Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-54/2021 28.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Quba rayonu Qonaqkənd qəsəbəsində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba RİHB nəzdindəki Təsərrüfat İdarəsində yol süpürgəçisi işləyən, Quba rayon məhkəməsinin 25.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 10% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum məhkum olunmuş, Quba rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il müddətinə islah işləri cəzası, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş,Quba rayonu Qonaqkənd qəsəbəsində qeydiyyatda olmaqla Quba şəhəri 29-cu məhəllədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu özgə əmlakını gizli olaraq talamaq məqsədilə 25 yanvar 2021-ci il tarixdə saat 00:30 radələrində Quba şəhəri H.Əliyev prospektində yerləşən “Qafqaz-Oil” yanacaq doldurma məntəqəsinin operatorları üçün ayrılmış otağa-binaya qanunsuz daxil olaraq, zərərçəkmiş şəxsin cibindən əmlakını gizli talama məqsədi ilə həmin yanacaq doldurma məntəqəsinin operatoru Zərərçəkmiş şəxs kresloda yuxulamasından istifadə edərək sonuncunun əynində olan gödəkçəsinin sağ yan cibini otaqdakı masanın üzərindən götürdüyü qayçı ilə kəsməklə həmin cibdən 297 manat pulunu, Zərərçəkmiş şəxs şalvarının sağ yan cibindən 1.15 manat dəyərində “Rothmans” markalı siqaretini və masanın üzərində olan 6 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs 304,15 (üç yüz dörd manat on beş qəpik) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 24.01.2021-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı evdə 0,5 litrlik araq içib Quba şəhəri H.Əliyev prospektində yol kənarını süpürmək üçün evdən çıxmış, “Qafqaz-Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı ərazini süpürərkən həmin yanacaq doldurma məntəqəsinin hər iki operatorunun özləri üçün ayrılmış otaqda yatdıqlarını görmüş, operatorlardan biri otaqdakı yerdə qoyulmuş kardonlardan hazırlanmış taxtın üzərində, digəri isə qapı yaxınlığındakı kreslonun üzərində oturub yatmışdır. Otağın qapısı açıq olduğundan saat təxminən 00:30 radələrində sakitcə içəri daxil olmuş və kresloda yatan operatorun gödəkçəsinin sağ yan cibinin bir qədər dolu görsəndiyini görmüşdür. Əvvəlcə həmin operatorun cibinə əlini salmaq istəsə də, sonra ayılacağından qorxaraq bir qədər tərəddüd etmiş, bu zaman həmin otaqdakı masanın üzərində olan qayçıya gözü sataşmış və həmin qayçını götürüb oturuqlu vəziyyətdə yatan operatorun sağ yan cibinin üst hissədən azacıq kəsmişdir. Operatorun cibini kəsdikdə operatorun xorultusundan heç nə hiss etmədiyini, yuxuda olmasını bilmiş, cibinin kəsili yerindən əlini içəri yavaşca daxil etdikdə içəridə pulların olduğunu hiss etmiş, həmin pulları götürüb dərhal saydıqda 297 manat pul olduğun görmüş, həmin pullardan ikisi yüzlük qalanı isə 20, 10 və 1 manatlıq əskinaslar olmuş, daha sonra operatorun şalvarının sağ yan cibindən yarımçıq şəkildə görünən “Rothmans” markalı siqareti və masanın üzərində olan 6 manat pulu da, götürüb həmin otaqdan bayıra çıxmış, piyada oğurladığı siqaretdən çəkə-çəkə “24-Saat” marketə gedərək oradan çörək, araq, kola, kolbasa, siqaret, bacısı uşaqları üçün pampers və şirniyyat alaraq ümumilikdə 16 manat pul xərcləmişdir. Sonra isə taksi tutub Quba rayonu Davidoba kəndində yaşayan bacısı Əfsanənin evinə gedib uşaqları üçün aldığı əşyaları verib yenidən həmin taksi ilə Quba şəhərinə qayıtmış, taksi sürücüsünə ümumilikdə 60 manat pul vermiş, qalan pulu isə spirtli içki, enerji içkiləri və zəruri ehtiyyaclarına xərclədikdən sonra cibində oğurladığı puldan cəmi 204 manat pul qalmışdır. Quba şəhər ərazisində gəzən zaman polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində operatordan oğurladığı puldan qalan 204 manat pulu, bir qutu “Rothmans” markalı siqaret paçkasını və oğurladığı pulla aldığı bir ədəd 0.5 litrlik “Xan-Çinar” arağını polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs oğlu törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba şəhəri H.Əliyev prsopektində yerləşən “Qafqaz-Oil” yanacaq doldurma məntəqəsində operator işləyir. 24.01.2021-ci il tarixdən saat 08:00-dan 25.01.2021-ci il tarixi saat 08:00-a dək iş yoldaşı Şahid ilə birlikdə iş növbəsində olmuşdur. Gecə saat 24:00-dan sonra Şahid “Qafqaz-OİL” yanacaq doldurma məntəqəsinin operatorları üçün ayrılmış otaqda yerə qoyulmuş kardonların üzərində yatdığı zaman yanacaq doldurma məntəqəsində sakitlik olduğundan, yəni hər hansı müştəri olmadığından Şahid yatdığı otağa keçərək kresloda oturub istirahət edərkən yuxuya getmişdir. Bu zaman sağ cibində özünə məxsus 297 manat, sol cibində isə işlədiyi yanacaq doldurma məntəqəsinə məxsus 500 manat pul olmuş və qeyd olunan istirahət otağının qapısı da, bağlı olmuşdur. Saat təxminən 01:10-da istirahət otağının qapısının şüşəsinin bayır tərəfdən döyülmə səsinə ayılmış, bu zaman tanımadığı bir cavan oğlanın, ağ rəngli “Hyundai” markalı avtomobilinə 10 manatlıq benzin vurmağı xahiş etmişdir. Həmin avtomobilə 10 manatlıq benzin vurduqdan sonra, sürücüdən aldığı 10 manat pulu cibinə qoymaq istədikdə sağ yan cibinin kəsici bir alətlə kəsildiyini və cibində olan 297 manat pulun olmadığını görmüşdür. Dərhal istirahət otağına keçərək iş yoldaşı Şahid oyatmış və Elnura bu barədə xəbər vermişdir. Daha sonra Şahidlə birlikdə otağa göz gəzdirərkən yatmamışdan əvvəl masanın üzərinə qoyduğu özünə məxsus 6 manat pul və “Rottman” markalı siqaretinin də, olmadığını görmüş, lakin sağ cibində olan 500 manat işin pulu yerində olmuşdur. Bundan sonra saat təxminən 3-ə işləmiş öz mobil telefonu ilə Quba RPŞ-nin növbətçi hissəsinə zəng edərək bu barədə məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Paşayev X2 Elnur Eiman oğlunun ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri 29-cu məhəllədə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və buna görədə onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 25.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancında 10% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 18.02.2021-ci il tarixli 26481/20/05 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını çəkməmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ilə, məhkum Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş qazancından 10 % dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin 28.04.2021-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və o, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 15 gün hissəsini çəkmişdir, 05 ay 15 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, tutduğu əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzası ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.5-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılmas cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Quba rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra, yəni 25 yanvar 2021-ci il tarixlərdə törətmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Quba rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 ay 15 gün hissəsi ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət işinin materiallarında olan 25.02.2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəyi təqdirdə, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 12 saat üçün 72 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan və Quba RPŞ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd gödəkçə, bir qutu “Rothman” markalı siqaret, iki ədəd 100 manatlıq, dörd ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 204 manat pul Zərərçəkmiş şəxs, bir ədəd 0.5 litrlik “Xan-Çinar” isə sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Quba rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 (beş) ay 15 (on beş) gün hissəsi ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs oğluna 02 (iki) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Quba şəhəri 29-cu məhəllədə yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəza çəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 12 saat üçün 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subut olan və Quba RPŞ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd gödəkçə, bir qutu “Rothman” markalı siqaret, iki ədəd 100 manatlıq, dörd ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 204 manat pul Zərərçəkmiş şəxs, bir ədəd 0.5 litrlik “Xan-Çinar” isə sahibinə qaytarılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-54/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-54/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver