Məhkəmə qərarları › İş №1(027)-47/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-47/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-47/2024 20.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxxx 2001-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan, Qəbələ rayonu, Quşlar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yaşayan, 26 dekabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə, saat 03 radələrində BA052775 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə və ayıq vəziyyətdə idarə etdiyi “Hundai” markalı “Matrix” modelli **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Qonaqkənd yolunun Quba rayonu, İkinci Nügədi kəndindən keçən hissəsində Quba şəhəri istiqamətində 120 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1- ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmçinin “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox yəni 120-140 km/saat sürətlə idarə etməli olduğu halda, qeyd olunan tələblərə riayət etməmiş, nəticədə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, X6 ilə münasibətləri olmuş və ailə qurmaq qərarına gəlmişlər. Anası İncinin anası İlhamə xanıma zəng edib elçi getmək istədiklərini bildirsədə İlhamə xanım buna razılıq verməmişdir. 2023-cü ilin avqust ayının sonlarında İnci istirahət etmək üçün xalasının yaşadığı Quba rayonunun Təngəaltı kəndinə getmişdir. 04 sentyabr 2023-cü il tarixdə İnci ilə telefonla danışan zaman razılaşmışlar ki o, Quba rayonuna gedib İncini qaçırsın. Bundan sonra, İnci ona vatsap vasitəsi ilə olduğu yer üzrə məkan bildirişi göndərmişdir. O, dostu Şahid1 birlikdə 04 sentyabr 2023-cü il, saat təxminən 00:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Hunday Matrix” markalı avtomobililə Quba rayonunun Təngəaltı kəndinə getmişdir. 05 sentyabr 2023-cü il tarixdə, saat təxminən 03 radələrində İncinin atdığı ünvana çataraq avtomobildə oturub onu gözləmişlər. İncini gözlədiyi zaman tanımadığı bir avtomobilin sürücüsü ona yaxınlaşaraq gecə xaxtı onların məhəllələrində dayanmasının səbəbini soruşduqda o, həmin şəxsə nişanlısını gözlədiyini bildirmişdir. Həmin şəxs ondan nişanlısının kim olduğunu soruşduqda, o İnci olduğunu bildirmişdir. Tanımadığı şəxs İncinin atasına zəng edəcəyini dedikdə həmin vaxt İnci gələrək onun avtomobilinin arxa oturacağında əyləşmiş və o dərhal yola düşmüşdür. Bir qədər getdikdən sonra, tanımadığı avtomobili idarə edən həmin şəxsin onun arxası ilə gəldiyini görmüş və sürətini artırmışdır. Həmin şəxs də sürətini artıraraq onun arxasınca gəlmişdir. Kəndin çıxacağında ki, körpünün üstündə idarə etdiyi avtomaşını saxlayıb onları təqib edən avtomobilin sürücüsü ilə qısa söhbətdən etdikdən sonra, yoluna davam etmiş və sürətlənərək bir qədər getdikdən sonra arxadakı avtomobilin sürətini azaltdığını görmüş və irəli baxdıqda dərə gördükdə yoldan çıxmasına 15 metr məsafə qalmış əyləci sıxsa da, idarəetməni itirərək yoldan çıxmış və dərəyə aşmışdır. Hadisədən sonra huşunu itirmişdir. İnci zərbənin təsirindən onun üzərinə düşmüş və ağzından qan gəlmişdir. Dərhal İncini arxa oturacağa uzatmış və qışqıraraq ətrafda ola insanlardan kömək istəmişdir. Bir qədər sonra bir nəfər şəxs gələrək İncini avtomobildən çıxarmış və daha sonra FHN əməkdaşları onu və İlhamı çıxararaq xəstəxanaya aparmışlar. Həmin vaxt avtomobili 120-140 km/saat sürətlə idarə etdiyini, avtomobildə qeyd etdiyi şəxslərdən başqa sərnişin qismində heç kəs olmadığını, hadisədən əvvəl spirtli içki qəbul etmədiyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirib ona ağır cəza verilməməsi xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3 ifadəsində bildirmişdir ki, İnci Səfərli onun qızıdır və “Topçubaşov adına X7”ndə tibb bacısı işləmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində İnci ona Nihat adlı şəxsdən xoşu gəlməsini bildirmiş, ondan bir ay sonra Nihatın anası Leyla ona zəng edərək, Nihatın İnci ilə münasibətləri barədə bildirmişdir. O, Leylaya bu işdən xəbəri olduğunu, lakin Nihatın heç yerdə işləmədiyini, işə düzələcəyi halda elçi gəlmələrini bildirmişdir. 23 avqust 2023-cü il tarixdə qızı İnci istirahət etmək üçün Quba rayonunun Təngəaltı kəndində yaşayan xalası Nailəgilənin evinə qonaq getmişdir. 05 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Quba rayonunda olan qohumu həyat yoldaşı İlhama zəng edərək Nihat adlı şəxsin İncini qaçıran zaman onların avtomobil qəzasına düşmələrini bildirmişlər. Onlar dərhal Quba rayonuna gəlib öyrənmişlər ki, avtomobil qəzası nəticəsində qızları İnci vəfat etmişdir. İfadəsinin sonunda X3 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhərində dostu Nihat Nəsirovla görüşdüyü zaman Nihat İnci adlı qızla münasibətəri olduğunu, lakin valideynlərinin narazı olduğunu bildirmişdir. Bir qədər sonra, Nihad ona bildirmişdir ki, İnci ailə qurmaq məqsədi ilə onu Quba rayonundan qaçırmağı təklif edir. İnci vatsapla olduğu yerin məkan məlumatını Nihada göngöndərdikdən sonra, o, Nihada birlikdə Nihatin idarə etdiyi "Hundai Matrix” markalı avtomobillə Quba rayonuna yola düşmüşlər. İncinin Nihada göndərdiyi “məkana uyğun yerə, yəni sonradan ona məlum olan Quba rayonu, Təngəaltı kəndinə çatdıqdan sonra, Nihat avtomobili İncinin olduğu məhəllədə saxlamışdır. Bu zaman tanımadıqları şəxs avtomobilə yaxınlaşaraq dayanmalarının səbəbini soruşmuşdur. Nihat həmin şəxsə nişanlısı İncini aparması üçün gəldiyini bildirmişdir. Bundan sonra həmin şəxs onlardan uzaqlaşaraq divarın dibində oturmuş, bir qədər sonra İnci evdən çıxaraq gəlib onların avtomobilə əyləşmişdir. Onlar yola düşdükdən sonra adını bilmədiyi həmin şəxs öz avtomobili ilə onların arxası ilə gələməyə başlamışdır. Onlar həmin şəxsdən uzaqlaşmaq üçün Nihat avtomobili yüksək sürətlə, yəni 140-150 km/saat sürətlə idarə etməyə başlamışdır. Bir qədər getdikdən sonra onların avtomobil ani olaraq yoldan çıxıb dərəyə aşmışdır. Sonra huşunu itirmiş və xəstəxanada özünə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2023-cü il tarixdə, saat təxminən 03 radələrində idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təngəaltı kəndində yaşadığı məhəlləyə çatdıqda, tanımadığı iki şəxsin avtomobilinin işıqları ilə siqnal verdiklərinin şahidi olmuş və yaxınlaşaraq köməkilk təklif etmişdir. Həmin şəxslərdən biri ona nişanlısı İncini aparmaq üçün gəldiklərini bildirmişdir. O, həmin şəxsə İncinin atasına zəng etməsini tələb etdikdə, İnci evdən çıxıb həmin avtomobilin arxa oturacağında əyləşmiş və onlar çıxıb getmişlər. O, dərhal İncinin qonaq kimi qaldığı evə məlumat vermək üçün əmisinin həyat yoldaşına zəng edərək İncinin çıxıb getdiyini bildirmiş və dərhal öz avtomobilinə əyləşərək qohumu Elşadla həmin avtomobilin arxası ilə getmişdir. Yolda həmin avtomobilin Pivahid kəndi yolunda saxladığını görüb avtomobili saxlamış və qışqıraraq polisə məlumat verdiyini bildirmişdir. Daha sonra həmin şəxs avtomobili Nügədi kəndi istiqamətində sürərək uzaqlaşmış və o da həmin şəxsin arxası ilə getmişdir. Sonra həmin avtomobilin saxladığını gördükdə, həmin şəxsə polisə məlumat verdiyini ucadan dedikdə, həmin avtomobil yenidən sürətlənəək uzaqlaşmışdır. Həmin şəxs avtomobilinin sürətlə sürdüyündən aralarında 200-250 metr məsafə yaranmışdır. Daha sonra həmin avtomobilin getdiyi yoldan toz-duman qalxdığını görmüş, həmin yerə çatdıqda kənar şəxslərin körpünün üstündə dayandıqlarını görmüş, həmin vaxt avtomobilin yoldan çıxaraq çaya düşdüyünü aşkar etmişdir. Dərhal avtomobilin yanına düşmüş və avtomobilin sürücüsü ilə digər sərnişinin salamat olduqlarını, İncinin isə huşsüz vəziyyətdə olduğunu görüb onu avtomobildən çıxararaq xəstəxanaya aparmışdır. İbtida istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 05 oktyabr 2023-cü il tarixli, 48 nömrəli nömrəli rəyindən görünür ki, X1 meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, sol göz orbiti strafinda qancir- hematoma qulaq keçəcəklərindən və burnundan qanı ifrazat, sag dirsəkdə və sağ diz nahiyəsində əzilmiş-cırılmış yaralar sifətin və bədənin çoxlu sıyrıq və qançırı daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sol alın-təpə-giegah nahiyəsində geniş qansızma, kəllə əsası sümüklərinin sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansizma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altmda qansızma sağ bud və baldır sümüklərinin açıq qəlpəli sınığı və həmin nahiyədə yumşaq toxumalarda qansızma aşkar edilmişdir ki, bunlar da həyatı olub ölümündən az əvvəl yetirilməyə uyğundur, 05 sentyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, həmin xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Meyitdən götürülən qanda məhkəmə-kimyəvi müayinə zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Ölümə səbəb baş vermiş yol-nəqliyyat qəzası zaman başin küt travması nəticəsində kəllə əsasının sınığından törənən baş beyin toxumasına qansızma olmuşdur, ölüm 05 sentyabr 2023-cü il tarixdə saat 04-20-də xəstəxanada baş vermişdir, təşrih zamanı ölümün həmin vaxtda baş verməsi inkar olunmamışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının dair 05 sentyabr 2023-cü il tarixli, 656 nömrəli nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - “sağ qalça tini üzərində qançır, sağ bazunun orta 1/3-nin ön səthində, sağ və sol dizdə sıyrıqlar” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 05 sentyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 14 sentyabr 2023-cü il tarixli, 669 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - “baş beyin silkələnməsi ilə müşayiət olunan burnunun üstündə qançır, burun sümüklərinin qapalı sınığı, sifətində və belində sağda sıyrıqlar” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 05 sentyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 15 dekabr 2023- cü il tarixli, 8/3583 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Eiyundai Matrix” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Quba RPŞ-nin DYP-nin xx.xx.2023-cü il tarixli 00955 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədən zaman sərxoş olmamışdır. Cinayət işi materialına əlavə olunmuş Quba RPŞ-nin DYPB tərəfindən verilmiş 22 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs BA N° 052775 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan X4 ölümünə səbəb olmuş və bununla da Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərilə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan medalların surətlərindən göründüyü kimi, Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsində iştirak etdiyinə görə “Suqovuşanın azad olunması” medalı və “Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Məmmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müsbət xarekterizə olunur. İş materiallarından görünür ki, orta təhsillidir, fərdi əməklə məşğul olur, subaydır, Qəbələ rayonu, Quşlar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yaşayır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, Vətən müharibəsində iştirak etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 85 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müddətinin əvvəli çəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar