Məhkəmə qərarları › İş №1(027)-42/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-42/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-42/2021 11.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X11, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1981-ci ildə Quba rayonu, İkinci Nügədi kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 18:20 radələrində sürücülük hüququnu təsdiq edən AB N 516735 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Vaz-2106” markalı **-CV-*** qeydiyyat nişanlı avtomobillə Quba-Qonaqkənd yolunun Quba rayonu, İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində Qonaqkənd qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək X2 onun hərəkət istiqamətinə nəzərən soldan sağa adi qaçışla yolu keçmək üçün qarşısına çıxdığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq əvəzinə tormoz edərək sürəti təxminən saatda 30 kilometrə endirib idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə piyada zərərçəkmiş şəxs Sənurə İsayevanı vuraraq ehtiyatsızlıqdan gözlərinin ağlı qışası və birləşdirici toxumasında qansızma, sol təpə-gicgah nahiyyəsində əzilmiş-cırılmış yara, alnında sağda və solda burunun üstündə sıyrılmış yara, bədənin çoxlu sıyrıq və qançırı, başın yumşaq toxumalarının alt səthində sol alın təpə-gicgah nahiyyəsində geniş qansızma dərialtı hematoma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın toxumalar altında qansızma, qasıq sümüklərinin sınığı və həmin nahiyədə yumşaq toxumalarda qansızmadan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olaraq yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat təxminən 18:20 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Vaz-2106” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Qonaqkənd qəsəbəsi istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan “Vaz-2106” markalı avtomobilin qarşısından qaçaraq onun hərəkət zolağına daxil olan piyada qadını vurmamaq üçün əyləci basıb avtomobili saxlamaq istəsədə həmin qadını hərəkət zolağının orta hissəsində vurmuş və sonuncu yerə yıxılmışdır. O, dərhal qadına yaxınlaşaraq köməklik göstərmək üçün təcili tibbi yardıma məlumat vermişdir. Hadisə adını sonradan bildiyi Sənurə İsayeva adlı qadının yaşadığı evin qarşısında olduğu üçün küçəyə çıxan ailə üzvləri də ona köməklik göstərməyə çalışmışlar. Bir qədər sonra, hadisə yerinə gələn təcili tibbi yardım maşını X15 Müalicə Diaqnostika mərkəzinə aparmışdır. Həmin vaxtı Sənurənin huşunun özündə olmasına və danışmasına baxmayaraq xəstəxanada vəziyyəti pisləşdiyindən vəfat etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, xx.xx.1949-u il təvəllüdlü X4 onun anasıdır. Sənurə İsayeva xx.xx.2020-ci il tarixdə saat 18:20 radələrində yaşadığı Quba rayonu, İkinci Nügədi kəndindəki evlərindən təxminən 600 metr aralıda yerləşən “Oba” marketdə olarkən qonşusu Həzrət Rüstəmov ona zəng edərək bildirmişdir ki, evlərinin qarşısında anasını maşın vurmuşdur. Dərhal hadisə yerinə gəlib görmüşdür ki, anası Sənurə İsayeva yolu keçərkən adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2106” markalı **- CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuşdur. Onun və kənd sakinlərinin məlumatı əsasında həmin yerə gəlmiş təcili tibbi yardım avtomobili ilə X6 Hüseynzadə ilə birlikdə X9 aparmışlar. Təxminən 2-3 saat sonra anası Sənurə İsayeva xəstəxanada vəfat etmişdir. İfadəsinin sonunda X14 Təqsirləndirilən şəxs bağışladığını, onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 42 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mərhum X2 meyitinin xarici müayinəsi zamanı gözlərinin ağlı qışası və birləşdirici toxumasında qansızma, sol təpə-gicgah nahiyyəsində əzilmiş-cırılmış yara, alnında sağda və solda burunun üstündə sıyrılmış yara, bədənin çoxlu sıyrıq və qançırı daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sol alın təpə-gicgah nahiyyəsində geniş qansızma dərialtı hematoma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın toxumalar altında qansızma, qasıq sümüklərinin sınığı və həmin nahiyədə yumşaq toxumalarda qansızma aşkar edilmişdir ki, bunlar da həyati olub ölmündən az əvvəl yetirilməyə uyğundur, xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşınla vurulma zamanı əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum S.İ.İsayevanın meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Mərhum S.İ.İsayevanın ölmünə səbəb baş vermiş yol nəqliyyat qəzası nəticəsində başın küt travmasından törənən baş beyin toxumasına qansızma olmuşdur, ölüm xx xxxxxx 2020-ci il tarixdə saat 21:45-də xəstəxanada baş vermişdir, meyitin müayinəsi zamanı ölmünün həmin vaxtda baş verməsi inkar olunmamışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, “Vaz-2106” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materillarında olan Quba rayon polis şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs AB №516735 saylı, BC dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum olunmamışdır. İş materiallarında olan sərxoşluq halının təyini məqsədilə alkotester vasitəsilə keçirilmiş müayinənin nəticəsinə dair xx xxxxxx 2020-ci il tarixli 03207 nömrəli qəbzlə Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Quba rayon Mərkəzi xəstəxanasının xx xxxxxx 2020-cu il tarixli 4215 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının İkinci Nügədi İnzibati Ərazi X10 tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 adlı övladları vardır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X11 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi var. Belə ki, məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir ki, mərhum X2 ölümünə səbəb Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi olmuşdur. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58, 59, 60, 61-ci maddələrinin tələblərini, o cümlədən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşiman olmasını, himayəsində yetkinlik yaşna çatmayan övladlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbin olmamasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99- 1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 17 saat üçün 102 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 17 (on) iş saatına görə 102 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar