Məhkəmə qərarları › İş №1(027)-51/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-51/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-51/2024 06.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Qusar rayonu, Hil kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləmiş, məhkum olunmamış, Qusar rayonu, Hil kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 avqust 2023-c’i il tarixdə, saat 10:30 radələrində "xxxx" MMC-də Qusar-Bakı reysi ilə idarə etdiyi “Temsa Pristij” markalı AZ 27-TA- 025 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Quba rayonu Qırmızı qəsəbəsi ərazisindən keçən Quba-Qusar yolunun 1-ci km-də, Quba şəhəri istiqamətində saatda 40 km/sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlak vurulmamalı olduğu nalda cınayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək həmin vaxtı enişli və döngəli yolda kəskin sola dönmə edərkən avtobusun idarəetməsini itirməsi ilə onu yolun sol kənarına aşırdaraq daş hasara dəyib dayanması nəticəsində yol-nəqliyyat hadisəsi törədərək həmin avtobusda sərnişin olmuş Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağlamlığına az ağır xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qusar rayonunda yerləşən "xxxx" MMC-də sürücü işləyirdi. Onun “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin vəsiqəni 05 avqust 2023-cü il tarixdə almışdır. 09 avqust 2023-cü il tarixdən rəsmi olaraq "xxxx" MMC-də sürücü işləyir. Həmin tarixdən Bakı-Qusar marşrutu ilə ona “Temsa Pristij” markalı AZ **-TA-*** nömrə nişanlı avtobusda təhkim olunmuşdur. 13 avqust 2023-cü il tarixdə, saat 10 radələrində avtobusda 30 nəfərlik yer dolduqdan sonra, Qusar avtovağzalından yola düşmüşdür. Saat 10:30 radələrinə kimi Quba-Qusar yolu ilə Quba rayonu Qırmızı qəsəbəsi ərazisinə çatmışdır. Həmin vaxt saatda 40 km/sürətlə Qırmızı qəsəbə ərazisində yolun enişli və döngəli hissəsində hərəkətdə olduğu zaman qabağında nömrəsini xatırlamadığı “Mersedes” markalı avtomobili hərəkətdə olmuşdur. Onun surəti çox yavaş olmuş və ötmə əməliyyatı etmək istədikdə həmin avtomobil ona yol verməmişdir. O, həmin avtomobili arxadan vurmamaq üçün əyləcə basmaq istəmiş, lakin ayağını əyləc pedalına basanda ayağı boşa getmiş və həmin anda avtobusun idarəetməsini itirmişdir. Qarşıda dönmə işarəsi olmuşdur. Həmin işarəyə çatmağa təxminən 25 metr qalmış o, avtobusun sükanını sola yönəltmiş, lakin sərt dönmə etdiyindən avtobus yolun kənarına yuvarlanaraq aşıb yaxındakı divara dəymişdir. Bundan sonra avtobusun içərisindəki sərnişinləri avtobusdan çıxarmış və bəzi sərnişinlər isə özləri avtobusu tərk etmişdirlər. Hadisə nəticəsində avtobusda olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Özü xəsarət almamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş edərək Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmamasını bildirərək təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan olunan zaman məlum oldu, 13 avqust 2023-cü il tarixdə Qusar-Bakı reysi ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Pristij Temsa” markalı AZ **-TA-*** qeydiyyat nişanlı sərnişin avtobusunda əri Şahid2la Bakıya gedərkən Quba rayonu, Qırmızı qəsəbə ərazisində yolun döngəli hissəsində həmin avtobusun sürücüsü sərt dönmə edərkən avtobusu aşırması nətcəsində xəsarətlər almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsi məhkəmə iclasında elan olunan zaman məlum oldu, 13 avqust 2023-cü il tarixdə Qusar-Bakı reysi ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Pristij Temsa” markalı AZ **-TA-*** qeydiyyat nişanlı sərnişin avtobusunda Bakıya gedərkən Quba rayonu Qırmızı qəsəbə ərazisində yolun döngəli hissəsində həmin avtobusun sürücüsü sərt dönmə edərkən avtobusu aşırmışdır. Şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 ifadələri məhkəmə iclasında elan olunan zaman məlum oldu, onlar da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 avqust 2023-cü il tarixli, 587 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarətlər onun alnında ortada, burnunun üstündə və sol saidin yuxarı 1/3-də əzilmiş yara, sol dirsək sümüyünün yuxarı 1/3-dən açıq yerini dəyişən sınığı 13 avqust 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməyə uygun olub dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aiddir. İbtidai istintaq zamanı təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 06 dekabr 2023-cü il tarixli 8/3394 nömrəli rəyində görünür ki, “Pristij Temsa” markalı AZ **-TA-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 03726 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs həmin gün müayinədən keçirilərkən ayıq olmuşdur. İş materiallarında olan AE seriyalı 611850 nömrəli xx.xx.2023-cü il tarixdə verilmiş və xx.xx.2033-cü il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BCD” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcudur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 753 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu, Hil kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu ilə xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba rayon Polis şöbəsinə göndərilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba rayon Polis şöbəsinə göndərilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar