Məhkəmə qərarları › İş №1(027)-47/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-47/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-47/2023 25.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, evli, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 09 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən fermanın qarşısında bağlanmış Zərərçəkmiş şəxs1 məxsus bir rəst 600,00 manat dəyərində 7 yaşlı, dişi cinsli atı və həmin atın balasını, yəni bir rəst 350,00 manat dəyərində 4 aylıq erkək cinsli dayçanı hörükdən açaraq aparıb gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 950,00 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, yenidən tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 09 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Quba rayonu, Paşaoba kəndində yerləşən pomidor sahəsində elektrik dirəyinə bağlanmış Zərərçəkmiş şəxs2 məxsus bir rəst 400,00 manat dəyərində 13 yaşlı, erkək cinsli atı hörükdən açaraq aparıb gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 400,00 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç bir yerdə işləmir, meşədən qoz, alma və yemişan yığıb satmaqla dolanır. 09 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən bağa gəlmiş və orada Kamilin fermasının yanında yerləşən bağdan bir rəst ana, bir rəst bala olmaqla iki ədəd atın ağaca bağlanmış vəziyyətdə olduğunu görmüşdür. Q, həmin atları yerindən açıb ana olan atın üstünə minib Amsar kəndindəki meşə tərəfə yola düşmüş, sonra qoz, itburnu və yemişan yığaraq Şabran rayonu Gəndov kəndi istiqamətində getməyə başlamışdır. Yolla gələrkən Gəndov kəndinin girəcəyində bir rəst ağ rəngli erkək at arxasınca gəlməyə başlamışdır. O, həmin atı nə qədər qovmaq istəsə də, həmin at uzaqlaşmamışdır. O, götürdüyü iki rəst atla birlikdə Gəndov kəndində yaşayan sinif yoldaşı Qəhrəmanın evinə gəlib küçədən onu çağırmışdır. Onun çağırışına Qəhrəmanın atası çölə çıxmışdır. Qəhramanın atası ilə görüşdükdən sonra, ondan Qəhrəmanı çölə çağırmasını xahiş etmişdir. Qəhraman çölə çıxıb onunla görüşdükdən sonra onu evinə dəvət etmişdir. Həmin vaxt o, Qəhramana yanında olan bir rəst ana, bir rəst bala olmaqla iki ədəd atı göstərib həmin atların özünə məxsus olduğunu, ana atın ayağındakı nal yeyildiyindən sürmək mümkün olmadığını, bir-iki günə nal alıb atın ayaqlarını onun həyətində nallayaraq Şirvan şəhərinə gedəcəyini və atları da özü ilə bərabər Şirvan şəhərinə aparacağı bildirib həmin atların onun həyətində qalmasını xahiş etmişdir. Qəhraman heç bir şeydən şübhələnmədən onun xahişi ilə atları yaşadığı evin həyətinə salmışdır. Digər onların arxalarınca gələn atı isə Qəhrərmanla birlikdə qovmuşdur ki, çıxıb getsin. Qəhramanın evində çay işib bir qədər dincəldikdən sonra, yaşadığı Quba şəhərinə qayıtmışdır. Küçədə qonşu Bəxtiyarla görüşüb meşəyə gedərkən ümumi tanışları Zərərçəkmiş şəxs1 atlarını ona məxsus fermanın həyətindən sürüb Qəndob kəndinə aparmasını Kamilə deməsini xahiş etmişdir. Həmin vaxt Bəxtiyar ona bildirmişdir ki, Kamilə bu barədə məlumat verəcək. Bundan bir–iki gün sonra, axşam saatlarında Kamil işçisi Namiq ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Həmin vaxt o, Kamilə meşəyə gedərkən atlarını fermanın həyətindən sürüb apardığını və sonradan Şabran rayonunun Qəndob kəndində yaşayan sinif yoldaşı Bəxtiyarın həyətinə apardığını etiraf etmişdir. Səhəri gün Kamil onunla birlikdə Şabran rayonunun Qəndob kəndinə gedib Qəhrəmanın evinin həyətindən saxladığı iki ədəd atı Kamilə təhvil vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus bir rəst 400,00 manat dəyərində 13 yaşlı, erkək cinsli atın oğrlanması faktı ilə əlaqədar ona elan edilmiş İttiahım üzrə özünü ümumiyyətlə təqsirli bilmədiyini, 09 oktyabr 2022-ci il tarixdə axşam saatlarında meşədən Gəndov kəndinə gayıdarkən həmin kəndin girəcəyində bir rəst atın onun arxasınca gəldiyini görüb həmin atı tanışı Qəhrəmanla birlikdə qovduğunu, həmin gün yalnız Zərərçəkmiş şəxs1 məxsus iki rəst atı oğurlayıb Qəhraman Mirzəyevin həyətinə apardığını bildirərək Zərərçəkmiş şəxs2 atının oğurlanması ilə əlaqadar ona elan olunmuş epizoda bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Quba şəhəri, Dəvədabanı yaşayış massivində ferması var və fermada ev quşları, ev heyvanları və fermanın qarşısında açıq sahədə iki rəst at saxlayır. Həmin atların biri 7 yaşlı ana at, digəri isə 4 aylıq dayçadır. 10 oktyabr 2022-ci il tarixdə, saat 07 radələrində fermaya gəldikdə həmin atların fermanın qarşısında bağladığı yerdə görməmiş, nə qədər atları axtarsa da, tapa bilməmişdir. Ona görə də 11 oktyabr 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vurub atların oğurlanması barədə məlumat vermişdir. Bir neçə gün sonra, kəndlərinə yaşayan Bəxtiyar ona demişdir ki, digər həmkəndliləri Tərlan ona (Bəxtiyara) demişdir ki, atların yerini bildiyi üçün Tərlanla əlaqə saxlasın. O işçisi Namiqlə birlikdə Tərlanın yaşadığı evə getmiş, Tərlan ona atları kiminsə götürüb apardığını gördüyünü və hazırda Şabran rayonu, Qəndob kəndində olduğunu, səhəri gün atları götürə biləcəklərini demişdir. O Tərlanla razılaşmış, səhərisi gün Tərlan ailəsi ilə birlikdə taksi avtomobili ilə Şabran rayonu, Qəndob kəndinə getmiş, öz avtomobili ilə Namiqlə birlikdə Tərlanın arxasınca getmişlər. Qəndob kəndində Tərlan evlərin birinə girmiş və oradan ona məxsus iki rəst atı evin həyətindən çıxarıb ona vermişdir. O, həmin atları “Qazel” markalı avtomobilə yükləyib fermaya aparmışdır. Ona məxsus atın biri ana at olmaqla dişi cinsli, qırmızı rəngli və 7 yaşlıdır. Digəri at isə həmin ana atın balası olmaqla 4 aylıq qırmızı rəngli dayçadır. Hazırda ona vurulmuş ziyan ödənilmişdir və şikayəti yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Quba rayonu, Paşaoba kəndi ərazisində Quba-Bakı yolunun sağ tərəfində yerləşən sahədə pomidor əkmişdir. O ailəsi ilə birlikdə həmin pomidor sahəsində işləyir. Özünün 12-13 yaşlarında erkək, ağ rəngli bir atı vardır. 09 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində atını pomidor sahəsində elektrik dirəyinə bağlayıb ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qədmalı Qışlaq kəndinə getmişdir. 14 oktyabr 2022-ci il tarixdə ailəsi ilə birlikdə pomidor sahəsinə qayıtmışdır. Həmin vaxt onlar atın bağladığı yerdə olmadığını görmüşlər. O nə qədər atını tapmaq üçün soraqlaşsa da, tapa bilməmişdir. Ona görə də 15 oktyabr 2022-ci il tarixdə arvadı Lalə Aydəmirova DİN-nin 102 xidmətinə zəng vurub atın oğurlanması barədə məlumat vermişdir. Ona məxsus həmin at ağ rəngli, erkək cinsli, 12-13 yaşlarında olmuşdur. 102 xidmətinə məlumat verdikdən təxminən 15 gün sonra, ona məxsus olan bir rəst at Bakı–Quba magistral yolunun kənarından tapılmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Quba şəhəri, M,Tahirov küçəsi ev 48-də ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs uzun illəridir tanıyır və qonşuluqda yaşayırlar. Quba şəhər sakini Zərərçəkmiş şəxs1 də uzun illəridir tanıyır. Belə ki, Kamilin Quba şəhəri, Dəvədabanı yaşayış massivində bağ sahəsi vardır. 11 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində o Dəvədabanı yaşayış massivində küçədə olarkən Tərlanı görmüş, Tərlan ona Kamilin atını sürüb Şabran rayonu, Gəndob kəndinə apardığını, ona Tərlanla bilikdə atlarını götürə biləcəyini deməsini tapşırmışdır. O, Tərlana bu barədə Kamilə deyəcəyini bildirmiş, Kamilə atlarının Tərlan tərəfindən sürülərək Şabran rayonu, Gəndob kəndinə aparılması və Tərlanın atları onunla (Kamillə) birlikdə gedib gətirmək istəməsi barədə Tərlanın ona deməsini bildirmişdir. Sonrakı günlərinin birində Kamil ona demişdir ki. Tərlanla birlikdə gedib Gəndob kəndindən atları gətirmişlər. Tərlan ona Kamilə məxsus atları oğurlaması barədə deməmiş, sadəcə kamilə məxsus iki rəst atı Gəndob kəndində yaşayan tanışının evinə apardığını demişdir. Sonradan ona məlum olmuşdur ki. Tərlan həmin atları oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə uzun illər əvvəldən tanışdırlar. 09 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Gəndov kəndində evdə olarkən atası Qubadan olan tanışı Tərlanın onu səslədiyini dedikdə, çıxaraq Tərlanla görüşmüşdür. Tərlan ona yanında olan bir rəst ana, bir rəst bala olmaqla iki ədəd atı göstərib həmin atların özünə məxsus olduğunu, bir-iki günə Şirvan şəhərinə gedəcəyini və atları da Şirvan şəhərinə aparacağını, ana atın ayağındakı nal yeyildiyindən sürmək mümkün olmadığını bildirirək, həmin atların onun həyətində qalmasını xahiş etmişdir. Tərlan Qubaya qayıdaraq nal alandan sonra gəlib atın ayağına onun həyətində nal vuraraq atları aparacağını demişdir. Tərlan onun evində çay içdikdən sonra, atları həyətində qoyaraq çıxıb getmişdir. Üç-dörd gündən sonra Tərlan həyat yoldaşı və iki uşağı ilə onlara gələrək atları həyətdən götürüb aparmış və yaşadığı küçənin başında kiməsə təhvil vermişdir. Sonradan ona məlum olmuşdur ki. Tərlan həmin atları yaşadığı Quba rayonunun ərazisindən oğurlayaraq onun həyətinə gətirmiş və küçənin başında atları təhvil verdiyi şəxs də sahibi olmuşdur. Əlavə edərək Tərlanın həmin atları onun həyətinə gətirərəkən oğurluq olduğunu bilmədiyini, belə ki, Tərlan onu inandıraraq atların özünə məxusus olmasını, ana atın ayağındakı nal yeyildiyindən sürmək mümkün olmadığını və Qubaya qayıdaraq nal aldıqdan sonra gəlib nal vuraraq atları aparacağını bildirirək, həmin atların onun həyətində qalmasını xahiş edərkən o, heç nədən şübhələnməmiş, atların Tərlanın özünə məxsus olmasını yəqin etmişdir. Tərlan 09 oktyabr 2022-ci il tarixdə onun yaşadığı evə gələrkən özü ona bildirmişdir ki, arxasınca erkək at gəlmiş və həmin atı qovmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında Quba rayonu, Paşaoba kəndində yerləşən pomidor sahəsindən Zərərçəkmiş şəxs2 məxsus bir rəst 400,00 manat dəyərində 13 yaşlı, erkək cinsli atın oğurlanması ilə əlaqədar Quba rayon polis şöbəsinin istintaq bölməsində aparılan cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı əsasında itən at onun tərəfindən 2022-ci ilin noyabr ayının əvəlində Bakı-Quba yolu ilə Bakı-Xaçmaz yolunun birləşdiyi Gəndov kəndi ərazisində yol kənarından tapılaraq cinayət işinin istintaqını aparan müstəntiq Anar Şirinovun iştirakı ilə atın sahibi Zərərçəkmiş şəxs2 təqdim edilmişdir. Cinayət işi materialına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 9/9264 nömrəli rəyindən görünür ki, 2022-ci ilin oktyabr ayına olan orta bazar qiymətləri: bir rəst 13 yaşında erkək at - 400,00 manat, bir rəst 7 yaşında dişi at - 600,00 manat və bir rəst 4 aylıq erkək dayça - 350,00 manat olmaqla onların ümumi dəyəri 1350,00 müəyyən edilir. Beləliklə, təqsirləndirilən şəxsin ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin məhkəmə araşdırması zamanı hadisə yerinin müayinə protokolu və hadisə yerinin fotoşəkillərin tədqiqi və onlara hüquqi qiymət verilməsi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, 09 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Quba rayonu, Paşaoba kəndində yerləşən pomidor sahəsində elektrik dirəyinə bağlanmış Zərərçəkmiş şəxs2 məxsus bir rəst 400,00 manat dəyərində 13 yaşlı, erkək cinsli atı hörükdən açaraq gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 400,00 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etməsi epizodunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşməklə, bununla bağlı heç bir sübut təqdim olunmadığından, ittihamın bu hissəsində yaranan şübhəni digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu olmadığından və ittihamı sübuta yetirmək şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşdüyündən, müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməli olduğundan, bu xüsusat Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin epizod üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd edilən Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 09 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Quba rayonu, Paşaoba kəndində yerləşən pomidor sahəsində elektrik dirəyinə bağlanmış Zərərçəkmiş şəxs2 məxsus bir rəst 400,00 manat dəyərində 13 yaşlı, erkək cinsli atı hörükdən açaraq gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 400,00 manat məbləğində maddi ziyan vurmaqla oğurluq edilməsi barədə verilən ittihamla bağlı Təqsirləndirilən şəxs təqsirsiz hesab edilməli və həmin epizod üzrə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən fermanın qarşısında bağlanmış Zərərçəkmiş şəxs1 məxsus bir rəst 600,00 manat dəyərində 7 yaşlı, dişi cinsli atı və həmin atın balasını, yəni bir rəst 350,00 manat dəyərində 4 aylıq erkək cinsli dayçanı hörükdən açaraq aparıb gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 950,00 manat məbləğində ziyan ziyan vurmaqla oğurluq etməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri) yetirilsə də, ikinci epizod üzrə ona bəraət verildiyindən onun əməli təkrar törədilmiş oğurluq əməli kimi qiymətləndirilə bilməz. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli CM-in 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başcısının Quba şəhəri inzibati ərazi dairəsi üzrə verilmiş 10 noyabr 2022-ci il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki. Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ailə tərkibi anası, həyat yoldaşı və xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan “Nikah haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, Niftəliyev X1 Xalidə Sədulla qızı ilə xx.xx.2017-ci ildə nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 333 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Niftəliyeva” soyadı verilmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”lərin surətlərindən göründüyü kimi, X6 xx.xx.2019-cu ildə və X7 xx.xx.2019-cu ildə anadan olmuşlar, ana - X5, ata- Təqsirləndirilən şəxs kimi müəyyən edilmişdir. İş materiallarında olan “Qayıdış şəhadətnamə”sinin surətlərindən göründüyü kimi, AR Xarici İşlər Nazirliyi şəhadətnaməni təqdim edəcəyi təqdirdə X2 azyaşı övladları xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə Azərbaycan Respublikasına qayıdışına köməklik göstərməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşmançılığı, zərərçəkmiş şəxslə barışmaqla şikayətin olmaması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir, belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ilə ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla ona təyin olunacaq islah işləri cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət iş üzrə maddi sübut kimi tanınmış 2 rəst atın zərər çəkmiş Zərərçəkmiş şəxs1 və 1 rəst atın zərər çəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsxüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkilinə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq uba rayon Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs verilmiş ittihama 09 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Quba rayonu, Paşaoba kəndində yerləşən pomidor sahəsində elektrik dirəyinə bağlanmış Zərərçəkmiş şəxs2 məxsus bir rəst 400,00 manat dəyərində 13 yaşlı, erkək cinsli atı hörükdən açaraq gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 400,00 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etməsi epizodu üzrə təqsiri sübuta yetmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübüt kimi tanınmış- 2 rəst atın zərər çəkmiş Zərərçəkmiş şəxs1 və 1 rəst atın zərər çəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğ Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. 09 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Quba rayonu, Paşaoba kəndində yerləşən pomidor sahəsində elektrik dirəyinə bağlanmış Zərərçəkmiş şəxs2 məxsus bir rəst 400,00 manat dəyərində 13 yaşlı, erkək cinsli atın hörükdən açılaraq gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 400,00 manat məbləğində ziyan vurmaqla oğurluq epizodu üzrə təqsirli şəxsin müəyyən edilməsi məqsədilə müvafiq materiallar Quba RPŞ-ə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar