Məhkəmə qərarları › İş №1(027)-48/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-48/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-48/2020 28.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Quba rayonu, Zizik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs fərdi qaydada fəaliyyət göstərən dəllal kimi vasitəçilik edərək Quba şəhər sakini Zərərçəkmiş şəxs1 özünə məxsus evinin xx.xx.2016-cı il tarixdə 31 000 (otuz bir min) manat müqabilində satılmasından sonra həmin pulu ələ keçirmək qərarına gəlib, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə faktiki özünə məxsus olmadığından üzərində sərəncam vermək hüququ olmayan, Quba şəhəri 32-33-cü məhəllədə yerləşən 0,25 ha həyətyanı torpaq sahəsini Mədinə Xələfocaya göstərib torpağın ona məxsus olduğunu dəyərindən ucuz qiymətə satıldığını bildirərək gələcəkdə daha çox gəlir əldə edə biləcəyini vəd edib aldatmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs1 xx.xx.2016-cı il tarixdə Quba rayon Dövlət Notariat Kontorunda kredit müqaviləsi kimi sənədləşdirməklə 20000 (iyirmi min) manat, yaşadığı ünvan 1 ünvanının qarşısında xx.xx.2016-cı il tarixdə 3500 manat, xx.xx.2017-ci il tarixdə 3500 manat, xx.xx.2017-ci il tarixdə 2500 manat və xx.xx.2017-ci il tarixdə isə 500 manat olmaqla cəmi 30000 (otuz min) manat məbləğində pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə edərək və aldatma yolu ilə özgənin əmlakıı ələ keçirmək məqsədilə Quba rayonu Alpan kənd sakini Zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətində olan Quba şəhəri Vaqif küçəsində yerləşən 0,0055 ha kommersiya təyinatlı torpaq sahəsini 18000 (on səkkiz min) manata satacağını vəd edib aldatmaqla gələcəkdə alqı-satqının həyata keçirilməsi üçün müvafiq etibarnamə lazım olduğunu bildirərək 2018-ci ilin sentyabr ayında Quba regional “ASAN xidmət” mərkəzinin notariat şöbəsində adına etibarnamə verməsinə nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsini Zərərçəkmiş şəxs2 ilə razılaşdırmadan ondan xəbərsiz Quba şəhərində X2 faktiki olaraq dəyərindən aşağı qiymətə, yəni 14000 (on dörd min) manata sataraq həmin pulu ələ keçirməklə zərərçəkmiş şəxs G.İsgəndərovaya xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə edərək və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həyətyanı torpaq sahəsi tapması üçün ona müraciət emiş Quba rayonu Şuduq kənd sakini Zərərçəkmiş şəxs3 Şahid3 məxsus Quba rayonu Timiryazev qəsəbəsi ərazisində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini göstərib ucuz, yəni real dəyərindən də aşağı qiymətəŞahid3 alacağını vəd edib onu aldadaraq vahid niyyətlə yaşadığı Quba rayonu Şuduq kəndində yerləşən evinin qarşısında xx.xx.2019-cu il tarixdə günorta saatlarında 6000 manat, bir gün sonra, yəni xx.xx.2019-cu il tarixdə isə 2000 (iki min) manat, ümumilikdə Zərərçəkmiş şəxs3 8000 (səkkiz min) manat məbləğində pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifaəsində göstərmişdir ki o,15 ildən çoxdur ki, Quba şəhərində ev və torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Yəni evini və torpağını satmaq istəyən şəxslər ona müraciət edirlər və oda həmin ev və torpaqların satılması üçün müştəri taparaq torpaqların satılmasını həyata keçirmişdir. Alış və satış işləri yekunlaşdıqdan sonra tərəflər ona könüllü maddi yardım göstərmişlər. O, Zərərçəkmiş şəxs1 2016-cı ilin noyabr ayında tanımışdır, sonuncunun Quba şəhəri 32-33-cü məhəllədə yerləşən 4 sot torpaq sahəsi və ərazisində heç kimin yaşamadığı bir mərtəbəli fərdi yaşayış evi olmuşdur. Həmin evin satılması üçün müştəri tapmışdır. Quba rayon Dövlət Notariat Kontorunda qeyd edilən əmlakı müştəriyə 31 000 manata satılmasında Mədinəyə köməklik göstərmişdir. Buna görə də Mədinə ona həmin puldan 1500 manat zəhmət haqqı olaraq ödəmişdir. 2016-cı ilin dekabr ayının əvvəllərində Mədinə ona zəng edərək, evi satmağı ilə bağlı alğı-satqı müqaviləsinin surətini istəmiş, o da həmin sənədin surətini evi satdığı müştəridən əldə edərək Mədinəyə vermişdir. Həmin vaxt Mədinə pulunu depozit qaydasında banka qoymaq istədiyini və faizini almaq istədiyini bildirmişdir. O da ona məxsus Quba şəhəri 32-33-cü məhəllədə yerləşən və çıxarışını düzətməyə çalışdığı 25 sot torpaq sahəsini dəyərindən ucuz qiymətə sata biləcəyini və pulunu banka qoymaqdansa həmin torpaq sahəsini alaraq gələcəkdə iki dəfə baha qiymətə sata biləcəyini bildirmişdir. Mədinəyə 25 sot torpaq sahəsini cəmi 30000 manata sata biləcəyini demiş və Mədinə də razılaşmışdır. O, Mədinəyə ona inanması üçün pulun bir hissəsini notariat qaydasında borc müqaviləsi şəklində verməsini təklif etmişdir. Mədinə də razılaşmışdır. Bunun üçün o torpaq sahəsini Mədinənin mülkiyyətinə keçirmək üçün ailə üzüvlərindən 3 nəfər şəxsin şəxsiyyət vəsiqəsini almışdır. Bir neçə gündən sonra faktiki ona məxsus bəhs olunan torpaq sahəsini Mədinəyə göstərmişdir. Bundan sonra Mədinə ilə razılaşıb, xx.xx.2016-cı il tarixdə sonuncu ilə birlikdə Quba rayon Dövlət Notariat Konturuna gedərək 20000 manat pulu borc almağı ilə bağlı Mədinə ilə kredit müqavləsi bağlamışlar. Belə ki, Mədinə ona 20000 manat pulu notariat konturunda ödəmişdir. Qalan 10 000 manat pulu da yaşadığı evinin qarşısında hissə-hissə ona vermişdir. Aldığı pulların məbləğini və tarixlərini öz xətti ilə onda olan həmin kredit müqaviləsinin üzərinə yazmışdır. Mədinə artıq pulunu tələb etməyə başlayanda o 2018-ci ilin yay aylarında hissə-hissə Mədinəyə 6800 manat pul ödəmişdir. İstintaq dövründə də, yəni xx xxxxxx 2020-ci il tarixdə qalan pulunu da tam şəkildə Mədinəyə ödəmişdir. Şahid1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. 2018-ci ilin sentyabr ayında tanışı Sədi Babayev onu Sahiblə tanış etmişdir. Sahib arvadının adına 55 kvadrat metr satdıq torpaq sahəsi olduğunu bildirmişdir. Sahib torpaq sahəsini 18000 manat pula satacağını demiş və satmağının səbəbini əldə etdiyi pula qızına Quba şəhərində ev tikmək üçün torpaq sahəsi alacağı olmuşdur. O da həmin torpaq sahəsini 18000 manat pula sata biləcəyini öhdəliyinə götürmüşdür. Bunun üçün 3 ay vaxt istəmişdir. Daha sonra Sahib, arvadı Gülər və Sədi ilə birlikdə qeyd edilən torpaq sahəsinə yerindəcə baxış keçirmişlər. Həmin vaxt o, Güləri inandırmışdır ki, “get-gəl” olmasın deyə torpaq sahəsinin sənədlərini ona versin, əlavə də sərəncam vermək hüquqlu etibarnamə versin, torpaq sahəsini özü satıb pulunu verəcəyini demişdir. Sahib və Gülər məsləhətləşib, onun təklifi ilə razılaşmışlar. 2018-ci ilin sentyabr ayında Sahib və Gülər Quba rayon ASAN Xidmət Mərkəzinin qarşısında onunla görüşmüşlər. Həmin vaxt ASAN Xidmət Mərkəzində Gülər ona özünə məxsus 55 kvadrat metr torpaq sahəsinin çıxarış sənədini və həmin torpaq sahəsinin satılması üçün etibarnamə vermişdir. O, Gülərə məxsus həmin torpaq sahəsini pula ehtiyacı olduğundan xx.xx.2019-cu il tarixdə Quba şəhərində tanışı Şahid2 arvadı Həlimə Hümmətovaya alğı-satqı müqaviləsi ilə dediklərindən aşağı qiymətə, yəni 14000 manata satmışdır. Niyyəti təcili pul əldə etmək və borclarını vermək istəməyi olmuşdur. Ona görə də bu barədə Gülər və ailəsinə məlumat verməmişdir. Əldə etdiyi pulu şəxsi ehitiyaclarına və borcuna xərcləmişdir. 2018-ci ilin oktyabr ayında Gülər və əri Sahib onlara məxsus torpaq sahəsini satdığından xəbərdar olmuş və onunla görüşmüşlər. Sahib və Gülərə həmin torpaq sahəsinin əvəzinə Quba şəhərində ev tikmək üçün torpaq sahəsi təşkil edəcəyini bildirmiş və bu günədək də bunun üçün çalışdığını onlara inandırmışdır. Buna baxmayaraq Sahib və Gülər ona şans vermişlər ki, Quba şəhərində həmin pulun əvəzinə ev tapsın. O, Sahib və Gülərə Quba şəhərində və Quba rayonu Zizik kəndində bir neçə satılıq evlər göstərmişdir. Lakin həmin şəxslər göstərdiyi evlərin heç birini bəyənmədiyindən pullarını tələb etmişdir. O isə indiyədək çalışmışdır ki, işləyib pul qazanaraq Gülərə vurduğu maddi ziyanı ödəsin. Zərərçəkmiş şəxs3 2020-ci ilin aprel ayının əvəllərində tanışı Şahid4 vasitəsi ilə tanımışdır. Səxavət həmin ərəfədə ona Ayaza ev tikməsi üçün torpaq sahəsi lazım olduğunu bildirmiş və ondan satın almaq üçün torpaq sahəsi tapmağını xahiş etmişdir. Səxavət onu xx.xx.2020-ci il tarixdə Quba regional “ASAN” Xidmət Mərkəzinin qarşısında Ayazla görüşdürmüşdür. Ayaz ondan satın almaq üçün münasib qiymətə 0.03 ha torpaq sahəsi tapmağını xahiş etmişdir. O da razılaşmış və Ayaza Quba rayonu, Zizik kəndində və Quba rayonu, Alekseyvka kəndində satılıq müxtəlif torpaq sahələri göstərmişdir. O, Ayaza Quba rayonu Timiryazev qəsəbəsində yerləşən özünə məxsus olduğunu bildirdiyi, lakin Şahid3 məxsus sahəsi 0,03 ha olan torpaq sahəsini satmaq qərarına gəlmişdir. Həmin torpaq sahəsini də Ayaza yerindəcə göstərmişdir. Ayaz torpaq sahəsini bəyənmiş və qeyd edilən torpaq sahəsini Ayaza 9500 manata sata biləcəyini bildirmişdir. Torpağın sənədlərini də Ayaza göstərmişdir. Torpaq sahəsinin Əlimirzənin mülkiyyətində olduğunu bilsə də, Ayaza həmin torpaq sahəsinin faktiki ona məxsus olduğunu inandırmışdır. Əlimirzə ilə də özü razlaşmışdır ki, Əlimirzəyə məxsus torpaq sahəsini 7700 manata satın alacaq. Ayaz həmin torpaq sahəsini 9500 manat satın alacağı ilə razılaşmış və yaşadığı Quba rayonu, Şuduq kəndində yerləşən evinin qarşısında xx.xx.2019-cu il tarixdə günorta saatlarında 6000 manat, bir gün sonra, yəni xx.xx.2019-cu il tarixdə isə 2000 (iki min) manat pulu Səxavətin yanında ona ödəmişdir. Qalan 1500 manatı da 2019-cu ilin oktyabr ayında ödəyəcəyini bildirdmişdir. O da pula ehtiyacı olduğundan həmin pulu Ayazdan əldə etdikdən sonra şəxsi ehtiyaclarına xərcləyərək verdiyi vədi yerinə yetirməmişdir. Əlimirzəyə də hər-hansı pul ödəməmişdir. Ayaz ondan pulunu tələb etdiyi zaman Ayaza hissə-hissə cəmi 900 manat pul ödəmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindəgöstərmişdirki,Quba şəhəri 32-33-cü məhəllədə özünə məxsus 4 sot torpaq sahəsi və ərazisində bir mərtəbəli fərdi yaşayış evi olmuşdur. Lakin, həmin evdə heç kim yaşamamışdır. 2013-cü il tarixdə həmin evi satmaq qərarına gəlmiş və tanışlarını bu barədə məlumatlandırmışdır. Evi sata bilmədiyindən 2016-cı ilin oktyabr ayında həmin evin çöl qapısına “satılıq ev” yazılı lövhə yapışdırmışdır. Həmin lövhəyə mobil nömrəsini də qeyd etmişdir. 2016-cı ilin noyabr ayının əvvəllərində özünü Mamed kimi təqdim edən şəxs mobil nömrəsinə zəng edərək, özünü ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdaraq evi bir nəfər şəxsə satmaq istədiyini və bunun üçün onunla görüşmək istədiyini bildirmişdir. O razılaşmış və həmin şəxslə yaşadığı evinin qarşısında görüşdür. Həmin tarixdən “Mamed” ləqəbli Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Məmmədə bildirmişdir ki, evi 30000 manata satsın və evi həmin qiymətdən baha satarsa digər pul özünə qalsın. O və Məmməd bununla razılaşmışlar. Bundan bir həftə sonra, 2016-cı ilin noyabr ayının ortalarında Məmməd ona zəng edərək, ev üçün alıcı tapdığını demişdir. Evin çıxarışını götürməyini və Quba rayon Notariat konturuna gəlməsini xahiş etmişdir. O da evin çıxarışını götürərək Quba rayon Notariat konturuna getmişdir. Orada evi satın almaq istəyən tanımadığı ər və arvad olmuşdur. Notariat konturunda alğı-satqı müqaviləsi ilə evi həmin şəxslərə 31000 (otuz bir min) manata satmışdır. Pulu aldıqdan sonra Məmmədə evini satdığı üçün cəmi 1500 manat pul vermişdir. Oradan ayrılaraq evinə getmişdir. 2016-cı ilin dekabr ayının əvvəllərində o Məmmədə zəng edərək, evi satmağı ilə bağlı alğı-satqı müqaviləsinin surətini almadığından Məmməddən həmin müqaviləni verməsini xahiş etmiş və sonuncuya bildirmişdir ki, “müqavilə mənə satdığım evdən qalan pulumu banka qoymaq üçün lazımdır”. Bundan bir neçə gün sonra Məmməd evinin qarşısına gələrək alğı-satqı müqaviləsini ona vermişdir və bildirmişdir ki, “həmin pulu banka qoyma, pulu mənə ver, həmin pulun əvəzində sənə Quba şəhərində 25 sot həyətyanə torpaq sahəsinin sənədini verim”. O ilkin olaraq razılaşmamış və pulunu bir ilə 15 faiz gəlirlə banka qoyacağını qeyd etmişdir. Məmməd israr etsə də o razılaşmamışdır. 2016-cı ilin dekabr ayının 10-da Məmməd yenidən evinə gəlmiş və pulu ondan almaq üçün yalan vədlər verərək demişdir ki, “3 nəfər ailə üzüvlərinin şəxsiyyət vəsiqəsini mənə verin, əvəzində hər birinizin adına ayır-ayrılıqda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verim”. Əlavə olaraq onu aldatmışdır ki, 25 sot torpaq sahəsini 30000 manat pula cox ucuz verir və həmin torpaq sahəsini aldıqdan sonra gələcəkdə iki dəfə bahasına sata biləcəyək və banka qoymaqdan da daha çox pul qazanacaq. O razılaşmasa da, Məmməd təklif etmişdir ki, həmin torpağı daha sonra özü satacaq və artıqlaması ilə ona pul verəcək. Məmməd onun razılaşmadığını görüb, ondan qeyd edilən pulu notariat konturunda kredit müqaviləsi ilə verməsini istəmişdir. O, Məmmədə inanmışdır və 30000 manat pula 25 sot torpaq sahəsinin ucuz olduğunu düşünüb razılaşmışdır. Gələcəkdə həmin torpaq sahəsini daha baha qiymətə sata biləcəyini zənn etmişdir. Ona görə də əri İskəndərin, oğlu Cavidin və özünün şəxsiyyət vəsiqələrini Məmməd vermişdir. Məmməd şəxsiyyət vəsiqələrini götürərək getmişdir. Növbəti gün Məmməd onu evindən götürərək özünə məxsus satacağı 25 sot torpaq sahəsinə baxmağa aparmışdır. Həmin torpaq sahəsi Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Şane” adlı şadlıq sarayının arxasında, 32-33-cü məhəllədə yerləşmişdir. O, torpaq sahəsinə baxmış və oranı bəyənmişdir. Məmmədlə razılaşmışlar ki, həmin torpaq sahəsinə görə Məmmədə 20000 manat pulu borc müqaviləsi ilə verəcək, qalan 10000 manat pulu da əlbə-əl verəcək. Məmmədini ona borc müqaviləsini təklif etməyi onu inandırmağı və gələcəkdə özünün məsuliyyətdən azad olmasını sığortalaması olmuşdur. xx.xx.2016-cı il tarixdə Məmmədlə birlikdə Quba rayon notariat konturuna gedərək 20000 manat pulu Məmmədə verməyi ilə bağlı kredit müqavləsi bağlamışlar, Məmməd müqavilədə aldığı pulu xx.xx.2017-ci il tarixdə qaytaracağını qeyd etmişdir. Belə ki, Məmmədə 20000 manat pulu notariat konturunda ödəmişdir. Qalan 10 000 manat pulu da yaşadığı evinin qarşısında xx.xx.2016-cı il tarixdə 3500 manat, xx xxxxxx 2017-ci il tarixdə 3500 manat, 06.01. 2017-ci il tarixdə 2500 manat və xx xxxxxx 2017-ci il tarixdə də 500 manat olmaqla cəmi 10000 manat pulu yaşadığı evinin qarşısında hissə-hissə Məmmədə vermişdir. O pulu hissə-hissə Məmmədə verən zaman yanında heç kim olmamış və aldığı pulu da Məmməd borc müqaviləsində özü xətti ilə qeyd etmişdir. Bundan sonra Məmməd onu aldatmış və ona qarşı dələduzluq etmişdir. O Məmməddən pulunu tələb etməyə başlayanda Məmməd 2018-ci ilin yay aylarında hiss-hissə ona 6800 manat pul ödəmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs evinə gələrək qalan 23200 manat pulunu da ona tam şəkildə ödəmişdir.İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 Hüseyinqulu qızı təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəlcədən hər-hansı düşmənçilik və ədavəti olmamışdır. 2017-ci il tarixdən mülkiyyətində Quba şəhəri, Vaqif küçəsində yerləşən təyinatı sahibkarlıq fəaliyyəti olan 0,55 kvadrat metr boş torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin çıxarışı da olmuşdur. 2018-ci ilin əvvəllərindən həmin torpaq sahəsini əri Sahiblə birlikdə sataraq övladları Günel Babayevaya ev almaq istəmişlər. Bununla bağlı 2018-ci ilin sentyabr ayında qızının qaynatası Sədi Babayev onu və ərini əvvələcədən tanımadığları Təqsirləndirilən şəxslə tanış etmişdir. Sonuncunun torpaq alğı-satqısı ilə məşğul olduğunu və Məmməd vasitəsi ilə qeyd edilən torpaq sahəsini sata biləcəklərini bildirmişdir. 2018-ci ilin sonlarında o, əri Sahib və Sədi Quba şəhərindəki “ASAN” Xidmət Mərkəzinin qarşısında Məmmədlə görüşmüşlər. Məmmədlə birlikdə gedərək torpaq sahəsinə baxmışlar, torpaq sahəsini 18000 manata satıb əldə olunacaq pula qızlarına ev alacaqlarını bildirmişlər. Məmməd etibarlarını qazanmaq niyyəti ilə, torpaq sahəsini hətta 18000 manatdan da yuxarı qiymətə sata biləcəyini, daha sonra da Quba şəhərindən onlara toprağın qiyməti dəyərində yaxşı ev tapacağını deyərək onları inandırmağa başlamışdır. Onlar Məmmədin sözlərinə inanmışlar. Söhbət əsnasında Məmməd onlara bildirmişdir ki, həmin torpaq sahəsinin çıxarış sənədini sonuncuya verək, çünki yaşadıqları kənddən “gəl-get” olmasın. Onlar razılaşmışlar. Daha sonra etibarlarını qazanan Məmməd ondan torpağın özü tərəfindən qısa bir vaxtda satılması üçün sərəncam vermək hüquqlu etibarnamə istəmiş və həmin torpaq sahəsini yaxın günlərdə ona bildirdikləri 18000 manatdan da yuxarı qiymətə satıb pullarını verəcəyini qeyd etmişdir. Onlarda Məmmədə inanmışlar və o Məmmədə Quba şəhərindəki “ASAN” Xidmət Mərkəzində 0,55 kvadrat metr torpaq sahəsinin sonuncu tərəfindən satılması üçün sərəncam vermək hüquqlu etibarnamə vermişdir. Bundan əlavə də Məmmədə həmin torpağın çıxarış sənədini də vermişdir. Bütün bunlara baxmayaraq Məmməd onları aldatmış və torpağı 2018-ci ilin oktyabr ayının sonlarında başqa şəxsə onların məlumatı olmadan 14000 manata satıb, pulu məmimsəmişdir. Məmmədin torpağı satdığı şəxs Heybət olmuşdur. Heybət Məmməd tərəfindən ona verilən torpaq sənədlərində olan arayışdan Sahibin adını görüb tanımışdır. Sahibə zəng edərək bildirmişdir ki, “Məmməd onlara məxsus torpaq sahəsini 2018-ci ilin oktyabr ayında alğısatqı müqaviləsi mənə 14000 manata satmışdır”. Bunu eşidər-eşitməz əri Sahib və o Məmmədlə görüşmüşlər. Yanlarında Sədi də olmuşdur. Məmməd torpaq sahəsini 14000 manata Heybət adlı şəxsə satdığını etiraf etmişdir. Onlara məlumat verməməsinin səbibini, guya onlara ev axtardığını qeyd etmişdir. Əlavə olaraq həmin torpaq sahəsini ucuz və ya baha satmasının onlara aidiyyatı olmadığını, əvəzində ev verəcəyini qeyd etmişdir. O və əri artıq anlamışlar ki, Məmməd onlara qarşı dələduzluq cinayətini törətmişdir. Əvvəlcədən danışdıqlarına və razılıqlarına zidd hərəkət edərək əmlaklarının pulunu ələ keçirmişdir. Buna baxmayaraq Məmmədə şans vermişlər ki, onlara ev tapsın. Məmməd isə onlara Quba şəhərində və Quba rayonu Zizik kəndində müvafiq sənədləri olmayan, kimə məxsus olduğu bilinməyən evlər gösətərmişdir. Həmin evlərində hansını istəsək götürə biləcəklərini bildirsə də, sonradan verdiyi söz tutmamışdır. Evlərdən hər-hansı birinin mülkiyyətlərinə keçirə bilməmişdir. Onlara qarşı dələduzluq etmişdir. Hal-hazırkı dövrə qədər Məmməd yalan vədlər verməklə pullarını ödəməkdən yayınmışdır. Məmməd ona məlumatı olmadan torpaq sahəsini 14000 manata satmaqla dələduzluq yolu ilə maddi ziyan vurmuşdur.İfadəsinin sonunda X5 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməməsini bildirərək məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunla müəyyən edilmiş ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayının əvəllərində qardaşı Şeydanın iş yoldaşı və özünün də dostluq etdiyi Şahid4 tanış etmişdir. Ona ev tikmək üçün Quba rayonu, Alekseyvka kəndindən torpaq sahəsi lazım olmuş və torpaq sahəsi satın almaq üçün soraqlaşmışdır. Bundan xəbər tutan Səxavət dost olduğunu bildirdiyi, Quba şəhərində fərdi qaydada ev və torpaq alğı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxslə onu xx.xx.2020-ci il tarixdə Quba regional “ASAN” Xidmət Mərkəzinin qarşısında görüşdürmüşdür. O, Məmmədlə danışarkən satın almaq üçün ona münasib qiymətə 0.03 ha torpaq sahəsi tapmasını Məmməddən xahiş etmişdir. Məmməd ona Quba rayonu, Zizik kəndində və Quba rayonu, Alekseyvka kəndində müxtəlif torpaq sahələri göstərmişdir. O da həmin torpaq sahələrindən Quba rayonu, Timiryazev qəsəbəsindəki Məmmədin özünə məxsus olduğunu və ərazisinin sahəsi 0,03 ha olduğunu bildirdiyi torpaq sahəsinə baxmış və bəyənmişdir. Həmin torpaq sahəsini satın almaq istədiyini bildirmişdir. Məmməd qeyd edilən torpaq sahəsini 9500 manata sata biləcəyini qeyd etmişdir. Torpaq sahəsinin sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, sənəddə əsasən torpağın mülkiyyətçisi Şahid3dir. Sonradan Əlimirzə ilə görüşəndə işi Məmmədlə görməyini bildirmişdir. Yəni həmin topaq sahəsi ilə bağlı Əlimirzəyə aid pulu Məmməd özü sonuncuya ödəyəcəkdir. Məmməd orada onu inadırmışdır ki, pulu verən zaman qeyd olunan 0,03 ha torpaq sahəsini mülkiyyətinə keçirəcək. O da əsasən dostu Səxavətə inanmışdır, həm də Məmmədə inanaraq razılaşmış və yaşadığı Quba rayonu, Şuduq kəndində yerləşən evinin qarşısında xx.xx.2019-cu il tarixdə günorta saatlarında 6000 manat, bir gün sonra, yəni xx.xx.2019-cu il tarixdə isə 2000 (iki min) manat pulu Səxavətin yanında Məmmədə vermişdir. Qalan 1500 manatı da Səxavətlə birlikdə Məmmədlə razışlamaqla 2019-cu ilin oktyabr ayında ödəyəcəklərini bildirmişlər. Məmməd həmin pulu ondan alaraq, bugünədək nə pulunu nə dəki torpaq sahəsini ona verməyərək etibarından sui istifadə etməklə və aldatmaqla dələduzluq cinayətini törətmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan yalnız 1000 manat hissəsinin ödənildiyini bildirərək məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sahib İskndərovu 10 ildən çoxdur ki, tanımışdır. Münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs də 2 ildən çoxdur ki, tanımışdır. Məmmədi torpaq və ev alğı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Məmmədlə də münasibətləri normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. 2018ci ilin oktyabr ayında Məmməd ona zəng edərək, Quba şəhəri Vaqif küçəsində komersiya məqsədli 55 kvadrat metr satılıq boş torpaq sahəsi olduğunu bildirmişdir. Həmin torpaq sahəsinin özünə məxsus olduğunu və çıxarış sənədinin olduğunu qeyd etmişdir. O, Məmmədlə görüşmüş, sonra bəhs etdiyi torpaq sahəsinə yerindəcə baxmışlar. Məmməd torpaq sahəsinin qiymətinin 14 000 manat olduğunu bildirmişdir. Həmin vaxt Məmməd torpağın müvafiq sənədlərini də göstərmişdir, alğı-satqıya hazır olduğunu bildirmişdir. O da torpağın kimin mülkiyyətində olması ilə maraqlanmadan həmin torpağı almağa razılaşmışdır. Həmin torpaq sahəsini şəxsi arzusu ilə arvadı X1 adına satın almaq qərarına gəlmişdir. xx.xx.2018-ci il tarixdə Məmmədlə Quba regional “Asan Xidmət” mərkəzindəki notariat konturuna getmişlər. Orada Təqsirləndirilən şəxs alğı-satqı müqaviləsi ilə bəhs olunan torpaq sahəsini arvadı Həlimə Heybətovaya 14000 manata satmışdır. O həmin torpaq sahəsinin Sahibin arvadı Zərərçəkmiş şəxs2 məxsus olmasını bundan 1-2 ay sonra bilmişdir. Bunu Məmmədin əlavə ona verdiyi sənədlərdən Sahibin adını görüb bilmiş və bu barədə Sahibi məlumatlandırmışdır. Sahib də həmin torpaq sahəsinin arvadı Gülərə məxsus olduğunu qeyd etmiş və Məmmədə 18000 manata satmaq üçün etibarnamə verdiyini bildirmişdir. Məmmədin isə torpaq sahəsini satıb onlara məlumat vermədən pullarını mənimsədiyini bildirmişdir. Yəni, onun əvvəlcədən həmin torpaq sahəsinin Sahibin arvadı Zərərçəkmiş şəxs2 məxsus olması barədə məlumatı olmamışdır. Çünki, alğı-satqı zamanı torpağın müvafiq sənədlərinə diqqət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, Şahid2 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 2010-cu il tarixdən tanımışdır. Münasibətləri daim yaxşı olmuşdur. Təqsirləndirilən şəxs isə 2013-cü il tarixdən Quba şəhərində ev və torpaq alğı-satqısını həyata keçirən şəxs kimi tanımışdır. Məmməd hətta onun evini sataraq, ona Zərdabi qəsəbəsindən ev də almışdır və aralarında hər-hansı narazılıq olmamışdır. Beləcə Məmmədlə münasibətləri yaranamışdır. xx.xx.2019-cu il tarixdə Ayaz qardaşı Şeyda ilə ona yaxınlaşaraq ev tikmək üçün torpaq sahəsi satın almaq istədiklərini bildirmişlər. O da Məmmədi məsləhət görərək, sonuncunun həmin işlə məşğul olduğunu bildirmişdir. Ayaz Məmmədlə danışmağını xahiş etmişdir. O da telefonla həmin vaxt Məmmədlə danışmışdır. Məmmədə dostu üçün ev tikməyə 3 sot torpaq sahəsi tapmağını xahiş etmişdir. Məmməd də razılaşmışdır. Məmmədin mobil nömrəsini də Ayaza vermişdir. Ayaz sonradan özü Məmmədlə danışmışlar. Quba rayonu, Timiryazev qəsəbəsində yerindəcə 3 sot torpaq sahəsinə baxmışlar. Məmməd həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirməklə Ayaza 9500 manat satacağını demişdir. O özü isə həmin proseslərdə iştirak etməmişdir. Ayaz xx.xx.2019-cu il tarixdə günorta saatlarında yanına gələrək torpaq sahəsini bəyəndiyini və satın almaq istədiyini deyərək 6000 manat pulu həmin gün, bir gün sonra, yəni xx.xx.2019-cu il tarixdə isə 2000 (iki min) manat pulu onun yanında Məmmədə vermişdir. Qalan 1500 manatı da Məmmədlə razışlamaqla 2019-cu ilin oktyabr ayında ödəyəcəyini bildirmişdir. Məmməd də həmin pulu Ayazdan alaraq, bugünədək nə pulunu nə dəki torpaq sahəsini Ayaza verməyərək həm onun, həm də Ayazın etibarından sui istifadə etməklə və aldatmaqla sonuncuya qarşı dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3 ildən çoxdur ki, tanımışdır. Məmmədlə düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs3 isə əvvəllər tanımamışdır. Onun yaşadığı evin həyətyanı torpaq sahəsi 0.06 ha-dır. Həmin torpaq sahəsindən 0.03 ha-nı satmaq qərarına gəlmişdir və bu barədə Məmmədə müştəri tapmasını xahiş etmişdir. 2020-ci ilin aprel ayında Məmməd Ayaz adlı şəxslə gələrək torpaq sahəsinə baxmışlar və öz aralarında qiymət razılşamışlar. O da Məmmədə həmin torpaq sahəsini 8000 manat satacağını bildirmişdir. Bundan baha qiymətə satarsa həmin pulun Məmmədə qalması ilə razılaşmışdır. Buna baxmayaraq Məmməd həmin torpaq sahəsini 9500 manata Ayaza satacağı adı ilə sonuncudan 8000 manat pul alaraq şəxsi ehtiyaclarını xərcləməklə Ayazı aldatmışdır. Ona da hər-hansı pul verməmişdir. Buna görə Ayaz bir neçə dəfə yanına gəlmiş və Məmmədin ona pul verib-vermədiyini maraqlanmışdır, o da Ayaza Məmmədin ona hərhansı pul vermədiyini bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinitörətməsi özünün ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər X11 Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 267 saylı arayış və arayışa əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Zizik kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RMX-nın xx.xx.2019-cu il tarixli 8083 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs RMX-nin narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü maddəsinə, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutlmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seşilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməklə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi subut, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar