Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-50/2025 14.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Xüsusi ittihamçı X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən – X2 Onun müdafiəçisi X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba şəhəri, Timiryazev kəndi ərazisində yerləşən «Central» restoranını xeyli müddətdir ki, işlədir. Həmin restoranda bir sıra əmək fəaliyyəti ilə məşğul olan işçilərlə (aşbaz, ofisiant, inzibatçı və s.) yanaşı xadimə kimi Quba şəhəri, SMU-12 ünvanmda yaşayan xx.xx.1987-ci il təvəllüdlü X8 da işləyir. Maddi imkanının çox zəif olmasını, 3 azyaşlı uşağına təkbaşına baxmasını nəzərə alaraq onu işə götürmüşdür. Aynur Xanlarovanın qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Quba rayonu, Xaspolad kənd sakini X5 alkoqollu içkilərdən sui-istifadə edən, ailəsinə baxmayan bir şəxsdir və Aynur Xanlarova ilə tez-tez mübahisələr edir, onu evdən qovur və s. qanunsuz hərəkətlərə yol verir. Hətta onların 3 azyaşlı uşaqlarının olmasına baxmayaraq, Seyfur Əlimanov bu günə atalığın müəyyən olunması üçün müvafiq icra hakimiyyəti orqanına getməmişdir. Ona görə də Aynur Xanlarova məcburiyyət qarşısında qalaraq uşaqları üçün doğum haqqında şəhadətnamələrdə uşaqlarının soyadı kimi öz soyadını yazdırmışdır. Aynur Xanlarovanın restoranda xadimə işlədiyi dövrdən bəri Seyfur Əlimanov guya onun Aynurla hansısa qeyri-rəsmi ər-arvad münasibətlərinin olması haqqında həqiqətə uyğun olmayan, əsassız şaiələr yaymaqla və bu fikirləri ilə Aynuru şantaj etməklə məşğuldur. Lakin, o, bu əsassız sözləri heç vaxt ciddi qəbul etməmiş, düşünmüş ki, mütəmadi sərxoşluqla məşğul olan adamdır. Lakin, Seyfur Əlimanovun həddini aşıb azğınlaşaraq xx.xx.2025ci il tarixdə «Hüriyyət» onlayn informasiya agentliyinin «Hüriyyət.az» internet saytında «Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” - QUBA SAKİNİ 3 UŞAĞİNA SAHİB ÇİXMAQ İSTƏYİR» başlıqlı yazı dərc etdirməsi ilə ona böhtan atması onu dərindən sarsıtmış və çox ciddi narahat etmişdir. Həmin yazıda həqiqətə uyğun olmayan hissələrə qiymət vermək istəyir. Yazıda «Mənim problemim ailə həyatımla bağlıdır. Haqsızlıqlara üzləşmişəm. X1 ilə 20 ildir eviliyəm. O, hazırda Quba rayonunda məşhur restoranların birində xadimə işləyir. Həmin obyekti işlədən Mübariz adlı şəxs ailəmi dağıtmaqla məşğuldur. Belə ki, yoldaşıma pul verərək, 3 uşağımı məndən ayırır» sözləri qeyd olunmuşdur. Aynur və Seyfur ailə həyatı qurmayıblar və qeyri-rəsmi nikah münasibətlərində yaşamışlar. O, Aynur Xanlarovaya hər ay əmək haqqı formasında pul ödəməyir. Ona görə ki, onunla əmək müqaviləsi bağlanmışdır. Qaldı ki, Seyfurun iddia etdiyi kimi, onun 3 uşağını ondan ayıran olmamışdır. Əksinə o, öz uşaqlarına atalıq etmir. Xeyli müddətdir ki, 1 uşaq - Xuraman Xanlarova onun yanında qalır. Onun öz ailəsi vardır. O, niyə yanında xadimə işləyən bir qadının ailəsini dağıtmalıdır? Yazıda «Müdiri bütün kommunal ödənişlərini ödəyərək, onun kartına pul ataraq, yoldaşımın ağlını qarışdırmışdır. Hazırda böyük qızımı da öz əlinə keçirmək istəyir. Bir ata kimi bundan çox narahatam. O qadın ana kimi vəzifəsini yerinə yetirmir. Mən uşaqlarımın gələcəyindən narahatam, onların pozulmasını istəmirəm. Bildirim ki, uşaqlarım küçələrdə anaları tərəfindən döyülürlər. Kəsici-deşici alətlərlə uşaqları qorxudub, “sizi öldürəcəyəm ” deyir» sözləri qeyd olunmuşdur. O, heç bir işçisinin kommunal ödənişlərini ödəmir. Onlara əmək haqqı verilir və həmin əmək haqqını işçi hansı təyinat üzrə istifadə edirsə, buna özü qərar verir. X15 ağlını qarışdırmağı ilə bağlı Seyfur Əlimanovun yazdığı böhtandan başqa bir şey deyildir. X6 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı hesab edilən «Huriyyət.az» saytında yaymaqla ona böhtan atmışdır. O, işgüzar nüfuza malik insandır, rayon əhalisi arasında hörməti və nüfuzu vardır. Bu məqalədən sonra dost və tanışları ona müntəzəmi zənglər edərək səbəb soruşurlar. Bu məqaləni onun ailəsi görsə, necə olacaq? Onun ailəsi, uşaqları əhali arasına necə çıxacaqlar? O, yaşayış yeri üzrə müsbət xarakterizə olan bir insandır, heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkum olunmamış, daim qanunlara hörmət və əməl etmiş, digərlərindən də həmişə bunu tələb etmişdir. Şikayət ərizəsində qeyd olunmuş faktları təsdiq etmək üçün X4 da məhkəmə dindirilməsini xahiş edir. Məhkəmə iclasında xüsusi X9 ərizənin məzmununa uyğun izahat vermişdir. X5 izahatında Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə şikayəti əsassız hesab etdiyini bildirmişdir. Belə ki, o həmin yazını paylaşan zaman Mübariz Əhədovun və onun işlətdiyi restoranın adını yazının məzmununda qeyd etməmişdir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi;məşğuliyyət növü və vəzifəsi göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-50/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-50/2025
14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver