Məhkəmə qərarları › İş №1(027)-55/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-55/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-55/2021 05.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Şixbaba oğlunun və müdafiəçisi Müdafiəçi oğlunun iştirakları ilə 13.08.1979-cu ildə Quba rayonu Amsar kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonu Amsar kəndində qeydiyyatda olan və yaşayan, 22 fevral 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Şixbaba oğlunun Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Şixbaba oğlu Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD-19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra qanunla müəyyən edilmiş özünütəcrid müddətinin bitməsini gözləmədən 21 noyabr 2020-ci il tarixdə səhər radələrində yaşadığı evi tərk etməklə özünə məxsus “VAZ-21099 MİNİK” markalı **- KR-*** qeydiyyat nişanlı avtomobillə Quba rayonu 2-ci Nüqədi kəndinə gedib həmin gün saat 13 radələrində evinə qayıtmış, 25 noyabr 2020-ci il tarixdə saat 12 radələrində yenidən yaşadığı evi tərk etməklə özünə məxsus “VAZ-21099 MİNİK” markah **-KR-*** qeydiyyat nişanlı həmin avtomobillə Qusar rayonunun mərkəzi bazarına gedib həmin günü saat 13-30 radələrində evinə qayıdaraq həmin günlərdə xəstəliyin yayılması üçün vətəndaşlara real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmuşdur. Mənkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Şixbaba oğlu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Quba rayonu Amsar kəndində yaşayır, heç bir hökümət işində işləmir, ailəsini dolandırmaq üçün özünə məxsus olan “VAZ21099” markalı **-KR- *** qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşqul olur.13 noyabr 2020-ci il tarixdə X6 COVİD-19 xəstəliyi ilə əlaqədar əsnəkdən yaxma testini vermiş, 15 noyabr 2020-ci il tarixdə şəxsi 0-50-533-01-90 mobil nömrəsinə onun COVİD-19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxması barədə mesaj gəlmiş, yəni onda koronavirus xəstəliyi aşkar olunmuşdur. Həmin telefon mesajında ona sağalana qədər evdən çölə çıxmamağı barədə xəbərdarlıq elan edilmiş, belə hərəkətin inzibati və ya cinayət məsuliyyəti yaratması barədə bildirilmişdir. Xəstəliyin özündə heç bir əlamətini hiss etmədiyi üçün gündəlik istifadə olunan ərzaq məhsullarını almaq məqsədi ilə 21 noyabr 2020-ci il tarixdə yaşadığı evi tərk edib özünə məxsus olan avtomaşınla Quba rayonu 2-ci Nüqədi kəndində yerləşən Qardaşlar marketrinə gedib həmin gün saat 13 radələrində evinə qayıtmışdır. 23 noyabr 2020-ci il tarixdə yenidən Quba rayon Mərkəzi xəstəxanasına gedib COVİD- 19 testini yenidən vermiş, 25 noyabr 2020-ci il tarixdə saat 17-58-də ona yenidən şəxsi 0-50-533- 01-90 mobil nömrəmə COVİD-19-la bağlı verdiyi testin nəticəsi yenə pozitiv çıxması barədə mesaj gəlmiş, həmin mesajda bir daha ona sağalana qədər qətiyyən evdən çölə çıxmamağı barədə xəbərdarlıq elan edilmiş, belə hərəkətin inzibati və ya cinayət məsuliyyəti yaratması barədə bildirilmişdir. 25 noyabr 2020-ci il tarixdə cə özünə məxsus “VAZ-21099” markalı **-KR-*** qeydiyyat nişanlı avtomobili ilə Qusar rayon mərkəzi bazarına gedib, avtomobili bazarın avtomobil dayanacağında saxlıyaraq, dayanacağın yaxınlığında olan paltar dükanına girmiş və lazım olan paltarlar alıb sonra Qubaya qayıdarkən yolda, Quba-Qusar karantin postunda polis əməkdaşları onu saxlayıb təcili yardım maşını ilə həkimin müşahidəsi ilə Quba rayonu Amsar kəndinə evinə yola salmışlar və koronavirus xəstəsi olduğu üçün sağalana qədər evdən çölə çıxmamasını bir daha izah etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Şixbaba oğlu törətdiyi əməldən peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsi xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsidə göstərmişdir ki o, 2018-ci ildən Quba rayonun Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. 25 noyabr 2020ci il tarixdə Cinayət Axtarış Bölməsinə əməliyyat xətti ilə COVİD-19 virusuna yoluxmuş koronavirus xəstəsi olan Quba rayonu Amsar kənd sakini Təqsirləndirilən şəxs evdə təcrid olunma karantin şərtlərini pozaraq, evini tərk edib özünə məxsus “VAZ-21099 MİNİK” markalı **-KR-*** qeydiyyat nişanlı avtomobillə Qusar rayonuna getməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq üçün həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan 0-50-533-01-90 nömrəli mobil telefonuna zəng edib, evini tərk edib-etməməsini, Qusar rayonuna gedibgetməməsini soruşduqda, Təqsirləndirilən şəxs həqiqətən də həmin vaxtı, yəni zəng edilən vaxtı Qusarda olduğunu etiraf etmişdir. S. Mütəllimov həmin vaxt Quba-Qusar sərhəddində olan karantin postuna çağırılaraq təcili yardım avtomobili ilə həkimin müşahidəsi altında evinə yola salınmışdır. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Quba rayon X7 Hüquqi şəxsindən daxil olmuş 28.11.2020-ci il tarixli 4187 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13.11.2020-ci il tarixdə “COVİD-19” virus infeksiyasına görə əsnəkdən yaxma analizi vermiş və 15.11.2020-ci il tarixdə analizin cavabı Pozitiv (+) çıxmışdır. Təqsirləndirilən şəxs 18.11.2020-ci il tarixdən “COVİD-19 simptomsuz, Pozitiv” diaqnozu ilə evdə təcrid olunub. İşdə olan “xxxx” MMC-dən daxil olmuş 13.01.2021-ci il tarixli 861 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan 0-50- ***-**-** mobil nömrəsininin hadisələrin baş verdiyi 21.11.2020-ci il tarixdə saat 13-07-də Quba rayonu 2-ci Nüqədi kəndində, 25.11.2020-ci il tarixdə isə saat 12-13-dən saat 13-12-dək Qusar rayonunda aktiv olması müəyyən olunmuşdur. Bu da Təqsirləndirilən şəxs ifadəsini təsdiq edərək, həmin tarixlərdə həqiqətən də müvafiq olaraq Quba rayonu 2-ci Nüqədi kəndində və Qusar rayonunda olmasını bir daha sübut edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz ifadələri ilə yanaşı şahid ifadəsi, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Quba RİHB-nm Amsar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25.01.2020-ci il tarixli, 40 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Amsar kəndində yaşayır və ailəsi - 1979-cu il təvəllüdlü arvadı- X5, 2000-ci il təvəllüdlü X3, 2003-cü il təvəllüdlü X4, və 2005-ci il təvəllüdlü X1 ibarətdir. İşdə olan Quba RİHB-nm Amsar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarkterizə olunur. İş materiallarında olan AZE № 11657489 saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 himayəsində 17.03.2005-ci ildə anadan olmuş Mütəllimov Namik adlı oğlu var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tutduğu əməldən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir az yaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini, eyni zamanda onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluluğunu şərtləndirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törədilməsində təsqirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkumlar cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürürməklə ödəməlidirlər. İş materiallarında olan təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin seçilməsi haddına 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 8 saat üçün 48 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan xxxx MMC-dən daxil olmuş 13.01.2021-ci il tarixli 861 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD cinayət içinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Şixbaba oğlu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şixbaba oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs Şixbaba oğlunun yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Şixbaba oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar