Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-46/2024 06.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 02 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 8,668 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 19 noyabr 2023-cü il tarixdə, saat 14:25-də Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba-Bakı yolunun sağ kənarında Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsinin arxasında saxlanılaraq onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli dəri gödəkçəsinin sol iç cibində gizlətdiyi xeyli miqdarda yəni, 02 ədəd kibrit qutusunda hər birisinin ayrı-ayrılıqda təmiz çəkisi 4,218 qram və 4,450 qram olmaqla ümumi təmiz çəkisi 8,668 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etsə də narkotiklə bağlı əvvəllər məhkum olunmamışdır. Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Döyüşlərdə aldığı xəsarətlər sağlamlığına təsir etmiş, səhhətində olan ağrıları azaltmaq üçün arada narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 19 noyabr 2023-cü il tarixdə keçmiş döyüş yoldaşlarını görmək üçün Quba rayonuna gəlmişdir. Quba-Bakı yolunun Quba rayonu Birinci Nügədi kəndi ərazisində yol kənarında yol maşınından düşəndə irəlidə yolun sağ hissəsində olan “QazqazOil” YDM-nə çatmamış, yerdə sellofanda olan iki ədəd kibrit qutusu aşkar etmişdir, onlara baxdıqda içərisində otşəkilli yaşıl rəngli kütlə görmüş və həmin kütlənin marixuana olduğunu bilmişdir. O, həmin bükümü seilofandan çıxarıb əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibinə qoymuşdur. Həmin gün saat 14 radələrində piyada yol kənarı ilə hərəkət edib “QafqazOil” YDM-nin qarşısına çatdıqda özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, da üzərində narkotik vasitə olmasını, lakin ondan istifadə etmədiyini bildirmişdir. Vəkilin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı üzərindən 1 ədəd günəş eynəyi, 1 ədəd qol saatı, 1 ədəd şokolad, 39 manat pulu və həmin iki kibrit qutusunda olan kütlələr aşkar edilmişdir. Həmin qutulardakı kütlələri narkotik vasitə qurudulmuş marixuana olmasını və özünə məxsus olmasını etiraf etmişdir. Üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 noyabr 2023cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü il tarixdə saat 14:25-də Xətai Quba- Bakı yolunun sağ kənarında, Quba rayonu Birinci Nügədi kəndi ərazisində yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsinin arxasında saxlamışlar. Təqsirləndirilən şəxs saxlandıqdan sonra, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçəsinin sol iç cibində gizlətdiyi 02 ədəd kıbrit qutusu aşkar edilmişdir. Onların içərisinə baxıldıqda orada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Sorğu zamanı Xətai Əliyev həmin bükümlər narkotik vasitə qurudulmuş marixuana olmasını və özünə məxsus olmasını etiraf etmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Həmin kütlələrdən başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki o, da Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 20 noyabr 2023-cü il tarixli 3- 16-16/2-7/1589 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış 02 ədəd kibrit qutusunda hər birisinin ayrı-ayrılıqda təmiz çəkisi 4,218 qram və 4,450 qram olmaqla ümumi çəkisi 8,668 qram olan bitki mənşəli kütlə, tərkibinə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə — qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 8,668 qram təşkil edir, tədqiqata sərf edildi - 0,1 qram, qalıq isə 8,568 qram. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2023-cü il tarixli 8372 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin istifadə etmə halları olub. Lakin hazırda Təqsirləndirilən şəxs müayinəsi zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,568 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut hesab edilərək saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağında təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışın keçirilməsini özündə əks etdirən DVD diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, 19 noyabr 2023-cü il tarixdə saat 14:25-də Quba-Bakı yolunun Quba rayonu Birinci Nügədi kəndi ərazisində yerləşən “Qafqaz Oil” YDM doldurma məntəqəsinin arxasında Təqsirləndirilən şəxs Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılır. Həmin vaxtı Təqsirləndirilən şəxs özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib təqdim edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələrini izah edirlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah olunur. Üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibindən1 ədəd günəş eynəyi, 1 ədəd qol saatı, 1 ədəd şokolad, 39 manat pul və həmin iki kibrit qutusunda olan kütlələr aşkar edilir. Aşkar edilmiş bükülüdəki kütlə zərfə qoyularaq qablaşdırılaraq möhürlənir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 8,668 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 19 noyabr 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Əliyev X6 rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzaya 01 il 06 ay müddətinə sınaq müddəti kimi müəyyən edilməklə şərti məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli, 225/21 saylı məktubundan görünür ki, Əliyev X6 rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı xx.xx.2023-cü il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan Şabran RİHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəliyindən alınmış 24 noyabr 2023-cü il tarixli 6153/2023 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X7 şəhəri Vidadi küçəsi ev 15-də qeydiyyatda olub yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, CM-nin aşağıdakı maddələrini rəhbər tutur. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxnin haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,568 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonar məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şabran, Xaçmaz və Siyəzən rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,568 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonar məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-46/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-46/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver