Məhkəmə qərarları › İş №1(027)-43/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-43/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-43/2024 23.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2001 -ci ildə Quba rayonu Küpçal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Quba rayonu, Küpçal kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdə, saat 01:00 radələrində barmen işlədiyi Quba şəhəri, “Köhnə avtovağzal dairəsi” yaxınlığında yerləşən “Quba çay evi” kafesinin giriş qapısının önündə həmin kafeni işlədən Şahid1 ilə aralarında olan borc məsələsi ilə əlaqədar mübahisə edən zaman kafedə müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs həmin mübahisəyə müdaxilə edərək onun üzərinə gəlib boğazından tutaraq boğmağa başlamasından sonra mübahisənin davamı əsnasında sonuncunun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş və Şahbazovun zərbənin təsirindən geriyə doğru gedərək ayağı giriş qapısının altlığına ilişib arxası üstə yerə yıxılaraq başının arxa nahiyəsinin kafel örtüklü döşəməyə dəyməsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının əvvəllərindən Quba şəhəri, “Köhnə avtovağzal” adlanan ərazidə olan “Quba çay evi” adlı kafedə gündəlik 12-15 manat müqabilində barmen kimi işə başlamışdır. 2023-cü ilin sentyabr ayının ortalarında kafedə fəaliyyət göstərən Valehdən 80 manat borc almışdır. 27 sentyabr 2023-cü il tarixdə axşam saatlarında kafedə işdə olarkən Valeh ondan aldığı 80 manatı qaytarmağı xahiş etmişdir. Pulu olmadığı üçün borcunu qaytara bilməyəcəyini Valehə bildirdikdə onların aralarında sözlə mübahisə başlamışdır. Onlar mübahisə edərkən, kafedə masaların birində yoldaşları ilə birlikdə oturub spitrli işkilər içən və sərxoş vəziyyətdə olan Valehin qohumu Elşad onun üzərinə hücum edərək boğazından yapışıb onu boğmağa başlamışdır. Elşadla tutuşub kafenin qapısına doğru irəliləmiş, bu zaman boğulduğu üçün Elşadın ağız nahiyəsindən bir dəfə yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən Elşad arxaya doğru gedərkən ayağı kafenin giriş qapısının altlığına ilişmiş və o, arxası üstə yerə yıxılmışdır. Sonra o kafedən çıxan zaman Elşadla birlikdə oturan Rövşən və Valehin onu yerdən qaldırmağa kömək etdiklərini görmüşdür. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və mübahisəni Valeh və Elşadla birlikdə eyni masada əyləşən Rövşən adlı şəxs görmüşdür. Mübahisə zamanı kafedə digər şəxs şəxslər olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət işinin icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Quba şəhəri, “Köhnə avtovağzal dairəsi” yaxınlığında lotoreya satışı ilə məşğul olur. 27 sentyabr 2023-cü il tarixdə, axşamüstü qardaşı Eldar, tanışları Rövşən və Muradla birlikdə Quba şəhəri, “Köhnə avtovağzal dairəsi” yaxınlığında yerləşən “Quba çay evi” kafesində masaların birində əyləşmişlər. Həmin vaxt onlar spirtli işki araq və pivə içmişlər. Bir qədər sonra, adını sonradan kafedə barmen işləyən və adını sonradan bildiyi Təqsirləndirilən şəxs kafedə işləyən qohumu Valehlə barın yanında mübahisə etdiyini görmüşdür. Həmin vaxt o, mübahisəni sonlandırmaq üçün onlara yaxınlaşıb Renadın boğazından tutaraq onu boğmağa başlamışdır. Həmin vaxt Renad onun əlindən çıxmaq üçün onun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş və o zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. Bundan sonra o, baş nahiyəsindən xəsarət aldığı üçün baş verənləri dəqiq xatırlaya bilməmişdir. Mübahisədən sonra, kafedə onunla birlikdə olan tanışları onu yaşadığı evə aparmışlar. Növbəti gün, yəni 28 sentyabr 2023-cü il tarixdə o, baş nahiyəsində güclü ağrılar olduğundan xəstəxanaya müraciət etmiş və kompüter tomoqrafiyası vasitəsilə başının arxa nahiyəsində ənsə sümüyümün sındığı aşkar olunmuşdur. Mübahisə zamanı yanında tanışları, Valeh, Rövşən və Vüqar olmuş və kənar şəxslər olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Quba şəhəri, “Köhnə avtovağzal” adlanan ərazidə yerləşən “Quba çay evini” icarə əsasında işlədir. Renad adlı tanışı kafedə barmen kimi işləmişdir.2023-cü ilin sentyabr ayında Renad ondan 80 manat borc almışdır. 27 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində tanışları Elşad, Elşadın qardaşı Eldar, Rövşən və Murad kafeyə gəlib masaların birində əyləşərək spirli işkilər içməyə başlamışlar. Pula ehtiyacı olduğu üçün o, Renaddan 80 manat borcu geri istəmiş, Renat ona maddi imkanı olduqda, pulu qaytaracağını demişdir. Bu zaman Renadla aralarında mübahisə başlamış, barın yanında Renadla sözlə mübahisə edərkən, qohumu Elşad Renadın üzərinə hücum etmiş və onun boğazından yapışıb onu boğmağa başlamışdır. Renad Elşadın əllərindən tutub boğazından aralamağa çalışmış, Renadla Elşad tutuşub kafenin qapısına doğru irəliləmiş, qapının girəcəyində Renad Elşadın əlindən xilas olmaq üçün onun ağız nahiyəsindən bir dəfə yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən Elşad geriyə doğru gedərkən ayağı qapının giriş hissəsindəki altlığa ilişmiş və o, arxası üstə yıxılmışdır. Yıxılan zaman Elşadın başının arxa hissəsi döşəmədə kafel örtüyə çırpılmışdır. Bundan sonra Renad çıxıb getmiş, o Rövşənlə birlikdə Elşada köməklik göstərmiş, birlikdə Elşadı yaşadığı evə yola salmışdır. Mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, mübahisə yerində ondan başqa Elşadla bir masada əyləşən Rövşən və Vüqar da olmuş, başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Seyidbala oğlu və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək göstərdiyi xususatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 815 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - başın küt travması nəticəsində travmatik subdural hematoma və baş beyinin əzilməsi ilə müşayiət olunan ənsə sümüyünün və kəllə əsasının sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 28 sentyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 05 oktyabr 2023-cü il tarixli, 775 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarət - boynunda solda sinəsində sağda hərəsində bir yerdə sıyrıq küt əşyanın(əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 28 sentyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzaya 01 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 570 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Küpçal kəndində yaşayır, Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi medallardan göründüyü kimi, o “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 saat üçün 18 manat Azərbaycan Respublikası CPMin 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, müsadirə ediləsi əmlak və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar