Məhkəmə qərarları › İş №1(027)-54/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-54/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-54/2022 06.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, xx.xx.1982-ci il tarixdə Quba rayonu, Xucbala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, himayəsində üç azyaşlı uşağı olan, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1990-ci il tarixdə Quba rayonu, Xucbala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 13.09.2021-ci il tarixdə saat 22 radələrində Quba rayonu, Xucbala kəndində yerləşən, X6 məxsus kafedə olarkən oraya gələn həmkəndlisi Zərərçəkmiş şəxs gözətçisi olduğu meşə ərazisindən ona odun verməsini istədikdə Zərərçəkmiş şəxs “həmişə necə kəsmisən get elə də kəs və mənim adımdan istifadə etmə” dediyinə görə sonuncu ilə əvvəlcə kafenin içərisində mübahisə edib, heç bir əsaslı səbəb olmadan onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, bununla bağlı aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxslə əlbəyaxa olmuş, daha sonra çölə çıxaraq kafenin qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlf nahiyələrinə bir neçə dəfə yumruq və təpik zərbələri vurub “sağ göz orbiti ətrafında qançırhematoma, sağ gözün ağlı qişasında qansızma, sifətində sağda qançır, sağ dirsəkdə sıyrıqa, sol biləkdə qançır” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs2 13.09.2021-ci il tarixdə saat 22 radələrində Quba rayonu, Xucbala kəndində yerləşən, X6 məxsus kafedə olarkən qohumu Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşdığını görüb həmin məsələnin ona heç bir aidiyyəti olmadığı və mənafelərinə toxunmadığı halda, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, ictimai yer hesab olunan kafenin qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlf nahiyələrinə bir neçə dəfə yumruq və təpik zərbələri vurub “sağ göz orbiti ətrafında qançırhematoma, sağ gözün ağlı qişasında qansızma, sifətondə sağda qançır, sağ dirsəkdə sıyrıq, sol biləkdə qançır” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyi və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinin əməllərində cinayət tərkibi vardır, onların hər birinin törətmiş olduğu cinayət əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla yanaşı həm də qohumudur. Onunla əvvəllər aralarında normal münasibətlər olsa da, sonradan bir qədər dəyişmişdir. Belə ki, o, hadisədən bir neçə ay əvvəl meşə dolayından ağac kəsib aparmış, Elmar isə bunu bildiyi halda ona qarşı hər hansı tədbir görməmiş, protokol tərtib etməmişdir. Onların arasında bir neçə dəfə bu səpkidə mübahisə olsa da, o, bu barədə polis şöbəsinə məlumat verməmişdir. 13.09.2021-ci il tarixdə saat 22 radələrində Quba rayonu Xucbala kəndində yerləşən kafedə oturub həmkəndlisi Sevindiklə birlikdə pivə içmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs içkili vəziyyətdə həmin kafeyə gəlmiş və onların yanında əyləşmişdir. Söhbət əsnasında o, Elmardan odun istəmiş, sonuncu isə "mən sənə odun verməyəcəm həmişə necə odun gətirmisən get elə gətir, sonra da deyərsən ki, Elmar meşəni qırıb satır" demiş, o cavabımda “mən iş verən deyiləm” demişdir. Bununla bağlı onların arasında mübahisə yaranmışdır. O, masadan durub çölə çıxmaq istəyərkən, Elmar kafenin giriş qapısının yanında onu nalayiq sözlərlə təhqir etmişdir. Bundan sonra onların arasında mübahisə daha da şiddətlənmişdir. O, həmin vaxt əli ilə Elmarın sinəsindən itələmişdir. Elmar isə onun boğazından tutub geri itələmişdir. Həmin vaxtı kafedə olan kənd sakinləri Asiman, Nemət, Feyzulla və Sevindik onlara yaxınlaşaraq ayırmışlar. Sonra o, kafenin ikinci mərtəbəsindəki pilləkənlə çölə çıxmaq istəyərkən Elmar yenə də onu ucadan söymüşdür. O, Elmarın hərəkətindən əsəbləşib sonuncunun sifət nahiyəsinə bir neçə dəfə yumruq və sillə ilə vurmuşdur. Elmar da qaşılığında bir neçə dəfə yumruq və sillə ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxtı kafedə olan Asiman, Nemət, Feyzulla və digər xatırlamadığı şəxslər onları ayırmışlar. Mübahisə zamanı kafedə kənd sakinləri Ömər, Asiman, Nemət, Feyzulla, Sevindik və digər şəxslər də olmuşdur. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı bir birilərini ucadan nalayiq söyüşlərlə söymüşlər və qarşılıqlı olaraq yumruq və şillə ilə vurmuşlar. Hadisə vaxtı Təqsirləndirilən şəxs2 orada olsa da o, Elmar Əkbərovu vurmamışdır. O, sadəcə həmin vaxt onları ayırmışdır. Mübahisə baş verəndən sonra Zərərçəkmiş şəxs telefonunu çıxardıb kiməsə zəng etdi. O, da Elmarın polis şöbəsinə məlumat verəcəyini düşündüyü üçün özü zəng edib Elmardan şikayət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Elmarla aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, işdən Zərərçəkmiş şəxs vasitəsi ilə çıxarılmamışdır. X17 Meşəbəyliyinin Alpan şöbəsinin 1 saylı dolayının meşəbəyi vəzifəsindən azad edilməsinin səbəbi rəhbərliyin dəyişilməsi olmuşdur. Sonda Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində üç azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Firudin oğlu və Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla yanaşı həm də qohumlarıdır. Hər ikisi ilə aralarında normal münasibətlər vardır. 13.09.2021-ci il tarixdə saat 22 radələrində o, kənddə yerləşən kafeyə gedərək orada pivə içmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 Sevindik adlı həmkəndlisi ilə kafedə oturub pivə içmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs kafeyə gəlmiş və Aydanın oturduğu masanın arxasında əyləşmişdir. Az sonra o, Aydanla Elmarın mübahisə etdiyini və bir-birilərinə nalayiq ifadələr işlətdiyini görmüşdür. Aydan həmin vaxt əli ilə Elmarın sinəsindən itələmiş, Elmar isə onun boğazından tutub geri itələmişdir. Həmin vaxtı o, kənd sakinləri Asiman, Feyzulla və Sevindiklə birlikdə onlara yaxınlaşaraq ayırmışdır. X16 kafedən çıxıb kafenin ikinci mərtəbəsindəki pilləkənin yanında bir-birilərini ucadan söymüşlər. Həmin vaxt Aydan və Elmar bir-birilərini bir neçə dəfə yumruq və təpiklə vurmuşlar. O, yenə də onları ayırmağa çalışmışdır. Həmin vaxt kafenin içərisində musiqi səsləndiyi üçün onların nə səbəbə mübahisə etdiklərini bilməmişdir. Mübahisə zamanı kafedə o, kənd sakinləri Şahid4, Şahid2 və X4 və digər şəxslər olmuşdur. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı Aydan və Elmar birbirilərini ucadan söymüş, bir-birilərini yumruq və şillə ilə vurmuşlar. Sonda Təqsirləndirilən şəxs2 hadisə baş verən gün Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs məhz ayırmaq məqsədilə yaxınlaşdığını, sonuncuya hər hansı xəsarət yetirmədiyini bildirərək, ona bəraət verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun yaşadığı Quba rayonu, Xucbala kəndində yaşayır. Onunla əvvəllər aralarında normal münasibətlər olmuş, bir il olar ki, münasibətlər pisləşmişdir. Aydanla aralarında bir neçə dəfə mübahisə olsa da, bu barədə polisə məlumat verməmişdir. 13.09.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı kənddə yerləşən kafeye gəlmiş həmin kafenin həyətində əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onu görüb odun istəmişdir. O, isə "mən sənə odun verməyəcəm həmişə necə odun gətirmisən get elə gətir, sonra da deyərsən ki, Elmar meşəni qırıb satır" demişdir. Bununla bağlı onların arasında mübahisə yaranmış və o, kafedən çıxmışdır. Təqsirləndirilən şəxs1 onun arxasınca gəlmiş və yumruqla göz nahiyyəsindən vurmuşdur. Bu vaxt guya ayırmaq məqsədilə onlara yaxınlaşan Təqsirləndirilən şəxs2 onun yaxasından tutub dartmışdır. Onları ayırmaq niyyəti ilə Təqsirləndirilən şəxs2 gəlmiş, bu vaxt Nemət onu yaxasından tutub dartmış, Aydan isə vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, Zərərçəkmiş şəxs bildirmişdir ki, kafedə Aydanla aralarında odun üstündə mübahisə yaranmış və Aydan onu yumruqla üz nahiyəsindən vurmuşdur. Hadisə olan zaman xatırlamasa da, kamera görüntülərini izləyəndən sonra Təqsirləndirilən şəxs2 da ona xəsarətlər yetirməsini görmüşdür. Hadisə 10-15 dəqiqə davam etmişdir. Kafedə olan Sevindik, Ömər, Feyzulla, Asiman onları ayırmışlar və o evinə getmişdir. Aydanla əvvəl aralarında ədavət və düşmənçilik olmamışdır. Belə ki, Aydan əvvəllər meşə zolağında meşəbəyi işləmiş, sonradan işində yaranmış nöqsanlara görə azad edilmiş və bir qədər sonra Zərərçəkmiş şəxs həmin vəzifəyə işə düzəlmişdir. Aydan işdən çıxarılmasında onu günahlandırmış və bununla bağlı aralarında ədavət yaranmışdır. Hadisədən 2-3 əvvəl isə Aydan meşə zolağından icazəsiz ağac kəsmişdir. Zərərçəkmiş şəxs bunu aşkar etdikdən Aydana irad bildirmiş və olanlara “göz yummuşdur”. Hadisə baş verən gün, 13.09.2021-ci il tarixdə Aydan yenidən ondan odun istəmiş, Zərərçəkmiş şəxs isə "mən sənə odun verməyəcəm həmişə necə odun gətirmisən get elə gətir, sonra da deyərsən ki, Elmar meşəni qırıb satır" demişdir. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Hazırda onlar barışmış və o, təqsirləndirilən şəxslərin hər birini bağışlamışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Firudin oğlu və Zərərçəkmiş şəxs tanıyır, hər ikisi onun həmkəndlisidir və hər ikisi ilə aralarında normal münasibətlər vardır. 13.09.2021ci il tarixdə saat 22 radələrində o, Təqsirləndirilən şəxs1 Firudin oğlu birlikdə Quba rayonu Xucbala kəndində yerləşən Raminin işlətdiyi kafeyə getmiş və orada Aydanla birlikdə oturub pivə içmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə gəlmiş və onların oturduğu masa arxasında əyləşmişdir. Söhbət zamanı Elmar Aydana “meşədən ağac kəsmisən” sözlərini demiş, bununla bağlı aralarında söz mübahisəsi yaranmışdır. Həmin vaxtı o, kafenin həyətinə çıxmış və geri qayıdanda Aydan və Elmarın mübahisə etdiklərini, bir-birlərinin ünvanına ucadan söyüş söydüklərinin şahidi olmuşdur. Mübahisə zamanı Aydan əli ilə Elmarın sinəsindən itələmişdir. Elmar isə Aydanın boğazından tutub geri itələmişdir. Həmin vaxtı o, kafedə olan həmkəndliləri Şahid4, Təqsirləndirilən şəxs2 və Şahid2 ilə birlikdə Aydanla Elmarı ayırmışdır. Bundan X16 kafedən çıxıb kafenin ikinci mərtəbəsindəki pilləkənin yanında bir-birilərini ucadan söymüş, bir-birilərini bir neçə dəfə yumruq və təpiklə vurmuşlar. Aydan əvvəllər meşə zolağında meşəbəyi işləmiş, sonradan işdən azad edilmişdir. Aydan işdən çıxralmasının səbəbkarı kimi Elmarı gördüyü üçün aralarında ədavət vardır. Mübahisə zamanı kafedə onunla yanaşı kənd sakinləri Təqsirləndirilən şəxs2, Şahid2, Şahid4 və digər şəxslər olmuşdur. Lakin digər şəxsləri xatırlamır. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı hava qaranlıq olduğundan və orada adamlar çox olduğu üçün qarışıqlıq olduğundan Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurduğunu və nalayiq söyüşlərlə söydüyünü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 X2 göstərdiklərinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, o da kafenin içərisində olduğunda hadisəsin bilavasitə şahidi olmuş, Aydanla Elmarın bir-birilərini vurduğunu, Təqsirləndirilən şəxs2 isə onları ayırdığını görmüşdür. Aydan ilk olaraq Elmarı vurmuş, Elmar da qarşılıq vermişdir. Təqsirləndirilən şəxs2 isə məqsədi onları ayırmaq olmuş, buna görə də Elmarı tutub kənara çəkmişdir. Kafenin içərisində Nemətin Zərərçəkmiş şəxs vurmasının şahidi olmamışdır. Kafenin ikinci mərtəbəsindəki pilləkənin yanında Aydanla Elmarın arasında olan münaqişəni görmüməmişdir. Həmin vaxt evində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər şahidlərlə analoji ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə olan zaman kafedə olmuşdur. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs bir-birilərini vurduğunu görmüş və onlara yaxınlaşıb ayırmışdır. Hadisə kafenin qapısının ağzında olmuş və təxminən 5-10 dəqiqə davam etmişdir. Kafedə musiqi səsi yüksək olduğundan Aydanla Elmarın söyüş söydüklərini eşitməmişdir. Aydanla Elmarın arasında mübahisə olmuş və onlar bir-biriləri ilə tutuşmuşlar, lakin bir-birilərini vurmamışlar. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə Elmara zərbə vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinin ayrı-ayrılıqda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və aşağıda qeyd olunan digər iş materialları ilə tam təsdiq edilir. İş materiallarında olan: çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, ümumi müddəti 1 dəqiqə 47 saniyə olan videoçəkilişdən görünür ki: kafenin içərisində bir nəfər ağsaçlı kişi (Zərərçəkmiş şəxs) digər seyrək saçlı qısaqol köynək geyinmiş şəxslə (Təqsirləndirilən şəxs1) söhbət edir. Həmin videogörüntünün 1 dəqiqə 22 saniyəsində Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs Şıxbaba oğlunun arasında mübahisə baş verir və onlar əlbəyaxa dalaşmaya başlayırlar. Videogörüntüdən göründüyü kimi birinci Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsa yumruq atır, Zərərçəkmiş şəxs onun qolundan tutub itələyir və sonra boğazından yapışır. Bu zaman kafedə yaxın yerləşən masada əyləşmiş digər şəxs (Şahid2) ayağa qalxaraq mübahisə olan yerə gəlir və Zərərçəkmiş şəxs yaxasından tutaraq onu divara sıxır və nəsə izah edir. Divara sıxdıqdan sonra kafedə olan digər şəxslər araya girərək onları ayırmağa başlayırlar; ümumi müddəti 5 dəqiqə olan digər videoçəkilişdən görünür ki: kafenin çıxışında pilləkənlərdə Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs əlbəyaxa olurlar. Həmin videogörüntünün 2 dəqiqə 11 saniyəyə qədər Zərərçəkmiş şəxs pilləkəndə bir qədər aşağıda olması, yuxarıdan sə Təqsirləndirilən şəxs1 ona hücum edib əl qol atması görünür. Videogörüntünün 1 dəqiqə 50 saniyəsində Zərərçəkmiş şəxs mübahisədən sonra pilləkəndən düşdükdən sonra Fezyulla Hacıyev onun yanına gəlir. Bu zaman Təqsirləndirilən şəxs2 pilləkəndən düşərək Feyzulla adlı şəxsi kənara itələyib Zərərçəkmiş şəxs üzərinə hücum edib kafenin kənarına çəkərək onu vurmağa başlayır. Həmin vaxt kafedə olan kənd sakinləri onları ayırsalar da Təqsirləndirilən şəxs2 yenidən Zərərçəkmiş şəxs yaxınlaşaraq onu vurur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) 14.09.2021-ci il tarixli, 961 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sağ göz orbiti ətrafında qançır-hematoma, sağ gözün ağlı qişasında qansızma, sifətində sağda qançır, sağ dirsəkdə sıyrıq, sol biləkdə qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 13.09.2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərərvurmaya aiddir (iş vər.: 21); “sübutların qiymətləndirilməsi haqqında” 28.02.2022-ci il tarixli qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 14.09.2021-ci il tarixli, 961 nömrəli rəyi cinayət işi üzrə sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmiş, iş üzrə 13.09.2021-ci il tarixli saat 22 radələrində Quba rayonu, Xucbala kəndində yerləşən kafedə baş vermiş xuliqanlıq hadisəsini əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən müddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vər.: 162-167). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq cinayəti törətməmələri ilə bağlı ifadələrinə dair aşağıdakıları qeyd edir. İlk növbədə vurğrlamaq lazımdır ki, həmin mübahisənin təşəbbüskarı Əkbərov Aydın olmuş, o, sərxoş halda ictimai yerdə ucadan nalayiq ifadələr işlətməklə, zərərçəkmiş şəxsə zor tətbiq etmiş, kafenin iş rejimi pozaraq birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol vermişdir. Bununla da, o, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarına zidd olan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərlə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Digər Təqsirləndirilən şəxs2 həmçinin sərxoş halda, ilk dəqiqələrdə mübahisəyə qoşulmasa da, sonradan kafenin qarşısında eyniylə xuliqanlıq cinayətini səciyələndirən hərəkətlər etmiş və zərərçəkmiş şəxsə zor tətbiq edərək, ona bədən xəsarəti yetirmişdir. Bu zaman kafenin qarşısında çox sayda vətəndaşların olduğu, küçədən keçən avtomobillərin saxlayaraq, mübahisəni müşahidə etdikləri də aydın görünür. Həmin hallar məhkəmədə tədqiq edilmiş hadisənin videogörüntüsü ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə, təqsirləndirilən və zərərçəkmiş şəxslərin qohum və həmkəndli olduqlarından, bir-birini müdafiə etmək üçün bu səpkidə ifadə verdiklərini nəzərə alır və təqsirləndirilən şəxslərin ifadələrini məsuliyyətdən boyun qaçırmaq üçün verdikləri kimi qiymətləndirərək, onlara tənqini yanaşır və inandırıcı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yarandığı halları ehtiva edir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarında həmçinin qeyd olunur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır”. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törətmələri məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onların əməlləri Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddələri ilə düzgün tövsif edildiyindən, onların hər biri həmin maddə ilə məsuliyyət daşımalıdırlar. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ittiham elan olunmuşdur (iş vər.: 201, 202); “qətimkan tədbiri seçilməsi haqqında” 01.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01.03.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 212); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 74); Quba Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Əkbərov X11 rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla yaşayır və himayəsində üç azyaşlı uşağı vardır (iş vər.: 62); Quba RlHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Firudin oğlu yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 63). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini və törətdiyi cinayət əməlini qismən etiraf edib, səmimi peşiman olmasını, himayəsində üç azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ittiham elan olunmuşdur (iş vər.: 177, 178); “qətimkan tədbiri seçilməsi haqqında” 01.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 01.03.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 188); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 146); Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun atası X5 və anası X1 ibarət ailə tərkibi vardır (iş vər.: 159,161); Quba RlHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 160). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə həmçinin hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, ona tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Onun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, ona tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar