Məhkəmə qərarları › İş №1(027)-55/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-55/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-55/2023 13.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi xüsusi ittihamçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Quba rayonu, Mirzəməmmədkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət təqibi üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayətçi X1 İsmət Məmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon sakini X5 xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İsmet Ceferov özünün facebook hesabında onun barəsində həqiqətə uyğun olmayan, yalan və uydurma, şərəf və ləvaqətini, işgüzar nüfuzunu ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları internet informasiya ehtiyatında yazılı formada olan mətninin görüntüsünü təqdim edərək, kütləvi şəkildə yaymış və Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. X5 özünün İsmet Ceferov adlı facebook hesabı vasitəsi ilə internet informasiya ehtiyatında 10 oktyabr 2022ci il tarixində, yazı formasında olan, həqiqəti əks etdirməyən məlumatları kütləvi nümayiş etdirərək, yayaraq “Quba RTŞ-nin rüşvətxor müdüri Rüfət Hacıyev məniMlə olan fb dostluqundan qaçıb!!! Bu artistin o vəzifədə işləməsi Azərbaycandakı gəncliyə, təhsilə, nəhayət. Xalqıma xəyanətdir!!...bu məxluq vəzifəyə əvvəlki müdirin səsini yazmaqla gəlib. Yaxın zamanda Dövlətimin köməkliyi ilə onun özünün və şahidlərin səs yazıları ilə sübut edib, şimal zonamızın təhsilini təmizləyəcəyəm!!! Atası sovxoz direktoru olaraq keçmiş SSRİ dövründən qalan. Nüqədi kənd zəhmətkeşlərinin əmlakını daqıdanda. Mən 3 uşaqımı evdə qovub. Azərbaycanın ərazi bütövlüyü uğrunda ermənilərlə vuruşurdum!!! Haram çörəklə böyüyən. Orduda xidmət etməyən, heç kimə lazım olmayan fransız dili müəllimi olan bu məxluq rüşvətlə qazandıqlarını itirməlidir!!!!” sözləri yazmışdır. Həmin məlumatlarla X8 və digər 20 nəfər kənar şəxs tanış olmuşdur. Bundan başqa X5 özünün İsmet Ceferov adlı facebook hesabı vasitəsi ilə internet informasiya ehtiyatında 23 noyabr 2022-ci il tarixində, yazı formasında olan, həqiqəti əks etdirməyən məlumatları kütləvi nümayiş etdirərək, “Quba Xaçmaz RTŞ nin müdiri rüşvətxor R.Hacıyev hələ də başa düşmür ki, onun nəslindəki məktəblilər, yanacaq üçün “komür”İə isinən Xalqın uşaqlarının dırnaqına deymezler! Vladimirovka KTOM də dərsdə uşaqlar xəstələnir və ya odun pulunu həzm edib, məktəbə verdiyi kömürün əmələ gətirdiyi dəm qazından zəhərlənirlər!!! Valideyinlər çarəsiz qalıb, pul yığıb odun almaq istəsələr də məktəbin direktoru və müəllim kollektivi bu isə etiraz ediblər. Saq olsunlar. Çarəni, deyəsən, valideyinlər həll etməli olacaq!! Bu kömür “əməliyyatı” bütün regionda aparılır. Valideyinlər niyə susur, başa düşə bilmirəm!!! Xahiş edirəm bu yazımı paylaşın ki, səlahiyyətli orqanlaq məlumatlı olsun!!! Allah eləməsin faciə baş versə gec olacaq!!!” sözləri yazmışdır. İsmət Cəfərov onu təhqir edərək şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Həmin məlumatlarla 16 nəfər kənar şəxs tanış olmuşdur. X5 özünün İsmet Ceferov adlı facebook hesabı vasitəsi ilə internet informasiya ehtiyatında 31 oktyabr 2022-ci il tarixində, yazı formasında olan, həqiqəti əks etdirməyən məlumatları kütləvi nümayiş etdirərək, “Rüşvətxor bufetin Rəhbəri olduğu Quba-Xaçmaz RTŞ nin müdüri rüşvətxor bufet xakerlik edir!! Direktor və onun müavinləri vəzifələri, kiçik sinif şagirdlərinin şəhər məktəbində oxutmaq istəyən valideyinləri mütləq bufetin adamını razı salmalıdırlar!! Müsaqibənin nəticələri rol oynamır.. (faktlarım var) Mən açıq yazıram, bəs onlar, (qurbanlar) niyə susur??!!! Mənim mobil nömrəmi tapmaq çəlin deyil. Kifayət qədər faktlar var. Mən Azərbaycanımın qeyrətnamusuna görə ölümə gedənlərdənəm!!! Söz verirəm adınız gizli qalacaq!!!” sözləri yazmışdır. Həmin məlumatlarla Natiq Memmedov ve digər 4 nəfər kənar şəxs tanış olmuşdur. X5 özünün İsmet Ceferov adlı facebook hesabı vasitəsi ilə internet informasiya ehtiyatında 29 noyabr 2022-ci il tarixində, yazı formasında olan, həqiqəti əks etdirməyən məlumatları kütləvi nümayiş etdirərək, “Quba-Xaçmaz RTŞ-nin mudüri ətrafındakı rüşvət yığanlara tapşırıq verib!!!! Məktəblərdə fəaliyyət göstərən bufetlər məktəbdə oxuyan hər uşaqa görə ayda 0.30 AZN rüşvətxor müdirin "adamına”ödəməlidir. Əks təqdirdə işindən kənarlaşdırılacaq.!!! Yekəbaş müdirinə arxayın olan, pulyığan şəxsə deyirəm-özünü yığışdır, son 4 5 ildə yığdıqlarını da əlindən alacaqlar” sözləri yazmışdır. Həmin məlumatlarla İldirim Memmedov və digər 14 nəfər kənar şəxs tanış olmuşdur. Onun rəhbərlik etdiyi Quba-Xaçmaz Regional Təhsil İdarənin tabeliyində 413 tam orla məktəb, 10 məktəbdən kənar müəssisə və 59 məktəbəqədər təhsil müəssisəsi vardır. Onun ümümilikdə 3500-ə qədər işçisi vardır. İsmət Cəfərov onu işçilərinin vasitəsi ilə rüşvət yığmaqda günahlandıraraq Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə ağır cinayətdə ittiham edərək, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayaraq, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-55/2023 saylı qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti məhkəmə icraatına qəbul edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına xx.xx.2023-cü il tarixinə saat 11:00-a təyin edilmişdir. Xüsusi ittihamçı X7 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş ərizədən məlum oldu ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X5 xx.xx.2023-ci il tarixində Quba Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra, X11 Hacıyevin yanına gələrək törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmiş, Rüfət Hacıyevdən üzr istəmiş və özünün İsmət Cəfərov adlı facebook hesabında keçmişdə onun barəsində yazdığı yazılarına görə xəcalər çəkdiyini bildirərək aşağıdakı cümlələri qeyd etmişdir: “Mən 7-8 aydan çoxdur ki, Quba-Xaçmaz RTİ min müdiri Rüfət Hacıyev haqqında yazılarimi dərc edirdim. Hətta mənə verilən faktlara görə Quba Rayon Prokurorluğuna da ərizə ilə müraciət etmişdim. Dindirilən 15 nəfərdən çox keçmiş məktəb direktoru izahat verib ki, yazılarım qərəzlidir və onlar öz ərizələri ilə işdən çıxıblar. Faktları isə təkzib ediblər. Rüfət Hacıyev böhtan və şərəf-ləyaqətini alçatdığım yazılarıma görə məni məhkəməyə verdi. Bu ayın 07 də ilk məhkəmə oldu. Hakimin təklif etdiyi barışığa getmədik. Mən bircə yazıma görə xəcalət çəkdim ki, onun atası haqqında qərəzli cümlələr yazmışam. Bu ğün Rüfət Hacıyev məni üzbəüz söhbət üçün Quba TŞ-nə dəvət etdi. Çay süfrəsi arxasında xeyli söhbət eldik. Ayrılanda da əmi-qardaşoğlu kimi ayrıldıq. Rüfət, başına-sadəliyinə görə etdiyin hərəkət alqışa layiqdir. Əsəblərim sakitləşdi, stresim yox oldu.” Rüfət Hacıyev barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X5 ilə barışmış, ona görə də sonuncu barəsində olan cinayət işinin icraatına xilam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında xüsusi ittihamçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 Rüfət Hacıyevin təqsirləndirilən şəxs X5 ilə barışdığını bildirərək, sonuncu barəsində olan cinayət işinin icraatına xilam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ərizə ilə bağlı etiraz etmədiyini bildirdi. Məhkəmə, təqsirləndirilən şəxs X2 zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsi tətbiq edilməklə, X5 cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 37, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsi tətbiq edilməklə, X5 cinayət məsuliyyətindən azad edilsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar apelyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar