Məhkəmə qərarları › İş №1(027)-51/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-51/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-51/2023 15.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdə saat 06 radələrində Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən yaşadıqları evdə spirtli içki qəbul edərək alkoqol sərxoşluğu vəziyyətində arvadı Zərərçəkmiş şəxs ayrı-ayrı kişilərlə görüşməsindən şübhələnməsi ilə bağlı formalaşan qısqanclıq zəminində əvvəlcə sillə zərbəsi ilə bir dəfə sifətindən, sonra saçından tutaraq sillə-yumruq zərbələri ilə başından və sifətindən, daha sonra mobil telefonun adaptorunu götürüb qolundan və elektrik sobasının naqilini qırıb yan tərəfindən vuraraq Zərərçəkmiş şəxs “sağ göz ətrafında qançır - hematoma, sağ çiyində öndə qançır, hər iki sağrıda geniş şəkildə sağrıları əhatə edən yumşaq toxumanın əziyi və qançırı”ndan ibarət xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-cü ildə ailə qurmuş, birgə nikahdan onların iki uşağı olmuşdur. Ramilə ilə münasibətləri əvvəl normal olsa da, sonradan naməlum səbəbdən ata evinə gedərək iki il orada qalıb yanına qayıtmışdır. 2022-ci ilin iyul ayında qayınatası Babaya görə aralarında söz-söhbət yaranmış, qayınatası Baba oğlu Əmrahı onun yanına göndərərək Əmraha toy etmək üçün onun vasitəsilə kredit almaq istəmişdir. Kreditdən ehtiyat etdiyi üçün qayınatasının ona göndərdiyi təklifə razılıq verməmiş və buna görə arvadı və qayınatasının ona qarşı münasibəti dəyişmişdir. 03 avqust 2022-ci il tarixdə yenə aralarında mübahisə yaranmış və o içki içdikdən sonra evdən çıxıb getmişdir. 04 avqust 2022-ci il tarixdə saat 06 radələrində evə qayıdandan sonra arvadı Ramiləni başqa kişilərlə görüşməsindən şübhələnməsi ilə bağlı sorğuya çəkmiş, sonuncu isə inkar etmişdir. O Ramilənin yalan danışmasını düşünərək əsəbləşib Ramiləni atı sürən zaman istifadə etdiyi çubuqla bir neçə dəfə vurmuş, sonra isə elektrik sobasının naqili ilə döymüşdür. Sonda o Ramiləyə inanmış və evdən çıxıb getmişdir. Evə qayıdanda Ramilənin evdən çıxıb atası evinə getdiyini öyrənmişdir. Sentyabr ayının ortalarında Ramilə uşaqlarla birlikdə onun yanına qayıtmış, oktyabr ayında yenidən uşaqları da götürüb ata evinə getmişdir. Elə həmin vaxtdan hal-hazıra kimi Ramilə ilə ayrı yaşayırlar. O Ramiləni atı sürən zaman istifadə etdiyi çubuq və elektrik naqili ilə vurmuş, sillə və yumruq zərbələri ilə vurmamışdır. Hadisə 04 avqust 2022-ci il tarixdə saat 06 radələrində yaşadıqları Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən evdə aş vermiş və təxminən 20 dəqiqə davam etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə ailə qurmuş, birgə nikahdan onların iki uşağı olmuşdur. Rəşadla ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmişdir. Rəşad spirtli içki içmiş və onu döymüşdür. Bu səbəbdən o ayrılıb iki il ata evində qalmış və Rəşadın çoxsaylı yalvarışlarına görə barışıb ər evinə qayıtmışdır. 03 avqust 2022-ci il tarixdə günorta saatlarında Rəşadla aralarında mübahisə yaranmışdır. O, vəziyyətin daha da pisləşdiyini görüb qorxduğu üçün zəng edərək valideynlərini çağırmışdır. Valideynləri axşam saatlarında gələrək Rəşadı sakitləşdirib həmin gecə saat 02 radələrində getmişlər. Valideynləri gedəndən sonra Rəşad telefonu ondan almış və evdən çıxıb getmişdir. Saat 06 radələrində Rəşad evə gələrək onun ata evində qaldığı iki il ərzində başqa kişilərlə görüşməsindən şübhələndiyini bildirmiş və bununla bağlı onu sorğuya çəkmişdir. O isə kimsə ilə görüşmədiyini bildirsə də, Rəşad ona inanmamış və saçından tutaraq bir neçə sillə, sonra isə yumruq zərbələri ilə başından və sifətindən vurmuşdur. Ayağa durub mobil telefonun adaptorunu götürüb qolundan vurmuşdur. Sonra elektrik sobasının naqilini qırmış və həmin naqillə onu yenidən vurmağa başlamışdır. O, yalvarmağa başlamış, Rəşad sakitləşərək vurmağı dayandırmışdır. Rəşad saat 07 radələrində evdən çıxıb getmişdir. O da uşağı götürüb Rəşadın ardınca evdən çıxaraq ata evinə getmişdir. Rəşad onu atı sürən zaman istifadə etdiyi çubuqla deyil, sillə və yumruq zərbələri, telefon adaptoru və elektrik naqili ilə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirmişdir ki, bacısı Ramilə Təqsirləndirilən şəxs ilə 2014-cü ildə evlənmiş, iki uşağı olmuşdur. Ramilə ilə Rəşadın münasibətləri pozulduğu üçün Ramilə atasının evinə qayıtmış və iki il qalmışdır. Rəşadın çoxsaylı yalvarışlarına görə Ramilə barışıb ər evinə qayıtmışdır. 03 avqust 2022-ci il tarixdə axşam saatlarında Ramilə onlara zəng edərək Rəşadın spirtli içki içərək evdə söz-söhbət yaratdığını bildirmişdir. Rəşadı sakitləşdirmək üçün valideynləri Ramiləgilə getmişlər və həmin gecə saat 02 radələrində evə qayıtmışlar. Onlar gələndən sonra səhərə yaxın saatlarda Rəşad bacısı Ramiləni döymüş və buna görə Ramilə körpə uşağını götürüb atası evinə gəlmişdir. İş üzrə digər Şahid1 məhkəməyə ərizə təqdim edərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş, ifadəsinə əlavənin olmadığını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonu, Aşağı Atuc kəndində arvadı, oğlu Əmrah, Əmrahın arvadı, qızı Ramilə və Ramilənin iki azyaşlı uşağı ilə birlikdə yaşayır. X4 rayonu, 2-ci Nügədi kənd sakini Təqsirləndirilən şəxs ilə 2014-cü ildən evli olmuşdur. Həmin evlilikdən iki uşaqları olmuşdur. Rəşadla əvvəllər münasibətləri normal olsa da. Rəşad sonralar spirtli içkilərə qurşandığı üçün qızı ilə əsassız yerə mübahisələr etməyə və döyməyə başlamışdır. Hətta qızı ayrılıb onun evinə gedərək 2 il qalmış və Rəşadın çoxsaylı yalvarışlarına görə barışıb ər evinə qayıtmışdır. Amma Rəşad sözünə əməl etməyərək yenə də spirtli içkilər içməyə və Ramiləni döyməyə başlamışdır. 29 iyul 2022-ci il tarixdə oğlu Əmrahın toyu olmuşdur. Ramilə uşaqlarla toyda iştirak etsə də. Rəşad toya gəlməmiş və yalnız gecə gələrək baş çəkib getmişdir. Toydan sonra Ramilə böyük qızı Əsməri onun evində qoyub körpə qızını götürərək Rəşadın yanına getmişdir. Əsmər atası Rəşadın sərxoş olan zaman etdiyi hərəkətlərdən qorxduğu üçün getməmişdir. 03 avqust 2022-ci il tarixdə, axşam saatlarında Ramilə onlara zəng edərək Rəşadın spirtli içki içərək evdə söz-söhbət yaratdığını bildirmişdir. Ona görə də o və arvadı qızı Ramiləgilə getmişlər ki. Rəşadı sakitləşdirib gələrlər. Onlar Rəşadı sakitləşdirib həmin gecə, yəni 04 avqust 2022-ci il tarixdə, saat 02 radələrində qayıdıb gəlmişlər. Lakin onlar gələndən sonra səhərə yaxın saatlarda Rəşad qızı Ramiləni döymüş və buna görə də Ramilə də körpə uşağını götürüb onun evinə gəlmişdir. Ona görə də 0, DİN-nin "102" xidmətinə zəng edərək kürəkəni Rəşadın qızı Ramiləni döyməsi barədə məlumat vermişdir. Şahid1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayının ortalarında Əmrahı Rəşadın yanına göndərərək Əmraha toy etmək üçün Rəşadın iri buynuzlu heyvanlarını banka girov kimi qoyub kreditlə pul götürmək və toydan yığılan pula krediti bağlamaq barədə Rəşada təklif etməmişdir. Bununla bağlı Rəşad yalan danışır, Ramiləni döydüyü üçün özünə haqq qazandırmaq istəyir. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 04 avqust 2022-ci il tarixli 682 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşkar olunan xəsarətlər - sağ göz ətrafında qançır - hematoma, sağ 6 çiyində öndə qançır, hər iki sağrıda geniş şəkildə sağrıları əhatə edən yumşaq toxumanın əziyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda qeyd olunan vaxta, yəni 04 avqust 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir; Quba RİHB-nın xx.xx.2022-ci il tarixli 960 nömrəli yaşayış yeri barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, 2-ci Nügədi kəndində yaşayır; Quba RİHB tərəfindən xx.xx.2022-ci il tarixli 961 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, 2-ci Nügədi kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, ekspert rəyi, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək saələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar