Məhkəmə qərarları › İş №1(027)-44/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-44/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-44/2025 13.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı ildə ünvan 2ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, evli, Quba rayonu Qaraçay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 özgə 2024-cü ilin mart ayında tamah niyyətilə və özgə əmlakını ələ keçirmək məqsədilə Qusar rayonu, Əniğ kənd sakini Zərərçəkmiş şəxs2 inam və etibarından sui-istifadə edərək dəyəri 700 manat olan 01 baş, 3 illik, 100 kiloqram çəkidə süd verməyən yerli cins inəyini pulunu 1-2 günə ödəyəcəyini vəd edərək işlədiyi Quba şəhəri, M.P.Vaqif küçəsində yerləşən ət kəsim məntəqəsində alıb heyvanın ətini satdıqdan sonra pulunu öz ehtiyaclarına xərcləməklə zərərçəkmişə 700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 2024-cü ilin mart ayının sonlarında tamah niyyətilə və özgə əmlakını ələ keçirmək məqsədilə Quba rayonu, iqriq kənd sakini Zərərçəkmiş şəxs4 inam və etibarından sui-istifadə edərək dəyəri 1550 (min beş yüz əlli) manat olan 01 baş, erkək cinsli, 2 illik, 220 kiloqram çəkidə simental cinsə mənsub dananı pulunu tez bir zamanda ödəyəcəyini vəd edərək sonuncunun yaşadığı evin həyətində alıb heyvanın ətini satdıqdan sonra pulunu öz ehtiyaclarına xərcləyərək zərərçəkmişə 1550 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, 10 aprel 2024-cü il tarixdə tamah niyyətilə və özgə əmlakını ələ keçirmək məqsədilə Quba rayonu, Amsarqışlaq kənd sakini Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Qusar rayonu, Əniğ kənd sakini Zərərçəkmiş şəxs3 inam və etibarından sui-istifadə edərək dəyəri 700 (yeddi yüz) manat olan 01 baş, 4 illik, 100 kiloqram çəkidə süd verməyən, yerli cins inəyini, dəyəri 500 (beş yüz) manat olan 01 baş, 40 kiloqram çəkidə, erkək cinsli, 02 aylıq yerli cins dananı, dəyəri 1400 (min dörd yüz) manat olan 01 baş, 5 illik, 180 kiloqram çəkidə, süd verən, yerli cins inəyini pulunu 7 günə ödəyəcəyini vəd edərək Qusar rayonu, Əniğ kəndində yerləşən sonuncuya məxsus fərdi yaşayış evinin həyətində alıb heyvanları satdıqdan sonra pulunu öz ehtiyaclarına xərcləyərək zərərçəkmişə ümumilikdə 2600 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, 28 may 2024-cü il tarixdə tamah niyyəti ilə və özgə əmlakını ələ keçirmək məqsədilə Qusar rayonu, Yuxarı Ləgər kənd sakini Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edərək dəyəri 1500 (min beş yüz) manat olan 1 baş, 8 illik, 143 (yüz qırx üç) kiloqram çəkidə, süd verməyən, yerli cins inəyini pulunu 1-2 günə ödəyəcəyini vəd edərək işlədiyi Quba şəhəri, M.P.Vaqif küçəsində yerləşən ət kəsim məntəqəsində alıb heyvanın ətini satdıqdan sonra pulunu öz ehtiyaclarına xərcləyərək zərərçəkmişə 1500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, 26 may 2024-cü il tarixdə, saat 19 radələrində tamah niyyətilə və özgə əmlakını ələ keçirmək məqsədilə Quba rayonu, Cağacuq kəndində yaşayan Zərərçəkmiş şəxs5 inam və etibarından sui-istifadə edərək dəyəri 3500 (üç min beş yüz) manat olan 01 baş, 5 illik, 500 kiloqram çəkidə, süd verən simental cinsə mənsub inəyini pulunu tez bir zamanda ödəyəcəyini vəd edərək sonuncunun yaşadığı evin həyətində alıb heyvanın ətini satdıqdan sonra pulunu öz ehtiyaclarına xərcləyərək zərərçəkmişə 3500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, 09 iyun 2024-cü il tarixdə, saat 21 radələrində tamah niyyətilə və özgə əmlakım ələ keçirmək məqsədilə Quba rayonu, Küçeyi kəndində yaşayan Zərərçəkmiş şəxs6 inam və etibarından sui-istifadə edərək dəyəri 2800 (iki min səkkiz yüz) manat olan, 01 baş, 5 illik, 400 kiloqram çəkidə, süd verən yerli cins inəyini alıb pulunu tez bir zamanda ödəyəcəyini vəd edərək sonuncunun yaşadığı evin həyətində alıb heyvanın ətini satdıqdan sonra pulunu öz ehtiyaclarına xərcləyərək zərərçəkmişə 2800 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xeyli müddətdir ki, Quba şəhərinin ərazsində yerləşən ət kəsimi məntəqəsində qəssablıqla məşqul olur. 2024-cü ilin mart ayın sonlarında tanışı Qusar rayon sakini Məhəmməd adlı şəxs ona zəng edib, tanışında 1 baş satılıq inək olduğunu və sahibinində yanında olduğunu bildirmişdir. Həmin vaxt o telefonla malın sahibi olan əvvəllər tanımadığı adını sonradan bildiyi Elxan adlı şəxslə danışmışdır. Elxan telefonla danışdıqdan sonra həmin gün saat təxminən 17-18 radələrinə Elxan Məhəmməd ilə birlikdə onun işlədiyi Quba şəhərində yerləşən "Megastore" marketin arxasında ət kəsim məntəqəsinə 1 baş inəy gətirmişlər. O inəyə baxdıqdan sonra, inəyi 1100 manat qiymət qoyaraq inəyi həmin qiymətə almağa razı olmuşdur. Həmin vaxt o, Elxana inəyin pulunu 1-2 günə qaytaracağına söz vermişdir,. Sonra o həmin inəyi kəsib ətini satmış, lakin səhhətində yaranmış problemlər, həmçinin tanışı Eldəniz adlı şəxsin ondan aldığı 8000 manat borc pulunu qaytarmadığı üçün o Elxana verməli olduğu 1100 manat məbləğində pulu vaxtında qaytara bilməmişdir. 2024-cü ilin təxminən aprel ayının əvvəllərində tanımadığı adını sonradan bildiyi Qusar rayonu Əniğ kənd sakini Nail adlı şəxs ona zəng edib, satılıq mal-qarası olduğunu bildirmişdir. Təxminən 1-2 gün sonra o şəriki Eldənizlə birlikdə tanışı taksi sürücüsü Rafik adlı şəxsin idarə etdiyi VAZ 2107 markalı maşınla Nailin yaşadığı Qusar rayonu Əniğ kəndində yerləşən evinə getmişdir. Həmin vaxt Nail ona 4200 manat dəyərində olan 01 baş 4 illik 100 kq çəkidə olan inək, 01 baş 40 kq çəkidə 02 aylıq dana və 01 baş beş illik 180 kq çəkidə inəyin əvəzinə ya 4200 manat pul, ya da yerli cinsdən olan 2 baş inək və 02 baş dana verməyini bildirmişdir. Nailin təklifi ilə razılaşdıqdan sonra, onlar Quba şəhərində yük daşıma ilə məşğul olan Sərvan adlı şəxsə zəng edib, Qusar rayonu Əniğ kəndinə gəlməsini xahiş etmişlər. Həmin gün axşam radələrində o və Eldəniz Qusar rayon sakini Nail adlı şəxsə məxsus 02 baş inək və 01 baş dananı Quba şəhərində "Megastore" marketin arxasında yerləşən ət kəsim məntəqəsinə aparmışlar. Bundan sonra onlar həmin 3 baş iribuynuzlu heyvanları həmin gün Quba rayon sakini Sərvan adlı şəxsə 2400 manata satıb əldə olunan pulu Eldəniz ilə öz aralarında bölmüşlər. Payına düşən pulu səhhətində yaranmış problemləri müalicə etdirmək üçün xərcləmişdir. 2024-cü ilin may ayın sonlarında saat təxminən 18 radələrində xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan tanışı Elvin adlı şəxslə Qusar rayonu Yuxan Ləgər kəndinə getmişlər. Həmin gün onlar Elvin adlı şəxsin tanışı əvvəllər tanımadığı Qusar rayonu Yuxarı Ləgər kəndinə yaşayan Qirim adlı şəxsin evinə getmişlər. Həmin vaxt o, Qirimə məxsus 1 baş inəyə baxdıqdan sonra özünə məxsus olan ət kəsimi məntəqəsində kəsib heyvanın ətini satdıqdan sonra pulunu Qırıma verə biləcəyini bildirmişdir. Razılıq əldə olunandan sonra onlar Elvinlə birlikdə Quba şəhərinə qayıtmışlar. Onların arxasınca isə Qirimin oğlu Sərxan 01 baş inəyi Qazel markalı maşına onun işlədiyi Quba şəhərində "Megastore" marketin arxasında yerləşən ət kəsim məntəqəsinə gətirmişdir. Növbəti gün Qirimın iştirakı ilə Quba şəhərində "Megastore" marketin arxasında yerləşən ət kəsim məntəqəsində onun 1 baş inəyini kəsmişdir İnəyin təmiz ət çəkisi 143 kq təşkil etmişdir. Bu zaman Qirimə 1400 manat pul verməli olduğunu, o Qirimə pulu 1-2 günə verəcəyini bildirmişdir. Sonra o, inəyin ətini satıb əldə olunan pulu səhhətində yaranmış problemlərin müalicəsi ilə əlaqədar xərcləmişdir. 2024-cü ilin mart ayında Quba şəhərində əvvəllər tanımadığı sonradan adının Zərərçəkmiş şəxs4 olaraq bildiyi şəxslə tanış olmuşdur. Zərərçəkmiş şəxs4 bir baş erkək cinsli heyvanı olduğunu və onu satmaq istədiyini bildirmişdir. O, həmin vaxt Qabilə heyvanı kəsib ətini satdıqdan sonra pulu 1-2 gün ərzində verə biləcəyini bildirdikdə Qabil onunla razılaşmışdır. Bundan sonra növbəti gün o, Qabilin heyvanını onun həyətində kəsmiş, lakin pulunu heyvan satıldıqdan sonra ona verəcəyini bildirmişdir. Aralarında olan razılığa əsasən o, heyvanın satışından Qabilə 2520 manat verəcəkdir. Lakin müddət etibarı ilə pulu 1 həftə ərzində ona verəcəyini bildirsə də, ona pulu dediyi tarixdə verə bilməmişdir. xx.xx.2024-cü il tarixdə işlədiyi ət dükanında Zərərçəkmiş şəxs4 1000 manat, 1 həftə sonra isə həmin yerdə 500 manat pulu Zərərçəkmiş şəxs4 verdmişdir. Şəxsi işlərində, həmçinin ailə daxili işlərində yaranan problemlər ilə əlaqədar pulun qalan hissəsini Zərərçəkmiş şəxs4 ödəyə bilməmişdir. Bu səbəbdən, Zərərçəkmiş şəxs4 ilə görüşmək istəməmiş və ona heyvanın satılışından əldə etdiyi qalan pulu verməmişdir.26 may 2024-cü il tarixdə Quba rayonu Küçeyi kəndində yaşayan Zərərçəkmiş şəxs5 kimi tanıdığı şəxs ona məxsus 01 baş inəyi satmağında köməklik etməyi ondan xahiş etmişdir. Həmin günü axşam saat 19 radələrində Şasəddinin dediyi ünvana gələrək heyvana baxıb onun neçə illik və neçə kq olduğunu soruşmuş, daha sonra heyvanın satılmasında ona köməklik edəcəyini söz vermişdir. Şasəddinlə aralarında olan razılığa əsasən inəyi kəsib bir həftə ərzində ona 2000 manat məbləğində pul verəcəyini bildirib İnəyi yük maşını ilə işlədiyi ət kəsimi məntəqəsinə gətirib növbəti gün kəsərək əti satmışdır. Lakin şəxsi işləri ilə əlaqədar, həmçinin ailə daxili işlərində yaranan problemlər ilə əlaqədar heyvanın satılışından əldə etdiyi pulu Şasəddinə verməmişdir. 09 iyun 2024-cü il tarixdə gündüz vaxtı Quba rayonu Küçeyi kəndində yaşayan Zərərçəkmiş şəxs6 kimi tanıdığı şəxs işlədiyi Quba şəhərində yerləşən qəssab dükanına gələrək özünə məxsus 01 baş iribuynuzlu inəyi balası ilə birlikdə satmaq istədiyini və bu işdə ona kömək etməyini xahiş etmişdir. O, həmin vaxt Akifə heyvanlara baxdıqdan sonra ona dəqiq söz deyəcəyini bildirmişdir. Həmin günü axşam saat 21 radələrində Akifin yaşadığı Quba rayonu Küçeyi kəndində yerləşən evə gedərək 01 baş inəyə baxdıqdan sonra, inəyi kəsib əti satdıqdan sonra 2800 manat pulu Akifə verə biləcəyinə söz vermişdir.. Növbəti gün inəyi özünə məxsus məntəqədə kəsdikdən sonra, əti satıb əldə olunan pulu öz şəxsi işlərinə xərclədiyi üçün heyvanın satılışından əldə etdiyi pulu Akifə verməmişdir İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən peşiman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayının əvvəllərində tanışı Aslan adlı şəxslə birlikdə taksi sürücüsü Rafik adlı şəxsin idarə etdiyi VAZ 2107 markalı maşınla iribuynuzlu heyvan almaq məqsədi ilə əvvəllər tanımadığı adını sonradan bildiyi Qusar rayonu Əniğ kənd sakini Nail adlı şəxsə məxsus evə getmişlər. Həmin vaxt Nail onlara 4200 manat dəyərində olan 01 baş 4 illik 100 kq çəkidə olan inək, 01 baş 40 kq çəkidə 02 aylıq dana və 01 baş beş illik 180 kq çəkidə inəyin əvəzinə ya 4200 manat pul, ya da 2 baş inək və 02 baş dana vermələrini tələb etmiş, onlarda ona 1 həftəyə Siyəzən rayonundan mallarının gəlməli olduğunu bildirmiş və öz aralarında şifahi razılıq əldə etmişlər. Bundan sonra onlar Quba şəhərində yük daşıma ilə məşğul olan Sərvan adlı şəxsə zəng edib, Qusar rayonu Əniğ kəndinə gəlməsini xahiş etmişlər. Təxminən 2 saat sonra Sərvan özünə məxsus "FORD" markalı maşınla Nailin yaşadığı ünvanına gəlmişdir. Onlar Naildən nisyə aldıqları 3 baş iribuynuzlu heyvanları Sərvanın maşınına yükləyib Quba şəhərinə gəlmişlər. Onlar Quba şəhərinə çatan zaman Aslan ona bildirmişdir ki, Naildən aldıqları 3 baş iribuynuzlu heyvanları Sərvana 2400 manat satmışdır. Həmin vaxt Sərvanın verdiyi 2400 manat məbləğində pulu Aslanla pulu öz aralarında adama 1200 manat bölüşmüş, Rafikə yol pulu kimi 40 manat pul vermişlər. Payına düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayın ortalarında Qusar şəhəri, Avtovağzal dairəsi ərazisində tanışı olan Məhəmməd adlı şəxslə görüşüb, söhbət edən zaman, Məhəmmədə bildirmişdir ki, özünə məxsus ağ-qara rəngli, çəkisi təxminən 100 kq olan bir baş inəyi satmaq istəyir. Məhəmməd ona Quba rayonunda qəssab işləyən Aslan adlı tanışı olduğunu bildirmiş, ona zəng edib danışmış, daha sonra telefonu ona vermişdir. Aslanla telefonla danışan zaman Aslan ona bildirmişdir ki, əgər inək kökdürsə alır, o da öz növbəsində inəyin kök olduğunu bildirmişdir. Bundan sonra o kəndə qayıtmış, həmin gün saat 17 radələrində Qusar rayonu Əniğ kəndində yerləşən evdə olan zaman Məhəmməd "Qazel" markalı maşınla onun yaşadığı ünvana gəlmişdir. Həmin vaxt o, Məhəmmədlə birlikdə 01 baş inəyi "Qazelə" markalı avtomaşına yükləyərək inəyi Aslanın işlədiyi Quba şəhərində "Megastore" marketin arxasında yerləşən ət kəsim məntəqəsinə aparmışdır. Aslan inəyə baxıb, inəyin dəyərini 1100 manat olduğunu bildirmiş, o da razılaşmışdır. Daha sonra Aslan ona həmin inəyin müqabilində başqa 1 baş inək verə biləcəyini bildirdikdə, Aslana bildirmişdir ki, ona məxsus 1 baş inəyin müqabilində ya 1100 manat pul istəyir, ya da başqa bir baş inək, Aslan razı olaraq, 1-2 gün ərzində məsələni həll edəcəyini, ya 1100 manat pul verəcəyini, ya da bir baş inək verəcəyini bildirmişdir. Təxminən 1-2 gün sonra o, Aslana zəng edib, maraqlanan zaman. Aslan ona əvvəl güclü yağışlar yağdığı üçün fermaya gedə bilmədiyini, daha sonra dağda olduğu üçün məsələni həll edə bilmədiyini bildirib tez bir zamanda onun malını satıb pulunu verəcəyini bildirmişdir.. Bundan sonra o, dəfələrlə Aslana zəng edib, pulunu tələb edən zaman Aslan müxtəlif bəhanələr gətirərək inəyin pulunu ona verməmuişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qusar rayonu YuxanLəgər kəndində ailəsi ilə birlikdə yaşayır. Qubada qəssab işləyən Elvin adlı şəxsi tanıyır,. Belə ki, Elvinin ondan 1 dəfə 2 quzu almış, bundan başqa kəndlərinə gəlib başqa kənd sakinlərindən də quzu almışdır. Təqsirləndirilən şəxs1 Elvin vasitəsi ilə tanımışdır. Özünə məxsus olan 143 kq çəkidə olan 4 illik inəyini satmaq istədiyi üçün kənd sakinlərinə bu barədə xəbər vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Elvin Təqsirləndirilən şəxs1lə birlikdə onun yaşadığı evə gəlmişdir. Həmin xvaxt o, satmaq istədiyi inəyi onlara göstərdikdə, Aslan ona bildirmişdir ki, inəyi kəsdikdən sonra, hər kiloqramı üçün ona 10 manat pul verə bilər. Aslanın etdiyi təkliflə razəlaşmışdır. Həmin vaxt Aslan ona Quba şəhərində yerləşən “Megastore" marketin arxasında ət dükanında qəssab işlədiyini, oraya gəlib pulunu ala biləcəyini bildirmiş, bundan sonra o, Xuray kənd sakini Nazim adlı şəxsə zəng edərək yaşadığı evə dəvət edibözünə məxsus olan inəyi ona özünə məxsus olan "Qazel" markalı maşınla Quba şəhərinə aparmağı xahiş etmişdir. Nazim gəldikdən sonra, Aslan və Elvin ona məxsus olan inəyi Nazimin idarə etdiyi "Qazel" markalı maşına yükləyib, Quba şəhərinə aparmışlar. Həmin vaxt oğlu Sərxan da Nazimlə birlikdə getmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə o Aslanın işlədiyi Quba şəhərində yerləşən "Megastore" marketin arxasındakı qəssabxanasına getmiş və orada inəyin artıq kəsildiyini görmüşdür. Bir saat sonra inəyi ölçəndə məlum olmuşdur ki, 143 kq çəkisi var. 3 kq ətin halallığını verərək 140 kq ətin pulunu, yəni 1400 manatı ona verməsini bildirmişdir. Həmin vaxt Aslan oan inəyin ətini sataraq növbəti gün pulunu verəcəyini bildirmişdir.. Növbəti gün Aslanla əlaqə saxladıqda Aslan əti nisyə verdiyini, pulu alıb verəcəyini bildirmişdir. Üzərindən bir neçə gün keçməsinə baxmayaraq Aslan pulunu ona verməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Aslana zəng edib pulunu tələb etmiş, bundan sonra Aslanın həmin nömrəsinə zəng çatmamış və onunla əlaqə saxlaya bilməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın 900 manat hissəsinin ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Quba rayon sakini Aslan adlı şəxsi bir il olar ki, tanıyır. O, özünü qəssab, mal alqısatqısı ilə məşğul olan şəxs kimi tanıtmışdır. Tanış olan zaman Aslan ona satılmalı mal- qara olan zaman ona xəbər verməyi tapşırmışdır. Özünə məxsus xarici cins malları yerli cins mallarla əvəz etmək məqsədi ilə 2024-cü ilin aprel ayının 8-də o Aslana zəng edib bildirmişdir ki, gəlib satmaq istədiyi mallara baxsın.Bundan iki gün sonra, yəni 10 aprel 2024-cü il tarixində, saat 07 radələrində Aslan Eldəniz adlı şəriki ilə göy rəngli VAZ 2107 markalı avtomaşınla onun yaşadığı Qusar rayonu, Əniğ kəndində yerləşən evinə gəlmişlər. Onlar mallara baxdıqdan sonra, o və arvadı X6 bildirmişlər ki, bu malları aparıb əvəzinə onlara ya 4200 manat pul versin, ya da həmin heyvanların əvəzinə iki baş mal, iki baş dana olmaqla yerli malları gətirsin. Həmin vaxt Aslan və Eldəniz onlara bildirmişlər ki, bir həftə ərzində Siyəzəndə olan yerli cins malları gətirib onlara verəcəklər. Bundan sonra Aslan və Eldəniz ona məxsus 01 baş 4 illik 100 kq çəkidə olan inəyini, 01 baş 40 kq çəkidə 02 aylıq danasını və 01 baş beş illik 180 kq çəkidə inəyini Quba rayon sakini Sərvan adlı şəxsin idarə etdiyi "Qazel" markalı maşına yükləyərək aparmışlar. Heyvanları apardıqdan bir müddət sonra o, dəfələrlə Aslanla zəng edib danışsada Aslan və Eldəniz söz verdikləri məbləği və yaxudda 4 baş yerli cins heyvanı onlara verməmişlər. Yalnız Aslanın və Eldənizin qanunsuz hərəkətləri barədə hüququ mühafixə orqanlarına şikayət etdikdən sonra, mallarını dəyəri olan 4200 manat pulu ona ödəmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər tərəfindən 4200 (dörd min iki yüz) manat pulunun ona ödənildiyini bildirərək təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Quba rayonu, İqriq kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi kənd təsərrüfatı ilə məşğul olur. 2024-cü ilin mart ayının ortalarında pula ehtiyacı yarandığından öz həyətində saxladığı bir baş erkək cinsli iribuynuzlu heyvanı satmaq qərarına gəlmiş və dost-tanışa, bu barədə məlumat vermişdir ki, inəyi 2500 manata satır, müştəri olsa ona xəbər etsinlər. Lakin xeyli gözləsə də, müştəri çıxmamış, həmin ayın sonlarında Quba şəhərində yerləşən ət bazarının qarşısında bir neçə qəssaba satılıq heyvan olması barədə danışarkən bir nəfər şəxs ona yaxınlaşaraq qəssab kimi heyvan alveri ilə məşğul olduğunu və heyvanı kəsib ətin bir kiloqramının satış qiymətindən 1 manat aşağı alaraq satmaq istədiyini bildirmişdir. Razılıq verdiyi üçün həmin şəxs adının Aslan, ünvan 2indən olduğunu deyərək onun mobil telelfon nömrəsini götürmüşdür. Növbəti gün Aslan ona zəng edərək yaşadığı ünvana özünün idarə etdiyi ağ rəngli Niva markalı, dövlət qeydiyyat nömrəsinin sonu 411 rəqəmi ilə bitən avtomobillə gəlmişdir. Aralarındakı razılığa əsasən Aslan heyvanı həyətdə kəsmiş ki, ətin bir kiloqramını orta bazar satış qiyməti olan 14 manatdan 1 manat aşağı, yəni 13 manata hesablayaraq götürüb aparsın. Lakin Aslan heyvanı kəsib qutarandan sonra, üstündə pulu olmadığını, əti satıb onun pulunu verəcəyini demişdir. Heyvan kəsildiyi üçün çarəsiz qaldığı üçün Aslanla nisyə qiymətə razılaşmışdır. Heyvanın ətini tərəzidə çəkərkən 195 kq təşkil etmiş və 13 manatdan hesablayan zaman 2535 manat təşklil etsə də, Aslan qan itkisini nəzərə alaraq pulu aşağı etməyi bildirmişdir. Onlar 2520 (iki min beş yüz iyirmi) manata razılaşmış, Aslan həmin pulu 2 günə verəcəyini bildirmişdir. Aslan onda inam yaratmaq üçün balalarının canına and içmiş, həm Aslanın övladının canına and içməsinə, həm də heyvan kəsildiyi üçün çarəsiz qaldığına görə nisyə satmağa razılaşmışdır. Aslan zəng edərək əti aparmaq üçün ağ rəngli VAZ 2104 markalı avtomobil çağırmış, lakin o avtomobilin dövlət qeydiyyat nişanına fikir verməmiş və sürücünü tanımamışdır. Aslan ətin hamısını həmin avtomobilə yükləyərək aparmış və söz vermişdir ki, əti satıb pulu ən geci 2 günə çatdıracaq. 2 gün sonra o Aslana zəng edərək heyvanın pulunu istəmiş, lakin Aslan ətin tam satılmadığını, satılan hissəsinin də nisyə satıldığını, pulu tezliklə gətirib verəcəyini bildirmişdir. Lakin 2-3 gün keçsə də, Aslan pulu gətirməmişdir. Hər dəfə Aslana zəng edəndə müxtəlif bəhanələr gətirməyə başlamış və son vaxtlar isə Aslanın telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra başa düşmüşdür ki, Aslan onu aldadaraq ona məxsus 2520 (iki min beş yüz iyirmi) manat dəyərində bir baş ekək cinsli iribuynuzlu heyvanı ələ keçirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Quba şəhərində işlədiyi ət dükanında ona 1000 manat, 1 həftə sonra isə həmin yerdə 500 manat pulu ona vermişdir. İfadəsinin sonunda X3 təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın tam şəkildə ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Quba rayonu, Cağacuq kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi kənd təsərrüfatı ilə məşğul olur. 2024-cü ilin may ayının əvvəllərində xəstəliyi bağlı pula ehtiyacının yarandığından öz həyətində saxladığı bir baş iribuynuzlu heyvanı (inəyi) satmaq qərarına gəlmiş və dost-tanışa, bu barədə məlumat vermişdir ki, inəyi 2500 manata satır, müştəri olsa ona xəbər etsinlər. Lakin xeyli gözləsə də, müştəri çıxmamış, ona görə də məcbur olmuşdur ki, inəyi ucuz qiymətə də olsa satsın. Bu məqsədlə 26 may 2024-cü il tarixdə, günorta saatlarında 2024-cü ildə də heyvan satdığı, heyvan alveri ilə məşğul olan Aslan adlı şəxsə zəng edərək, satılıq inək olması barədə bildirmişdir. Aslan inəyə gəlib baxacağını demiş, elə həmin günü, saat 18:30 radələrində Aslan yanında iki nəfər şəxslə birlikdə onun yaş.adığı ünvana gəlmişdir. Aslan tövlədə inəyə baxaraq bəyəndiyini, lakin 2500 manata baha olduğunu bildirmişdir. Bunda sonra o, inəyi 2000 manata satmağa razılaşmış, Aslan inəyi nisyə almaq istədiyini, bir alverçi kimi sataraq onun pulunu ən gec halda 4 günə verəcəyini bildirmişdir. Aslan onda inam yaratmaq üçün balasının canına and içmişdir. Aslanın övladının canına and içməsinə inanıb inəyi nisyə satmağa razılaşmışdır. Saat 19 radələrində Aslan inəyi həyətindən götürüb boynundakı kəndirdən tutaraq aparmış və söz vermişdir ki, pulunu ən geci 4 günə çatdıracaq. 4-5 gün sonra o Aslana zəng edərək inəyin pulunu istəmiş, Aslan Siyəzəndə olduğunu, narahat olmamağı, pulu tezliklə gətirib verəcəyini bildirmişdir. Lakin Aslan pulu gətirməmiş, hər dəfə Aslana zəng edəndə müxtəlif bəhanələr gətirməyə başlamış və son vaxtlar isə Aslanın telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra başa düşmüşdür ki, Aslan onu aldadaraq ona məxsus 2000 manat dəyərində bir baş iribuynuzlu heyvanı ələ keçirib. Ona görə də o 08 iyun 2024-cü il tarixdə DİN-nin "102" xidmətinə zəng edərək məlumat vermişdir. İfadəsinin sonunda X1 dəymiş zərərin ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Quba rayonu, Küçeyi kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi kənd təsərrüfatı ilə məşğul olur. 2024-cü ilin iyun ayının əvvəllərində səhhəti ilə bağlı pula ehtiyacının yarandığından öz həyətində saxladığı bir baş iribuynuzlu heyvanı iki aylıq balası ilə birlikdə satmaq qərarına gəlmiş, dosttanışa, o cümlədən Quba rayonu, ikinci Nügədi kəndində yaşayan tanışı Xalidə bu barədə məlumat vemişdir ki, inəyi 2500 manata satır, müştəri olsa ona xəbər etsinlər. 09 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Xalid ona zəng edərək dedi ki, "inəyi sağıma alma, almaq istəyən var, mənimlə gəlib baxacaq". Çünki o heyvanı satmaq barədə məlumat verərkən bildirmişdir ki, satmaq istədiyi inək hər sağımda 4 litr süd verir. Həmin günü, saat 19 radələrində Xalid yanında bir nəfər şəxslə onun yaşadığı ünvana gəlmişdir. O əvvəllər həmin şəxsi görməmiş, Xalid həmin şəxsin ünvan 2 sakini və adının Aslan olduğunu bildirmişdir. Aslan ona demişdir ki, "inəyi yaxın bir adam üçün alır, həmin adam özü xəstə olduğu üçün gələ bilmir, inək 3 litr süd verərsə, həmin adamı qane edəcək". Aslan ondan " inəyin axır qiyməti nədir?" deyərək soruşmuş. O isə cavab vermişdir ki, "2400 manata verə bilər". Aslan baha olduğunu bildirmiş o son qiymət olaraq 2300 manata satdığını bildirmiş və Aslan qiymətlə razılaşmışdır. Bundan sonra həyat yoldaşı Güldəstə inəyi onların yanında sağmış və görmüşlər ki, inək 4 litrə yaxın süd verir. Aslan ona demişdir ki, "yaxşı inəkdir, amma pulunu 2-3 günə gətirtib çatdıra bilər". O isə cavab vermişdir ki, "2-3 günə gecdir". Aslan demişdir ki, "bəlkə səhər gətirib çatdıracam". Aslan onda inam yaratmaq üçün ailəlikcə namaz qıldığını, əvvəllər atasının ferma müdiri, anasının isə mühasibatçı və hal-hazırda qardaşının Quba Rayon Polis Şöbəsində işlədiyini bildirmişdir. O, Aslanın sözlərinə inanıb inəyi nisyə satmağa razılaşmışdır. Aslan inəyi aparmaq üçün zəng edərək avtomobil çağırmış, və həmin gün saat 21 radələrində inəyi həyətində avtomobilə yükləyib aparmışlar. Aslan getməmişdən əvvəl ona öz əlaqə telefon nömrəsini vermiş, bir gün sonra o Aslana zəng edərək demişdir ki, "Quba şəhərinə getməlidir, yolüstü inəyin nisyə pulunu da götürəcək". Aslan cavab vermişdir ki, "səhər gəlmə, 5-ci günü gələrsən". 5-ci günü, yəni 14 iyun 2024-cü il tarixdə Quba şəhərində yerləşən ət mağzasmın qarşısına gedərək Aslanı görmüşdükdə, Aslan ona demişdir ki, "Bakıya mal alıb göndərmişdir, həmin malları satıb pullarını alandan sonra onun pulunu 1-ci günü gətirib çatdıracaq". O Aslana inanaraq sağollaşıb getmiş, 1-ci gün zəng etsə də, Aslana zəng çatmamışdır. Bundan sonra başa düşmüşdür ki, Aslan onu aldadaraq ona məxsus 2300 manat dəyərində bir baş iribuynuzlu heyvanı iki aylıq balası ilə birlikdə ələ keçirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxslə barışmadığını və ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 19 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/9776/2024 nömrəli rəyindən görünür ki, İş üzrə zərərçəkmiş şəxslərə məxsus əmlakların ümumi dəyəri aşağıakı kimi müəyyən edilmişdir: 1.Zərərçəkmiş şəxs1 məxsus 1 baş 8 illik, 143 kiloqram çəkidə süd verən, yerli cins inək aydın deyil; 2.Zərərçəkmiş şəxs2 məxsus 1 baş 3 illik, 100 kiloqram çəkidə, süd verməyən, yerli cins inək - 700.00 manat; 3.Zərərçəkmiş şəxs3 məxsus 1 baş 4 illik 100 kq çəkidə süd verən, yerli cins inək-700,00 manat; - 1 baş 40 kq çəkidə erkək cinsli 2 aylıq yerli cins dana - 500,00 manat; - 1 baş 5 illik 180 kq çəkidə süd verən yerli cins inək - 1400,00 manat; 4.Zərərçəkmiş şəxs4 məxsus erkək cinsli 2 illik 220 kq çəkidə simental cinsinə mənsub dana 1550,00 manat; 5.X2 məxsus 1 baş 5 illik, 500 kq çəkidə, süd verən simental cinsə mənsub inək - 3500,00 manat, 6.Zərərçəkmiş şəxs6 məxsus, 1 baş 5 illik, 400 kq çəkidə, süd verən, yerli cins inək-2800,00 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxslə təkrar ələ keçirərək dələduzluq etməklə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, iş üzrə keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin 13 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs1 barəsində Qusar rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablanmışır. Məhkum xx.xx.2024-cü il tarixə cəzasının 02 il 04 ay 02 gün hissəsini çəkmiş, üzərində çəkilməmiş qalan 01 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan Quba RİHB-nın X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İV 587594 saylı “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2021-ci il təvəllüdlü X5 vardır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Quba Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulmaqla təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini etiraf etməklə səmimi peşmançılığını, vurulmuş ziyanın bir hissəsini ödəməsini, himayəsində azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdirş İş materiallarına əlavə edilmiş Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs1 tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazıki hökmlə təyin edilmiş cəzaya Quba rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günü azadlığın məhdudlaşdırılmasını cəzasının iki gününə bərabər tutulmaqla qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar