Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-44/2023 28.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Şahid3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Quba rayonu, Küpçal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işsiz, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, məhkumluğu olmayan, Quba rayonu, Küpçal kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Küpçal kəndində yerləşən anbarın nəzarətsiz qaldığına əmin olduqdan sonra özgənin əmlakını gizli yolla talama niyyəti ilə anbarın ön tərəfində yerləşən şüşəsi olmayan pəncərəsinin açıq hissəsinə bərkidilmiş taxta diki əli ilə vurub aşırmaqla anbara qanunsuz daxil olaraq 275 manat dəyərində çəkisi 500 kiloqram olan 10 kisə buğdanı, daha sonra vahid niyyətlə 20 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Küpçal kəndində yerləşən anbara eyni üsulla qanunsuz daxil olaraq 220 manat dəyərində çəkisi 400 kiloqram olan 08 kisə buğdanı, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 495 manat dəyərində ümumi çəkisi 900 manat olan 18 kisə buğdanı gizli yolla talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, pula ehtiyacı olduğundan qonşusu Zərərçəkmiş şəxs məxsus anbardan buğda oğurlamaq qərarına gəlmişdir. 16 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində qonşusu Buxsayın yaşadığı evin arxa tərəfində yerləşən anbarın qarşısına yaxınlaşmış, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əli ilə pəncərəyə söykədilmiş taxta dikti itələyib anbarın içərisinə doğru aşırmışdır. Pəncərədən içəriyə daxil olub orada yığılmış çoxlu sayda buğda kisələrinə tərəf gedib bir-bir kisələri pəncərədən çölə daşımağa başlamışdır. 10 ədəd buğda kisəsini anbardan çölə çıxarıb anbarın qarşısında yığmışdır. Kisələrdən üçünü aparıb evinə yığmışdır. Qalan 7 kisə buğdanı satmaq üçün saxlamışdır. Oğurluq etməzdən 3-4 gün öncə Quba rayonu, Qəçrəş kənd sakini Şahid2 buğda təklif etmiş, sonuncu da ala biləcəyini bildirmişdir. O, Qəçrəş kəndinə getmiş və oradan taksi ilə Quba şəhəri köhnə avtovağzal dairəsinə gəlib qırmızı rəngli “VAZ 2106” markalı taksi ilə danışıb Küpçal kəndində qayıtmış, 7 kisə buğdanı buğdanı avtomobilə yükləmiş və Qəçrəş kəndinə İdrisin yaşadığı evin qarşısına gəlib kisələri İdrisə vermişdir. İdris kisələri tərəzidə ölçdüyü zaman hər kisənin çəkisi 50-55 kiloqram olmuşdur. Ümumilikdə İdris ona bir kiloqramı 50 qəpikdən hesablayıb 280 manat pul vermişdir. 20 sentyabr 2022-ci il tarixdə həmkəndlisi Şahid1 görüşüb söhbət edən zaman Zərərçəkmiş şəxs ona buğda verdiyini, Buxsayın anbarından buğdanı götürməkdə ona kömək etməsini xahiş etmişdir. Tale də razılaşmışdır. Həmin gün saat 22 radələrində taksi ilə Tale ilə birlikdə Buxsayın yaşadığı evin arxasında olan anbarın əvvəlcədən girdiyi açıq pəncərəsinin qarşısına gəlmişlər. O anbarın pəncərəsindən içəri daxil olub 08 kisə buğdanı götürüb bir-bir pəncərədən Taleyə vermişdir. Tale də həmin kisələri taksiyə yükləyib Qəçrəş kəndinə İdrisin evinin qarşısına gətirmişlər. İdris kisələri ölçmüş və ümumilikdə ona 250 manat pul vermişdir. Həmin puldan o Taleyə bir paçka siqaret almışdır. 21 sentyabr 2022-ci il tarixdə həmkəndlisi Buxsayın oğlu Polad ona zəng edib anbarlarından oğurluq edildiyini, bundan məlumatının olub-olmadığını soruşmuşlar. O əvvəlcə oğurluq etdiyini etiraf etməmiş, bu barədə məlumatı olmadığını demişdir. Polad ona bu barədə polisə məlumat verəcəyini bildirdiyi üçün təxminən 10 dəqiqə sonra Polada zəng vurub anbardan iki kisə buğda oğurladığını demişdir. İki-üç gün sonra o Tale ilə birlikdə taksi ilə İdrisin yaşadığı evə gedib, İdrisə satdığı buğdanın oğurluq olduğunu demiş və 280 manat pulu verib 10 kisə buğdanı İdrisdən geri alıb taksi ilə Buxsayın özünə qaytarmaq üçün sonuncunun evinə getmişdir. Lakin utandığı üçün oraya yaxınlaşa bilməmiş və Taledən 10 kisə buğdanı geri qaytarmasını xahiş etmişdir. Bir neçə gün sonra yenə İdrisin evinə gedib onda qalan iki kisə tam, üç kisə isə başından bir qədər götürülmüş buğda kisələrini də geri almışdır. Geri götürdüyü kisələri də Talenin vasitəsilə Buxsaya qaytarmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirdi ki, 16 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Quba rayonu, Küpçal kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus anbardan oğurluq etməzdən öncə orada buğda olduğunu bilmiş, lakin dəqiq nə qədər buğda olmasından məlumatı olmamışdır. Artıq anbara daxil olduqdan sonra 10 kisə buğdanı götürmüşdür. 20 sentyabr 2022-ci il tarixdə anbara daxil olub 8 kisə buğda oğurlamışdır. Hər iki dəfə oğurladığı kisələri İdris adında tanışına satmışdır. Anbarın yol tərəfə baxan pəncərələrindən biri sınıq olmuş, sadəcə pəncərənin açıq hissəsi taxta diklə bərkidilmişdir. Anbarın pəncərəsini özü sındırmamış, əvvəldən sınıq olmuşdur. Həmin pəncərədən kisələri çıxarmışdır. Hər dəfə buğda kisələrini ayrı-ayrı taksilərdə aparmışdır. Taksi sürücülərinin nə də Talehin oğurluqdan xəbəri olmamışdır. O, pəncərədən anbara daxil olan zaman Tale ondan nəyə görə anbara qapıdan deyil, pəncərədən daxil olduğunu soruşduqda və anbarın sahibinə məlumat verib qapıdan daxil olmağı təklif etdikdə, o Taleyə Buxsayın özünün ona “buğdanı nə vaxt istəsən gəlib götürərsən” dediyini bildirmişdir. Hər iki dəfə oğurluq edən zaman içkili olmuş, içkinin təsirindən belə bir addım atmışdır. Hazırda törətdiyi əməldən çox peşimandır. Maddi vəziyyəti pis olduğundan bu cür addım atmışdır. Gələcəkdə bir daha bu cür əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxsə məxsus buğdanın bir qismini qaytarmış, qalan buğdanın dəyərini işləyib hissə-hissə qaytaracaqdır. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs qonşusu və qohumudur. 21 sentyabr 2022-ci il tarixdə günorta saatlarında anası Reyhan Dadaşova anbardan kisələrin azaldığını görüb ona məlumat vermişdir. O, həmin hadisəni Mətləbin törədə biləcəyindən şübhələnib sonuncuya zəng etmişdir. O Mətləbdən anbardan oğurluq edildiyini, bu barədə hər hansı məlumatı olub-olmadığını soruşduqda, Mətləb əvvəlcə oğurluq etdiyini etiraf etməmiş, bu barədə məlumatı olmadığını demişdir. O, polisə şikayət edəcəyini dedikdən bir qədər sonra Mətləb özü ona zəng edərək anbardan 02 kisə buğda oğurladığını etiraf etmişdir. O da atası Buxsaya məlumat vermişdir. Atası anbarda olan kisələri saydıqda orada 18 kisə buğdanın olmadığını müəyyən etmişdir. O, baş vermiş hadisə barəsində polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs atasına məxsus anbardan 16 sentyabr 2022-ci il tarixdə gecə saatlarında 10 kisə, 20 sentyabr 2022-ci il tarixdə gecə saatlarında isə 08 kisə, ümumilikdə 18 kisə buğda oğurlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs oğurladığı kisələrin hər birinin çəkisi 50 kiloqram olmuşdur. Mətləb oğurladığı kisələrdən 13 kisəni qaytarmış olsa da, onlardan cəmi 5 kisə dolu olmuş, qalanları yarımçıq olmuşdur. Sonda zərərçəkmiş şəxs bildirdi ki, 18 kisədən 13 kisənin qaytarıldığını nəzərə alaraq, qalan 5 kisə buğdanın qaytarılmasını tələb edir. Atasına dəymiş ziyanın tam ödənilməsini, əks halda təqsirləndirilən şəxsə qanunauyğun şəkildə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. 20 sentyabr 2022-ci il tarixdə dərsdən çıxdıqdan sonra saat 16 radələrində Mətləbin xahişi ilə sonuncuya qoz ağacından qoz yığmağa köməklik göstərmiş, daha sonra Quba şəhəri bazar ərazisində qozu satdıqdan sonra Mətləblə kafelərin birində əyləşib yemək yemişlər. Söhbət zamanı Mətləb ona kənd sakini Poladdan özünə məxsus buğdanı götürməli olduğunu demiş və ondan həmin buğdanı götürüb maşına yükləyib, sonra aparıb satmağa köməklik etməsini xahiş etmişdir. Kisələr ağır olduğu üçün köməklik göstərməyə razılaşmışdır. Mətləbə əvvəl anbarın sahibi ilə əlaqə saxlamasını demiş, Mətləbin də deməsinə görə, Polad anbarında kisələri saxlamağa boş yerinin olmaması səbəbindən gəlib kisələri aparmasını demişdir. Mətləb Quba şəhərindən “VAZ 2107” markalı, ağ rəngli taksi ilə danışıb saat 22 radələrində Quba rayonu, Küpçal kəndinə Buxsayın yaşadığı evin arxasında olan anbarın qarşısına gəlmişlər. Onlar maşından düşmüş, sürücü isə avtomobildə qalmışdır. Mətləb anbarın açıq olan pəncərəsinə yaxınlaşıb pəncərəyə söykədilmiş taxta dikti itələyib anbarın içərisinə doğru aşırmış, bu vaxt o, Mətləbə anbara nə üçün pəncərədən daxil olduğunu soruşmuş və anbarın sahibinə buğdanı götürmək üçün gəldiklərini deməyi təklif etmişdir. Mətləb ona əvvəldən anbar sahibi ilə danışdığını bildirmişdir. O, yenə də məlumat verməsini təklif etsə də, Mətləb onun üzərinə qışqırıb saat gec olduğunu qeyd edərək Buxsayı və ailəsini narahat etmək istəmədiyini demişdir. Mətləb pəncərədən anbarın içərisinə daxil olmuşdur. O da pəncərənin qarşısında durmuşdur. Mətləb bir-bir kisələri pəncərəyə doğru gətirmiş və o da avtomobilə yükləmişdir. Anbardan ümumilikdə 08 kisə buğdanı götürmüşlər. Sonra Quba rayonu, Qəçrəş kəndinə gedib kənd sakini İdris adlı şəxsə vermişlər. Mətləb İdrisdən 08 kisə buğdaya görə pul götürmüş, lakin dəqiq olaraq nə qədər pul aldığını bilmir. Bundan sonra o Mətləblə birlikdə taksi ilə Quba şəhərinə gəlmişlər. Mətləb və o Quba şəhəri ərazisində kafelərin birində əyləşib bir qədər yeyibiçmişlər. Sonra oradan ayrılıb yaşadıqları Küpçal kəndinə taksi ilə qayıtmışlar. 21 sentyabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Mətləb buğdanı götürmələrindən Buxsayın xəbəri yoxdur. Mətləb əvvəl də, həmin anbardan 10 kisə buğdanı da tək oğurlamışdır. O bundan sonra gedib Mətləbdən nə üçün onu aldatdığını soruşduqda içkili olduğunu, səhv etdiyini, buğdanı geri qaytarmaq lazım olduğunu bildirmişdir. Mətləb pulu verə bilməyəcyini dediyi üçün, o özü məcbur olub özünə məxsus mobil telefonu satıb buğdanın pulunu hissə-hissə İdrisə verib kisələri İdrisdən götürüb Buxsaya qaytarmışdır. Mətləb ona oğurluq etməsi barədə bir söz deməmiş, həmçinin oğurluq etməyə görə ondan kömək istəməmişdir. Mətləb ona buğdanın Buxsayın özü tərəfindən verildiyini, yəni sahibinin elə özü olduğunu bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq, idrisə kisələri verəndə özü çöldə olmuş, İdrisin Mətləbə nə qədər pul verməsini görməmiş, nə də kisələrin çəkisini bilməmişdir. Hadisə zamanı o, oğurluq barədə bilməmişdir. Sonradan öyrənmişdir. Taksi sürücüsü oğurluq barədə heç nə bilməmişdir. Mətləb satdığı buğdanın pulundan taksi sürücüsünə verməmişdir. Ayrıca gediş haqqı üçün pul vermişdir. İş üzrə digər Şahid2 məhkəməyə ərizə təqdim edərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş, ifadəsinə əlavənin olmadığını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, Təqsirləndirilən şəxs 5-6 ilə yaxın müddətdir ki, tanıyır. Mətləb, onun yaşadığı Qəçrəş kəndində istirahət etmək üçün gələn şəxslərə müəyyən pul müqabilində at sürməyə verməklə məşğul olur. Mətləb 2022-ci ilin avqust ayının sonlarında ona yaxınlaşıb 3-4 hektar buğda əkdiyini və satışda buğda olduğunu bildirərək ondan buğda almaq istəyi olub-olmadığını soruşmuşdur. O da Mətləbə gətirərsən baxarıq, xoşuma gəlsə alaram deyə bildirmişdir. Bundan sonra Mətləb ona 16 sentyabr 2022-ci il tarixdə günorta saatlarında zəng vurub buğdası olduğunu, axşama ona buğda gətirəcəyini bildirmişdir. Həmin gün təxminən saat 22 radələrində Mətləb onun qapısını döyüb buğda gətirdiyini bildirmişdir. O qapıya çıxanda Mətləbin qırmızı rəngli VAZ 2106 markalı taksi avtomobili ilə buğda gətirdiyini görmüşdür. Mətləb özü kisələri bir bir avtomobildən düşürüb həyətinə daşımışdır. Bir kisə buğdanı ölçmüş, çəkisi təxminən 49-50 kiloqram gəlmişdir. Q Mətləbdən buğdaların özünə məxsus olub-olmamasını bir daha soruşmuş. Mətləb isə ona öz övladının canına and içərək buğdaların özünə məxsus olmasını inandırmışdır. O ümumilikdə Mətləbdən 07 kisə buğda almış və 280 manat pul vermişdir. Həmin pulun içərisində buğdanın qiymətindən əlavə yol pulu kimi 20 manat da Mətləb ondan almışdır. Təxminən 3-4 gün sonra Mətləb ona yenidən zəng edib yenə buğdası olduğunu deyib, onun üçün gətirəcəyini bildirmişdir. Mətləb yenə axşam saatlarında qapısını döyüb onu çağırmışdır. Q qapıya çıxdıqda Mətləbin bu səfər ağ rəngli VAZ 2107 markalı taksi avtomobili ilə buğda gətirdiyini, həmçinin yanında bir nəfər də gənc oğlan olduğunu görmüşdür. Mətləbdən həmin şəxsin kim olduğunu soruşduqda, həmkəndlisi olduğunu. Mətləbə kömək etmək üçün gəldiyini bildirmişdir. Mətləb və yanındakı tanışı kisələri həyətinə daşımağa başlamışdır. Bu səfər o buğda kisələrini tərəzidə çəkməmişdir, çünki ilk dəfə gətirəndə yoxlamaq üçün bir kisəni çəkmişdir, həmçinin gözəyarı da kisələrdə təxminən 50 kiloqram buğda olduğu görünürmüş. Bu səfər Mətləb 08 kisə buğda gətirmiş, o Mətləbə 200 manat pul vermişdir. Mətləbin ona məxsus mağazaya 30-40 manat da borcu olmuş, ona görə həmin borcunu da silərək Mətləbə 200 manat pul vermişdir. Təxminən iki-üç gün sonra Mətləb yanındakı həmkəndlisi ilə birlikdə taksi ilə yaşadığı evə gələrək ona satdığı buğdanın oğurluq olduğunu demiş və 280 manat pulu verib 10 kisə buğdanı ondan geri alıb aparmışdır. Bir neçə gün sonra yenə Mətləb tanışı ilə evinə gəlib onda qalan 2 kisə tam, 3 kisə isə başından bir qədər götürülmüş buğda kisələrini də geri alıb aparmışdır. Həmin vaxt nə qədər pul verdiyi tam yadında qalmamış, lakin ona 85 manat pul borclu qalmışdır. O Mətləbin buğdaları oğurladığını əvvəlcədən bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə) xx.xx.2022-ci il tarixli 9/8031 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqına qərarda göstərilən 01 kiloqram buğdanın 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 0,55 manat müəyyən edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il il tarixli qərarında qeyd olunmuşdur ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, zərərçəkmiş şəxsə məxsus buğdanın dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8031 №-li rəyində göstərildiyi kimi müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nın 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: “CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir”. Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs gizli talama yolu ilə ələ keçirmiş olduğu əmlakın dəyəri ümumi olaraq 495 təşkil etmiş və o, həmin oğurluq cinayətini zərərçəkmiş şəxsə məxsus anbara qanunsuz daxil olmaqla törətmişdir ki, bu da onun hərəkətlərində CM-nın 177.2.3-cü maddəsinin tərkibini yaratmış olur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir; Quba Rayon prokuroru Namiq Muradovun xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir; “qətimkan tədbiri seçilməsi haqqında” 21.10..2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nın 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü mədələrinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Quba rayon məhkəməsi tərəfindən Azərbayca Respublikası CM-nin 127.1, 221.2.2 və 66.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuşdur; Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 505 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Küpçal kəndində yaşayır və onun 1980-ci il təvəllüdlü arvadı X2, 2011-ci il təvəllüdlü oğlu X4 və 2012-ci il təvəllüdlü oğlu X3 ibarət ailə tərkibi vardır. Məhkəmə elektron sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Memati və xx.xx.2012-ci il təvəllüdlü Röyal adlı uşaqları vardır; Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bundan başqa məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertizasının dəyəri 50 (əlli) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-44/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-44/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver