Məhkəmə qərarları › İş №1(027)-53/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-53/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-53/2021 21.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Firudin oğlunun və onun müdafiəçisi, vəkil X3 iştirakları ilə, xx.xx.1980-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-də sürücü işləyən, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Firudin oğlunun və xx.xx.1989-cu ildə Quba rayonunun Yenikənd kəndində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Quba rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Dəvədabanı yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs2 Firudin oğlu xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində alkoqol sərxoşluğu vəziyyətində Quba şəhəri, Vaqif küçəsində yerləşən “Dədə Market” ərzaq mağazasında satıcı işləyən Təqsirləndirilən şəxs1 əlindəki günəbaxan tumunun qabıqlarını mağazada olan zibil qutusuna atmaq istəməsini dediyindən sonuncu ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı ictimai yer hesab olunan mağazanın qarşısında sonuncunun ünvanına nalayiq söyüşlərlə müşayiət olunan ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı qərəzli olaraq açıqca hörmətsizlik etmiş həmçinin, zor tətbiq edilməsi ilə müşaiyət olunan hərəkətlər etməklə Təqsirləndirilən şəxs1 təpiklə bir dəfə burun nahiyəsindən vuraraq ona burunun üstündə əzilmiş yara, burun sümüklərinin yerini dəyişməyən köndələn sınığından ibarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Quba şəhəri, Vaqif küçəsində yerləşən “Dədə Market” ərzaq mağazasında satıcı işləyərkən mağazaya gəmiş Təqsirləndirilən şəxs2 Firudin oğlunun əlindəki günəbaxan tumunun qabıqlarını mağazanın içərisində olan zibil qutusuna atmaq istəməsindən aralarında mübahisə yaranmış, mübahisə zamanı ictimai yer hesab olunan mağazanın qarşısında sonuncunun ünvanına nalayiq söyüşlərlə müşaiyət olunan ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı qərəzli olaraq açıqca hörmətsizlik etmiş, həmçinin, zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər etməklə Təqsirləndirilən şəxs2 sinəsindən vuraraq arxaya itləyib yerə yıxmaqla ona sağ dirsək oynağında yumşaq toxumaların geniş əziyi və qançırı, sol dizdə sıyrıqdan ibarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən xasarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Firudin oğlu ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Quba rayon İqrik kəndində yerləşən “xxxx” MMC-də sürücü işləyir. Quba şəhəri, Vaqif küçəsində yerləşən “Dədə Market”-də satıcı işləyən Əfsun adlı şəxsi tanıyır, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Vaqif küçəsində yerləşən “Dədə” marketə gəlmiş və marketdən özünə günəbaxan tumu almışdır. Daha sonra marketdə günəbaxan tumlarını yeməyə başlamış, qabıqlarını da ovucunun içinə yığmışdır. Bir qədər sonra Əfsuna ovucunda olan günəbaxan tumlarının qabıqlarını kassa tərəfdə olan zibil qutusuna atmaq istəməsini demiş, Əfsun ona marketin qarşısında zibil qabı olduğunu demişdir. Bundan sonra o, marketdə kassa tərəfə keçərək əlindəki zibili orada olan zibil yeşiyinə atmış, həmin vaxt Əfsun onunla kobud danışdığı üçün onu marketdən çölə çağırmış və özü də marketdən çölə çıxmışdır. O, marketin qarşısına çıxdıqdan sonra Əfsunda onun arxasınca marketin qarşısına gəlmiş və Əfsun onun ünvanına nalayıq söyüş ifadələri işlətdiyi üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı Əfsun onu arxaya itələmişdir. O, müvazinətini saxlaya bilməyib yerə yıxılmış və sağ qolu altında qalaqraq əzilmişdir. Bundan sonra Əfsun onun üzərinə gəlib onu vurmaq istəyərkən o, Əfsuna tərəf təpik zərbəsi atmış və təpik zərbəsi Əfsunun burun nahiyəsinə dəymişdir. Bundan sonra marketin qarşısına gələn tanımadığı şəxlər onları ayırmış, həmin vaxt orada xidmət aparan polis əməkdaşları da oraya gəlmiş və onların mübahisə etdiyini görüb hər ikisini Quba RPŞ-nə aparmışdırlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 əməlindən peşiman olmasını və Təqsirləndirilən şəxs1la barışmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, boş vaxtlarında Quba rayonu, Vaqif küçəsində yerləşən “Dədə Market” adlı ərzaq mağazasında satıcı kimi dayısı oğlu Raminə köməklik edir. xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində kassada dayanıb iş görərkən üzdən tanıdığı Dəyanət adlı şəxs mağazaya daxil olmuşdur. Dəyanət mağazaya daxil olduqdan sonra günəbaxan tumu almış və mağazada dayanıb günəbaxan tumunu yeməyə başlamışdır. Bir nüçə dəqiqə sonra Dəyanət günəbaxan tumunun qabıqlarını ona uzadıb kassanın altında olan zibil yeşiyinə atmasını demişdir. O, Dəyanətin hərəkətlərindən və ağız qoxusundan onun içkili olduğunu bilmiş və Dəyanətə marketin qarşısında çöldə zibil yeşiyi olduğunu və əlindəki zibilləri həmin yeşiyə atmasını demişdir. Lakin Dəyanət ona əlindəki zibilləri məhz kassanın altında olan zibil yeşiyinə atacağını demiş, içkili olduğunu bilib ona əhəmiyyət verməmiş, Dəyanət kassa tərəfə keçərək əlindəki zibilləri zibil yeşiyinə atdıqdan sonra onunla söhbət etmək istədiyini deyərək onu mağazadan çölə çağırmışdır. O, Dəyanətin işkili olduğunu görüb ona “sən sərxoşsan sabah ayılanda gəl söhbət edərik” demişdir. Dəyanət isə ona “sən bir bayıra gəl” deyərək mağazadan çölə çıxmış o, da Dəyanətin arxasınca mağazanın qarşısına çıxmışdır. Mağazananın qarşısına çıxdıqdan sonra Dəyanət onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, Dəyanətin sərxoş olduğunu görüb əlini belindən tutub mağazanın qarşısından kənarlaşdırmaq istəyərkən Dəyanət onu qəfildən vurmaqla burun nahiyəsinə bir zərbə vurmuşdur. Dəyanət vurduqdan sonra onlar əlbəyaxa olmuş və Dəyanət sərxoş olduğu üçün səkinin üzərində ayağı ilişərək yerə yıxılmışdır. Həmin vaxt onun burun nahiyəsindən qan gədiyi üçün o, Dəyanətin üzərinə gedərkən orada olan tanışı Nadim adlı və tanımadığı bir neçə nəfər şəxs onu tutub saxlamışdılar. Həmin vaxt orada xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış və onları Quba RPŞ-nə dəvət etmiş, o və Dəyanət polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlindən peşiman olmasını və Təqsirləndirilən şəxs2la barışmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı vəzifəsində xidmət aparır. xx.xx.2021-ci il tarixdə, saat təxminən 22 radələrində PPXB-nin manqa komandirləri polis baş serjantı Şahid3 polis serjantı Şahid2, polis nəfərləri, polis sıravisi Əli Süleymanov və polis serjantı Şahid4la birlikdə 2 saylı marşrutda avtomobillə Quba şəhəri, Vaqif küçəsində xidmət apardıqları zaman Vaqif küçəsində “Dədə Market” ərzaq mağazasının qarşısında çoxlu sayda tanımadığı şəxslərin toplağdığını, iki nəfər şəxsin bir-birlərini ucadan nalayiq söyüşlərlə söyərək əlbəyaxa olduqlarını və bir-birlərinə xəsarət yetirdiklərini görüb oraya gəlmişlər. Oraya gəldikdən sonra iki nəfər şəxsin üst başlarının palçıq olduğunu və bir nəfər şəxsin burun nahiyəsindən qan gəldiyini, digər şəxsin ağrıdan sağ əlini tutduğunu görüb nə baş verdiyini soruşanda həmin şəxslər bir-birləri ilə mübahisə edərək dalaşdıqlarını demişlər. Bundan sonra onlar hər iki şəxsi sakitləşdirdikdən sonra onları RPŞ-nə dəvət etmişlər. Onlar birlikdə RPŞ-nə gəldikdən sonra həmin şəxslərdən Təqsirləndirilən şəxs2 Firudin oğlu və Təqsirləndirilən şəxs1 olmasını müəyyən edərək raport tərtib etdikdən sonra aidiyyəti üzrə şəxsləri təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2021-ci il tarixli, 100 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Firudin oğlunun bədəni üzərində aşkar olunan xəsarətlər-sağ dirsək oynağında yumşaq toxumaların geniş əziyi və qançırı, sol dizdə sıyrıq küt əyşanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2021-ci il tarixli, 99 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər- burunun üstündə əzilmiş yara, burun sümüklərinin yerini dəyişməyən köndələn sınığı, küt əyşanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs2 Firudin oğlunun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. (1.500 %) İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 spirtli içki qəbul etməməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Firudin oğlunun və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri özlərinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 Firudin oğlunun və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməllərinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Firudin oğlunun və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Firudin oğlu və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 Firudin oğlunun və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarında olan Quba şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmişxx.xx.2021-ci il tarixli, 879 saylı arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X6 şəhəri, Vaqif küçəsi, ev 91 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Tüləkəran İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən gürünür ki, ilə Təqsirləndirilən şəxs1 Quba rayon, Yenikənd kəndinin sakini olmaqla həmin kəndə qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Firudin oğlu məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, X5 məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba rayonu X1 xx.xx.2021-ci il tarixli, 63 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Firudin oğlu və Təqsirləndirilən şəxs1 Quba RNRM-da qeydiyyatda yoxdurlar. Məhkəmə Təqsirləndirilən şəxs2 Firudin oğlunun cəzasının həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, Təqsirləndirilən şəxs1la barışmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 Firudin oğlunun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasının həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Təqsirləndirilən şəxs2la barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li qərarının 2-ci hissəsinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Firudin oğlunun və Təqsirləndirilən şəxs1 oğlunun cəzalarını yüngülləşdirən halların məcmusunu və onların cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onların barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını təyin etməyə əsas yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Firudin oğluna və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzanın təyin edilməsi ilə təmin edilə bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 Firudin oğlu və Təqsirləndirilən şəxs1 onlara təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulan qətimkan tədbirinin heç bir növü seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, hökm e t d i: Təqsirləndirilən şəxs2 Firudin oğlu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Firudin oğlunun qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 Firudin oğlunun yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Firudin oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübüt, mülki iddia, maddi ziyan və məhkəmə xərci yoxdur. Hökmdən iyirmi gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar