Məhkəmə qərarları › İş №1(027)-45/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-45/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-45/2021 09.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçi – Quba Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Quba rayonunun Küpçal-Qışlaq kəndində anadan olmuş, Azərbayca Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 06.10.2016-cı il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 30.10.2018-ci il tarixli qərarı ilə 3 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, 16.02.2119-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 21.05.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 19.05.2021-ci il tarixdən hesablanmaqla barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Quba rayonu, Küpçal- Qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2020-ci il tarixdə, saat 11:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etmədən, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan baş etibarnamə əsasında idarə etdiyi “VAZ 21013” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Xaçmaz yolunun 1-ci km-də, Alekseyevka kəndi ərazisində 40-50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qaədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasizlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək həmin tələbləri kobud şəkildə pozmaqla yolun solundan hərəkət hissəsinə daxil olaraq sağa doğru keçmək istəyən piyada xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan, sifətində çoxlu sıyrıq, alt dodağın selikli qışasında və çənəaltında ortada əzilmiş-cırılmış yara, sağ qasıq sümüyünün çoxqəlpəli sınığı, sağ dizdə sıyrıq kimi sağlamlıqda uzun müddətə pozğunluq törətdiklərindən, sağlamlığa az ağır zərə vurmaya aid xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki o, “VAZ 21013” markalı **- MU-*** dövlət qeydiyyat nişanlı avtomobili 27.09.2020-ci il tarixdə Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini Rabiyyə Əkbərovadan almişdır. Aldığı avtomobili Rabiyyə Əkbərova tərəfindən verilmiş baş etibarnamə əsasında idarə etmişdir. O, həmin avtomobili sürücülük hüququ olmadan idarə edərək taksi fəaliyyəti ilə məşğul olurmuş. 29.09.2020-ci il tarixdə təxminən saat 11 radələrində avtomobildə ondan başqa 4 nəfər hərbi qulluqçu olarkən Quba Xaçmaz istiqamətində hərəkət edərkən, Quba rayonu Alekseyevka kəndi ərazisində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən, bir nəfər balaca qız uşağının qaçaraq avtomobilinin qarşısından yolu keçmək üçün yolun hərəkət hissəsində sol tərəfdən sağ tərəfə doğru qaçdığını görüb onu vurmamaq üçün əyləci bassada avtomobili saxlaya bilməyib, avtomobilin ön hissəsi ilə qızı vurmuşdur. Bundan sonra, idarə etdiyi avtomobili saxlayıb yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış qızı öz avtomobili ilə Quba RDM-ya aparmışdır. Xəsarət alan qıza tibbi yardım göstərilmişdir. Sonradan bilmişdir ki, həmin qız Quba rayon, Alekseyevka kəndində yaşayan Zərərçəkmiş şəxsdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, Quba rayonunun Alekseyevka kəndində qeydiyyatda olmaqla həmin ünvanda valideynləri ilə birlikdə yaşayır. Hazırda Quba rayonu, Alekseyevka kəndində yerləşən tam orta məktəbin 4-cü sinif şagirdidir. 29.09.2020-ci il tarixdə saat 11 radələrində Quba rayonu Alekseyevka kəndində yerləşən tam orta məktəbdə dərsdən çıxıb evlərinə getmək üçün avtomobil yolunun kənarına gəlmişdir ki, avtomobil yolunu keçsin. Avtomobil yolunda sol tərəfdən tünd rəngli avtomobil gəldiyini görüb gözləmiş, sol tərəfdən gələn avtomobil keçdikdən sonra təxminən 10-15 metr məsafədən ağ rəngli “VAZ 21013” avtomobil gəldiyini görüb və yolu keçə biləcəyini düşünüb yolun hərəkət hissəsinə daxil olaraq qarşı tərəfə doğru qaçmışdır. Yolun əks istiqamətinə keçməyini tam başa çatdırmaq üzrəykən VAZ 21013 markalı avtomobil onu sağ tərəfindən vurmuşdur. Xatırladığı qədər avtomobil ön hissəsi ilə onu vurduqdan sonra havaya qalxıb yerə çırpılmış və başı yerə dəymişdir. Aldığı zərbədən huşunu itirmiş, daha sonra özünə gələn zaman Quba rayon xəstəxanasında olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. 29.09.2020-ci il tarixdə həmişəki kimi Fidan səhər məktəbə getmiş və dərs vaxtı qurtardıqdan sonra aidiyyəti üzrə dərsdən çıxıb evə gələrkən Quba-Xaçmaz avtomobil yolunda onu avtomobil vurmuşdur. Hadisəni eşidən kimi dərhal Quba rayon xəstəxanasına getmişdir. Orada ona məlum olmuşdur ki, qızı Fidanı Xaçmaz rayonunun Küpçal-Qışlaq kənd sakini Təqsirləndirilən şəxs İdarə etdiyi “VAZ 21013” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmuşdur. İfadəsinin sonunda Qanuni nümayəndə qızının müalicəsi üçün bütün xərcləri özü çəkdiyini, təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir məbləğdə maddi yardım göstərilmədiyini bildirib təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 06 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər baş-beyin silkələnməsi ilə müşayiət olunan sifətində çoxlu sıyrıq. Alt dodağının selikli qişasında və çənəaltında ortada əzilmiş-cırılmış yara, sağ qasıq sümüyünün çoxqəlbəli sınığı, sağ dizində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 29.09.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiklərindən sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materialında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24.12.2020ci il tarixli rəyindən görünür ki, “VAZ 21013” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Quba RPŞ-nin, DYPB-si tərəfindən verilmiş 13.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. İş materiallarında olan 510 saylı, 29 sentyabr 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədilən zaman ayıq olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə tibb ekspertizasının müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən gürünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 06.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 30.10.2018-ci il tarixli qərarı ilə 3 ay 16 gün vaxtından əvvəl şərti azad olunaraq 16.02.2119-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Quba rayon X7 Hüquqi şəxsdən daxil olmuş 07.11.2020-ci il tarixli, 3378 saylı məktubundan görünür ki, Quba rayonu, Küpçal-Qışlaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi Xəstəxanasında psixo-nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Hacıhüseynli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.11.2020-ci il tarixli, 1010 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Kupçal- Qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun təqsirini etiraf edərək əməlindən səmimi peşiman olmasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarında cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxslərin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxslərin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 01 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Quba rayon PŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 fevral 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına üzürsüz səbəbdən gəlmədiyi üçün Quba rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində seşilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. Quba rayon polis şöbəsinin 29 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olduğu üçün onun barəsində Bakı şəhəri, Nasimi RPİ-də Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qərimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 may 2021-ci il tarxdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək tutulduğu 01 gün müddət, nəzərə alınaraq ona təyin olunacaq cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99- 1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası təhqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut hesab edilmiş yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 fevral 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut hesab edilmiş yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar