Məhkəmə qərarları › İş №1(027)-49/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-49/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-49/2022 05.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, ev 46, mənzil 39-da qeydiyyatda olan Quba şəhəri, Dəvədabanı yaşayış massivində kirayə yaşayan, 25.11.2021-ci tarixdə barəsində polisin nəzəarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə ümumi təmiz çəkisi 19,544 qram narkotik vasitə olan marixuana və bir ədəd bükümdə təmiz çəkisi 0,797 qram psixotrop maddə olan metamfetamin əldə edərək daşıyıb idarə etdiyi QAZ 330210 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində və kirayə yaşadığı Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən evdə saxlamış, 23.11.2021-ci il tarixdə, saat 20:10 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin qarşısında saxlanılaraq Qaz 330210 markalı, **-CD-*** dövlət qeydiyyat nişamlı yük avtomobilinə baxış keçirilən zaman avtomobilin sükanı arxasındakı oturacağın söykənəcəyinə asılmış göy rəngli gödəkçənin sol qoltuq cibindən bir ədəd sellofan bükülüdə təmiz çəkisi 19,272 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin avtomobilin daxılında olan bir ədəd bükülüdə təmiz çəkisi 0,797 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə yaşadığı evə baxış keçirilərkən qonaq otağındakı paltar şkafının yuxarı tərəfindən bir ədəd bükümdə təmiz çəkisi 0,126 qram, digər bükümdə təmiz çəkisi 0,146 qram, ümumilikdə 0,272 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, etibarnamə əsasında idarə etdiyi Qazel marakalı, **-CD-*** dövlət qeydiyyat nişanlı yül avtomobili ilə zibilliklərdən əlvan metal və plastmas qablar yığıb metal qəbulu məntəqələrinə təhvil verməklə pul qazanır. Bu məqsədlə də beş ay əvvəl Quba rayonuna gəlmiş və Quba şəhərinin Dəvədabanı yaşayış massivində ayda 150 manata kirayə ev götürmüşdür. Həmin evdə həyat yoldaşı və iki azyaşlı övladları ilə birlikdə yaşayır. Təxminən bir ilə yaxındır ki, ara-sıra narkotik vasitə olan marixuana və “patı” adlanan psixotrop maddə metamfetamindən istifadə edir. Quba şəhəri, Dəvədabanı yaşayış massivində məhəllələrin birində olan zibillik ərazidən bir ədəd göy rəngli sellofan paketin içərisində sellofan parçasına bükülü halda narkotik vasitə olan marixuana, bir ədəd sellofan parçasında çətənə toxumları və bir büküm psixotrop maddə metamfetamin tapmışdır. Tapdığı marixuanadan bir az çəkmiş, qalan marixuanadan iki siqaretlik iki kağız parçasında olanını evdəki şkafa qoymuşdur. Qalan marixuananı da idarə etdiyi Qazel markalı avtomobilin sükanı arxasındakı oturacağın söykənəcəyinə asdığı göy rəngli qalın gödəkçənin sol qoltuq cibinə qoymuşdur. Metamfetamini isə Qazelin maqnitofonunun altındakı çəkilib açılan xırda daxıla qoymuşdur. 23.11.2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları tərəfindən evinin qarşısında saxlanılmış, ona narkotik vasitələrin əldə edib saxlamaqda şübhəli olduğundan vəkilin iştirakı ilə üzərinə, avtomobilinə və yaşadığı evə baxış keçiriləcəyini bildirmişdirlər. Bundan sonra, idarə etdiyi Qazel markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonunda, sükan arxasındakı oturacağın söykənəcəyindən asdığı göy rəngli qalın gödəkçənin sol içəri qoltuq cibindən sellofan parçasına bükülü aşkar edilmişdir. Bükülü açılıb içinə baxıldıqda işərisindən narkotik vasitə marixuanaya oxşar yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Bundan başqa baxış zamanı avtomobilin salonundakı çəkmə daxıldan bir ədəd sellofan parçasına bükülü halda psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra zərflərə qoyularaq qablaşdırılmışdır. Daha sonra yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin qonaq otağındakı paltar şkafının yuxarı rəfindən iki ədəd kağız büküm, bir ədəd sellofan büküm, İki ədəd “Yaprak siqara kağıdı” adında tütün bükmək üçün olan balaca kağız qutu aşkar edilmişdir. Kağız bükümlər açıldıqda içərilərində narkotik vasitə marixuana aşkar edilmişdir. Aşkar edilmiş bükümlərdə olan narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Sellofan bükümdə isə 22 ədəd çətənə bitkisinin toxumları aşkar edilmişdir. Aşkar olunan bükümlərdəki kütlələrin nə olduğu barədə ondan soruşulduqda həmin kütlələrin narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin olduğunu və özü istifadə etdiyini polis əməkdaşlarına bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, iki azyaşlı övladının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Sumqayıt şəhərində qeydiyyatda olmaqla, Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə polis şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 23.11.2021-ci il tarixdə saat 20:00 radələrində Quba şəhəri. Dəvədabanı yaşayış massivində yaşadığı evin qarşısında saxlanılmışdır. Həmin zaman təhqiqatçı Cəlal Sultanov əməliyyat qrupunun üzvlərini təqdim edərək Firudin Əlyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirmişdir. Firidun Əliyevə hüquqlarını müdafiə etmək üçün müdafiəçi təqdim edildikdən sonra, təhqiqatçı Təqsirləndirilən şəxs tərəfindən videoçəkilişdən istifadə edilməklə onun idarə etdiyi Qazel markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, üzərinə və kirayə yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş maddə, əşya və ya predmet aşkar edilməmişdir. Yük avtomobilinə baxış keçirilərkən, avtomobilin salonunda, sükanın arxasındakı oturacağın söykənəcəyindən asılmış göy rəngli gödəkçənin sol içəri qoltuq cibindən bir ədəd sellofan bükülünün içərisində narkotik maddə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bükülünün içərisində nə olmasını soruşduqda Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa baxış zamanı avtomobilin salonundakı çəkmə daxıldan bir ədəd sellofan bükülü aşkar edilmişdir. Bükülü açıldıqda işərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs kirayə yaşadığı evə baxış keşirilmişdir. Baxış zamanı evin qonaq otağındakı paltar şkafının yuxarı rəfindən iki ədəd kağız bükülü, bir ədəd sellofan bükülü, iki ədəd “yaprak siqara kağıdı” adında tütün bükmək üçün olan balaca kağız qutu aşkar edilmişdir. Kağız bükülülər açıldıqda içərilərində narkotik vasitə marixuanaya oxşar yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Sellofan bükülüdə isə 22 ədəd naməlum bitki toxumları aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş narkotik vasitələri bir neçə gün əvvəl yaşadığı evin yaxınlığından zibillikdən tapmışdır və istifadə etmək üçün avtomaşınında və yaşadığı evdə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Samir Abasovun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. İş materialında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 noyabr 2021-ci ıl tarixli, 6/5209 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №67” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,797 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrip maddə-metamfetamindir. İş materialında olan məhkəmə-bioloji ekspertizasının 24 noyabr 2021-ci ıl tarixli, 7/1209 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, bir ədəd sellofan bükülüdə təmiz çəkisi 19,272 qram və iki ədəd kağız bükümlərə ayrı-ayrılıqda təmiz çəkiləri 0,126 qram və 0,146 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş- marixuanadır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 14 dekabr 2021-ci il tarixli, 5083 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Qazel markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən kirayə yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, Qaz 330210 markalı, **-CD-*** dövlət qeydiyyat nişamlı yük avtomobilin sükanı arxasındakı oturacağın söykənəcəyinə asılmış göy rəngli gödəkçənin sol qoltuq cibindən bir ədəd sellofan bükülüdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin avtomobilin daxılında olan bir ədəd bükülüdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, yaşadığı evin qonaq otağındakı paltar şkafının yuxarı tərəfindən iki büküm çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir büküm çətənə toxumları aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzalandırılması üçün onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anti-cəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına nail olmaq və cəzanın digər məqsədlərinə çatmaq. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər “Xəzri” MK tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: Atası-06.01.1963-cü il təvəllüdlü Əliyev Əli Həsənağa oğlu, anası-10.11.1968-ci il təvəllüdlü X3, həyat yoldaşı-30.10.2001-ci il təvəllüdlü X5, oğlu-22.04.2020-ci il təvəllüdlü X8 oğlu, qızı-17.07.2021-ci il təvəllüdlü X2. İş materiallarında olan Sumqayıt şəhər “Xəzər” MK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər “Xəzər” MK ərazisində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunurş. İş materiallarında olan AZ İV № 608860 saylı doğum haqqında şəhadətnamənin və AA 2301359-saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.04.2020-ci il təvəllüdlü və 17.07.2021-ci il təvəlldlü və iki azyaşlı övladı vardır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, cinayət qanunu ilə qadağan olunmuş törətdiyi əməlini səmimi etiraf etməsini, himayəsində iki azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə məhz hansı cəzanın təyin olunması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi təyin olunmuş cəzasının preventiv təsirə malik olması, cəzanın məqsədlərinə nail olunması baxımından səmərəli olması barədə nəticəyə gəlməyə əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edib, onu cəmiyyətdən tam təcrid etməməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu cəza həm də törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətini xarakterizə edən hallara, islah olunmasına və ailəsinin həyat şəratinə təsiri nəzərə alınmaqla, ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğu 23.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan 25.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25.11.2021-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçeilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,747 qram metamfetamin, 19,484 qram marixuana, ümumi çəkisi 0,362 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) toxumları hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 137 manat (yüz otuz yeddi manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,747 qram metamfetamin, 19,484 qram marixuana və 0,362 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) toxumları hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 137 manat (yüz otuz yeddi manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar