Məhkəmə qərarları › İş №1(027)-57/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-57/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-57/2021 13.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X11 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD-19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra qanunla müəyyən edilmiş özünütəcrid müddətinin bitməsini gözləmədən xx.xx.2020ci il tarixdə saat 15 radələrində yaşadığı evi tərk etməklə özünə məxsus “FORD-TRANZİT YÜK” markalı **-NV-*** qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Vaqif küçəsində yerləşən əvvəlcə ərzaq almaq üçün “Jalə” adlanan marketə, sonra isə dərmanlar almaq üçün həmin küçədə olan aptekə gedib həmin gün saat 16 radələrində evinə qayıdaraq xəstəliyin yayılması üçün vətəndaşlara real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Həyat yoldaşı evdar qadın, özü isə Bakı şəhərinə yük daşıma fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Həyat yoldaşı Yeganə Məhəmmədxanovada xx.xx.2020-ci il tarixdə soyuqlama simptomları olduğu üçün həmin günü təcili yardım briqadasını çağırmış, infeksiyaya yoluxma şübhəsi yarandığından həyat yoldaşı ilə birlikdə Quba rayon Mərkəzi xəstəxanasına gedərək, hər ikisi “COVİD-19” koronavirus xəstəliyi ilə əlaqədar test vermişlər. xx.xx.2020-ci il tarixdə onun istifadəsində olan mobil telefona hər ikisinin testinin pozitiv çıxması barədə mesaj gəlmiş, lakin sonradan o, həmin mesajı silmişdir. Həmin günü o, həyat yoldaşı və uşaqları ilə bilikdə Quba rayon Mərkəzi xəstəxanasına gedib müayinədən keçmişlər. Həkim onlara müalicə yazmış və ev şəraitində müalicə almalarını bildirərək, 14 gün ərzində cəmiyyətdən təcrid olunmaları barədə xəbərdarlıq kağızı vermişdir. Bundan sonra o, həyat yoldaşı və uşaqları ilə birlikdə evə qayıtmış və müalicəni evdə etməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 16 radələrində evdə dərmanlar və ərzaq tükəndiyinə görə, həyat yoldaşı Yeganə xəstə olduğuna və tapşıracaq başqa kimsə olmadığına görə evdən çıxıb marketdən ərzaq, aptekdən dərman alıb evinə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə evdə qalma karantin müddəti bitmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, ona və ailə üzvlərinə 14 gün ərzində evdən çıxmaq qadağan olunsa da, o, xx.xx.2020-ci il tarixdə məcburiyyət qarşısında evdən çıxmışdır. Həyat yoldaşı onunla müqayisədə xəstəliyi daha ağır keçirdiyi üçün, eyni zamanda evdə ərzaq və digər gündəlik tələbatları təmin edəcək başqa kimsə olmadığı üçün həmin tələbatları qarşılamaq üçün məcbur olub evdən çıxmışdır. Hazırda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, himayəsində üç azyaşlı uşağı olmasını, Bakı şəhərinə yükdaşıma fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə etdiyini və ailəsini dolandıran yeganə şəxs olduğunu nəzərə alaraq, ona cərimə cəzası verilməsini məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, 2018-ci ildən Quba rayon X6 Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Narkotiklərlə Mübarizə qrupuna əməliyyat xətti ilə “COVİD-19” virusuna yoluxmuş koronavirus xəstəsi olan Təqsirləndirilən şəxs evdə təcrid olunma karantin şərtlərini pozaraq, evini tərk edib yaşadığı Quba şəhərində marketə getməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq üçün Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edib, evini tərk edib-etməməsini soruşduqda, Təqsirləndirilən şəxs həqiqətən də həmin gün evini tərk edib özünə məxsus avtomobillə əvvəlcə ərzaq almaq üçün Quba şəhərinin Vaqif küçəsində yerləşən marketə, sonra isə marketdən çıxıb dərman almaq üçün həmin küçədə yerləşən aptekə getdiyini təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs bir daha karantin qaydalarını pozacağı təqdirdə məsuliyyətə cəlb ediləcəyini izah etmişdir. Bundan sonra o, raportla Quba RPŞ-nə müraciət edərək, Təqsirləndirilən şəxs karantin qaydalarını pozması barədə məlumat vermişdir. Həmin raport aidiyyəti üzrə istintaq orqanına verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarətmə Birliyi, Quba Rayon Mərkəzi X9 şəxs tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli 4193 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “COVİD-19” virus infeksiyasına görə analiz vermiş və xx.xx.2020-ci il tarixdə analizin cavabı “COVİD- 19” pozitiv (+) çıxmışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “COVİD- 19 simptomsuz, Pozitiv” diaqnozu ilə evdə təcrid olunmuşdur (iş vər.: 8,9); “xxxx” MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-23/21 nömrəli məktuba əlavə edilmiş CD diskə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin hadisələrin baş verdiyi xx.xx.2020-ci il tarixdə Quba şəhəri, Vaqif küçəsi və köhnə Qasım İsmayılov, hazırda Lütvizadə adlanan küçəsində aktiv olması müəyyən olunur. Bu da, Təqsirləndirilən şəxs ifadəsini təsdiq edərək, həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixdə evini tərk edib, Quba şəhəri, Vaqif küçəsində yerləşən “Jalə” adlanan marketə və aptekə həqiqətən də getməsini bir daha sübut edir (iş vər.: 24); xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “xxxx” MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-23/21 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD disk xx.xx.2021-ci il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.: 37-40); xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 139-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 43); sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir (iş vər.: 61). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun: 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir; 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan: DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 23); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 57 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və arvadı X2, oğulları X3, X4, X1 ibarət ailə tərkibi vardır (iş vər.: 35); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vər.: 36); AZ-İİİ 229669, Az-İV 264049, AZ-İV 264048, nömrəli doğum haqqında şəhadətnamələrin suətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü əkizləri Şirazi və Məhəmməd, xx.xx.2016-cı il təvəllüdlü İbrahim adında azyaşlı uşaqları vardır. Yükdaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün verilmiş 098348 nömrəli fərqlənmə nişanından və arayışdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Tranzit” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Respublikanın ərazisində yükdaşıma fəaliyyəti ilə məşğul olur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağın olmasını, eyni zamanda yükdaşıma fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandıran yeganə şəxs olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir; 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra qurumuna tapşırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar