Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-41/2022 07.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, müdafiəçi X4, xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 iştirakı ilə, X9 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X1 Zaur Zakir oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi xüsusi ittiham qaydasında şikayət verərək, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. X1 Zaur Zakir oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi xüsusi ittiham qaydasında şikayətində göstərmişdir ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində və “insan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları (həmçinin özlərini jurnalist adlandıran şəxslər) onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. İlk olaraq qeyd etmişdir ki, o, 1998-ci ildən Quba rayon Qımılqışlaq kənd tam orta məktəbində tarix müəllimi işləyir. Həmçinin 7 il ərzində həmin kənddə fəaliyyət göstərən bələdiyyəyə sədrlik etmişdir. Fəaliyyəti dövründə dövlətə və dövlətçiliyə sadiq olmuş, pedaqoq kimi gənc nəsillərin yüksək səviyyədə yetişməsinə, bələdiyyə sədri kimi isə yerli əhalinin sosial və digər problemlərinin həll olunmasına çalışmışdır. Lakin özünü jurnalist adlandıran X12 internet vasitəsilə facebook hesabında (https://www.facebook.com/zaur.hesenov.522, (Заур Гасанзде)) (youtube kanalında və digər sosial şəbəkələrdə) yuxarıda qeyd olunan hallara məhəl qoymadan barəsində həqiqətə uyğun olmayan, yalan və uydurma, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları kütləvi şəkildə yaymışdır. Belə ki, o, facebook hesabında (https://www.facebook.com/zaur.hesenov.522, (Заур Гасанзде)) 22 dekabr 2021-ci il tarixdə, saat 12:23-də canlı yayımda (1 saat 22 dəqiqə 33 saniyə) çıxış edərək barəsində “Rafət müəllim Şair Baxışovdan 1500 manat pulu rüşvət olaraq götürüb. Mən bunu sizə tam səmimi deyirəm və tam iddialıyam bu məsələdə”, “Siz utanmadınızmı, qızarmadınızmı ki, yəni öz bacanağınızdanmı utanmadınız, siz öz əminizdən utanmadınızmı, əminizin yoldaşından utanmadınızmı?”, “Utanın, yerə girin”, “Siz tarix müəllimi olaraq o, uşaqlara işverənlikdənmi dərs keçirsiniz, necə insanlara torba tikməkdənmi dərs keçirsiniz Rafət müəllim. Kimlərdənsə pullar alaraq, rüşvət alaraq, kimlərinsə torbalarını, işlərini bu formada yəni, necə deyərlər torba tikərəkmi, yəni gördüyünüz işlərdən yəni uşaqlara izahmı edirsiz?”, “Quba rayonu Qımılqışlaq kəndinin tam orta məktəbində çalışan Rafət Balasultan oğlu, tarix müəllimi ilə bağlı olan nə varsa araşdırın, bir görün bu insan o kənddə kimlərə pullar atıb, kimlərə nə işlər görüb", “Rafət müəllim kimi, yəni belə mən ona müəllim demək istəmirəm, Rafət kimi bir insanın sözüynən, belə mən şərəfsiz deyərdim Rafətə. Qohumum olmasına baxmayaraq məni o həddə gətirdi çatdırdı o Rafət ki, mən ona indi şərəfsiz deyirəm. Bir şərəfsizin sözünən bizi ittiham edirsiz”, “Mən sizə müəllim demək istəmirəme, siz həqiqətən çox şərəfsiz bir adamsız. Mən burdan sizə bunu deyirəm, buna da haqqım çatır” kimi təhqir və böhtan xarakterli məlumatları paylaşmışdır. Məhkəmə hazırlıq iclasında iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 məhkəməyə ərizə təqdim edərək və məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hal-hazırda əməlindən peşmandır və xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 ilə barışmışdır. Sosial şəbəkədə X3 ilə bağlı olan paylaşımları onun tərəfindən silinəcəkdir. Məhkəmə hazırlıq iclasında şikayət verən şəxs X9 müdafiəçisi X7 izahat verərək bildirmişdir ki, X12 xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 ilə barışmışdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 məhkəməyə ərizə təqdim edərək və məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X12 etdiyi əməldən peşman olduğunu bildirmiş və ondan üzr istəmişdir. X9 ondan üzr istəməsini, əməlindən peşman olduğunu bildiyinə görə onun barəsində olan xüsusi ittiham qaydasında şikayətdən imtina etmişdir. İş materiallarını araşdırıb, izahatları dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinə əsasən, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qərar qəbul edilir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 məhkəməyə ərizə təqdim edərək, X12 barəsində olan xüsusi ittiham qaydasında şikayətdən imtina etmişdir . “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 №-li qərarının 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CMnin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə hesab edir ki, göstərilənlər xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə araşdırılmasını aparmadan Azərbaycan Respublikası CPM-in 302.1.8-ci maddəsinə uyğun olaraq məhkəmə hazırlıq iclasında şikayətin icraata qəbul edilməsindən imtina haqqında qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 300.1.3, 302-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ : X9 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərar, ondan apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-41/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-41/2022
07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver