Məhkəmə qərarları › İş №1(027)-48/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-48/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-48/2021 30.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Quba rayonu, Qımılqazma kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Quba rayon 9 saylı yol istismar idarəsində işləyən, məhkumluğu olmayan, Quba rayonu, Qəçrəş kəndində qeydiyyatda olan və Quba rayonu, Qımılqazma kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD-19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra qanunla müəyyən edilmiş özünütəcrid müddətinin bitməsini gözləmədən xx.xx.2020ci il tarixdə yaşadığı evi tərk etməklə Bakı şəhərinə gedib həmin gün yenidən Quba rayonuna qayıdaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun zamandır boğaz nahiyəsində olan xəstəlikdən əziyyət çəkir və vaxtaşırı həkim müayinələindən keçir. Belə ki, növbəti müayinədən keçmək üçün xx.xx.2020-ci il tarixdə Qusar RMX-na getmiş və test vermişdir. Eyni gün ona Quba RMX-na gedərək orada “COVİD-19” xəstəliyi ilə bağlı yaxma analizi verməsini bildirmişlər. O, həmin gün Quba RMX-na gedərək orada “COVİD-19” xəstəliyi ilə bağlı yaxma analizi vermişdir. xx.xx.2020-ci il tarixdə Quba RMX-na dəvət olunaraq xəstəxanada ona “COVİD-19” virusu daşıyıcısı olması və bu səbəbdən də, evində müalicə alması deyilmişdir. xx.xx.2020-ci il tarixdə boğazında olan ağrılar daha da şiddətləndiyindən, Bakı şəhərində olan xəstəxanaların birinə müraciət etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2020-ci il tarixdə taksi ilə Bakı şəhərinə getmiş və paytaxtın Nərimanov rayonunda yerləşən adını xatırlamadığı xəstəxanaya yaxınlaşıb müayinə olunmuşdur. Ona dərman reseptləri yazıldıqdan sonra həmin gün yenidən Quba rayonuna tanımadığı yol avtomobillərinin biri ilə qayıtmışdır. Quba rayonuna çatdıqda karantin postunda yoxlanılarkən portal sistemində adının karonavirus xəstəsi kimi qeydiyyata götürülməsini öyrənmişdir. Bundan sonra ora polis əməkdaşları və xəstəxana işçiləri gələrək onu Quba RMX-na aparmışlar. “COVİD-19” virusu daşıyıcısı olması barədə Quba rayon Mərkəxi Xəstəxanasında əvvəlcədən məlumat verilsə də, Bakı şəhərində yerləşən xəstəxanaya müraciət edərkən həmin xəstəxana işçilərinə “COVİD-19” virusu daşıyıcısı olması barədə məlumat verməmişdir. Mobil telefonundan yalnız zəng məqsədilə istifadə etdiyindən və SMS-dən anlayışı olmadığından ona mesajın gələcəyi təqdirdə belə həmin mesajı oxumamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə analiz vermiş, xx.xx.2020-ci tarixdə isə “COVİD-19” virusuna yoluxduğunu öyrənmişdir. Bununla bağlı onun istifadəsində olan telefona smsməlumat gəlmiş, lakin həkim tərəfindən ona hər hansı təlimat vərəqəsi verilməmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, o, ilk dəfədir ki, cinayət törədib. Uzun zamandır boğaz ağrıları ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkir. Məhz bu səbəbdən, xx.xx.2020-ci il tarixdə yaranmış şiddətli ağrıları aradan daldırmaq məqsədilə Bakı şəhərinə getmiş və və müayinədən keçdikdən sonra birbaşa yaşadığı Quba rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini etiraf etdiyini və ilk dəfə cinayət törətdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə pandemiya ilə bağlı Quba-Bakı yolunda qurulmuş stasionar postda xidmət apararkən saat təxminən 14 radələrində nömrəsini və markasını xatırlamadığı rayonlarası taksi fəaliyyəti ilə məşğul olan avtomobil Quba istiqamətində postu keçmək istədikdə avtomobildə olan sürücü və sərnişinlərin icazələrinin olub-olamamasını öyrənmək məqsədilə portal sistemi vasitəsi ilə yoxlanılmış, həmin avtomobildə sərnişin qismində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi portal sistemi vasitəsi ilə yoxlanıldıqda sonuncunun “COVİD-19” infeksiyası daşıyıcısı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs “COVİD-19” virusunun daşıyıcısı olması barədə məlumatlı olduğunu, boğazındakı problemlərlə bağlı müayinə olunmaq üçün Bakı şəhərinə getdiyini, hazırda isə evinə qayıtmaq üçün Quba rayonu istiqamətində getmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qeyd olunan taksidən düşürərək digər sərnişinlərdən izolyasiya etmişdir. Daha sonra bu barədə Quba RPŞ-nin NH-nə məlumat verdikdən sonra polis şöbəsindən və Quba RMX-dan əməkdaşlar gələrək Təqsirləndirilən şəxs Quba RMX-yə aparılmasını təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Quba RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə pandemiya ilə bağlı Quba-Bakı yolunda qurulmuş stasionar postda xidmət aparan zaman saat təxminən 14 radələrində nömrəsini və markasını xatırlamadığı rayonlarası taksi fəaliyyəti ilə məşğul olan avtomobil Quba istiqamətində postu keçmək istədikdə həmin avtomobildə olan sürücü və sərnişinlərin icazələrinin olub-olamamasını yoxlamaq məqsədilə portal sistemi vasitəsi ilə yoxlanılmışlar. Həmin avtomobildə sərnişin qismində olan Təqsirləndirilən şəxs adlı şəxsin şəxsiyyət vəsiqəsi portal sistemi vasitəsi ilə yoxlanıldıqda sonuncunun “Covid-19” infeksiyası daşıyıcısı olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs taksidən düşürərək digər sərnişinlərdən izolyasiya etmişlər. Sonra onlar bu barədə Quba RPŞ-nin NH-nə məlumat vermişlər və bir qədər sonra polis şöbəsindən və Quba RMX-dan əməkdaşlar gələrək Quba RMX-yə aparılmasını təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3, Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 və Şahid2 göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarətmə Birliyi, Quba Rayon Mərkəzi X6 şəxs tərəfindən daxil olmuş xx.xx.2020- ci il tarixli 4191 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “COVİD-19” virus infeksiyasına görə analiz vermiş və xx.xx.2020-ci il tarixdə SMS vasitəsi ilə ona analizin cavabı “COVİD-19” pozitiv (+) çıxmışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “COVİD- 19 simptomsuz, Pozitiv” diaqnozu ilə evdə təcrid olunmuşdur (iş vər.: 11- 12); Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, baxış zamanı mobil telefonun SMS bölməsinə İTS.GOV.AZ-dan daxil olan “Hörmətli Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz, karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllərində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmunlu mətnin yazılması müəyyən olunmuşdur (iş vər.: 6-7); “xxxx” MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 908 nömrəli məktuba əlavə edilmiş CD diskə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsininin hadisənin baş verdiyi xx.xx.2020-ci il tarixdə günorta saatlarında Quba-Bakı yolunda aktiv olması müəyyən edilmişdir (iş vər.: 34); xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “xxxx” MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 908 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD disk xx.xx.2021-ci il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.: 48-52); xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 139-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 64,65); xx.xx.2021-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir (iş vər.: 74); DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 10); Quba RİHB-nın Qəçrəş İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 453 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qımılqazma kəndində yaşayır və arvadı 1973-cü il təvəllüdlü X3 və oğlu 1998-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır (iş vər.: 17); Quba RİHB-nın Qəçrəş İƏD üzrə nümayəndəliyindən vrilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vər.: 18); Quba rayon X7 Hüquqi şəxsdən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Quba rayon X1 poliklinika şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 38). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun: 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir; 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq orqanında və məhkəmədə iştirak etdiyi cəmi 22 (iyirmi iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, ümumilikdə 22 (iyirmi iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar