Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-42/2022 11.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Şıxbaba oğlu və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, məhkum olunmamış, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 6-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Şahid3 və Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 avqust 2021 -ci il tarixdə saat 01:00 radələrində Quba rayonu Püstəqasım kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazanın yaxınlığına gəlmiş, aralarında əvvəlcədən olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü mağazanın yaxınlığında gözləmiş, Şahid2 və Şahid3 isə həmin mağazanın taxta qapısını açmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq oradan 128 manat pulu, 5 manat dəyərində “Klassik kompakt” və “Kinston” markalı siqaret qutularını, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 133 (yüz otuz üç) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən tanışları Şahid3 və Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 avqust 2021-ci il tarixdə saat 07:00 radələrində Bakı- Quba yolunun kənarında yerləşən Zərərçəkmiş şəxs2 Şıxbaba oğluna məxsus “Araz” adlı kafenin qapısının qıfılının sındırılması yolu ilə kafeyə daxil olaraq kafedə olan soyuducunun içərisindən 13 manat dəyərində 13 ədəd 500 qramlıq bizon içkisini, 09 manat dəyərində 10 ədəd Snikers şokoladını, 4 manat dəyərində 1 litrlik 4 ədəd fanta içkisini, kafenin mətbəxindən 80 manat dəyərində samovarı, 30 manat dəyərində 1 ədəd Bosan markalı dreli, 30 manat dəyərində 1 ədəd Ural zid markalı lobziki, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 168 (yüz altmış səkkiz) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən tanışları Şahid3 və Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 avqust 2021-ci il tarixdə saat 08:00 radələrində özgə əmlakını talama məqsədi ilə Quba rayonu İsnov kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus mağazanın yaxınlığına gəlmiş, aralarında əvəlcədən olan razılaşmaya əsasən Şahid3 və Təqsirləndirilən şəxs kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü mağazanın yaxınlığında gözləmiş, o, isə mağazanın qapısının qıfılını sındırmaq yolu ilə həmin mağazaya qanunsuz daxil olaraq orada olan piştaxtanın üzərində olan 160 manat pulu, 14 manat məbləğində sim danışıq kartlarını və 5 manat dəyərində 03 ədəd yaddaş kartını, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 179 (yüz yetmiş doqquz) manat dəyərində əmlakı gizli yoll talayaraq oğurluq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 12.08.2021-ci il tarixdə saat 17 radələrində H.Z.Tağıyev qəsəbəsində məhəllə dostları Tural və Rüfətlə məhəllədə görüşmüşlər. Onlar həmin vaxtı qərara gəlmişlər ki, Quba rayonuna gəzməyə getsinlər. Saat 23 radələrində o, və Tural Rüfətin idarə; etdiyi “Assamant” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə H.Z.Tağıyev qəsəbəsindən çıxıb Quba rayonu istiqamətinə getmişlər. 13.08.2021-ci il tarixdə saat 01 radələrində onlar Quba rayonu Rustov kəndinə çatmışlar. Onların heç birində pul olmadığından qərara gəlmişlər ki,həmin kənddə yaşayan Turalın xalasının evi ilə üzbəüz yerləşən yolun kənarında olan ərzaq mağazasından oğurluq etsinlər.Rüfət və Tural, mağazaya yaxınlaşmışlar. O, isə yaxınlıqda gözləməyə başlamışdır ki, kənar şəxs gəlsə onlara xəbər versin. Mağazanın yerləşdiyi həyətin qapısı örtülü olmuş, lakin qıfıl vurulmamışdır. Rüfət və Tural həmin taxta qapını açmış və həyətdəki mağazanın içinə taxta qapını açmaqla daxil olmuşlar. Mağazanın içərisində qutuda olan 40 manat kağız pul qutu ilə birlikdə, 18 manat qəpik pul, dəftərin arasından da 70 manat kağız pul, 2 qutu sigaret götürüb çıxmışlar. Sonra avtomobilə tərəf gəlmişlər, həmin vaxtı o, nə oğurladıqlarını onlardan soruşmuşdur. Tural ona pul oğurladıqlarını demişdir. Təxminən saat 07 radələrində Bakı istiqamətinə hərəkət edərkən Quba-Bakı yolunun kənarında kafe olduğunu görmüşlər. Tural, onlara təklif etmişdir ki, kafeyə girib oğurluq etsinlər. Bu zaman hər üçü avtomobildən düşmüş və kafeyə yaxınlaşmışlar. Həmin vaxt o, təpiklə vurub kafenin plastik qapısını açmışdı. Onlar içəri daxil olmuşlar. İçəridə olan soyuducudan Rüfət bir neçə ədəd “Bizon” içkisi götürüb avtomobilə aparmış, o, isə şokolad və snikersləri götürmüşdür. Tural isə kafenin içərisində olan mətbəxə balaca pəncərəsi olmayan 1 metr enində olan deşikdən keçmiş və mətbəxdən 1 ədəd samovarı götürüb Rüfətə vermiş, özü də kafenin içinə çıxmış, orada yerdə olan 1 ədəd drel və taxta doğramaq üçün nəzərdə tutulan lobzik adlandırılan elektriklə işləyən aləti götürüb aparıb avtomobilə qoymuşdur. Sumqayıt şəhəri istiqamətində gələrkən saat 08:00 radələrində İsnov kəndi ərazisində yolun kənarında olan mağazanı görüb həmin mağazayada girməyi qərara almışlar. Sonra onlar dəmir məftillə hörülmüş setkanı aşıb həyətə keçmişlər. Həyətdə olarkən Tural əli ilə itələyib mağazanın pəncərəsini açıb içəri daxil olmuşdur. Rüfət və o, isə pəncərənin qarşısında gözləmişdir ki, kənar şəxslər gəlsələr xəbər versinlər. Tural mağazanın içərisindən təxminən 120 manat kağız pul, bir qədə qəpik pul, bir neçə ədəd ödəniş kartı və 3 ədəd yaddaş kartı götürüb onların yanına gəlmişdir. Sonra onlar Rüfətin idarə etdiyi abtomaşınla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə qayımışlar. Sonrakı günlərdə oğurladıqları telefon danışıq kartlarını özləri istifadə etmiş, oğurladıqları pulları müxtəlif yerlərdə xərcləmiş, içkiləri özləri istifadə edərək içmişlər. Samovarı isə Rüfət avtomobilinin yük yerində saxlamışdır ki, gələcəkdə müştəri olasa münasib qiymətə satsın. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödədiyini və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Quba rayonu, Püstəqasım kəndində yaşadığı evin həyətində mağazası vardır. O, həmin mağazada ərzaq məhsulları, içki və tütün məmulatlarını satır. 12.08.2021-cil tarixdə saat 12 radələrində o, mağazanın qapısının qıfılını bağlayıb evə getmişdir. Səhəri gün saat 07 radələrində o, evdən çıxıb həyətdəki mağazaya gəlmişdir. O, mağazaya gəldikdə görmüşdür ki, mağazanın taxtadan olan qapısının qıfılı sındırılmış vəziyyətdədir. O, mağazanın içərisinə keçdikdə görmüşdür ki, mağazanın divarındakı rəflərə qoyulmuş bir qutu “Kalssik Kompakt” və bir qutu “Kingston” markalı siqaretlər, taxtadan düzəldilmiş qutunun içərisindəki 58 manat pul oğurlanmlışdır. O, mağazaya bir daha diqqət yetirdikdə orada olan dəftərin arasından 70 manat pulun da oğurlandığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, mağazadakı oğurluğu 3 nəfər tanımadığı Sumqayıt şəhər sakinləri etmişdir. Ona məxsus mağazadan ümumilikdə 128 manat pul və 5 manat dəyərində “Klassik Kompakt” və “Kingston” markalı siqaretlər oğurlanmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Şıxbaba oğlu ifadəsində göstərmişdir ki, Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində Bakı-Quba yolunun kənarında yerləşən “Araz” kafesi ona məxsusdur. Həmin kafeni özü işlədir. 12.08.2021-ci il tarixdə o, kafenin qapısını açarla bağlayıb yaşadığı evə getmişdir. 13.08.2021-ci il tarixdə səhər saatlarında o, kafeyə gəldikdə kafenin qapısının kilid hissəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. O, kafenin içərisinə keçdikdə orada olan soyuducunun qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, soyuducuya baxdıqda onun içərisində olan 13 ədəd 500 qramlıq böyük Bizon içkisinin, 10 ədəd snikers şokoladının, 4 ədəd 1 litrlik fanta içkisinin, mətbəxdə yerdə olan bir ədəd samovarın, bir ədəd drelin və bir ədəd lobzikin oğurlandığını görmüşdür. Ona məxsus kafedən edilən oğurluq nəticəsində ümumilikdə 168 manat məbləğində ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 Şıxbaba oğlu ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Quba rayonu, Qasımqışlaq kəndində kiçik mağazası vardır.12.08.2021 -ci il tarxdə saat 22 radələrində o, mağazanı bağlayıb yaşadığı evə getmişdir. Səhərisi gün yəni 13.08.2021-ci il tarixdə o, mağazaya gəldikdə qapısının qıfılının sındırlmış, pəncərəsinin isə açıq vəziyyətdə olduğunu görmüşdür. O, mağazadakı kassanın yanında olan siyirmənin açıq olduğunu görmüş, siyirmənin içərisinə baxdıqda 120 manat kağız pulların, 40 manat dəyərində qəpik pulların, 14 manat dəyərində sim danışıq konturlarının, 3 ədəd yaddaş kartının yerində olmadığını görmüşdür. Ona məxsus kafedən edilən oğurluq nəticəsində ümumilikdə 179 manat məbləğində ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan məhkəmə əmtəəşünaslıq ekpertizasının 09 sentyabr 2021-ci il tarixli, 9/5939 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən analoji malların markasına, modelinə müvafiq olaraq orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5 manat müəyyən olunur. O cümlədən 01 ədəd “Sony Ericson” markalı telefona məxsus 512 MB tutumlu mikro kart 1 manat, 2 ədəd 512 MB tututmlu mikro kart 2 manat, 1 ədəd 2 GB tututmlu mikro kart 2 manat müəyyən edilir. İşdə olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 24 sentyabr 2021-ci il tarixli, 9/5927 saylı rəyindən görünür ki, 01 ədəd Tula yazıları olan təxminən 5 litr su tutumu olan samovarın qiyməti 80 manat, 01 ədəd qara rəngli Ural zid markalı, ul-850 EH model lobzik 30 manat, 01 ədəd Bosan markalı, GBM 10 RE model drel 30 manat, 13 ədəd 500 qram həcmdə energetik içki olan Bizon içkisi 13 manat, 10 ədəd 50 qramlıq snikers şokoladı 9 manat, 4 ədəd 1 litrlik Fanta içkisi 4 manat təşkil edir. İş materiallarında olan 25.10.2021-ci il tarixli qərardan gürünür ki, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs barələrində olan ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, məhkəmə əmtəəşunaslıq ekspertizasının müvafiq rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş 04 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehal Bilyinin 12 saylı mənzil kommunal sahəsi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli 1354 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Quba Rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu 07 yanvar 2022-ci il tarixdən hesablanmaqla .istintaq müddətinin sonunadək, yəni 02 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin edilmiş olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilərək hökm qanuni qüvvəyə minənədək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Quba Rayon Məhkəməsinin 1(027)-170/2022 saylı, 12 dekabr 2021-ci il tarixli hökmü ilə Şahid3 və Şahid2 tutulması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd samovar, bir ədəd lobzik və bir ədəd drel Zərərçəkmiş şəxs2 Şıxbaba oğluna qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək tutlduğu və həbsdə olduğu 04 ay 04 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər İcra idarəsinə məlumat vermədən saat 24:00dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 6 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Quba Rayon Məhkəməsinin 1(027)-170/2022 saylı, 12 dekabr 2021-ci il tarixli hökmü ilə Şahid3 və Şahid2 tutulması nəzərə alınsın. Hökmün icrası Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd samovar, bir ədəd lobzik və bir ədəd drel Zərərçəkmiş şəxs2 Şıxbaba oğluna qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-42/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-42/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver