Məhkəmə qərarları › İş №1(027)-49/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-49/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-49/2023 18.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Quba rayonu, Mirzəqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Quba Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Quba rayonu, Mirzəqışlaq kəndinin kənarında yerləşən qəbiristanlığın yaxınlığında ətrafda heç kəsin olmadığı vaxtda Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əvvəlcə əlində olan dəmir parçası ilə, sonra isə bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona baş beyin silkələnməsi, sol kürəkaltının bayır səthində bir yerdə, sol qoltuqaltında iki yerdə, döş boşluğuna nüfuz etməyən yaralar, sol əlin ovuc səthində bir yerdə olan yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sağ əlin arxa səthində və sağ əlin birinci barmağında hərəsində bir yerdə olan kəsilmiş yaralar, kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan, sol bazunun yuxarı 1/3-nin bayır səthində iki yerdə sol bazunun qısa və uzun başının vətərinin zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaralar, sol bazu oynağının çıxığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. O, onun yaşadığı Quba rayonu, Mirzəqışlaq kəndində yaşayır. Onunla aralarında münasibətlər pis olmuşdur. Belə ki, 2016cı ilin sentyabr ayında Zərərçəkmiş şəxs anası Samilə Məmmədovaya söz atdığı üçün qardaşı Vidadi Məmmədov onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Bu səbəbdən qardaşı Vidadi həmin vaxtdan cəzaçəkmə müəssisəsində cəza çəkir. 28 noyabr 2022-ci il tarixdə, saat 14:30 radələrində o kəndin kənarında öz bağlarında mətbəx bıçağı ilə ağacların xırda budaqlarını kəsərkən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq qardaşı Vidadinin və anası Samilənin ünvanına nalayiq sözlər işlətmişdir. O, da cavabında Bəhruza nalayiq sözlər demişdir. Həmin vaxtı Bəhruz yumruqla onun sinə nahiyəsindən bir neçə dəfə vurmuşdur. O da cavabında Bəhruzun baş nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt Bəhruz onun ayaqlarından tutub yerə yıxaraq əlləri ilə boğazından tutub onu boğmağa başlamışdır. O həmin vaxtı Bəhruza gücünün çatmayacağını görüb əynimdəki gödəkcənin sağ yan cibində saxladığı mətbəx bıçağı ilə bir neçə dəfə onun sinə nahiyəsinə yüngülcə vurmuşdur ki, Bəhruz ondan əl çəksin, onu boğmasın. Həmin vaxtı Bəhruz yerə yıxılmışdır. O yerdən ayağa durub, oradan aralanlıb evinə tərəf getməyə başlamışdır. Eləcə də Zərərçəkmiş şəxs də ayağa durub evinə tərəf getməyə başlamışdır. Bir qədər getdikdən sonar, əlindəki bıçağı yerə atıb, əmisi oğlu Sakit Məmmədovun mobil telefonuna zəng vurub Bəhruzu bıçaqla vuraraq ona xəsarət yetirdiyini, gəlib Bəhruzu xəstəxanaya aparmasını xahiş etmişdir. Sonra o DİN-nin 102 xidmətinə zəng vurub həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyini bildirərək Quba RPŞ-nə gedib etdiyi əməli səmimi etriaf etmişdir. Bəhruzu bıçaqla vurmasına səbəb sonuncunun qardaşı Vidadinin və anası Samilənin ünvanına nalayiq sözlər işlətməsi olmuşdur. Bəhruzla dalaşan zaman qohumu Şahid1 oraya gəlmişdir. Onların aralarında olan mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onların aralarında bir neçə ilə bundan əvvəl münaqişə olmuşdur. Belə ki o, Sahilin anasını zorlamağa cəhd etməsi ilə əlaqədar CM-nin 149-cu maddəsi ilə 2016-cı ildə məhkum olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasını çəkdikdən sonar yaşadığı kəndə qayıtmışdır. Bundan sonra onların aralarında mübahisə, dava-dalaş və münaqişə olmamışdır. 28 noyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində o, inəklərini otarmaq məqsədi ilə kənd kənarında yerləşən qəbiristanlıq olan əraziyə aparmışdır. İnəkləri orada buraxıb yaşadığı evə qayıdarkən, Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Həmin vaxt Sahilin əlində dəmir parçası olmuşdur. Bu zaman o, dəmir parşası ilə onun üzərinə gələrək vurmaq istədikdə o, əynindəki gödəkcəni çıxarıb özünü müdafiə etmək istəmişdir. Lakin Sahil dəmir parçası ilə onun başına bir neçə dəfə vurmuşdur. O, Təqsirləndirilən şəxs əlindən dəmir parçasını alıb yerə atmışdır. Sonra Sahil gödəkcəsinin qoltuğundakı bıçağı çıxarıb ona əvvəldən yarımçıq qalmış işi tamamlayacağını dedikdən sonra o, bıçaqla onun üstünə hücum edib sol qoluna bir dəfə vurmuşdur. Sonra döş qəfəsinə iki dəfə vurmuşdur. O əllərini qabağa verərkən Sahil bıçaqla hər iki əl nahiyəsinə bir neçə dəfə vurub xəsarət yetirmişdir. Bundan sonar o. Sahilin əlindən çıxıb yaxınlıqda yaşayan bibisi qızı Yaqutun həyətinə gətmişdir. Həmin vaxtı onun bədənindən qan axmış. Təqsirləndirilən şəxs da oradan çıxıb getmişdir. Ona ilkin tibbi yardım göstərildikdən sonar, qohumu Kənan öz avtomobili ilə onu Quba rayon Diqanostika mərkəzinə aparmışdır. Orada o, əməliyyat olunmuşdur. Hadisə vaxtı Sahil onu ucadan nalayiq söyüşlərlə söymüşdür. Dava dalaş təxminən 15-20 dəqiqə davam etmışdir. Hadisə vaxtı orada yalnız o və Sahil olmuşdur. Münaqişənin sonunda oraya bibisi Sevda və həmkəndlisi Namiq gəlmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onlar onun yaşadığı Quba rayonu, Mirzəqışlaq kəndində yaşayır. Təqsirləndirilən şəxsla aralarında normal münasibətlər vardır. O, onun uzaq qohumudur. Zərərçəkmiş şəxslə aralarında heç bir münasibət yoxdur. 28 noyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində o kəndin kənarında otlayan inəklərini gətirməyə gedərkən, uzaqdan görmüşdür ki, Kənd qəbirstanlığının yaxınlığında Bəhruzla Sahil dalaşırlar. Onlardan xeyli aralıda olduğu üçün hansı formada dalaşdıqlarını görə bilməmişdir. O tez onlara tərəf yaxınlaşıb qohumu Sahilin qolundan tutub kənara çəkmişdir. Həmin vaxtı Bəhruzun bibisi Sevda da onların yanına gəlmişdir. Bəhruzun üstbaşı qan olduğu üçün o, Sevdadan xahiş etmişdir ki, Bəhruzu götürüb evinə aparsın. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyini xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. 28 noyabr 2022-ci il tarixdə günorta saatlarında o, yaşadığı evin həyətində olarkən Zərərçəkmiş şəxs üst-başı qanlı vəziyyətdə onların həyətinə gəlmişdir. Bəhruzun bədəninin bəzi yerlərində xəsarətlər olmuşdur. O, dərhal Bəhruzun yaralarını sarımışdır. Həmin vaxtı Bəhruz onlara demişdir ki, bir qədər əvvəl kəndin kənarında onların kəndindıə yaşayan Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Sahil bıçaqla onun vuraraq xəsarət yetirmişdir. Sonra onlara gələn əmisi oğlu Kənan Zərərçəkmiş şəxs avtomobilinə əyləşdirib Quba rayon Diaqnostika Mərkəzinə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 göstərdiyini xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 1021 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol kürəkaltının bayır səthində bir yerdə, sol qoltuq altında iki yerdə döş boşluğuna nüfüz etməyən deşilmiş-kəsilmiş yaralar, sol bazunun yuxarı 1/3-nin bayır səthində iki yerdə, sol əlin ovuc səthində bir yerdə deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların), sağ əlin arxa səthində və sağ əlin birinci barmağında hərəsində bir yerdə kəsilmiş yara kəsici əşyanın (əşyaların) təsirindən, sol bazu oynağının travmatik çıxığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, 28 noyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlərdən sol bazu oynağının çıxığı istisna olmaqla qalan xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni ekspertizaya təqdim olunan və ya ona oxşar digər bıçaqla vurulma zamanı əmələ gələ bilər, hər bir xəsarətin ayrı-ayrılıqda dərəcəsini təyin etmiş olsaq bu zaman sol kürəkaltının bayır səthində bir yerdə, sol qoltuq altında iki yerdə döş boşluğuna nüfüz etməyən yaralar, sol bazunun yuxarı 1/3-nin bayır səthində iki yerdə, sol əlin ovuc səthində bir yerdə yaralar dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlığa qısa müddətdə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya, sağ əlin arxa səthindəvə sağ əlin birinci barmağında hərəsində bir yerdə kəsilmiş yaralar, istər ayrı-ayrılıqda sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə, sol bazu oynağının çıxığı dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olnan xəsarətlər - baş beyin silkənləməsi ilə müşayiət olunun qapalı kəllə beyin travması, sol kürəkaltının bayır səthində bir yerdə, sol qoltuq altında iki yerdə, döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, sol bazunun yuxarı 1/3-nin bayır səthində iki yerdə, sol əlin ovuc səthində bir yerdə deşilmiş kəsilmiş yaralar, deşici-kəsici əşyanın (əşyaların), sağ əlin arxa səthində və sağ əlin birinci barmağında hərəsində bir yerdə kəsilmiş yara kəsici əşyanın təsirindən, sol bazu oynağının travmatik çıxığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, 28 noyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlərdən baş beyin silkələnməsi və sol bazu oynağının çıxığı küt əşyanın (əşyaların), qalan xəsarətlər qərarda göstərildiyi kimi ekspertizaya təqdim olunan və ya ona oxşar digər bıçaqla vurulma zamanı əmələ gələ bilər, hər bir xəsarətin ayrı-ayrılıqda dərəcəsini təyin etmiş olsaq, bu zaman baş beyin silkələnməsi, sol kürəkaltının bayır səthində bir yerdə, sol qoltuqaltında iki yerdə, döş boşluğuna nüfuz etməyən yaralar, sol əlin ovuc səthində bir yerdə olan yara dərəcəsinə görə istər ayrı-ayrılıqda istərsə də birlikdə sağlamlıqa qısa müddətdə pozğunluq törətdiklərindən sağlamlığa Yüngül zərərvurmaya, sağ əlin arxa səthində və sağ əlin birinci barmağında hərəsində bir yerdə olan kəsilmiş yaralar, istər ayrı ayrılıqda, istərsə də birlikdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə, sol bazunun yuxarı 3/1-nin bayır səthində iki yerdə sol bazunun qısa və uzun başının vətərinin zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaralar, saol bazu oynağının çıxığı dərəcəsinə görə istər ayrı-ayırlıqda, istərsə də birlikdə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş kompleks məhkəmə trasoloji—kriminalistik ekspertizasının 06 yanvar 2023-cü il tarixli, 620/2022-MTKS nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sol yan nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin sol qoltuqaltı nahiyəsində bir ədəd, köynəyin sol qolunun arxa nahiyəsində bir ədəd, sviterin sol yan nahiyəsində iki ədəd, sviterin arxa hissəsinin sol qoltuqaltı hisəsəsində bir ədəd, sviterin sol qolunun arxa nahiyəsində iki ədəd, gödəkcənin ön hissəsinin sol nahiyəsində iki ədəd deşilmiş kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici kəsici alətin təsirindən əmələ gəlmişər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sol yan nahiyəsində bir ədəd kombinə olunmuş zədə aşkar olundu. Bu zədə əvvəlcə hər hansı bir iti uclu, iti kənarı olan alətlə deşilmiş-kəsilmiş sonra isə dartılaraq cırılmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ orta nahiyəsində bir ədəd, sviterin ön sol boyun nahiyəsində bir ədəd, sviterin sol qoltuqaltı nahiyəsində bir ədəd, gödəkcənin sol çiyin nahiyəsində bir ədəd və gödəkcənin sağ qolunun yuxarı bayır nahiyəsində bir ədəd məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin gərilib-darılması və ya hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin öndən bağlandığı üçün üçüncü düyməsi yerində yoxdur. Bu düymənin yerində olmaması ona küt qüvvə tətbiq etməklə, qopub düşməsi ilə izah oluna bilər. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3--cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxsin ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə yanaşı, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb, kompleks məhkəmə trasoloji—kriminalistik ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-üi maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X5 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan ünvan 2əndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır İşdə olan ünvan 2əndəliyi tərəfindən verilmiş xasiyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edimişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 13 gün hissəsini çəkmişdir və onun üzərində 01 il 01 ay 13 gün müddətində çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndir. Məhkəmə Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır, xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir, həm də burada söhbət təkcə maddi zərərdən getmir, əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin az ağır cinayətlər olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzsı təyin edildikdə cəzanın məqsədlərinə nail ola bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətmiş olduğu cinayət əməlini 28 noyabr 2022-ci il tarixdə, yəni Quba rayon məhkəməsinin 08 dekabr 2021-cı il tarixli hökmündən sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazərki hökmlə təyin edilmiş cəza CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzalar birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin haqqında qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 07 saat üçün 42 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan və Quba rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan bir ədəd qısa qol köynək, bir ədəd poliver və bir ədəd gödəkcə Zərərçəkmiş şəxs qaytarılmalı, bir ədəd bicaq isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəza Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 07 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan bir ədəd qısa qol köynək, bir ədəd poliver və bir ədəd gödəkcə Zərərçəkmiş şəxs qaytarılsın, bir ədəd bicaq isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Məhkəmə xərcinin, müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar