Məhkəmə qərarları › İş №1(027)-53/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-53/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-53/2022 12.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Qazax rayonu, Orta Salahlı kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Orta Salahlı kəndində daimi pasport qeydiyyatında olmaqala həmin ünvanda yaşayan, 10.02.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində Quba rayonu, 1-ci Nügədi kənd sakini Zərərçəkmiş şəxs ilə tanış olub X2 Kompleksinin təmiri ilə əlaqədar sökülmüş tikinti materiallarına nəzarət etdiyini bildirərək həmin materiallar, habelə kompleksə Bakı şəhərindən gətiriləcək yeni tikinti materiallarından Zərərçəkmiş şəxs satacağını vəd edib aldadaraq kompleksin ərazisində ilk dəfə 150 manat, habelə bundan sonra 2021-ci ilin aprel ayı ərzində müxtəlif vaxtlarda X2 Komplesinin ərazisində müxtəlif məbləğlərdə olmaqla sonuncunun ümumilikdə 3350 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki o, Qazax rayonu, Orta Salahlı kəndində yaşayır. O, fasilələrlə 2018-ci ilin əvvəllərindən 2020-ci ilin mart ayına qədər, sonralar isə 2021-ci ilin əvvəllərindən həmin ilin iyul ayına qədər Quba rayonunda yerləşən idman kompleksində söküntü işləri ilə məşğul olaraq fəhləlik etmişdir. Həmin kompleksdə çalışdığı müddətdə heç bir vəzifə daşımamış, onun tabeliyində işçilər olmamışdır. Yalnız söküntü materialları yığıb fərdi şəxslərə sataraq qazanc əldə etmişdir. 2021-ci ilin aprel ayında Quba İdman kompleksinə söküntü taxta materialları almağa gəlmiş Quba Rayonu, 1-ci Nügədi kənd sakinləri Bahadır, Natiq və Tofiq adlı şəxslərlə ilə tanış olmuşdur. Həmin vaxt o, sökülmüş materialları onlara göstərməmişdən əvvəl Bahadırdan 150 manat taxta materialları üçün, özünə isə 50 manat pul almışdır. Onlar taxta materiallarına baxıb bəyənmədikləri üçün Bahadır verdiyi pulu geri istəmişdir. Pulu geri qaytarmaq istəmədiyi üçün o, həmin vaxt Bahadıra başqa tikinti materialları verə biləcəyin söyləmişdir. Sonra o, Bahadıra kompleksin həyətinə yığılmış kafel və metlaqları göstərib seçməyi təklif etmişdir. Bahadır kafelin və metlağın çeşidini seçdikdən sonra, bir kvadratını 11 manatdan cəmi 150 kvadratlıq kafeli 1650 manata, həmçinin bir kvadratını 7 manatdan cəmi 100 kvadratlıq metlaxı da 700 manata razılaşmışlar. O, əvvəlcə Bahadırdan 500 manat, bir müddət sonra əlavə 300 manat, daha sonra Quba idman kompleksinin ərazisində Bahadurdan sonuncuya qapı və taxta materialı verməsi üçün əlavə 150 manat almışdır. Bundan sonra o, yenidən müxtəlif vaxtlarda idman kompleksinin ərazisində Bahadırdan 1000 manat, 500 manat, 700 manat olmaqla daha 2200 manat almışdır. Bununla da o, təxminən 2021-ci ilin aprel ayı ərzində Bahadırdan iki dəfə söküntü taxta materialı və qapı üçün 300 manat, Bakı şəhərindən kafel-metlax gətizdirmək üçün 3000 manat olmaqla, ümumilikdə ondan 3350 manat pul almışdır. O, Bahadıra söz verdiyi kafel-metlax materialını sonuncuya verə bilməmişdir. 2021-ci ilin iyul ayında Bahadır daha material istəmədiyini bildirərək pulunun hamısını geri qaytarmasını tələb etmişdir. Bahadır ondan şikayət etməsin deyə iki dəfəyə hər dəfə 1000 mant olmaqla cəmi 2000 manat pulunu sonuncuya qaytarmış, lakin yerdə qalan 1350 manatı qaytarmağa imkanı olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hal-hazırda zərər çəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiyini və cinayət işi üzrə bəraətverici əsaslar olmadan icraaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki o, Quba şəhərində tikilən yeni idman kompleksində işlənmiş tikinti materialları satıldığını eşidib 2021-ci ilin aprel ayında materiallar almaq məqsədi ilə Natiq və Tofiq adlı həmkəndliləri ilə kompleksə getmişdir. Köhnə materialların satışı ilə Kazım adlı şəxsin məşğul olduğunu öyrənib ona yaxınlaşaraq ona taxta materialı almaq istədiyini söyləmidir. Həmin vaxt sökülmüş taxtalara baxmazdan qabaq Kazım kassaya pul ödənilməsi adı ilə ondan 150 manat bir və əlavə özünə hörmət üçün 50 manat pul almışdır. Sonra Kazım ona köhnə taxtaları göstərmişdir. Lakin göstərilən taxtalar nə onun nədə ki, Natiqin xoşuna gəlməmişdir. Kazımdan verdiyi 150 manat pulu geri istəyərkən, Kazım ona demişdir ki, “taxtadan əlavə nə istəsən verə bilərik, 150 manatın kassaya ödənildiyi üçün onu geri vermək mümkün deyil”. Onda Kazımdan əlavə nə verə bilməsini soruşduqda, sonuncu kompleksə yeni tikinti materialı gətirəcəyini və tikintiyə aid hər şey verə viləcəyini demişdir. Bundan sonra o, Kazımdan yeni qapı, kafel-metlax materialı təşkil etməsini xahiş etdikdə, Kazım onu kompleksin yuxarı tərəfinə malların yığıldığı yerə aparıb, ona bir neçə növ kafel-metlax materialını göstərərək istədiyini seçməsini söyləmişdir. Həmin vaxt Natiq və Tofiq onu kompleksin həyətində gözləmişlər. Kafel-metlax seçdikdən sonra, Kazım kompleksin anbarına bunlardan yeni kafel-metlax gələcəyini deyərək həmin mallardan 240 kvadratlıq ona satacağına söz vermişdir. Beləcə kvadratının maya dəyəri 11 manatdan kafel, kvadratının maya dəyəri 7 manatdan metlax, qapıları isə istədiyi qiymətə verəcəyini bildirmişdir. Bununla da əvvəldən ödədiyi 150 manat və 50 manatda daxil olmaqla Kazıma hissə-hissə ümumilikdə 3350 manat məbləğində pul vəsaitini X2 Kompleksi ərazisində vermişdir. Bir müddət keçməsinə baxmayaraq Kazımdan xəbər çıxmadığını görüb onunla əlaqə saxlamışdır. Kazım malın yığıldığını, az vaxtdan sonra tam şəkildə malları verəcəyinə söz vermişdir. Sonrakı dövrdə yenidən onunla əlaqə saxladıqda isə Kazım kompleksdə oğurluq olduğundan oraya yoxlama gəldiyini və ona görə mal verə bilmədiyini deyərək. səbrli olmağını ondan xahiş etmişdir. Həmin vaxt o, Kazıma malları istəmədiyini və verdiyi pulları geri verməsini tələb etmişdir. Kazımın pulunu qaytarmayacağı təqdirdə ondan şikayət edəcəyini bildirmişdir. Kazım şikayət etməməsini xahiş edərək pulunu qaytaracağına söz vermişdir. Bir müddət sonra Kazım ona əvvəlcə 1000 manat, sonra daha 1000 manat olmaqla cəmi 2000 manat geri qaytarsa da yerdə qalan 1350 manat pulu geri qaytarmaqdan imtina etmişdir. Buna görə məcbur qalıb əvvəlcə Quba RPŞ-nə şikayət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki o, Quba rayonu, Almaz Qazmalar kəndində qeydiyyatda olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun qonşusudur. 2021-ci ilin aprel ayında taxta materialı axtarırdığı üçün Bahadırdan Kazım adlı şəxsin Quba idman kompleksində köhnə taxta materialları satışı ilə məşğul olduğunu öyrənmişdir. Həmin vaxt Bahadırın özünədə taxta materialı lazım olduğu üçün onlar birlikdə idmankompleksinə gedib kompleksin ərazisində Kazımı tapıb onunla görüşmüşlər. Həmin vaxt Kazım taxta materiallarına görə pul köçürülməli olduqlarını bildirərək Bahadırdan 150 manat pul almışdır. Bundan sonra o, kompleksin həyətinə yığılmış köhnə taxta materiallarını onlara göstərmişdir. Taxtalar çürük olduğu üçün bəyənməmişlər. Bahadır Kazıma verdiyi pulu geri istədikdə Kazım ona pulu qaytarmayıb bildirdirmişdir ki, pulu kassaya köçürtdüyü üçün qaytara bilməz. Həmin vaxt Kazım Bahadıra ödədiyi pulun əvəzinə başqa tikinti materialı verməyi təklif edib Bahadırı kompleksin yuxarı hissəsinə. Ona başqa tikinti materialı lazım olmadığından o, həmin vaxt Tofiq adlı şəxslə həyətdə Bahadırı gözləmişdir. Sonradan o, Bahadırdan eşidib öyrənmişdir ki, Kazım ona kafel, metlax və yeni qapılar vermək adı ilə ondan hissə-hissə 3000 manatdan çox pul alıb tikinti materiallarını ona verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 15 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mansur oğlu məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Qazax rayon lHB-nin Orta Salahlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Bəkirov X1 rayonunun Orta Salahlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Mansur oğluna istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs Mansur oğlunun törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Mansur oğlu ərizə ilə məhkəməyə müraciyət edərək Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etməsini nəzərə alıb barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığına görə, bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraaata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Mansur oğlu tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mansur oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs Mansur oğlu barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haddında 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Mansur oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar