Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-53/2024 16.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakları ilə, xx xxxx 2003-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, subay, məhkum olunmamış, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan, Quba şəhəri, Ərdəbil küçəsi, ev 24-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 400 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 07 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində Quba şəhəri, Ərdəbil küçəsində yerləşən “Cümə” məscidinin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçəsinin altından bir ədəd şəffaf sellofan bağlamada xalis çəkisi 400,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba şəhərində avtomobil mühərriki ustası işləyir və tutulana qədər təxminən 1 il müddətində “nəşə və ya ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan ara-sıra istifadə etmişdir. 07 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində “Meydan” parkının arxasında yerləşən “Cümə” məscidinin yanından keçərək yaşadığı Quba şəhəri, Ərdəbil küçəsinə daxil olub gedərkən məscidin yaxınlığında Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişlər. Onlar təhqiqatçı və vəkil gələnə kimi onun hərəkətlərini daim nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gəldikdən sonra özünü Quba RPŞ-nin təhqiqatçısı Cəlal Sultanov kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişlər. O, şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, əynindəki qara rəngli gödəkçənin altında saxladığı bir ədəd şəffaf rəngli sellofan paketi təqdim etmişdir. Üzərində şəxsi axtarış aparılaraq təhqiqatçı tərəfindən əynindəki şalavarın sağ yan cibindən bir ədəd mobil telefonu aşkar edilmişdir. Təqdim etdiyi sellofan paketi açarkən içərisindən tünd yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir ki, o, bu kütlənin “nəşə və ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitəni tapdığını və öz istifadəsi üçün yaşadığı evdə saxlamaq məqsədilə apardığını bildirmişdir. Həmin paket elektron tərəzidə çəkilərkən 400 qram təşkil etmiş və bir ədəd paketə qoyularaq qablaşdırılmışdır. Qablaşdırmanın üzərinə o və müdafiəçisi imza edərək tamlığını təsdiq etmişlər. Sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolun məzmunu bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Əlavə edərək üzərindən aşkar olunan narkotik vasitənin miqdarıın az olduğunu və qeyd edilən qədər olmadığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və narkotik vasitə dövriyyəsində şübhəli Təqsirləndirilən şəxs Quba şəhərində "Meydan" parkının arxasında yerləşən "Cümə" məscidinin yanından keçərək yaşadığı Quba şəhəri, Ərdəbil küçəsinə getdiyini müəyyən edilmişdir. 07 noyabr 2023-cü il tarixdə, saat 02:00 radələrində həmin yerdə bir şəxsə yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyəti müəyyn edilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin yerə təhqiqatçı və vəkil dəvət edərək Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar. Az sonra vəkillə birlikdə gələn təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və onların iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının təklifi əsasında axtarışdan əvvəl əynindəki qara rəngli gödəkçənin altında saxladığı bir ədəd şəffaf rəngli sellofan paketi könüllü təqdim etmişdir. Sellofan paketi açarkən içərisindən tünd yaşıl rəngli bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs bu kütlənin “nəşə və ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni tapmasını və öz istifadəsi üçün yaşadığı evdə saxlamaq məqsədilə aparmasını bildirmişdir. Həmin paket elektron tərəzidə çəkilərkən 400 qram təşkil etmiş və bir ədəd paketə qoyularaq qablaşdırılmış və tamlığı təsdiq edilmişdir. Sonra müvafiq protokol tərtib edilmiş və bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Rəvanla birlikdə pul qoyaraq Quba rayonu Alekseyevka kəndində Bilal adlı şəxsdən şəxsi istifadələri üçün narkotik vasitə almaq məqsədilə həmin kəndə taksi ilə getmişlər. Həmin kənddə “Ülviyyə şadlıq sarayı”nın yanında Rəvan taksidən enərək kənarlaşmış və qayıtdıqda Rəvandan narkotik vasitəni alıbalmamasını xəbər almış və Rəvan cavabında aldığını bildirmişdir. Narkotik vasitə aldıqdan sonra Quba şəhərinə qayıtdıqda, “Cümə məscidi”nin yanında taksidən düşdükdən sonra Rəvan ondan kənarlaşmış və sonra polis əməkdaşlarının Rəvanı saxladıqlarının şahidi olmuşdur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1546 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofanda xalis çəkisi 400,0 qram təşkil edən bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi - 400,0 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 399,95 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 dekabr 2023-cü il tarixli, 8298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin altında saxladığı bir ədəd şəffaf rəngli sellofan paketin içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 400 qram narkotik vasitə marixuana Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz qismən etirafedici ifadəsilə yanaşı, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarında olan Quba rayon İHB Alekseyevka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Alekseyevka kəndində qeydiyyatdadır və müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 70 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 399,95 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddii sübut olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, Quba RPŞdə saxlanılan maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 399,95 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-53/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-53/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver