Məhkəmə qərarları › İş №1(027)-57/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-57/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-57/2025 21.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkən şəxs Zərərçəkmiş şəxs, İctimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Sərvər oğlunun, Onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Quba rayonu Kürkün kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası CM-128-ci maddəsi ilə məhkum olunmuş, hazırda işləməyən, Quba rayonu, Kürkün kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs Sərvər oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Sərvər oğlu 02 mart 2025-ci il tarixdə saat 16:00 radələrində Quba rayonu, kürkün kəndində yaşadıqları ünvanda aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən baş-boyun nahiyəsindən yumruqla vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Sərvər oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 02 mart 2025-ci il tarixdə təxminən saat 16:00 radələrində Quba rayonu, Kürkün kəndində yaşadığı ünvanda olduğu zaman aralarında mübahisə yaranmış, bu vaxt o, yoldaşı Zərərçəkmiş şəxs vuraraq yerə yıxmışdır. Mübahisələri təxminən 3-5 dəqiqə davam etmişdir. Ətrafda kənar şəxs olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Sərvər oğlu əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, əri Təqsirləndirilən şəxs Sərvər oğlu 02 mart 2025-ci il tarixdə, saat 16:00 radələrində Quba rayonu, kürkün kəndində yaşadıqları ünvanda olduğu zaman, aralarında mübahisə yaranmış və mübahisə zəminində sonuncu yumruq ilə zərbə vurub yıxmışdır. Mübahisələri təxminən 3-5 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxslə barışdığını və ona qarşı şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Sərvər oğlu onun oğludur. Oğlu Sarvan spirtli içkilər aludəçisidir. Gəlini Pərvanə müntəzəm olaraq oğlu Sarvan ilə içməməsi barədə söhbətlər aparmışdır. Həmin gün, yəni 02 mart 2025-ci il tarixdə Sarvan evə içkili gəldiyi üçün otağından səs-küy gəldiyindən, DİN-nin “102” xidmətinə zəng etmişdir , lakin Sarvan həyat yoldaşı Pərvanəyə xəsarət yetirməsinin birbaşa şahidi olmamışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 28 fevral 2025-ci il tarixli 108 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - boynunda sağ yan tərəfdə sıynq, sol budun aşağı 1/3-nin arxa səthində yumşaq toxumanın əziyi ilə qançır hematoması- küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 02 mart 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sərvər oğlu Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Sərvər oğlunun qeyd edilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş məhkəm-tibb ekspertizasının rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Sərvər oğlu barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM- nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sərvər oğlu törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Sərvər qızının cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Sərvər oğlunun himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X8 adında 5 övladı vardır. İş materiallarında olan Quba RİHB-nın Alpan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 102 nömrəli arayış və arayışa əlavə edimiş xasiyyətnaməsindən görünür ki, Cəfərov X9 rayonu, Kürkün kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur İş materiallarında olan “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 02 mart 2025ci il tarixli 18-1-56/2-332/2025 nömrəli məktubundan görünür ki, Quba rayonu, Kürkün kəndində yaşayan, Təqsirləndirilən şəxs Sərvər oğlu RMX-nın Poliklinika şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Sərvər oğlunun təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sərvər oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında https://www.e-qanun.az/framework/46947min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Sərvər oğluna təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs Sərvər oğlunun hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir, belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sərvər oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 04 saat üçün 24 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Sərvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs Sərvər oğlunun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs Sərvər oğlunun yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Sərvər oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar