Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-45/2023 15.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci ildə Quba rayonu Digah kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu Digah kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 21 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində idarə etdiyi özünə məxsus “Opel Zafira” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Qonaqkənd yolunun 12-ci kilometrliyində Quba şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3- cü bəndinin tələblərinə əsasən gözü qamaşdıqdan qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib Quba-Qonaqkənd yolunun 12-ci kilometrliyində Quba şəhəri istiqamətində yolun hərəkət hissəsində olan piyada Quba rayonu, Çiçi kənd sakini X4 avtomobilinin qabaq hissəsi ilə vurmuş və nəticədə ehtiyyatsızlıqdan sonuncunun ağzın hər iki küncündə kəsilmiş yaralar, alt çənəsinin damağının köndələn istiqamətli kəsilmiş yarası, sol mil-bilək nahiyəsinin arxa səthində və sol dizin ön səthində sıyrıqlar, sol təpə nahiyəsinin yumşaq toxumalarının daxili səthində qansızma, sağ yarım kürənin üstündə qan laxtası, baş-beyin toxumasında xırda ölçülü nöqtəvari qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızı rəngli maye, beyincik toxumasında nöqtəvari qansızmalar, kəllə əsasının sol ön və arxa çuxurlarında sınıq xətləri əmələ gəlməsi kimi xəsarətlərlə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərdən baş beyinə qansızma nəticəsində ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməklə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, rəsmi olaraq iş yeri olmasa da özünə məxsus “Opel Zafira minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərir. 21 oktyabr 2022-ci il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi avtomobillə Quba şəhərindən rayonun Püstəqasım kəndində getmişdir. Həmin kənddə üç nəfər sərnişini götürərək Bakı şəhərinə getmək üçün yola düşmüşdür. Nəqliyyat vasitəsini idarə edən zaman Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yolun ortasında sonradan adını bildiyi Quba rayonu, Çiçi kənd sakini X4 vurub xəsarət yetirmişdir. O, piyadanı vurduqdan sonra zərbənin təsirindən həmin piyada avtomobilinin qarşısında yolun hərəkət istiqamətinə yıxılmışdır. Bundan sonra o, dərhal avtomobilini saxlayıb həmin piyadanı öz avtomobilinə mindirmişdir. Vurduğu piyadanı idarə etdiyi avtomobillə Quba RDM-na aparmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X5 onun atasıdır. Hadisə baş verən zaman Bakı şəhərində olmuşdur. 21 oktyabr 2022-ci il tarixdə Quba rayonunda yol nəqliyyat hadisəsi olduğunu və hadisə zamanı atasının xəsarət alaraq Quba RMX-na yerləşdirildiyini telefon vasitəsi ilə ona xəbər vermişlər. O, Bakı şəhərində olduğundan polis əməkdaşları atasının hadisədən sonra vəfat etməsini ona bildirməmişlər. Sonradan isə ona məlum olmuşdur ki, Quba rayonu Digah kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə atası Tahiri vurub xəsarət yetirmiş və atası aldığı xəsarətlərdən vəfat etmişdir. İfadəsinin sonunda X8 Təqsirləndirilən şəxs bağışladığını, onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə saat təxminən 20 radələrində tanımadığı taksi sürücüsü onu, anası və arvadını yaşadığı Püstəqasım kəndindən Bakı şəhərinə aparmaq üçün kəndə gəlmişdir. Onlar taksi sürücüsünün avtomobilinə əyləşib Bakı şəhərinə doğru yola düşmüşlər. Nəqliyyat vasitəsi hərəkətdə olan zaman Quba rayonu, İkinci Nügədi kəndi ərazisində taksi sürücüsü yolun ortasında bir nəfər tanımadığı piyadanı vurub xəsarət yetirmişdir. Piyada vurulduqdan sonra zərbənin təsirindən həmin avtomobilin qarşısında yolun hərəkət istiqamətinə yıxılmışdır. Bundan sonra o və sürücü dərhal avtomobildən aşağı enmiş və vurulan piyadanı avtomobilə əyləşdirmişlər. O, və ailəsi avtomobildən enmiş, sürücüsü isə vurduğu piyadanı xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 qeyd etdiklərini təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Qusar rayon şöbəsinin 21 noyabr 2022-ci il tarixli 45 nömrəli rəyindən görünür ki. X2 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: -xarici müayinədə: ağzın hər iki küncündə kəsilmiş yaralar, alt çənəsinin damağının köndələn istiqamətli kəsilmiş yarası, sol mil-bilək nahiyəsinin arxa səthində və sol dizin ön səthində sıyrıqlar, daxili müayinədə: sol təpə nahiyəsinin yumşaq toxumalarının daxili səthində qansızma, sağ yarım kürənin üstündə qan laxtası, baş-beyin toxumasında xırda ölçülü nöqtəvari qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızı rəngli maye, beyincik toxumasında nöqtəvari qansızmalar, kəllə əsasının sol ön və arxa çuxurlarında sınıq xətləri müəyyən olunur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 21 oktyabr 2022-ci il tarixdə yol- nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya malikdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,9% etil spirtli tapılmışdır. Bu da sağlığında yüngül dərəcəli sərxoşluq törədə bilərdi. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və solisilatlar aşkar edilməmişdir. X2 ölümünə səbəb baş-beyinə qansızma olmuşdur və bir başa yol nəqliyyat hasisəsi ilə səbəbli əlaqəsi vardır. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in 26 dekabr 2022-ci il tarixli 8/3175 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qpel Zafira markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materillarında olan Quba RPŞ-nin X16 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs AF №325735 saylı, B dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan sərxoşluq halının təyini məqsədilə alkotester vasitəsilə keçirilmiş müayinənin nəticəsinə dair 03391 saylı görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən sərxoş olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 notariat qaydada təsdiqlənmiş ibtidai istintaqa təqdim etdiyi və Quba rayon məhkəməsinə təqdim etdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi var. Belə ki, məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58, 59, 60, 61-ci maddələrinin tələblərini, o cümlədən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinin 27 oktyabr 2022-ci il tarixli arayışından görünür ki. Təqsirləndirilən şəxs rayonun Digah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, onun arvadı X6, qızı X9 və oğlu X7 ibarət ailə tərkibi vardır, Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99- 1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il, 04 (dörd) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xərci olan 128 (bir yüz iyimi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-45/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-45/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver