata bilməmişdir. Sonradan “köhnə bazar” adlanan ərazidə olan zaman polis əməkdaşı onu saxlamış və Kamrandan götürdüyü telefonu soruşmuşdur. O, Kamrana məxsus telefonu polis əməkdaşına təqdim etmiş və törətdiyini əməli səmimi olaraq etiraf etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, bildirmişdir ki, hadisə olan gün işkili olmuşdur. Kamran adlı şəxsdən telefonu danışmaq adı ilə istəsə də, əvvəldən məqsədi telefonu satıb pul əldə etmək olmuşdur. Pulu isə uşağına dərmaq almaq üçün xərcləyəcəkdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba rayonu, Qarxun kəndində yaşayır. 2020ci ilin sentyabr ayında Quba şəhərində yerləşən “Baku Elektroniks” mağazasından qiyməti 459 manata olan “Huawei” markalı mobil telefon almışdır. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Quba şəhər mərkəzi bazar ərazisində olduğu zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və danışmaq üçün mobil telefonunu istəmişdir. O, cibindən “Huawei” markalı mobil telefonunu təqsirləndirilən şəxsə danışmaq üçün vermişdir. Adını sonradan öyrəndiyi Asəf adlı şəxs ona məxsus telefonu əlinə götürüb naməlum nömrə yığmış, telefonu qulağına tutub ondan təxminən 20-30 metr uzaqlaşmışdır. Daha sonra isə telefonla birlikdə qaçıb ərazidən uzaqlaşmışdır. O, Asəfin ardınca qaçıb dayanmasını tələb etsə də, sonuncu onun sözlərinə məhəl qoymadan qaçıb getmişdir. O, bu barədə yaxınlıqda xidmət edən polis əməkdaşına məlumat vermiş, sonra da polis şöbəsinə gedib şikayət ərizəsini yazmışdır. Polis şöbəsində ona məxsus telefonu götürüb qaçan şəxsin Təqsirləndirilən şəxs olduğunu, bazarda telefonla birlikdə saxlanıldığını öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, bildirmişdir ki, hadisə vaxtı onların yanında başqa heç kəs olmamışdır. Telefonda ancaq 5 manata aldığı ***-***-**-** “Nar” mobil operatora nəxsus nömrə olmuşdur. Telefonda yaddaş kartı olmamışdır. Telefon ona zədələnməmiş şəkildə qaytarılmışdır. Təqsirləndirilən şəxslə barışmamış və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2005-ci il tarixdən Quba rayon Polis şöbəsinin PPXB-nün polis nəfəri işləyir, işə düzəldiyi vaxtdan Quba şəhər Mərkəzi bazarına təhkim olunub, bazarın ərazisində xidmət aparır. xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində öz xidmətində bazarın ərazisində olduğu zaman ona adını sonradan öyrəndiyi Quba rayonu, Qarxun kəndindən olan Zərərçəkmiş şəxs yaxınlaşmış və bir az əvvəl tanımadığı bir şəxsin ondan kiməsə zəng etmək adı ilə onun mobil telefonunu istəməsi və özünün “Huawei” markalı mobil telefonunu ona verdikdə, həmin tanımadığı şəxs onun telefonu ilə güya kiməsə zəng edib danışa-danışa ondan uzaqlaşıb qaçıb telefonunu talaması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs onun telefonunu qarət edən şəxsin əlamətlərini soruşduqda sonuncu həmin şəxsin təxminən 40-45 yaşlı, qara saçlı, qarabuğdayı kişi olması, əynində qara gödəkçə olduğu barədə bildirmişdir. Bundan sonra bu əlamətlərə oxşar şəxsi bazarın ərazisində axtaranda bazarın işərisində olan Tofiq Əhmədov küçəsində əvvəllər dəfələrələ oğurluq cinayətlərinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Təqsirləndirilən şəxs bir-neçə dəfə yaxalanmasında iştirak etdiyinə görə onu şəxsən tanımışdır. Təqsirləndirilən şəxs yaxşı tanıdıdığı üçün və əlamətlərinə görə Zərərçəkmiş şəxs dediyi şəxsə uyğun gəldiyinə görə Zərərçəkmiş şəxs telefonunu götürən Təqsirləndirilən şəxs olmasından şübhələnmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb Zərərçəkmiş şəxs telefonunu götürüb-götürmədiyini soruşduqda, Təqsirləndirilən şəxs bunu boynuna almasa da, gödəkçənin cibi şişmiş vəziyyətdə olduğu üçün, cibində nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs cibində arvadının telefonu və probasiya şöbəsi tərəfindən verilmiş nəzarət aparatı olduğunu bildirmiş və onları cibindən çıxartmışdır. Aparatlardan biri həqiqətən də Quba Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş onun olduğu yeri müəyyən edilməsi üçün verilmiş nəzarət aparatı, digəri isə “Huawei” markalı mobil telefon olmuşdur. Həmin telefonun kimə məxsus olmasını soruşduqda Təqsirləndirilən şəxs bir daha həmin telefonun arvadının olmasını bildirmişdir. O, ***-***-**-** nömrəsini öz möbil telefonu ilə yığdıqda Təqsirləndirilən şəxs olan “Huawei” markalı mobil telefona onun nömrəsindən zəng gəlmiş və bu zaman məlum olmuşdur ki, həmin telefon məhz Zərərçəkmiş şəxs məxsusdur. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmiş və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat bölməsində araşdırmanı aparan təhqiqatçıya Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus “Huawei” markalı mobil telefonu təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri ilə tam təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-əmtəəşunaslıq ekspertizası) xx.xx.2020-ci il tarixli 9/5277 nömrəli rəyindən görünür ki, 01 (bir) ədəd Çin istehsallı olan “Huawei” markalı “ART-L29” (P40 lite) model, 64 GB yaddaş tutumlu qara rəngli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarların olmamasını və 2020-ci ilin sentyabr ayından istifadə olmasını nəzərə alaraq 2020-ci ilin noyabr ayına olan orta satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 380,00 manat müəyyən olunur (iş vər.: 84-87). Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus çin istehsallı olan “Huawei” markalı “ART-L29” (P40 lite) model, 64 GB yaddaş tutumlu qara rəngli mobil telefona baxış keçirilən zaman həmin telefon içərisində Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrə kartı ilə iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək işə əlavə edilmişdir. Bu barədə müvafiq protokol tərtib olunaraq, fotoşəkillər çəkilib həmin protokola əlavə olunmuşdur (iş vər.: 1-13); “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd Çin istehsallı olan “Huawei” markalı “ART-L29” (P40 lite) model mobil telefon və hadisə vaxtı telefonda olan “***-***-**-**” mobil nömrə kartı maddi sübutlar kimi tanmmişdır. Maddi sübutlar, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq protoklolları və işdə olan digər sənədlər iş üzrə sübut növü kimi qəbul edilmişlər (iş vər.: 102-105). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə Zərərçəkmiş şəxs əlindən alıb qaçdığı içində ***-***-**-** mobil nömrə kartı olan 380 manat dəyərində Çin istehsallı 1 ədəd “Huawei” markalı “ART-L29” (P40 lite) model mobil telefon zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Bunda başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan suiistifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərər çəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi).” Beləliklə, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayıb soyğunçuluq etməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin, şahid ifadələri, ibtidai istintaq protokolları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 25,26); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir (iş vər.: 47,48); Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(027)-60/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal həbsdən azad edilmişdir (iş vər.: 64-65); Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(105)-113/2020 saylı qərarı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(027)-60/2020 saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay maddətinə “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsə alınmışdır (iş vər.: 70,71); Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-20/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 10 (on) gün - Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla, 04 (dörd) ay 20 (iyirmi) gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 01 (bir) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (iş vər.: 93-96); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 106/20/05 nömrəli arayışından görünür ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsində qeydiyyata durmuşdur. Cəzasının 02 (iki) ay 02 (iki) gün hissəsini çəkmişdir. X5 Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 03 (üç) ay müddəinə həbs qətimkan tədbiri seçilmişdir. 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə lokasiyası araşdırılmış və müəyyən edilmişdir ki, məhkum həmin tarixdə Quba şəhərində yerləşən bazar ərazisində olmuşdur (iş vər.: 92); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-20/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 01 (bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (iş vər.: 77,78); Quba RİHB-nm Rustov kəndi İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - arvadı xx.xx.1996-cı il təvəllüdlü Ocaqova Gözəl Rauf qızı, oğlu - 2018-ci il təvəllüdlü X7, qızı - 2019-cu il təvəllüdlü X6 ibarətdir (iş vər.: 89); Quba RİHB-nm Rustov kəndi İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, 1975-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vər.: 90); Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yerləri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin aradan qaldırmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Belə ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-20/2020 saylı hökmü ilə yaranmış məhkumluğu hazırda ittiham olunan cinayət əməlini törədərkən ödənilməsə də, həmin məhkumluq CM-nın 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını, onun Azərbaycan Respublikası CM-nin oğurluq cinayət əməlini törətdiyinə görə məhkum olunduqdan sonra, islah olunmadan, azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətdə yenidən talama cinayət əməlini törətdiyini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmalıdır. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-20/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 01 (bir) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 11 (on bir) ay 19 (on doqquz) gün hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla, CM-nın 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd Çin istehsalı olan “Huawei” markalı “ART-L29” (P40 lite) model mobil telefon və “***-***-**-**” nömrəli simkartın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-20/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 01 (bir) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 11 (on bir) ay 19 (on doqquz) gün hazırki hökmlə təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd Çin istehsalı olan “Huawei” markalı “ART-L29” (P40 lite) model mobil telefon və “***-***-**-**” nömrəli simkartın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar