Məhkəmə qərarları › İş №1(027)-42/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-42/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-42/2024 17.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1997-ci il tarixdə Quba rayonu, Mirzəməmmədkənd kəndində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşqul olan, məhkum olunmamış, Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsrləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində Quba şəhərinin Vaqif küçəsində boyaçı işlədiyi emalatxanadan Quba rayonu, İkinci Nügədi kənd sakini Zərərçəkmiş şəxs ona boyama üçün verdiyi mülkiyyət hüququ əsasında onun arvadı X1 məxsus olan Mercedes-Benz E240 markalı, **-NH-*** dövlət-qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmiş (qaçırmış), onu sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan idarə edərək Qusar şəhərinə sürmüş, orada həmin avtomobili idarə edərkən həmin gecə saat 00:46-da Qusar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq barəsində inzibati protokol tərtib edilməklə həmin avtomobil mühafizə olunan duracağa yerləşdirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba şəhərinin Vaqif küçəsində yerləşən avto-təmir emalatxanasında boyaçı işləyir. Zərərçəkmiş şəxs üç ildir tanıyır, onunla aralarında düşmənçilik və ədavət yoxdur. 10 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs gümüşü rəngli Mercedes-Benz E240 markalı, **-NH-*** dövlət-qeydiyyat nişanlı avtomobilini onun işlədiyi sexə gətirərək xahiş etmişdi ki, avtomobili boyasın. Həmin işin 250 manata başa gəlməsi barədə razılığa gəldikdən sonra. Vüal ona 100 manat pul vermişdi. Həmin vaxt Vüsal avtomobili emalatxananın qarşısında saxlayıb açarlarını ona verərək tapşırmışdı ki, icazəsiz onun avtomobilini heç hara sürməsin, harasa getməyə taksi lazım olsa, ona desin, pul göndəcərək. 12 dekabr 2023cü il tarixdə, saat 00:30 radələrində təcili olaraq Qusar rayonunda yerləşən OKİ xəstəxanasına, xəstə yanına getmək lazım olduğu üçün, Vüsalın avtomobili ilə getmək qərarına gəlmişdir. Gecə olduğu üçün Vüsala zəng vurub narahat etməmişdir və emalatxanaya gedib salonda olan videoregistratoru da çıxarıb qoltuqaltı bara qoymuşdur ki, yolu çəkməsin.Vüsalın avtomobilinə əyləşib sürərək Qusar rayonuna getmişdi və Qusar rayonunda yerləşən OKİ xəstəxanasının yaxınlığında saxlayıb yerə düşərək azca aralandıqdan sonra DYP avtomobili ilə gələn polis əməkdaşları onu avtomobilin yanına çağırmışlar və sorğu-sual edib alkotestr etmişlər, alkotestrdə sərxoş olmağı aşkar olunmuşdur. Buna görə də DYP-nin tələbi ilə avtomobilin açarlarını vermişdir, protokola imza etmişdir, polislər avtomobili aparıb duracağa yerləşdirdikdən sonra Quba rayonuna qayıtmışdır. Sabahısı gün Rəsul adlı tanışı ilə Vüsalın yanına gedib vəziyyəti izah etmişdir. Əvvəllər Vüsalın avtomobilini ancaq emalatxanada iş görərkən emalataxananın içərisinə və çölünə çıxarmaq üçün sürmüşdür, başqa yerə sürməmişdir. Başqa avtomobilini də sürməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, etibarnamə ilə Mercedes-Benz E240 markalı, **-NH-*** dövlət-qeydiyyat nişanlı avtomobil idarə edir. 10 dekabr 2023-cü il tarixdə, günorta vaxtı avtomobilinin kapotunu və arxa yük yerini boyalamaq üçün Quba şəhərinin Vaqif küçəsində yerləşən “Avtoclas” adlanan yerin arxasındakı avtotəmir emalatxanasında işləyən Təqsirləndirilən şəxs adında boyaçı ustaya vermişdi. Elvin demişdi ki, 5-6 günə avtomobil hazır olacaq və hazır olanda ona xəbər edəcək. Avtomobili emalatxananın qarşısında saxlayıb açarları da Elvinə vermişdi, amma sənədləri özü ilə götürüb Elvinə də tapşırmışdı ki, əgər ləvazimat almaq üçün hara getməksə lazım olsa xəbər etsin, taksi pulunu verəcəkdir, kartla da pulu ata bilər, lakin heç bir halda avtomobilini idarə etməsin. Elvin də demişdir ki, narahat olma, bizdə belə bir şeylər olmur. Elvinə 100 manat pul verib oradan uzaqlaşıb getmişdir. 12 dekabr 2023-cü il tarixdə, saat 10:36-da radəsində bir nəfər şəxs zəng edib demişdir ki, görüşmək istəyir, xeyir iş var. Xaçmazda işdə olduğunu dedikdən sonra həmin şəxs Elvinlə Xaçmaz şəhərinə, iş yerinin qarşısına gəlmişdir və onlar çöldə görüşmüşlər. Həmin şəxs Elvinin yanında olan Rəsul adlı şəxs ona demişdir ki, Elvin maşını sürüb Qusar rayonuna gedib, DYP əməkdaşları da OKİ xəstəxanasının qarşısında avtomobili ondan alaraq polis şöbəsinin duracağına aparıblar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışqdığını bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RMX-nın Publik Hüquqi şəxsin məktubundan görünür ki. Təqsirləndirilən şəxs Quba RMX-nın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarından olan Quba RİHB-nin Quba rayon Vladimirovka kənd İƏD üzrə nümayəndəsinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır və müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar