Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-57/2022 19.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə narkotik vasitə hesab olunan tərkibindəki metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram olan 01 ədəd və 01 ədəd 1/2 hissə həbi şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlamış, metadon həbi qəbul etdiyi üçün hərəkətləri, gözlərinin axması və danışıq tərzi ilə özünü narahat və şübhəli apardığından o, Quba RPŞ-nin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən 14 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Quba rayonu, Qəçrəş kəndi ərazisində, "Quba-Qəçrəş" avtomobil yolunun kənarında saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən tərkibindəki narkotik vasitə hesab olunan metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram olmaqla üzərində “M-40” göstəricisi olan 01 ədəd və 01 ədəd 1/2 hissə həb aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 200A-da anası və oğlu Samir ilə birlikdə yaşayır. Ailəli olmamış, əvvəllər nikahsız yaşadığı qadın olmuş, Samir dünayaya gəlmiş və Samiri özü götürüb anası ilə saxlamışdır. Samiri ana babası oğulluğa götürdüyü üçün şəxsiyyət vəsiqəsində ana babasının soyadı və adı qeyd olunub. 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlığın yaxınlığında yerdən bir neçə ədəd metadon həbi tapmışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün tapdığı həbləri götürüb özündə saxlamışdır. 11 dekabr 2021-ci il tarixdə oğlu Samir, bacısı oğlu Ayxan, qonşusunun oğlu Kəmaləddin və dostu Vəli ilə birlikdə idarə etdiyi "Tofaş" markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonuna istirahət etməyə gəlmişdir. Quba rayonu, Qəçrəş kəndində yerləşən evlərdən birində bir gün kirayədə qaldıqdan sonra, digər günləri avtomobildə geçələmişlər. 14 dekabr 2021-ci il tarixdə, səhər saatlarında özündə saxladığı metodon həbindən birini qəbul etmişdir. Həmin günü, saat 18 radələrində "Quba-Qəçrəş" avtomobil yolunda, Quba şəhəri istiqamətinə nəzərən yolun sol tərəfində avtomobili saxlayarkən Quba rayon polis şöbəsinin əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək nə baş verdiyini, hər hansı köməyə ehtiyac olub-olmadığını soruşmuşlar. O, həmin vaxt özünü şübhəli apardığı üçün polis əməkdaşları onun narkotik vasitə istifadə edib-etmədiyini, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, səmimi olaraq narkotik vasitə olan metadon dərmanı qəbul etdiyini və üzərində də qəbul etdiyi metadondan olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək ora digər polis əməkdaşları çağırmışlar. Onu saxlayan polis əməkdaşları çağırdıqları polis əməkdaşları gələnə kimi onun hərəkətlərinə daim nəzarət etdikləri üçün üzərində olan narkotik vasitə olan metadon dərman həblərini kənara ata bilməmişdir. Çağırış əsasında gələn polis əməkdaşları hüquqlarının müdafiə olunması üçün ona müdafiəçi təqdim etmişlər. Bundan sonra, videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. O, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən plastik qutunun içərisində olan bir bütöv və bir yarımçıq metadon həbini, beş ədəd ağ rəngli Trambo həbini və bir ədəd kağız bükülünü çıxarıb avtombilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi həblər polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra, ayrı-ayrı kağız zərflərə qoyulub qablaşdırılaraq götürülmüşdür. Qablaşdırılmış zərflərin üzərinə o, daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalar edilərək qablaşdırmanın tamlığı təsdiq edilmişdir. Bundan sonra öz razılığı əsasında idarə etdiyi "Tofaş" markalı avtomobilə baxış keçirilmiş, avtomobildən qanunla qadağan olunan heç bir şey aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Quba RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləməklə polis serjantı rütbəsindədir. 14 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində "Quba-Qəçrəş" avtomobil yolunda 2 saylı avto-patrul marşurutu üzrə işlədiyi bölmənin polis nəfəri Şahid2 ilə birlikdə idarə etdiyi "Fiat Doblo" markalı xidməti avtomobillə Quba şəhəri istiqamətində hərəkətdə olmaqla xidmət aparmışlar. Yolun 1-ci km-də, yəni Qəçrəş kəndinin girişində onların getdiyi Quba şəhəri istiqamətinə nəzərən yolun sol tərəfində "Tofaş" markalı avtomobilin qeyri-münasib yerdə dayandığını görərək və şübhəli olduğunu hiss edərək həmin avtomobilə yaxınlaşmışlar. Avtombildə olan şəxslərə özlərini təqdim edərək nə baş verdiyini, hər hansı köməyə ehtiyac olub-olmadığını soruşmuşlar. Həmin şəxslər istirahət etmək məqsədilə Bakı şəhərindən gəldiklərini bildirmişlər. Sürücü, sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs onları görüb özünü narahat və şübhəli apardığından, həmçinin hərəkətlərindən, gözlərinin axmasından və danışıq tərzindən şübhələnərək narkotik vasitə istifadə edib-etmədiyini, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Həmin vaxxt Təqsirləndirilən şəxs narkotik vasitə olan metadon həbi qəbul etdiyini və üzərində də qəbul etdiyi dərmandan olduğunu bildirmişdir. Bundan sonra onlar Quba RPŞ-nin növbətçi hissəsinə məlumat vermişlər. Bir qədər sonra şöbənin növbədə olan əməliyyat qrupunun üzvləri həmin yerə gəlmişlər. Əməliyyat qrupu gələnə kimi onlar Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Əməliyyat qrupunun üzvü olan təhqiqatçı Sənan Həsənov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqlarının dövlət hesabına müdafiə olunması üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən plastik qutunun içərisində olan bir bütöv və bir yarımçıq metadon həbini, beş ədəd ağ rəngli Trambo həbini və bir ədəd kağız bükülünü çıxarıb avtombilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim etmişdir. Onlar elektron tərəzidə çəkilərkən Metadon dərman həbləri 0.4 qram, Trombo dərman həbləri 1.0 qram, kağız bükülü isə 2.3 qram təşkil etmişdir. Onların üçü də ayrı-ayrı kağız zərflərə qoyulub qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında onun idarə etdiyi "Tofaş" markalı avtomobilə baxış keçirilmiş, avtomobildən qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Sonra şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, protokolların məzmunu olduğu kimi yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imzalayaraq doğruluğunu təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 11 dekabr 2021-ci il tarixdə, səhər saatlarında qonşusu Rza, Rzanın oğlu Samir, qohumu Ayxan və dostu Vəli ilə birlikdə Rzanın idarə etdiyi "Tofaş" markalı avtomobillə Quba rayonuna istirahət etmək məqsədilə gəlmişlər. Bir gün Quba rayonu, Qəçrəş kəndində yerləşən evlərdən birində kirayədə, digər günləri isə avtomobildə gecələmişlər. 14 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində "Quba-Qəçrəş" avtomobil yolunda, Quba şəhəri istiqamətinə nəzərən yolun sol tərəfində Rza avtomobili saxlamışdır ki, yemək yeyib Bakı şəhərinə yola düşsünlər. Bu vaxt polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək nə baş verdiyini, hər hansı köməyə ehtiyac olub- olmadığını soruşmuşlar. Onlar istirahət etmək məqsədilə Bakı şəhərindən gəldiklərini bildirmişlər. Polis əməkdaşları Rza ilə söhbət etdikdən sonra, ora Quba rayon polis şöbəsinin digər əməkdaşlarını dəvət etmişlər. Polis əməkdaşları gəldikdən sonra, Rzanın üzərində şəxsi axtarış avtomobilinə isə baxış keçirilmişdir. Baxış zamanı Rza əynində olan gödəkcəsinin cibindən bir neçə ədad həbi çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Rzanın üzərindən aşkar olunan metadon həbi narkotik vasitədir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 dekabr 2021 -ci il tarixli, 6/5501 nömrəli rəyində görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri qeyd edilmiş 1 №-li kağız paketdə 5 ədəd ağ rəngli dairəvi formalı həbin tərkibində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr aşkar edilmədi. “Təqsirləndirilən şəxs üzərindən...” sözləri qeyd edilmiş 2 №-li kağız paketdə üzərində “M-40” göstəricisi olan 1 ədəd və 1 ədəd 1/2 hissə qəhvəyi rəngli həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş metadon həbləri xarici görünüş və kimyəvi tərkib komponentlərinə görə biri-biri ilə eynilik təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. “Təqsirləndirilən şəxs üzərindən...” sözləri qeyd edilmiş 3 №-li kağız paketdə olan bir ədəd boş kağız parçasında psixotrop maddə metamfetaminə məxsus izlər aşkar edildi. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmadı. 5 ədəd ağ rəngli dairəvi formalı həbin tərkibində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr aşkar edilmədi. Qeyd: Metadon həblərinin ümumi sayı - 1 ədəd bütöv və 1 ədəd 1/2 hissə, tədqiqata sərf edildi - 1/2 hissə həb, qalıq - 1 ədəd. Ağ rəngli həblərin sayı - 5 ədəd, tədqiqata sərf edildi - 1 ədəd, qalıq - 4 ədəd. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 15 fevral 2022-ci il tarixli, 727 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi "Tofaş" markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd və 1/2 hissə metadon həbi aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir.Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir.Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, və xx.xx.2013-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. İşdə olan Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanıda qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, ev 200ada yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsn barəsində 15.12 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə xx.xx.2022-ci il tarixdə onun barəsində seçilmiş polisin nəzarərti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə tutularaq Quba rayon Polis şöbəsininin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 ay 21 gün, cəmi 01 (bir) ay 23 (iyirmi üç) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsin əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 06 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalan bir ədəd Metadon həbi, 4 ədəd ağ rəngli həb və üzərində psixotrop maddə metamfetaminin izləri olan kagız parçası hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və 28 may 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixədək həbsdə olduğu 01 ay 21 gün, ümumilikdə 01 ay 23 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (beş) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Səbai rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanında yerləşən evi tərk etməmək, Bakı şəhərinin hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan bir ədəd ”M-40” göstəricisi olan meradon həbi, dörd ədəd ağ rəngli həb və üzərində psixotrop maddə metamfetaminin izləri olan kagız parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Bakı şəhəri Səbai rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-57/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-57/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver